Böyük dünyaya səyahət

 

 

 

 

Gəz oğlum, vətəninə göz dikəni əz oğlum,

Dostun kim, düşmənin kim, sez oğlum,

Tarixini şərəfinlə yaz, oğlum...

 

İllərdir bu şeir sözləri nəğmə- nəğmə, xoş bir avaza qoşulub türk dünyasını diyar-diyar dolaşaraq dillər əzbərinə çevrilib. Oğlunu oxumağa, insanlığa səsləyən sadə, zəhmətkeş anaların dilində dua, ataların arzularının şeir və nəğmə halı, səngərdə olan əsgərlərin mübarizə ruhunu qaldıran marş əvəzi olub... Və əminəm ki, indiyə qədər yazılmış ən gözəl ata-ana xeyir-duası, ən səmimi yaradıcılıq nümunəsidir. Türk adı altında ayrı-ayrı coğrafi şəraitlərdə yaşayan xalqları - bizi nəğmə-nəğmə, söz- söz bir-birimizə yaxınlaşdıran, uzaqdan-uzağa doğmalaşdıran şeirin, musiqinin, sözün qüdrəti və ruh bağlılığıdır desəm, heç yanılmaram... İllər öncə Türkiyənin uzaq bir şəhərindən ay ulduzlu, al qırmızı bir bayrağın qürürlu müşayiəti altında, Bosfor boğazının həzin küləyinə qoşulub sərhədlər keçərək evimizə qədər ayaq açan bu duyğulu musiqinin söz müəllifinin bir "baba" kimi  könlümüzdə yer tutacağı ağlıma gəlməmişdi...

İndi İstanbul - Bakı məsafəsi iş yerimdən evimə qədər olan məsafə qədər olub mənimçün. Uzaqdan sevdiyim Türkiyənin hər şəhəri, hər kəndi bir Azərbaycandır mənimçün. Türk Ədəbiyyatı Vəqfi və onun rəhbəri Sərhad Kabaklının Sultanəhməddəki yeri bütün yaradıcı insanlar üçün müqəddəs bir ocağa çevrilib. Gözəl sözü dəyərləndirənlərin, Azərbaycan şeirinin Türk dilində səslənən ən gözəl məkanıdır Türk Ədəbiyyatı Vəqfi...

Bir neçə il bundan qabaq Sərhad bəylə tanış olarkən mənə hədiyyə etdiyi imzalı kitabının üz qabığındakı misraları görəndə sözün xoş mənasında təəccüblənib və hədsiz sevinmişdim. Dediyim kimi, duaya, marşa çevrilən

 

Əkməyini ac olanla böl, oğlum,

Haram yemə, haqq uğruna öl, oğlum...

- misraları tanış və doğma idi...

 

Özündən də əvvəl sözündən sevdiyimiz bu insanı o gün yaxından tanımaq məni çox sevindirmişdi.

Sərhad Kabaklını tanıdıqca insanlığın poeziyasını öyrənmiş olursan. Həssas, kövrək qəlbli, mehriban, gözəl, xoş xasiyyətli, ata nəvazişli bu insan müqəddəs bir işə qulluq edir, təhsilə, ədəbiyyata və insanlığa...

Onun "Bil, oğlum" adlı kitabında saydığım bütün bu müsbət keyfiyyətlər misralar boyu şeirlərin poetik gücünü daşıyır, eynilə çoxlu bar gətirib meyvələrinin ağırlığından başını aşağı salan təvazökar budaqlar kimi, səmimi, dərin, bədii yüklü, sanballı şeirlərdir...

 

Pembe hayal ülkesi kararmıştı bin ahla,Bir ressam yeşil rengi yıkıyordu siyahla.

 

Savaş mağluplarıydık, bir şeraba kanmışdık,

Alevden cennet yapmış, o cennette yanmıştık.

 

Və ya

 

Güneşi kaybetmiştik bir kumar masasında,

Deniz bir çöl olmuşdu sihirbaz asasında.

 

Bir ressam yeşil rengi yıkıyordu günahla,

Gönlümüzdeki ülke kararmıştı bin ahla...

 

Bu misralar şairin insanoğlunun dünya həvəsinə tamahlanıb etdiyi səhvlərin və yaşadığı duyğuların ən mükəmməl formada sözdən yaratdığı tablosudur. Bir çox səhvlərin içimizdəki günəşi söndürərək yaşıl rəngi qaranlığa boyadığını Sərhad bəy bu şeirdə böyük həssaslıqla dilə gətirmişdir. Alovu cənnət sayıb o "cənnətdə" yanmış insan duyğuları dənizi ikiyə ayırıb yol edən Musanın əsası sanaraq sehrbaz əsasında susuz bir səhra ömrü yaşamışdı. İnsan həyat imtahanında bəzən üç səhvin bir doğrunu apardığını unudan insandır, bəli!

Şair baxışlarıyla baxdığı şeirlərində Sərhad Kabaklı insanlığı oyanışa, birliyə sevgiyə və ədalətə səsləyərək öz oğlunun timsalında bütün türk oğullarına ata öyüdü verir. Ədalət masasında haqsızlığa yenilən qəflət yuxusunda yatanlara baxaraq etiraz edir:

 

Rabbim, şu yığın gibi ben de neden değilim?

Onlar mı benden değil, ben mi senden değilim?

 

Sevgi şeirlərində də çox kübardır, həssas və kövrəkdir şair. İşığı, rəngləri, ən incə detalları belə ayırmağa kömək edən, içində milyonlarla hüceyrə olan və görmək üçün ən önəmli təbəqə olan gözünün retinasına - göz bəbəklərinin dərinliklərinə qazır sevgisinin rəsmini...

 

Fıratı sever gibi sevmiştim seni ben...

Seni sevmiştim... bahtım kadar kara, alnım kadar ak...

 

Bəxtini nə qədər qara adlandırsa da, həsrəti çilə saymır, alnı ağ, duyğuları saf və sevgisini özünə xoşbəxtlik sayır. İçində inşa etdiyi şəhərdə özünü orduyla savaşa biləcək gücdə hiss edərək saf duyğularına sahib çıxır.

 

O bilir ki,

 

Kurumuş çam dalları bir gün yeşillenecek,

Gün doğacak o gün arka pencerenize.

Bir demet hatıra göndereceğim size...

 

Xatirələrin ən gözəl yerindən bir dəstə çiçək bağlayan Sərhad hoca İstanbul küçələrini də Allaha tapşırır, çünki içində sən varsan, deyir...

 

Kış senfonilerini Lodos fısıltılarıyla dinlerdi,

Baharlarda varlığınla kıvanır,

Yaz zamanı yokluğunla yanardı yaprak gönlüm,

Sanki boşalan İstanbul sokakları değildi,

 

Gönlümdü...

 

Qış sinfoniyasını dinləyən külək pıçıltısı, yazın yarpaq könlündə yaratdığı yoxluq atəşi, o, getdikdən sonra gözlərində boşalan kimsəsiz şəhər və tənha qalan şair ürəyi...

Bu kitabda həsrət səsini, şəhid acısını, vətən, türkçülük sevgisini, haqq-ədalət, insanlıq mübarizəsini, ata öyüd-nəsihətini və dünyanın gərdişini poeziyanın dili ilə misra-misra anlatan şair həyatı pəmbə bir şəfəqə, ölümü isə bulud rənginə bənzədir. Könül qoxusunun isə torpaq qoxusuyla eyni olduğunu deyir.

Çünki şair çox gözəl bilir ki, hardasa oxuduğum bir cümlədə deyildiyi kimi, torpaq sevdiklərimizi yanına aldığı üçün gözəl  qoxur. Torpaqdan yaranan bir gün torpağındır. Bu dünya savaş və mübarizə məkanıdır, sınaq yeridir, bizdən qalan isə yaratdığımız dəyərli ədəbiyyat nümunələri və xoş əməllər olacaq.

 

Çirkefin, bataklığın adına "dünya" desek,

Helvadan putlar yapsak, sonra onları yesek...

 

Və ya

 

Kainatın bağrında insan denen yapı var,

Bu yapıda - sır gibi - "nefis" adlı kapı var!..

 

Yaradıcı insanlar üçün istirahət günü olmur, şairin istirahəti əsərlər yaratdığı zamandır, öz guşəsinə çəkilib sakitliyin verdiyi hüzur içində duyğularını, yaşadıqlarını, gördüyü ağrı və xoş hissləri qələmlə silahlanıb bəyaz kağıza mürəkkəb çiləyərək...

Sərhad bəyin kitabının yaşatdığı xoş təəssüratlar və özünə olan sevgim sayəsində qələm yolçuluğunda onun böyük dünyasına kiçik bir səyahətə çıxdım, mənəvi olaraq dincəldim, istirahət etdim. Fikirlərimin sonunu onun, nə qədər zalımlıq, haqsızlıq olsa da bu dünya yaşamağa və görməyə dəyər, hər qaranlıq gecənin bir aydınlıq sabahı var düşüncəsi ilə yazdığı işıqlı misraları ilə tamamlayıram:

 

Ufuklar küsmesin gayri güneşe,

Karanlığın arkasından tan gelir!..

Suya hasret gönülde defne dalı,

Yeşil-yeşil göyerecek an gelir!..

 

Aysel XANLARQIZI SƏFƏRLİ

525-ci qəzet.-2024.- 2 oktyabr(№179).- S.12.