Tarixi
yaşatmaq, tarixdə yaşamaq...
Nəsiman Yaqublu 1962-ci il fevralın 22-də Zəngilan
rayonunun Zəngilan kəndində anadan olmuşdu. İncə
duyumu vardı, bu duyum onun düşüncələrini də
incələşdirmişdi. Gördüklərini dərk
etdikcə təbiəti daha çox sevirdi. Təbiəti sevə-sevə
insanları, insanlığı sevirdi Nəsiman. Bu gözəl
sevgiylə oxudu, öyrəndi, orta təhsil aldı; təbiətə
sevgisi kəlmə-kəlmə sözə sevgiyə
çevrilibmiş. "Sözlə yaradılmış bəşəriyyət
sözlə yaşadılır...", - sonralar belə deyərmiş.
Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət
Universitetinin) jurnalistika fakültəsinin tələbəsi
olanda da, təhsilini Leninqrad (Sankt-Peterburq) Universitetinin
jurnalistika fakültəsində davam etdirəndə də.
1986-cı ildə ali təhsilli jurnalist kimi Bakıya
qayıtdı. "Yazıçı" nəşriyyatının
redaktoru təyin edildi...
Azərbaycanda milli-azadlıq hərəkatı
genişlənirdi. Hərəkat milli düşüncələrin
hərəkatı idi - tarixi öz axarına qaytarmaq niyyətinin
hərəkatı idi, xalqın hərəkatı idi. Nəsiman
Yaqublu da heysiyyətiylə, düşüncəsiylə, qələmiylə-sözüylə
hərəkatın iştirakçılarının
sırasındaydı. Bu dönməz hərəkat Ermənistanın
Azərbaycandan ərazi iddiasına görə
başlamamışdı, bu əsassız ermənilik
iddiası azərbaycançılıq məfkurəsinin, Azərbaycan
dövlətçiliyinin bərpa olunması niyyətinin
mübarizəsini açıq müstəviyə
çıxartmışdı. Bu mübarizə ötən əsrin
əvvəllərində genişlənmişdi. 1918-ci il
mayın 28-də Azərbaycan Demokratik Respublikası quruldu. 24
aydan sonra imperiya onu ilhaq eləsə də, xalqın
mübarizəsi davam etmişdi - ürəklərdə,
düşüncələrdə, ədəbi-bədii, tarixi əsərlərdə.
Ötən əsrin 90-cı illərində Nəsiman Yaqublu
milli-azadlıq hərəkatının
başlanğıcından 1991-ci il oktyabr ayının 17-nə
kimi, müstəqillik haqqında Konstitusiya Aktı qəbul
edilənə kimi davam etməsində cəfakeşlərin
sırasnda olub, mübarizlərdən biri kimi tanınıb,
sevilib. O da əmin idi ki, bu hərəkat əbədiyyən
olacaq...
Söz adamı kimi, düşüncələr əsgəri
kimi Şərqdə ilk demokratik cümhuriyyəti "mən"inin
idealı bilirdi Nəsiman. Azərbaycan Demokratik Respublikasının
qurucularının, mübarizlərinin, mücahidlərinin,
müsavatçıların təqib edilməsini, tarixin
(imperiyanın yaratdığı dövlətin)
üzqaralığı bilirdi. Bu təqiblərin necə
yarandığını da öyrənmişdi, necə
gündəmə gətirildiyini də, mexanizmini də. Və
1990-cı ildə stalinizmin azərbaycanlılara qarşı
siyasi repressiyalarını ümumiləşdirdi, bu
repressiyaların qurbanları haqqında "Ağrılı
ömürlər" kitabını yazdı. O ömürlərin
ağrıları dövlətçiliyin süqutu olub, bu
süquta görə mübarizlərə verilən işgəncələr
olub. Yedəkçisi imperiya olan dövlətdə mübarizə
əzmi yaşadılıb, İmperiyanın xalqın ruhunu
ilhaq etməyə gücü çatmayıb.
"Ağrılı ömürlər" kitabının ədəbi-bədii
(və tarixi!) mahiyyəti bu tarixi gerçəkliyi ifadə
edir; Nəsiman Yaqublu o ömürlərin söz
qardaşı olub...
Nəsiman Yaqublu 1991-ci ildə Azərbaycan Demokratik
Respublikasının ideyalarından, ideyalarının
mübarizlərlə tarixə necə keçdiyini -
yaradıldığını əhatə edən bir kitab
yazdı. Bu kitab həm də bu dövlətin qurucusu olan Məhəmməd
Əmin Rəsulzadə haqqında kitabdır. Bu kitab
(tarixi-publisistik kitab) sələf-xələf sədaqəti
ilə yazıldığından tarix üçün də
gərəkli kitabdır, düşüncələr
üçün də, gənclərin, yeniyetmələrin
dünyaduyumu üçün də...
Azərbaycanda elan edilmədən başlayan müharibə
gedirdi...
Ermənilər 1992-ci il fevralın 25-dən 26-na
keçən gecə dislokasiya yeri Xankəndi olan 366-cı
alayın iştirakı ilə Xocalıda qırğın
törətdi. Jurnalist Nəsiman Yaqublu vətəndaş
heysiyyəti ilə, azərbaycançılıq heysiyyəti
ilə çox qısa müddətdə bu dəhşətli
cinayətə tarixi-ədəbi şahidlik edəsi bir kitab
yazdı; elegiya da deyə bilərik ona, publisistik təəssürat
da, tarixi ümumiləşdirmə əsasında
yazılmış tarixi əsər də: "Xocalı
qırğını". 30000 nüsxə ilə nəşr
edilən bu kitab qırğının niyə törədil-diyini
də, şahidlərin (qırğında sağ qalanların,
əl-ayağını don vuranların, ciyərparası
qucağında keçinənən gəlinlərin,
atasını, bacısını qarda-çovğunda dəfn
etməyə imkanı olmayan, gücü çatmayan
oğulun...) dedikləri əsasında hazırlanan
"Xocalı qırğını" kitabı Xocalı
faciəsi haqqında yazılmış ilk nəşrlərdən
biri kimi dünyəvi dövlətlərin də diqqətini
çəkdi, bir neçə xarici dilə tərcümə
edildi. On minlərlə oxucu XX əsrin faciəsi haqqında
tarixin bədii ifadəsini istedadlı (və milli ruhun söz əsgəri!)
jurnalist Nəsiman Yaqublunun təqdimatında oxudu. Kitab heysiyyətlə,
bədii sözə səxavətlə
yazıldığından oxucular Xocalı faciəsini bəşəri
faciə adlandırır. Bu, Nəsiman Yaqublunun təfəkkürünün
(və bədii düşüncəsinin) hünəridir...
Azərbaycanı sevirdi Nəsiman, özünün
ruhunda qurduğu Azərbaycanın dünənlərini də
sevirdi, bu gününü də, sabahlarının daha nurlu
olacağına inanırdı. Birinci Qarabağ müharibəsi
onun da yaradıcılığında söz təhkiyyəsi
oldu. Az sonra peşəkar jurnalist kimi, vətənpərvər
jurnalist kimi onu "Xalq ordusu" (indiki "Azərbaycan
ordusu") qəzetinin baş redaktoru təyin etdilər. Qəzetdə
daha geniş informasiya yükünə malik olan məqalələr
dərc olunmağa başladı, bu baxımdan vətənpərvərlik
məqalələri qəzetin başlıca qayəsi oldu...
Həmin vaxtlarda Bakı Dövlət Universitetinin
jurnalistika fakültəsində müəllim işləyirdi.
Auditoriyalarda jurnalistika tarixindən mühazirələr
oxuyurdu. Müəllim idi. Baş müəllim oldu, sonra dosent,
sonra professor. Tanıdığım tələbələri
onu xoş xatirələrlə yada salır. "Nəsiman
müəllim tələbələri imtahanda da öyrədirdi,
bilmədiklərini deyirdi, tələbə deyilənləri təkrar
etməyincə ondan əl çəkmirdi. Bu, təkcə
qiymət yazmaq üçün deyildi. Öyrədən idi Nəsiman
müəllim..." - tələbələrindən biri belə
dedi...
Nəsiman Yaqublu həm də tədqiqatçı
idi. Tariximizin demokratik cümhuriyyət dövrünü tədqiq
edirdi, bu dövrün düşüncə sisteminə
heyranlığı neçə-neçə tarixi əsərin
yazılması - tarixləşməsi ilə nəticələndi.
Tam məsuliyyəti ilə deməliyik ki, böyük əqidə
sahibi Məhəmməd Əmin Rəsulzadənin Azərbaycanda
ən böyük (və sədaqətli!) tədqiqatçısı
tarixçi-alim Nəsiman Yaqublu olub. Məhəmməd
Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə Nəsimanı
"canı-ciyəri" bilirdi, onlar ruh qardaşı idilər...
Azərbaycanda mətbuat tarixi ilə ciddi maraqlanan (və
bu marağın cəfakeşi olan!) jurnalist Nəsiman Yaqublu
elmi araşdırmaların da Nəsiman Yaqublusu idi. O, 2001-ci
ildə "Azərbaycanda milli istiqlal mübarizəsi və Məhəmməd
Əmin Rəsulzadə" mövzusunda namizədlik
dissertasiyası müdafiə etdi, tarix elmləri namizədi
alimlik dərəcəsi aldı.
Tarix elmləri namizədi Nəsiman Yaqublu nəzəriyyə
(tarix) ilə praktikanı (sözün, mətbuatın, ədəbi,
tarixi əsərlərin) əlaqələndirən, onlar
arasında yaradıcılıq
ayrılmazlığının metodologiyasını
yazdığı əsərlərlə yaratmağı
bacaran jurnalist idi...
Azərbaycanda mühacirət ədəbiyyatımız
haqqında xeyli əsərlər yazılmışdı, ədəbiyyatşünaslığımız
bu haqda fikirlər demişdi. Mühacirət mətbuatımız
öyrənilməli, sistemləşdirilməli idi. Həm də
ideoloji fərqlər nəzərə alınmadan Azərbaycan
jurnalistikasının tərkib hissəsi kimi öyrənilməli
idi. Bu məsuliyyətli tarixi missiyanı Nəsiman Yaqublu yerinə
yetirdi. Həm də elmi müstəvidə. 2014-cü ildə
"Azərbaycan milli istiqlal mücadiləsi və mühacirət
mətbuatı" mövzusunda doktorluq disseratsiaysı
müdafiə etdi, tarix elmləri doktoru alimlik dərəcəsi
aldı...
Nəsiman Yaqublu Azərbaycan mətbuat tarixinin cəfakeşi
kimi elmi konfranslarda fəal istirak edirdi. Hər konfransda yeni bir
mövzuda, yaxud əvvəllər yazdığı mövzuya
yeni tarixi yanasmalarla hazırladığı mövzuda məruzə
ilə çıxış edirdi. 2008-ci ildə Türkiyənin
Ankara şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılmasının 90 illiyinə həsr edilən beynəlxalq
konfransda, 2009-cu ildə Polşanın Varşava şəhərində
Qafqaz mühacirlərindən Piradzeyə həsr olunmuş
konfransda, 2015-ci ilin oktyabrında Polşanın Varşava
Universitetinin Şərqi Avropanı Öyrənmə Mərkəzinin
təşkil etdiyi Beynəlxalq Prometey konfransında
çıxışları da bu baxımdan maraq doğurmudu.
Sonralar bu maraq elmi əməkdaşlığa səbəb
olmuşdu.
"Jurnalistikada hər məqalə oxucu ilə yeni
görüş olduğu kimi, hər elmi məqalə də
elmi işçilərlə yeni görüşdür..."
- tarix elmləri doktoru Nəsiman Yaqublu belə deyirdi, məqaləni
də, elmi məqaləni də eyni məsuliyyətlə
hazırlayırdı...
Tarix elmləri doktoru Nəsiman Yaqublunun tarixi,
tarixi-publisistik, publisistik əsərləri Azərbaycanda,
Türkiyədə, Polşada nəşr edilib. "Xarici
ölkələrin jurnalistikası", "Kaspi" qəzetinin
yaranması və fəaliyyəti", "Azərbaycan mətbuatı.
Gizli nəşrlər" və s. kimi dəyərli əsərləri
təkcə jurnlistika tariximiz kimi deyil, həm də tariximiz
kimi öyrənilir. Bu kitablar deyir ki, "Sən yanmasan, mən
yanmasam, biz yanmasaq Necə çıxar qaranlıqlar
aydınlığa?!"...
Professor Nəsiman Yaqublu Müsavat Partiyası
Divanının 12 iyul 2024-cü il tarixli növbədənkənar
iclasında növbədənkənar parlament seçkilərində
125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə
deputatlığa namizəd seçilmişdi. Bu seçim azərbaycançılıq
ideologiyasına sədaqətin seçimi idi, Azərbaycanın
dövlətçilik tarixinə, mətbuat tarixinə
ehtiramın seçimi idi.
Seçicilər ilə görüşə getmişdi
Nəsiman. 5 gündən sonra seçicilər
tanıdıqları, əsərlərini oxuduqları, Azərbaycan
Demokratik Respublikasının 23 aylıq fəaliyyətini nəşr
etdirdiyi əsərlərlə öyrəndikləri alimə,
vətəndaşa səs verəcəkdilər; avqustun 25-də
Cəbrayıl rayonu ərazisində avtomobil qəzasında həlak
oldu...
Nəsiman Yaqublunun müstəqillik dövrünün
mətbuatının yeni imzalarla formalaşmasında
böyük xidmətləri olub. Universitetin jurnalistika
fakültəsinin tələbələrinə mətbuat
tarixindən mühazirələr oxuyurdu, təhlilə cəlb
etdiyi məqalələrin sənətkarlıq xüsusiyyətlərini
də göstərərdi.
Bunları müasir jurnalistika ilə olduqca həssaslıqla
əlaqələndirərdi ki, bu da təcrübi öyrətmə
prosesi olurdu; Nəsiman müəllim tələbələrin
mövzu üçün janr seçmək
bacarığını həm də belə
formalaşdırırdı.
"Yazacağımız mövzunun janrını
çox vaxt Nəsiman müəllimin mühazirələrindən
sonra qətiləşdirirdik..." - tələbələrindən
biri belə demişdi...
Nəsiman Yaqublu işıqlı insan idi. Onunla
söhbətləşənlərin könlü
açılardı - tariximizin tarixindən
danışardı, mübarizlərdən
danışardı, söhbətləşəndə hər
dəfə nəsə yeni fakt, yeni hadisə öyrənərdik.
Zəngilanımızdan danışardıq - 2020-ci ilin
payızına kimi ağrı-acılarla, 2020-ci ilin
payızından sonra qürurla; təkcə Zəngilanın
deyil, işğal olunmuş bütün ərazilərimizin
azad olunmasına görə...
"Həsən bəy Zərdabi"
mükafatına, "Hacı Zeynalabdin Tağıyev" Milli
mükafatına, "Azərbaycan Xalq Cümhuriyyətinin 100
illiyi (1918-2018)", "BDU-nun 100 illiyi (1919-2019)" yubiley
medallarına layiq görülmüşdü Nəsiman Yaqublu
Professor Nəsiman Yaqublu tarixdə də yaşayacaq,
xatirələrdə...
Tariximizi yaşadırdı Nəsiman Yaqublu...
Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci qəzet .-2024.- 3 oktyabr (№180).- S.13.