Sevgi: bu dəfə mədəniyyətlərin ayırdığı hekayə

 

Esse

 

 

Film dünyasında festival mövsümü başlayıb. Yeni ilin yaz aylarına qədər bir-birindən maraqlı filmlər dünyanın müxtəlif şəhərlərində keçirilən vacib festivallarda sinefillərlə görüşəcək. Bu dövrdə keçən illərdəki festival filmlərini, necə deyərlər, arthaus kinonu izləmək üçün menyuya göz gəzdiririk. 2023-cü ildə böyük büdcəli filmləri arxada qoyub həm tənqidçilər, həm də izləyicilər tərəfindən böyük maraqla qarşılanmış və rejissorun debüt filmi kimi festivallarda iz qoymuş bir ekran işi haqqında danışmaq istəyirəm: koreyalı rejissor Selin Sonun "Keçmiş həyatlar" ("Past lives") filmi. Bəs bu filmi birdən-birə qiymətli edən nə olmuşdu?

Bəzilərinin fikrincə, film insanlara öz emosional keçmişini xatırladırdı, bəziləri üçün isə daha əvvəl istehsal olunmuş törəmə filmlərə bənzədiyi üçün sevildi. Xüsusilə, Riçard Linkleter, Noah Baumbax və Vudi Allen kimi rejissorların filmləri ilə müqayisə edilmiş və onlarla oxşar cəhətləri müzakirə olunmuşdu. Ancaq hər şeyə baxmayaraq, "Keçmiş həyatlar" bu rejissorların tərzindən öz təhkiyəsinə görə kifayət qədər fərqlənir. Bu fərqliliyi başa düşmək üçün filmin az qala obrazına çevrilən İn-Yan konseptinə və əsas mövzusu olan "mədəni fasiləyə" diqqət yetirməliyik.

Film on iki il fərqlə iki dəfə görüşən Na Younq və Hae Sun adlı iki personajın hekayəsindən bəhs edir. Eyni sinifdə bir-biri ilə şirin rəqabətdə olan bu personajlar uşaqlıqdan aşiq olublar. Daha sonra Na Younq və ailəsi Kanadaya mühacirət edir və beləliklə, personajlar ayrılır. Lakin taleyin bir cığal təsadüfü ilə yenidən bir-birlərini internetdə tapırlar. Uzun müddət söhbət etdikdən sonra yenidən əlaqəni itirirlər və on iki il sonra yenidən Nyu-Yorkda görüşürlər. Hər görüşün personajlarda və tamaşaçıda yaratdığı kəmşirin hiss bütün filmi əhatə edir. Bəlkə də bu hiss filmin əsaslandığı tale və təsadüf anlayışları sayəsində yaranır. Lakin film bu vəziyyəti "İn-Yan" adlandırır.

Filmdə Koreya konsepti olan "İn-Yan" Na Younqun izah etdiyi kimi belə təsvir edilir: "Bu, taleyi və ya yaşadıqlarımızı ifadə edir, lakin xüsusilə insanlar arasındakı münasibəti təsvir edir. Küçədə bir-birinin yanından keçən iki yad şəxsin paltarlarının sürtülməsi İn-Yandır. Çünki bu o deməkdir ki, onlar keçmiş həyatlarında mütləq nə vaxtsa görüşüblər..."

Ssenaridə baş qəhrəmanlarımız hər dəfə yarımçıq qalan bir münasibəti tamamlamaq istəyirlər. Bəlkə də müəyyən səhnələrin fonunda qucaqlaşıb öpüşən cütlükləri görməyimiz də İn-Yan konsepsiyasının əyani təsviridir. Hae Sun filmin sonuna qədər İn-Yanın verdiyi ümidlə başqa bir həyatın mümkün olduğunu düşünür. Bəlkə də hekayənin naməlum davamında bu inamı hələ də ürəyində saxlayır. Digər tərəfdən, Na Younq bu sevginin reallaşa bilməyəcəyini bilir. O, rasionalist olduğu üçünmü belə fikirləşir? Xeyr! Haedən fərqli olaraq İn-Yan mədəniyyəti onun üçün öz dəyərini itirib. O indi fəst-fud münasibətlərin, "mədəni fasilə"lərin yaşandığı ölkənin - Amerikanın dəyərlərinə qucaq açıb. Na düşünür ki, İn-Yan koreyalıların bir-birinə təsəlli vermək üçün istifadə etdiyi qədim mifdən başqa bir şey deyil. Sinif yoldaşı ilə uzun illərdən sonra görüşməsi də bu səbəbdən onun üçün heç nə ifadə etmir. Film beləcə romantiklə realistin arasında başlayan mədəni savaşın meydanına çevirilir.

Noah Baumbaxın 2019-cu ildə çəkdiyi "Evlilik hekayəsi" ("Marriage story") filmində rejissor eyni mövzuya aidiyyətsizlik və iki şəhər (Los Anceles və Nyu-York) vasitəsilə baxıb iki insanı bir-birindən uzaqlaşdıran mənəvi məsafədən danışırdı. "Keçmiş həyatlar" filmində bu məsafəni yaradan Seul və Nyu-York şəhərləridir. Daha geniş miqyasda bu, Amerika və Cənubi Koreyadır. Filmin həm də personajları olan bu şəhərlər, əslində, Na Younq və Hae Sunun öz şəxsiyyətlərini əks etdirir. Rejissor bu iki ölkə və şəhər arasındakı fiziki məsafə vasitəsilə iki personajın bir-birindən çox uzaq olduğunu bizə göstərir. Onların gənclik illərində bir araya gələ bilməmələrinin əsas səbəbi bu ölkələrin bir-birindən fiziki məsafədə uzaq olmasıdır. Təbii ki, səthə baxdığımızda bu ayrılıq fiziki bir məsafə kimi görünə bilər, lakin dərinləşdikcə, əslində, aralarında mənəvi uçurum olduğunu da anlayırıq.

Na Younq Kanadaya, sonra da Amerikaya köçdükdən sonra Nora olur. O, tədricən koreyalı mahiyyətindən uzaqlaşır və amerikalıya çevrilir. İkisi arasındakı münasibətdə ən böyük gərginliyin yaranmasının səbəbi əslində budur. Çünki Nora Hae Sun ilə danışıb nəsə paylaşa bilsə belə, müəyyən nöqtədən sonra hər ikisi nəyinsə səhv olduğunu anlayır. Amma onlar bunu başa düşə bilmirlər. Başa düşmək istəmirlər. Nə etsələr də, bir-birlərinə qurduqları divarı da yıxa bilməzlər. Çünki onlar bir-birini koreyalı və amerikalı görür və bu qərəzlə bir-birini qəbul etmirlər. Məsələn, Nora əri Artura Hae Sun haqqında danışarkən söylədiyi cümlələr: "O, hər cəhətdən koreyalıdır. Hələ də ailəsi ilə yaşayır. Onun həyata baxışı tam koreyalıya bənzəyir". Nora isə yuxularında Koreya dilində sayaqlayır. Yəni Sunda bəyənmədiyi lokal keyfiyyətlər, əslində, "amerikalı" qızı şüuraltında tərk etməyib. Harada doğulduqsa, ora aidik. Ya da başqa deyimlə, coğrafiya taledir.

Kino tənqidçiləri tərəfindən təvazökar, estetik və təsirli ekran işi kimi qiymətləndirilən "Keçmiş həyatlar" ilinin ən yaxşı filmlərindən biri kimi seçilməyi bacarıb. Üslub baxımından yeni bir şey təqdim etməsə də, məzmun baxımından insanların yaşadığı əsas mənsubiyyət böhranına özünəməxsus şərh gətirdiyini rahatlıqla deyə bilərik. Ən əsası isə o, ümumbəşəri çətinliyi sadə və dramatizasiyasız izah edir. Real həyat kimi. Əsl sevgi kimi. Çünki günümüzün kommersiya filmləri bu mövzuda həmişə hər şeyin yaxşı olacağına dair yalan danışmağa davam edir. Amma real həyat belə deyil. Bu aydın reallıq və kədər film bitdikdən sonra da beynimizdə qalır. Bu ilin Oskar mükafatına namizəd Zeki Dəmirkubuzun mahiyyət etibarı ilə oxşar olduğunu deyə biləcəyimiz "Qədər"("Tale") filmi haqqında dediyi üsyankar sözlər yada düşür:

"Uğurla Bəkir bir-birlərini sevsəydilər, necə də gözəl olardı, elə deyilmi? Amma olmur. Həyat budur. Çox vaxt iki nəfər birlikdə xoşbəxt ola bilmir. Bu qədər sadə..."

 

Rəvan  

525-ci qəzet.-2024.- 2 oktyabr(№179).- S.9.