"Qarabağ zəfəri"  

 

 

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Anar İbrahimovdur. Onunla rəssam Xanım Məmmədovanın "Qarabağ zəfəri" əsərindən danışmışıq.

Rəssam Xanım Əzim qızı Məmmədova 24 noyabr 1962-ci ildə Bakı şəhərində anadan olub. Hələ erkən yaşlarından rəsmə olan marağı onu 1979-cu ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbinə gətirib. Təhsilini davam etdirmək istəyən fırça ustası Rəssamlıq məktəbini bitirdikdən iki il sonra - 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) daxil olub. Burada Rəngkarlıq ixtisasını 1991-ci ildə bitirdikdən sonra 2005-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü olub, 2007-ci ildən isə ən son bitirdiyi ali təhsil ocağında müəllim kimi fəaliyyətə başlayıb. 2022-ci ildə Sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan Xanım Məmmədova həm ölkə daxilində, həm də xaricdə keçirilən bir çox sərginin iştirakçısıdır.

- Anar bəy, əsərin tarixçəsi haqqında nə deyə bilərsiniz?

- Rəssamın ailə üzvlərinin demək olar ki, əksəriyyəti həm Birinci Qarabağ müharibəsi, həm Aprel döyüşləri, həm də 44 günlük Vətən müharibəsi iştirakçısı olub. Bu müddət ərzində Xanım müəllimənin keçirdiyi hiss və həyəcan onun bu mövzuya daha  emosional yanaşmasına zəmin yaradıb. Buna baxmayaraq, sözügedən mövzuya aid ərsəyə gətirdiyi nümunələrdə döyüş səhnələrindən daha çox Azərbaycan mədəniyyətinin izlərini özündə ehtiva edən motivlərdən istifadə edib. Bu fikrimizi rəssamın fırçasından çıxan bu mövzuya aid "Qarabağ atları", "Qarabağ abidələri" və "Xurşidbanu Natəvanın portreti" kimi əsərləri ilə əsaslandıra bilərik.

- Əsərin rəng həlli necədir?

- Əsərin mövzusundan irəli gələn özünəməxsus rəng həlli mövcuddur. Əsasən göy, qırmızı və yaşıl rənglərin tünd tonlarından istifadə olunub. Kompozisiyanın mərkəzindən başlayaraq kənərlarına doğru diqqət yönəldəndə rənglərin daha çox tündləşdiyini müşahidə etmək olar. Ümumi olaraq qeyd edə bilərik ki, bu təsvir nümunəsində istifadə olunan rənglər Azərbaycan bayrağında olan rənglərlə eynilik təşkil edir. Səma hissəsində göy və yaşıl rənglərin müxtəlif tonları və rəssamın özünəməxsus rəng ahəngi, mərkəzi hissənin kənarlarında isə qırmızı rəngin fərqli tonlarını görə bilərik. Digər maraqlı nüans isə ağ rənglə bağlıdır. Rəssam Azərbaycan bayrağında olduğu kimi, ayparanın yerləşdiyi mövqeyə uyğun ağ rəngli at fiqurunu əlavə edib və onun saçdığı nuru əks etdirib.

Müqayisə üçün deyə bilərik ki, bu əsərdə istifadə olunan rənglərin ahəngi və istifadə olunan tonlar bizə məşhur rus rəssamı Karl Pavloviç Bryullovun "Pompeyin son gecəsi" adını almış rəsmini xatırladır. Hər iki nümunədə mərkəzi hissənin aydın və işıqlı, kənar hissələrin isə tünd rəngdə olduğunu müşahidə edə bilərik. Hətta rus nasiri və dramaturqu Nikolay Vasilyeviç Qoqolun (1809-1852) bu əsər üçün yazdığı böyük məqalədə qeyd etdiyi "rəngləri yanıb gözlərə hopub" ifadəsi də haqqında danışdığımız nümunə üçün də keçərlidir. Digər bir oxşarlıq isə mərkəzdə olan parlaqlığın kənarda olan fiqurları zülmətin qoynundan qoparmasıdır deyə bilərik. Əsərlər arasında məna yaxınlığına gəldikdə isə, əgər Bryullov Pompey şəhərin son gününü təsvir edibsə, Xanım müəllimə də Qarabağın işğaldakı son gününü öz tablosundə göstərib.

- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?

- Rəsm müxtəlif məzmunlu detalların pərakəndə yerləşdiliməsi əsasında qurulub. İlk olaraq mərkəzi hissədən başlasaq, burada irəliyə doğru qaçan ağ rəngli bir at görə bilərik ki, bu da məna etibarı ilə muradı və işıqlı gələcəyə doğru addımlamağımızın göstəricisidir. At üzərində olan əsgər fiquru müzəffər Azərbaycan Ordusunun igid oğullarının bir prototipidir. Əlində bayraq tutaraq tarixi Şuşa qalasına doğru irəliləməsi isə artıq zəfər xəbərinin müjdəçisi olduğunun bir nümunəsidir. Ağ at fiqurunun bir semantik mənası da var. Məlumdur ki, at zənginlik, xeyir-bərəkət, hökmdarlıq və böyüklük deməkdir. Bundan əlavə, at minən şəxsin işində yüksəlişlər gözlənilir və eyni zamanda at minmək, düşməni məğlub etməyə işarədir.

Təsvirin aşağı hissəsində isə tünd tonların ahəngində tankların aydın forması yer alıb. Bu isə öz növbəsində müharibənin başladığı ilk vaxtlara bir işərədir.

Səmada yer alan helikopter və pilotsuz uçuş aparatları Azərbaycanın hərbi qüdrətinin göstəricisidir. Bu silahlar və onları məharətlə istifadə edən Azərbaycan əsgərlərinin əzmi nəticəsində Qarabağ öz azadlığına qovuşdu və indi artıq dirçəlmə mərhələsindədir.

Rəsmdə Azərbaycan mədəni irs nümunələri sayılan Xudafərin körpüsü, Şuşa qalası kimi nümunələrin təsvir olunması rəssamın böyük qayıdışa aid göstərdiyi bir simvolik məzmun ideyasını daşıyır.

- Tablo harada saxlanılır?

- Əsər hazırda rəssam Xanım Məmmədovanın şəxsi emalatxanasında saxlanılır.

- Rəssamın üslubu bu əsərdə özünü necə göstərir?

- Rəssam daha çox əsərlərində simvolik məna daşıyan detalları dekorativ formada təsvir etməsi ilə özünəməxsusluğunu büruzə verib. Bu rəsm əsərində də hərbi texnika və silahların ümumi görünüşündə bu nüansı sezmək mümkündür. Rəssamın digər əsərləri ilə müqayisədə onu deyə bilərik ki, bu rəsm döyüş səhnələrinin yer aldığı az saylı nümunələrindəndir. Həmçinin burada rəssamın özünəməxsus dekorativliyi və rənglərin tünd tonlarının ahəngindən istifadəsi daha çox diqqət çəkir.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Bildiyiniz kimi, Azərbaycan xalq nağılı olan və bu nağılın motivlərinin də yer aldığı rejissor Ənvər Əbluc tərəfindən 1995-ci ildə ekranlaşdırılmış "Ağ atlı oğlan" tammetrajlı bədii filmində Qarabağın azadlığı uğrunda erməni qəsbkarlarına qarşı aparılan müharibədən söhbət gedir. Bu rəsm isə həmin filmin simvolik olaraq davamı kimi qiymətləndirilə bilər. Burada müharibənin bitməsinin son anlarını və zəfərin ilk işartılarını görmək olar. Şuşa qalasının üzərindəki ucsuz-bucaqsız aydın səma bizə Qarabağın uğurlu və parlaq gələcəyindən xəbər verir.

 

Aytac SAHƏD

525-ci qəzet.-2024.- 2 oktyabr(№179).- S.8.