TARİXİN QIZILDAN QİYMƏTLİ MÜKAFATI  

 

Onun bir belə zaman keçməsinə baxmayaraq, bunca cavan qalmasını və həm də insanlarla birgə olması tarixinə nəzər salıb nə qədər qoca olmasını bilincə, ən uzaq çağlarda yaranıb bu gün də əski əyyamlardakı kimi sevilənliyinə şahid kəsilincə, tardan da ixtiyar olan bərbətin müstəsnalığı, möcüzəliliyi ilə istər-istəməz razılaşırsan. Bəs bərbəti dizi üstünə alıb o cansız aləti ruhla dolduran, insana könül hayanı etməyi bacaran, bu təhər uzun ömürlü bir "övlad" yaradaraq özü də onunla birgə yaşamaqda davam edən insan? Əlbəttə ki, ikiqat möcüzədir.

O, 1430 il əvvəl dünyaya gəlib. Bu gün adı bir əfsanə timsallı olsa da, haqqında sıra-sıra nağılvari söyləmələr kitabdan-kitaba keçsə də, o, gerçək tarixi şəxsiyyət imiş və mənbələrin təsdiqləməsincə, tarixin əlçatmaz dünənlərində yaşayıb-yaradıb. Onun həqiqətən fövqəladə şəxsiyyət olmasının ən üzdə olan sübutu isə budur ki, on dörd əsrlik qədimlərdən indiyədək dünya boyunca minlər və onminlər musiqiçilər ömür sürüb keçsə də, Barbədin adı misilsiz bir bəstəkar və ifaçı kimi bu gün də yaşamaqda, rəmz sayılmaqdadır.

Təbii ki, 14 əsr oyandan indiyə Barbədin nə çalğısının sədası gəlib çatıb, nə bəstələdiyi hansısa əsər. Amma hər halda bu ikinci ehtimalı - hansısa əsərinin bizə çatıb-çatmaması məsələsini dilə gətirəndə gərək ehtiyatlı olaq. Kim bilir, bəlkə də bu gün müsəlman Şərqi ölkələrinin bir çoxunda məşhur olan hansısa əski təsniflərin, rənglərin, muğam şöbələrinin yaradıcısı elə Barbədmiş? Bizdə və dünyanın bir sıra xalqlarında qocaman və qocalmaz silsilə xalq mahnılarını dinləyib heyran qalanda həmişə bunu da düşünək ki, həmin incilərin ən gözəllərini bir yerə toplaşan camaat deyil, elə nə vaxtsa qüdrətli bəstəkarlar qoşub-düzüblər. Hər yeni zamanla müasir olmağa qadir qədim muğamlarımızı, təsniflərimizi, rənglərimizi, oyun havalarımızı dinləyəndə həmişə bunu da xəyalımızdan keçirək ki, o füsunkar ahənglərin hər birinin içərisində Barbəd və bu qəbil qüdrətli sənətkarların düşüncəsindən, ürəyindən, barmaqlarından qopmuş hansısa xallar, gəzişmələr, keçidlər, xırdalıqların da əks-sədası var.

Üç minillik ərzində, ondörd əsrdən artıq müddətdə ortada hər kəsə bəlli bir əsəri olmadan diri qalmaq və sevilməkdə bir sehr siqləti, əfsun ovqatı var. Belə sürəkli zamanda unudulmayan, adı yaddaşın alt qatına çökməyən və yaşamaqda davam edən memarlar, heykəltaraşlar, şairlər, filosoflar az deyil. Söz yox, bu da hər Allah bəndəsinə nəsib olmayan möcüzəli dirilikdir. Ancaq o diriliyin ən üzdə olan əsası var: əsərləri qalıb, əsrlər öncə doğurduqları gözümüzün önündədir, baxırıq zövq alırıq, oxuyuruq duyğulanırıq, düşüncələrə dalırıq.

Barbədləsə belə imkanımız yoxdur axı! Demək, o, ikiqat sehr, daha heyrətli bir möcüzədir.

Dünyada ən uzun ömür sürən adam ən çoxu 100, ya ondan bir az artıq yaşayır. O yaşa gəlib çatandasa artıq rəmzi mənada diri qalır: əldən, heydən düşmüş olur, yaddaşı korşalır. Amma ilhamın, zəkanın, elmin, sənətin ilahi gücünə baxın ki, yaradıcı insanı yüzillər nədir, minillərlə gənc, təravətli saxlaya bilir, qoymur ki, ölüb getsin, qocalsın, köhnəlsin.

 

Barbədin qəbrinin yeri bilinsəydi, məzarının daşı olsaydı və yeni dövrün dəbinə uyğun olaraq həmin daşın üzərində doğum-ölüm tarixləri göstərilsəydi, gərək belə yazıla idi: 585-628.

Barbəd vur-tut 43 illik qısa həyat yaşayıb və belə gödək bir ömrün sorağı bugünə gəlib çatıbsa və bundan belə hələ xeyli uzaq sabahlara yetişəcəyi də şübhə doğurmursa, gərək eyni anda həm iraq, həm yovuq olan bu uca insanı yaxşı tanıyaq.

Tarixə qarışmış, tarixin canlı parçasına çevrilmiş Barbədi peyğəmbər Davud mərtəbəsində səs gözəllikləri xəlq etməyə qadir sayan dahi Nizami Gəncəvi belə təsvir edir, belə öyürdü:

 

Saqi əlində cam, cam içində mey,

Nəğmələr səslənir, səslənirdi hey...

 

Dünyanı bürüyüb asiman kimi

Barbəd gətirmişdi fəğanə simi.

 

Nəğməylə dostlara səfa verirdi,

Xəstə ürəklərə şəfa verirdi.

 

Qalxıb ucaldıqca udunun səsi,

 

Hər teli çalırdı Davud nəğməsi.

 

Zəngulə xoş səstək axıb gedirdi,

Nəfəsi İsatək can bəxş edirdi.

 

Manqala dönmüşdü əlindəki ud (musiqi aləti anlamında - R.H.),

 

Könüllər yanırdı sanki onda ud (yandırıldıqda ətir verən ağac - R.H.).

 

O, şəkər tökürdü çalan əliylə,

 

Yatırdı bərk gecəquşular belə.

Burduqca bərbətin aşıqlarını

Bərbət ucaldırdı ahu-zarını.

Mizrab vuran zaman ipək tellərə

Büründü nəğməyə bütün dağ, dərə.

 

Misilsiz Nizami Gəncəvi müstəsna şair olmaqdan savayı (bəlkə də daha əvvəl), müdrik, dərindən-dərin alim idi. Özü də dönə-dönə təsdiqlədiyi kimi, hər vacib mətləbi qələmə almazdan əvvəl məxəzləri qaldırıb, oxuyub, öyrənib, bəhs etdiklərini əvvəl özünün tam bilməsindən ötrü hər mövzunun kökünəcən getməyə can atıb. Barbədi də "Xəmsə"sində gözümüzün önündə canlandıracaq qədər görümlü təsvir edirsə, bunları sadəcə təxəyyül hesab etmək olmaz. Ehtimal ki, mütəfəkkir şair Barbəd haqqında, olsun ki, bu gün aradan getmiş, amma Nizami dövründə mövcud olmuş bir silsilə qaynaqlara bilavasitə müraciət etmək imkanındaymış.

 

Pəhləvi dilində olan qiymətli qaynaqların əksəri tarixin yelləri ilə sovrulub, itib. Amma Nizami zamanlarında onların əldə olanları az deyildi və şair özü də belə kitabları oxuyub öyrəndiyini təsdiqləyir. Ümumən, hər əsərini başlayarkən o, əli çatan mənbələrin hamısını diqqətlə araşdırır, mövzuya tam sahib olandan sonra işə başlayırdı. Məxəzlərlə necə işləyirdi, onlardakı məlumatları necə saf-çürük edirdi, nələrdən imtina edib, nələri götürürdü - bunları təfərrüatı ilə yazır, iş üsulunu aydınlığı ilə açıqlayır. Bunu da ayrıca vurğulayır ki, mənbələrdə tuş gəldiyi, doğruluğu şübhə oyada biləcək bilgiləri əsərinə daxil etməkdən vaz keçir, yalnız dəqiqliyinə inandığı soraqları götürür və şair olaraq da onların oxucuya daha rahat çatmasından ötrü sözlərə sadəcə süs verir. "İskəndərnamə"nin "Dastanın xülasəsi və İskəndərin cahangirlik tarixi" adlı başlanğıc bölmələrindən birində "Nizami müxtəlif dillərdəki tarixi mənbələrlə necə davranırdı" sualına istənilən başqa birisinin verə biləcəyi cavabdan, əlbəttə ki, ən dürüst olan öz mövqeyi əksini tapıb:

Ən doğru sözlər ki oyadır maraq,

Tarixdən onları bir-bir alaraq

Düzdüm dastanıma, əsər yaratdım,

Ağla sığmayanı büsbütün atdım.

Seçdim hər düzümdən bir inci, gövhər,

Vurdum bu gərdəyə yaraşıq, zivər.

Bərk təməl üstündə qurdum bir bina

Ki, ziyan dəyməsin divarlarına.

 

Məsnəvisini yazarkən tarixi məlumatların ən doğrularına istinad etdiyini göstərirsə də, Nizami hər halda əlyeri də qoyur ki, onun yazdıqları sırf tarix kimi də qəbul edilməsin və belə bədii əsərlərdə hər hansı qüsurları ola biləcəyi də istisna deyil. Buna da ayrıca işarə edir ki, qəhrəmanı haqqında məlumatlar pərakəndə halda idi və onları ən müxtəlif mənbələrdən bir yerə toplayaraq ələkdən keçirib. Bunu Makedoniyalı İskəndər haqqında deyir, eyni üsulla Qeys ibn Müləvvəhin - Məcnunun tarixi hekayətini araşdırmışdı və həmin cür də Barbədlə bağlı qaynaqları incələyib. Ancaq orası var ki, onlarla müqayisədə Barbəd haqqındakı mənbələrin qat-qat az olması da bir başqa həqiqətdir.

 

Təqdimi, təxiri tutmayın nöqsan,

Nöqsana məcburdur hər tarix yazan.

...Dastanı düzərkən fikrim açıqdı,

Söz səlis olsa da, yol dolaşıqdı.

İskəndər haqqında heç bir əsərdə

Məlumat görmədim yığcam bir yerdə.

Sözlərlə dolmuşdur xəzinə içi,

Ancaq hər nüsxə bir dağınıq inci.

Hər köhnə nüsxədən əsas alaraq,

Onu öz şeirimlə bəzədimancaq.

Ən qədim tarixi əsərlərdən mən

Yəhudi, nəsrani, pəhləvilərdən

Ən incə sözləri əlimə saldım,

Qabığı ataraq, məğzini aldım.

Müxtəlif dillərdən yığdım çox sözlər,

Bunlardan düzüldü yazdığım əsər.

 

Bir daha mənbələrdən istifadədə dəqiqliyə riayət etdiyini xatırladaraq bu iddiasının gerçəkliyi ilə həmin dilləri yaxşı bilənlərin razılaşacağını, ona heç bir irad tutmayacağını bildirir. Amma yenə Şərq şeirşünaslığında geniş yayılmış və "Quran"dan gələn düsturu - Əhsən üş-şiir əkzəbəhu" ("Şeirin ən gözəli onun ən yalan olanıdır". Yəni daha cazibədar şeir saya deyişdən aralanaraq bədii təsvir vasitələri ilə daha artıq bəzənəndir) təbirini anaraq növbəti dəfə pıçıldayır ki, mənim yazdıqlarımın tarixi baxımdan doğruluğuna inanmağına inan, lakin unutma ki, o gerçək bilgilərə bədiyyat donu geydirilib.

 

Saydığım dilləri ətraflı bilən

Saxlar öz dilini mənə töhmətdən.

Hansı bir pərdədə doğru söz gördüm,

O sözün telini şeirimlə hördüm.

Bu işdə həqiqət arasan bir az,

Nəzmdə həqiqət aramaq olmaz.

Şeirimdən atsaydım bəzəkli donu,

Azacıq zəhmətlə yazsaydım onu,

Bu böyük fatehin sərgüzəştindən

Bir varaq yazmaqla bitirərdim mən.

 

O tarixi qaynaqlar ki Barbədin surətini yaradarkən Nizami yararlanmışdı, onlara əlimiz yetsəydi, əlbəttə ki, əfsanəviləşmiş Barbədi tam bər-bəzəksiz, olduğu kimi görə bilərdik. Lakin az olsa belə müəyyən məxəzlərin səsini hansısa ədəbi əsərin bələdçiliyi ilə yox, elə birbaşa eşidə bilirik.

Bu səs 775-863-cü illər arası ömür sürmüş ərəb tarixçisi ibn Cahizin səsidir: "Xosrov Pərvizin sarayında müğənni və çalğıçılar xüsusi bir təbəqə idi və müxtəlif təranələrin həm bəstələnməsi, həm ifası durmadan çiçəklənirdi".

Cahizin bu qeydləri son dərəcə maraqlıdır və müxtəlif qənaətlər oyadır. Əvvələn, bu xəbəri çatdırır ki, musiqiçilər həmin sarayda məclisdən-məclisə dəvət olunan qonaqlar deyil, daimi fəaliyyətdə olan, sonralar - Sultan Mahmud Qəznəvi dönəmindəki saray şairləri kimi dərbara bağlı, oradan məvacib alan xüsusi dəstəymiş. İkincisi, sarayda olan bu musiqiçilər arasında yalnız ifaçılar yox, bəstəkarlar da varmış və yeni musiqi əsərlərinin bəstələnməsi də sarayda davamlı yerinə yetirilən iş imiş. Aydındır ki, Barbəd Xosrov sarayındakı bəstəçilər arasında ən öndə olanmış. Yaxşı, bəs o musiqi əsərləri elə şifahi bəstələnirdi və eşidərək öyrənməklə ifa olunur, yayılırdı, yoxsa yazıya da alınırmış? Əbu Nəsr Farabi, Səfiəddin Urməvi, Əbdülqadir Marağayi əyyamlarının özünəməxsus not sistemi bizə bəllidir.

Və o çağlarda nota alınmış əsərləri bu gün elə yazıldığı kimi canlandırmaq, səsləndirmək də mümkündür. Xosrov Pərviz dövründə - Sasanilər zamanında bəstəçilik bunca inkişaf eləyibmişsə, istisna deyil ki, yeni əsərlərin özünəməxsus yazı, not sistemi də olubmuş. Elmin bu sualın cavabını tapacağı gün yaxındadırmı? Bəlkə haçansa hansısa xoşbəxt təsadüf bizi elə Barbədin not əlyazmalarıyla da üz-üzə qoyacaq?

Bu isə 897-967-ci illər arası yaşamış, "Kitabul-əğani" müəllifi Əbu-l-Fərəc İsfahaninin səsidir: "Xosrov Pərvizin hakimiyyəti dövründə instrumental və vokal musiqi həm xalq ənənələri, həm də saray bəstəçiliyi üslubuna uyğun olaraq tərəqqi edirdi. Barbəd və digərlərinin əsərləri daha çox peşəkarların ifası nəticəsində geniş yayılmışdı. Bu əsərlər həm sarayda, həm də geniş xalq kütlələri arasında sevilirdi. Bayramlara, xalq musiqi şənliklərinə yüzlərlə peşəkar musiqi xadimi ilə yanaşı, həvəskarlar da qatılırdı. Amma onların arasında Barbəd kimi ulduzlar da vardı".

Sasanilər dövründə İran ərazisində məskunlaşmış müxtəlif xalqların yaratdığı zəngin mədəniyyət geniş hüdudlar əhatə etməyə başlayaraq təsirini bütöv Asiya xalqlarına və Şərqi Avropaya da göstərdi. Əslində Sasanilər dövrünün mədəni sərvətləri də yalnız yarandığı ərazidə təşəkkül tapmış mədəniyyət üzərində dikəlməmişdi. Bir tərəfdən Sasanilər dövründəki mədəniyyət Həxamənişilər dövrü İran irsinin varisi idisə, digər tərəfdən türk mədəniyyəti, ellin sənəti də bu zənginliyin çöhrəsini və mahiyyətini müəyyən edən dayaqlar sırasında idi. Şərqi Roma imperiyasıyla Hindistan və Çin arasında qərar tutan Sasanilər İranı mədəniyyətlər qovuşağındakı elə məkan idi ki, əslində oçağkı mədəni dünyanın bütün fərqli qütblərinin nailiyyətlərini özündə əks etdirirdi. Amma sadəcə iqtibas edərək yox, öz içərisində əridərək, yerli ənənələrlə üzvi şəkildə qovuşduraraq.

Sasanilər dövrü bəşər tarixinin bəlli bir kəsiyidir. Sülalələrin də insanlar kimi müəyyən zaman sərhədlərə sığan ömür tarixçələri olur. Mədəniyyətlərsə belə deyil. Onların təsir dalğası çox-çox sonrakı yüzillərdə də əks-səda verə bilir. Elə Sasanilər dövründə yaranmış mədəniyyət də xilafət zamanındakı mədəniyyətin simasını xeyli dərəcədə müəyyənləşdirən, müsəlman intibahının təməl kərpiclərindən sayılası bir gerçəklik idi.

Və sonradan Avropada bu ənənələrinən parlaq cəhətlərindən bütün Qərb intibahı gedişində bol-bol bəhrələnildi.

On dörd əsr boyunca adı dillərdən düşməyən, tarixin unuduluşuna uğramayan dahi musiqiçi Barbəd də həmin Sasanilər dövrü mədəniyyətinin bir tərəfdən böyüklüyünü, misilsizliyini, digər tərəfdən yaşarılığını, solmazlığını isbat edən sərvətlərdəndir. Elə bir sərvət ki, lap çoxdan milli və coğrafi sərhədlərin dar qəfəsindən qurtularaq bəşər mədəniyyətinin mirvariləri cərgəsinə qoşulub.

Əbülqasim Firdovsinin "Şahnamə"si dünya söz sənətinin ən parlaq incilərindən olmaqla yanaşı, həm də sənəddir, İran və Turan dünyasının tarixin qərib uzaqlarında qalmış mənzərələrini canlandıran qiymətli qaynaq. Söz yox, qələmin kimin əlində olmasının həqiqətin necə təqdim edilməsinə, əski mənzərənin hansı cilvədə göstərilməsinə təsiri var. Lakin təəssübkeşlik hissi nə qədər iz qoysa da, hər halda tarixi qaynaq, o sıradan Firdovsinin "Şahnamə"si mötəbər körpü olmaq mahiyyətini itirmir. Sadəcə, orada əks olunanları başqa qaynaqlarla tutuşdurmaq, hər məqamı məntiq tərəzisində "yüz ölçüb, bir biçmək" ehtiyacı da yaranır.

Barbəd elə nəhəng idi ki, keçmiş tarixlərdən kitab bağlayaraq onu görməmək, ya görməzliyə vurmaq mümkünsüzdü.

"Şahnamə" qələmə alan şəxs, təbii ki, nə Sasanilər dövrünün üstündən sükutla keçəcəkdi, nə də Xosrov Pərvizi unudacaqdı. Onlardan bəhs edəcəkdisə, deməli, ortada mütləq Barbəd söhbəti də olmalıydı.

Və Firdovsi lap əzəldən başlamasa, Barbədin özü haqda bilgiləri, onun sənətə necə bağlanmasının əvvəlini açmasa da, hər halda sənətkarın saraya - Xosrov Pərviz dərbarına necə gəlib çıxmasının ilk anlarının təsvirini verir.

Orta əsrlərin sənət adamına, şairə, musiqiçiyə, rəssama, nəqqaşa, xəttata nəvaziş göstərən, onları qanadı altına alan saraylar bu istiqamətdə məxsusi sifətlərə də malik idi. Bu sifət bəzən gülümsər, mülayim olsa, rahat həyat, firavanlıq, şöhrət vəd etsə də, hərdən də qaşları düyünlənmiş, qaşqabaq, sərt olurdu, saraydakı firavan dolanışığa gedən yolun hərdən zindana sarı burulması da olurdu.

Ən məşhur orta əsr şairlərinin saraydan giley-güzarlarını əks etdirən qəsidələri, Xaqani, Fələki kimi onlarca başqasının "Həbsiyyə"ləri boş yerə yaranmayıb ki! Digər tərəfdən, hələ saraya gedib çatanacan olan həndir-hamar yol, o məsafəni qət etməyin öz macəraları, çətinlikləri də vardı. Çünki rəqabət böyük idi. Sarayda yerini tutub oturuşmuş sənətkarlar istedadının daha üstün olduğunu sezdikləri yenilərin hökmdar hüzuruna ayaq açmasının qarşısını almaqçün yüz cür tələlər də qurur, olmazın əngəllər də törədirdilər.

Elə Barbəd də bu baxımdan istisna deyildi.

Xosrov Pərviz sarayında musiqiyə xüsusi rəğbət bəsləndiyindən, saray musiqiçisinin sərvət və qayğı ilə büründüyündən duyuq düşüncə Barbədin də qafasına hökmdar hüzurunda yer almaq sevdası qonur.

Firdovsinin xəsis qeydlərindən bu da anlaşılır ki, Barbəd saraya yönələnəcən musiqi aləmində az-çox tanınıbmış və Xosrov sarayında musiqiçilərin başçısı olan Sərkeş də onun şəxsiyyətindən, səviyyəsindən xəbərdarmış. Əslində Sərkeşin vəzifələrindən biri elə bu imiş ki, istedadlı, seçkin musiqiçiləri taparaq saraya cəlb etsin. Lakin o, Barbədin saraya yol tapmaq, Xosrov Pərvizin qarşısında hünərini göstərmək niyyətlərindən xəbər tutunca xoflanır, eşidib-bildiyindən çıxardığı nəticə bu imiş ki, deyəsən, axı Barbəd ondan üstündür.

O biri yandan, elə Barbədi də saraya təşviq edənlər inandırıblarmış ki, çətini hökmdarın səni görməyidir, ayağın ora dəysə, musiqi xiridarı şahənşah sənin çalğını eşitsə, Sərkeş kölgədə qalacaq, padşahın başında tac kimi olacaqsan.

Orta əsrlər saxlancı mötəbər təzkirələrdə saraya yol tapmaq istəyən istedadlı şairlərə qarşı onlara rəqib nəzəri ilə baxan saray gözügötürməzlərinin hansı çalalar qazdığı, torba tikərək siftə etməmişdən hökmdarın yanında pərt vəziyyətdə qoyması haqqında lətifələşmiş əhvalatlar bollucadır.

Hiyləgər Sərkeş isə çox ciddi rəqib hesab etdiyi Barbədə tələ-filan qurmur. Tədbir tökür ki, şah Barbədi heç yerli-dibli görüb-eşitməsin.

O əyyamlarda sarayda "salarbar" deyilən bir vəzifə də varmış ki, onu indinin anlayışıyla qəbul otağının rəisi, saraya müraciət edənləri qəbul edərək yönləndirən şəxs adlandırmaq olar. Sərkeş Xosrov Pərviz sarayında salar vəzifəsində çalışan şəxsə dinar-dirhəm verərək təvəqqe edir ki, filan adda, filan nişanda bir şəxs, yəni Barbəd gəlib hökmdarla görüş istəsə, sənətini nümayiş etdirmək arzusunu bildirsə, onu başdan elə, dərbara yaxın buraxma. Salarbar elə Sərkeş istəyən kimi də edir. Amma Barbədində geri çəkilmək fikri yox idi. O, bərbətini də götürüb gəlir hökmdarın bağına, o üsulla ki Sərkeş salarbarı yola gətirmişdi, həmin yolla da Barbəd Xosrov Pərvizin bağbanının qılığına girir.

Firdovsi "Şahnamə"si həmin bağbanın adını da bizə əyan edir - Mərduy.

Yaz astanasındaymışlar, Novruza az qalıbmış. Barbəd də eşidibmiş ki, Xosrov məhz Novruz günlərində bu bağında dincəlməyi, əylənməyi xoşlayır.

Barbəd bağban Mərduya anladır ki, əslində mənim istəyim böyük deyil. Bağın ucqar bir yerində gizlənib çalacam, şah heç bilməyəcək ki, səs bu bağdan gəlir, ya kənar bir yerdən, əgər çalğımı, oxumağımı uzaqdan-uzağa bəyənib özü məni axtarsa, axtaracaq, axtarmasa da ki, demək, günah özümdədi.

Bağban razılaşır. Bahar qapını döyüncə Barbəd yaşıl geyimdə, əlində də yaşıl rəngli bərbət gəlir bağbanın yanına. Bağın ətəyində, budaqları qalın, yarpaqları sıx bir ağacı seçir, qalxıb budaqların arasında yerini rahatlayır. Vədə tamam olanda, şah bağa gəlib eyş-nuş edəndə Barbəd asta-asta bərbəti dilləndirir.

Şah düz iki həftəbu bağda dincələcəkmiş, Barbəd bundan agahmış və o səbəbdən də tələsməyi ağlına belə gətirmirmiş.

"Şahnamə" bu xəbəri də çatdırır ki, Barbəd növbəti gündə "Dada Fərid" havasını çalıb oxumağa başlayır və Firdovsi burasını da aydınlaşdırır - həmin musiqi üstündən dörd əsr keçəndən sonra, indi də xalq arasında "Pəhləvi nəğməsi" deyə məşhurdur. Lakin "Şahnamə" həmin hava ilə əlaqədar ayrı bir ayrıntını da diqqətə yetirir: həmin nəğmə irəlicədən bəstələnməyibmiş və Barbəd o təranəni məhz o gün bədahətən elə o bağdaca qoşub-düzür.

Şah uzaqdan dalğa-dalğa qulağına çatan bu sədalara valeh olur. O, şeiri, musiqini duyan, anlayan adam idi və görürdü ki, bu təranə, bu ifa indiyədək eşitdiklərinə bənzəmir. Cəşngahda - bu bayram məskənində ətrafına toplaşmış xidmətçilərinə buyurur: "Bir baxın görək bu səs bağın harasından gəlir".

Xidmətçilər cəld bağı dolaşır, amma yaşıl budaqlar arasındakı yaşıl libaslı Barbədi gözləri gendən seçmir. Gəlib təzim edirlər ki, hökmdar sağ olsun, o hava bağda çalınmır, nəsə kənardan gələn səsdir. Bir qədər də keçir. Bayaqdan susmuş bərbət yenə sədalanır, çalğıya qoşulan avaz yenə xəfif-xəfif eşidilir. Ancaq artıq səslənən bayaqkı ahəng deyildi, səs həmin idisə də, oxuduğu başqa nəğmə idi. Bu dəfə Barbəd yeni yaratdığı "Peykar-iqord"("Qəhrəmanın döyüşü") nəğməsini oxumağa başlayır. Səs yenə pərdə-pərdə havalanır. Bu çalğı, bu məlahətli ləhn Xosrovu ovsunlayır. Fikrə gedir, yenə üz tutur xidmətçilərinə: "Axı səs çox uzaqdan gəlmir. Bağ böyükdür, hər tərəfi arayın. Bəlkə bu müğənni lap aralıdakı bir ağacın altında, gül kolunun dibində çalıb-oxuyur".

Xidmətçilər əl-ayağa düşürlər, yüyürüşüb arayırlar, fəqət yenə kor-peşman qayıdıb deyirlər ki, "Şah sağ olsun, buralarda beləsi yoxdur. Hər kolun, hər ağacın dibinə baxdıq".

Dəqiqələr ötür. Bağ bir cənnət guşəsi, yazın saf havası ilıq, Xosrov Pərviz də qayğısız, dördbir yanındakı gözəlliklərdən ləzzət almağa mail.

Yenə süfrə açılır, camına süzülmüş meyi şah nuş etməyə başlayanda qəlbini titrədən səs yenidən ucalır. Bu dəfə səs bir qədər də yüksəkdən eşidilir, müğənni özünün çox da uzaqda olmadığını, həm də harada ola biləcəyini elə daha aydın eşidilməyə başlayan oxusu ilə nişan verir. İndi ifa etdiyi nəğmə "Səbz dər səbz" idi, yəni "Yaşıl yaşıl içində".

Bu ifadə mahnı oxunduqca arada dəfə-dəfə təkrarlanırdı və müşahidəcil, iti ağıllı Xosrov barmağını dişləyir, xidmətçiləri çağırır: "Axı sizə dedim ki, yaxşı arayın, gedin yaşıllıqların arasında, ağacların budaqlarında yaşıl geyimli bir nəfər olmalıdır. Tapın gətirin onu bura. Amma tapanda tələsməyin, çalğısını yarımçıq kəsməyin. Qoy çalğısını, oxusunu bitirsin, sonra götürüb gətirin".

Şah necə əmr etmişdisə, o cür də edirlər. Bir neçə dəqiqə sonra əlində yaşıl bərbət olan yaşıl geyimli Barbəd dayanır Xosrov Pərvizin qarşısında. Təbii ki, ondan niyə xəlvətə çəkilməsinin, nə səbəbə kimliyini gizlədərək çalıb-oxumasının izahını soruşurlar və Barbəd də hər şeyi olduğu kimi söyləyir.

Və Firdovsi "Şahnamə"nin müğənni Barbəd və Şah Xosrov Pərviz görüşündən bəhs edən hissəsini belə tamamlayır:

 

Hökmdar şad oldu bu xoş görüşdən,

Bahar əyyamında gülərkən gülşən.

 

Sərkeşə çımxırdı: "Sən ey bihünər!

Alça kimi turşsan, busa bir şəkər.

 

Niyə onu məndən ayrı salıbsan,

Belə gözəlliyi məndən alıbsan?"

 

Oxudub Barbədi o nəşələndi,

Əlində yaqut cam hey ləpələndi.

Yatmaq vaxtınacan dinlədi şövqlə,

 

Barbədi qərq etdi dürlə, əqiqlə.

Barbəd həmdəm oldu o gündən şahla,

 

Ehtiram sahibi oldu sarayda.

Barbədin əsl adı nə olub?

 

Qaynaqlar bu barədə susur. "Barbəd" onun ya təxəllüsü, ya da ləqəbi imiş. Elə yaddaşlarda bu adla da qalıb. "Barbəd" sözü bu sənətkarın məharətlə çaldığı bərbət musiqi alətinin adıyla həmahəng olduğundan bu ad ona lap yaraşıb da.

Orta əsrlərin izahlı lüğətləri və musiqi risalələri "bərbət" sözünün açımını verir: "Bar" əski farscada "qapı", yaxud "rüsxət, icazə" deməkdir. "Bəd", ya "bod" isə "sahib olan". Mənbələrin təsdiqinə görə, Xosrov Pərvizin yanında Barbəd elə hörmət sahibi imiş ki, saraya istənilən anda gəlməyə, şah qapısını ürəyindən keçən hər məqamda açmağa ixtiyarı varmış.

Başqa mənbələrdə belə izah da var ki, hətta Barbəd yalnız özü şəxsən rüsxətli deyilmiş, şahın dərbarına kimlərin gəlib-getməsinin icazəsini vermək səlahiyyətinə malikmiş.

Xosrov Pərviz sarayında bunca sayğı sahibi olan Barbədin milliyyəti nə imiş? Bizim üçün o, azərbaycanlıdır, fars üçün farsdır, türkmən üçün türkmən. Əslində o, hamınınkıdır, bütün bəşəriyyətin nadir övladlarındandır. Ondan söz açanlar təəssübkeşlik hissini üstələyə bilməyiblər. İranlılar Barbədi öz həmvətənləri eləyiblər, Şiraz yaxınlığındakı Cəhrum şəhərinə bağlayıblar. Elə hər yerdə də Barbəd Cəhrumi yazıblar. Ancaq orası da var ki, Həmədan kimi, elə Cəhrum da lap erkən orta əsrlərdən farslardan çox türklərin yaşadığı bir yer olub və indinin indisində də orada qaşqay türkləri bəs deyincədir. Orta asiyalılarsa Barbədin o tərəflərdə doğulduğunu iddia edib, Mərvdən olduğuna inanıblar. Bir sıra qaynaqlarda da onun nisbəsi Barbəd Mərvəzi kimi qeyd olunmaqdadır. Hər halda istər Cəhrum səmtinə çək, istər Mərv tərəfə, Barbəd türk məkanı ilə bağlanır və bu da onun türk mənşəli olması ehtimalı və inamımızı artırır. Lakin qənaətimizcə, hətta harada təvəllüd tapmaq gümanları və sübutlarını bir qırağa qoysaq belə, Barbəd bu gün daha çox Azərbaycan mədəniyyətinin hadisəsi kimi qavranılmaqdadır. Nəyə görə? İş ondadır ki, Yaxın və Orta Şərqin bir sıra şairləri - Rudəki, Firdovsi, Mənuçehri, Əmir Xosrov Dəhləvi, Hafiz Şirazi və neçə-neçə digərləri onun adını tutsalar da, heç bir qələm sahibi Barbədi Nizami Gəncəvi kimi yerli-yataqlı təsvir etməyib. Məhz Nizaminin "Xosrov və Şirin" məsnəvisində Barbədə ayrılmış səhifələrin sayəsində biz indi bu böyük sənətkarı var olduğu çağlardan 14 əsr keçərkən də həmzamanımız kimi tanıyır, nəfəsinin istisini yanımızdaymış kimi duyuruq. Məhz Nizaminin də sayəsində onun 30 əsərinin necə adlanması, hansı məzmunda olmasından xəbərdarıq (Şair əslində bu otuz nəğmənin Barbədin bəstələdiyi gözəl nəğmələrin üçdəbirindən də az olduğunu, bunların yüz nəğmənin arasından seçildiyini yazır). O əsərlərin adlarını və təranələrin necəliyini sonrakı mənbələrin hamısı məhz Nizamidən iqtibas edir.

Nizami 1180-ci ildə tamamladığı "Xosrov və Şirin" məsnəvisinin "Çalğıçı Barbədin tərifi" bölməsində Şərq musiqi tarixi üçün həddən ziyadə dəyərli olan bilgiləri sıralayır. Kiçik bir parça içərisində sanki sehrli mücrü açılır. Barbədin ixtirası olan lətif təranələr qatarlanır. Nizami bu təsniflərin adını verməklə kifayətlənmir, öncə məclislərdə onların səsləniş ardıcıllığını açıqlayır, ardınca da bu təranələrin necə çalınıb-oxunması haqqında qısa, amma sərrast bilgiləripaylaşır: "Gənc-i badavərd" ("Küləyin gətirdiyi xəzinə"), "Gənc-i gav" ("Sığır xəzinəsi"), "Gənc-i-suxtə" ("Yanmış dəfinə"), "Şadırvan mirvarid" ("Şölələnən mirvari"), "Təxt-iTaqidis" ("Taqidis taxtı"), "Naqusi" ("Zəngəbənzər"), "Övrəng" ("Taxt"), "Hoqqe-yi-Kavus" ("Kavusun hoqqası"), "Mah-bər-kuhan" ("Dağlar üzərində Ay"), "Müşk danə" ("Müşk dənəsi"), "Arayiş-i Xurşid" ("Günəşin bəzəyi"), "Nimruz" ("Ali gün", amma həm də Əfqanıstanda yer adı), "Səbz dər səbz" ("Yaşıl yaşıl içində" və ya "Yamyaşıl"), "Qifl-iRum" ("Rum kilidi"), "Sərvistan" ("Sərvlik", "Sərv ağacı bol olan yer"), "Sərv-isəhi" ("Sərv boylu"), "Nuşin badə" ("Canayatan badə"), "Ramiş-ican" ("Can rahatlığı"), "Saz-inovruz" ("Novruz nəğməsi"), "Müşguyə" ("Müşk ətirli"), "Həva-yi Mehrigan" ("Mehriqan havası"), "Mərva-yinik" ("Gözəl təpə"), "Şəbdiz" (Xosrov Pərvizin sevimli atının adı), "Şəb-i fərrux" ("Xoşbəxt gecə"), "Fərrux-ruz" ("Xoşbəxt gündüz"), "Qönçe-yi kəbk-i dəri" ("Kəklik qönçəsi"), "Nəxçirigan" ("Vəhşi keçi ovlağı"), "Kin-i Siyavuş" ("Siyavuşun qəzəbi"), "Kin-i İrəc" ("İrəcin ədavəti"), "Bağ-i Şirin" ("Şirinin bağı").

 

Xosrov dedi: "Barbəd gəlsin məclisə əlan!"

Ondan dərdlərinə istədi dərman.

Sərxoş bülbül kimi gələndə Barbəd

Su kimi axırdı əlində bərbəd.

O, qoşub-düzdüyü yüz xoş nəğmədən

 

Seçdi otuzunu - özü bəyənən.

Bu otuz nəğmə ki Barbəd çalırdı,

Gah ürək verirdi, gah can alırdı.

"Gənc-ibadavərd"lə məclisi açdı,

Ağzı hər nəfəsdə xəzinə saçdı.

"Gənc-igav" başladı, coşdu üfüqlər,

Yer öküzün verdi, nisar etdi zər.

O "Gənc-isuxtə"ni oxuyan zaman

Min xəzinə yandı onun ahından.

"Şadırvan mirvarid" oxuyan zaman

Mirvari saçırdı dodaqlarından.

"Təxt-i Taqidis"ə gələndə növbət

Göydə qarşısında açardı cənnət.

"Naqusi" və "Övrəng" çalınan zaman

Zəng səsi qalxırdı övrəng taxtından.

"Hoqqe-yi Kavus"dan qənd versə əgər,

Onun mətaindən öpərdi şəkər.

"Mahbərkuhan"ı çalanda əli

Ayı dağ üstünə qoyardı dili.

"Müşk danə"sini səsləndirərkən

Ev müşkün ətrindən olurdu xütən.

"Arayiş-i Xurşid" salırkən haray

Getməzdi günəşin bəzəyi bir ay.

"Nimruz" nəğməsini başlasa, bütün

Özündən gedərdi ağıl yarım gün.

"Səbz dər səbz" nəğməsi başlasa əgər

Saralmış bağlarda açardı güllər.

"Qifl-iRum"u əgər oxusa bollu,

Rum, Zəng xəznəsinə açardı yolu.

"Sərvistan" başlayıb ötəndə dil-dil

Səba sərvistana girməzdi bir il.

"Sərv-isəhi" səsi gəlcək qulağa

Bülbül sarmaşırdı güldə budağa.

"Nuşin badə" silsə könüldən qubar,

Keçərdi gecədən qalmış o xumar.

"Ramiş-ican"ını oxuyan zaman

Zəmanə edərdi özünü qurban.

"Saz-inovruz"unu çalanda tamam.

Tale də edərdi o günü bayram.

"Müşguyə" nəğməsi müşk tökərdi,

Müşkün xoş qoxusu qəsrə çökərdi.

"Həva-yi Mehrigan" çalanda, o dəm

Huş başdan çıxırdı, gülürdü aləm.

O "Mərva-yinik"dən desə bir qədər,

Xoş olardı bir il gələcək günlər.

"Şəbdiz" nəğməsini başlayanda, bax,

Bütün gecə dünya qalardı oyaq.

"Şəb-ifərrux" səsi gəlsə qəfilcə

Olmazdı heç bundan uğurlu gecə.

"Fərruxruz" nəğməsi oxunan dəmdə

Zaman qalib çıxar, qalmazdı qəmdə.

Başlarkən "Qönçe-yikəbk-idəri"dən

Kəklik qaqqıltısı gələrdi həmən.

Sazı başlayarkən "Nəxçirigana"

Salar zöhrələri tora, zindana.

"Kin-i Siyavuşa" vuranda barmaq

Səyavuş qanıyla dolurdu qulaq.

"Kin-i İrəc"inə açanda meydan

Qisasa başlardı təzədən cahan.

Səslənən zamanda o "Bağ-i Şirin"

Acı meyvələr də olurdu şirin.

Belə könül açan şux nəğmələrdən

Pərviz üçün Barbəd çalırdı şən-şən.

Bir-birindən gözəl bu nəğmələrə

"Əhsən! Əhsən!" dedi Xosrov yüz kərə.

 

Ancaq bunlar Barbədin bəlli olan bəstələrinin hamısı deyil. "Burhan-i qate"nin yazmasınca, onun "Sürud-i müsəcce", ya "Xosrovani" adlı ixtirası da var ki, 7 müstəqil təsnifdən ibarət olmuşdur. Eyni zamanda, qaynaqlarda Barbədin 360 dəstgah yaratması haqda da soraq qalmaqdadır.

Hərədən bir tük oğurlayıb özünə saqqal düzəldən kosalar kimi, əsrlər boyu ondan-bundan torpaq, ədəbiyyat, musiqi, mədəniyyət, mətbəx və bütövlük çırpışdıraraq qondarma keçmiş sahibi kimi görünməyə adətkərdə olmuş ermənilər Barbəd tərəfə də tamah dişlərini qıcadıblar. Haylar yalnız "dənizdən-dənizə kimi Ermənistan" deyilən xəstə xülyanın əsiri deyillər, həm də ta qədimdən dünyada yaxşı olan hər şeyə şəriklik mərəzinə mübtəladırlar. Erməni alimləri tam ciddiyyətlə yazıblar ki, Firdovsinin "Şahnamə"də təsvir elədiyi Xosrov Pərviz sarayında olan musiqiçi Sərkeş guya əslində erməni olan Sərkisdir (Nizami Gəncəvidə və bir sıra başqa klassik poetik mətnlərdə keçən "ərmən"lərlə hayların tam özgə-özgə milli mənsubiyyətə malik olmaları isə müasir erməniləri büsbütün pərişan edəcək başqa mövzudur). Daha burasına da çox bənd olmayıblar ki, Sərkeş "Şahnamə"də mənfi bir surət kimi təsvir edilir. Əsas məqsəd odur ki, onun erməni olmasını dilə-dişə salsınlar və bu xam xəyalla da xoşhallansınlar ki, sən demə, V-VI əsrlərdə də böyük erməni musiqiçiləri varmış. "İştah diş altındadır" - bunun ardınca da onlarla səs-səsə verən digər saxtakar erməni tədqiqatçıları artıq isbat olunmuş tarixi fakt kimi car çəkiblər ki, VI əsrdə bərbət çalan Sərkisimiz varmışsa, deməli, bərbət də, ud da, çəng də qədim erməni musiqi alətləridir. Hətta muğamı da özlərinə çıxıblar. Bütün bunlar artıq fərdi deyil, milli əqlikəmlikdir və ruhi xəstələrlə mübahisə eləməyin də yeri yoxdur, qoy dünyanı özlərinə güldürməkdə davam eləsinlər.

...Atlar şahə qalxır, köhlənlərin kişnərtisi qılıncların toqquşmasına qatışır, döyüş meydanı qızışdıqca qızışır.

Bu, tarixin, vaxtın dumanına-sisinə bürünən keçmişlərdir.

Sonra atlar çapıb gediblər, tozanaqları qalıb, sonra o tozlar da yatıb.

 

Hansı əsrlərdəsə qalxan mədəniyyətlər hansı əsrlərdəsə yorulmuş torpaq kimi sanki dincə qoyulub. Sonra yeni nəsillər yetişib, yeni döyüşlər baş verib, yeni işğallar törədilib, ardınca yenə dinclik dövrü gəlib, mədəniyyətlər yüksəlməyə başlayıb. Çox sular axıb keçib, çox şeylər dəyişib. Amma ötən vaxtın, tökülən qanların,qəddar istilaların,amansız işğalların, mənalı-mənasız döyüşlərin susdura bilmədiyi bir həqiqət də həmişə var olub, həmişə diri qalıb - sənətin həqiqəti.

Və sənətin həqiqəti də heç zaman sərhəd tanımayıb, məhdudiyyət bilməyib, ən uzaq məmləkətlərdəki, ən uzaq qütblərdəki könüllüləri də doğmalaşdıra, məhrəmləşdirə, munisləşdirə bilib.

14 əsr öncə yaşanmış bu məsud anlar ölməz Nizaminin sehrkar qələmi ilə sanki elə indi cərəyan eləyən hadisə kimidir:

 

Xosrovun belə bir adəti vardı,

"Əhsən!" deyən zaman qızıl atardı.

Barbədin çaldığı hər bir pərdəyə

Şah tamam bir xəzinə verdi hədiyyə.

Dil açıb incə bir qəzəl deyərkən

Şah qızıl bəxş edib deyərdi əhsən.

Hər pərdədə Barbəd çalsa bir məqam,

Şah xələt verirdi mirvari tamam.

 

...Barbədin öz dövründə çəkilmiş şəkli əlimizdə yoxsa da (amma ola bilsin ki, hətta tam gerçəkçi bir üslubda çəkilmiş nigari - portreti də varmış. Çünki Barbədin zamanında yüksək səviyyədə inkişaf etmiş rəssamlığın olduğunu da həm ədəbi abidələr, həm tarixi qaynaqlar təsdiqləməkdədir), həmin boşluğu XVI yüzildə Azərbaycan rəssamı Mirzə Əlinin çəkdiyi bir miniatür doldurur. Birinci Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə Təbriz miniatür məktəbinin mahir rəssamlarının süs veriyi Nizami "Xəmsə"si bu gün Londonda, Britaniya Milli Kitabxanasında saxlanmaqdadır (MS Or.2265).

Miniatürdə sağ tərəfdə yuxarı başda qırmızı geyimli Xosrov şah əyləşib, rəsmin mərkəzində bərbətini çalan Barbəd, yanında da əli qavallı xanəndə.

Sasani hökmdarı Xosrov Pərviz 1400 il əvvəl Barbədi dinləyib belə məftun olurmuş, belə vəcdə gəlirmiş, bu qadir sənətkara qızıllar səpirmiş.

Tarixin, vaxtın nə qızılı var, nə ləl-cəvahiratı. Tarixin, zamanın bütün sərvətlərdən üstün olan neməti yaşatmaq qabiliyyətidir. Və tarix, zaman bu səxavətini ustad Barbəddən də əsirgəməyib. 14 əsrdir ki, onu yaşadır. Hələ bundan belə nə qədər yaşadacaq, tək özü bilir. Bərbət yenə insanın qoynunda, Vaxt karvanı yoldadır.

 

22 sentyabr 2024

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet.-2024.- 2 oktyabr(№179).- S.10-11;16.