Təhsil kreditlərindən istifadənin əhatə dairəsi genişlənir

 

2024-2025 tədris ilinin payız semestri üzrə bugünədək 5 min təhsil krediti rəsmiləşdirilib. Son üç il ərzində 53 mindən çox şəxs təhsil krediti üçün müraciət edib. İndiyədək 41 mindən çox təhsil tələbə krediti müqaviləsini uğurla rəsmiləşdirilib. Bunlardan 35 faizi sosial, 65 faizi isə standart kreditlərdir. Təhsil Tələbə Krediti Fondu (TTKF) dördüncü tədris ilinə və təhsil kreditlərinin verilməsi üzrə yeddinci semestrə başlayıb.

Qeyd edək ki, Azərbaycanda tələbələrə təklif olunan təhsil kreditlərindən istifadənin əhatə dairəsi genişləndirilib. Artıq ailə başçısını itirməyə görə əmək pensiyası və sosial müavinət alanlar da Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditləri ala biləcəklər. Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən "Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında Qərar imzalayıb. Dəyişikliyə əsasən, hər iki valideynini itirən şəxslərlə yanaşı, digər qanuni nümayəndələrini itirənlər də təhsil tələbə kreditindən yararlana biləcəklər. Bu kateqoriyaya, həmçinin bir valideyni orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, digər valideyni orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq etdiyinə görə Prezidentin təqaüdünü alan şəxslər, eləcə də bir valideyni müəyyən müddətə azadlıqdan məhrum etmə, ömürlük azadlıqdan məhrum etmə və ya azadlığın məhdudlaşdırılması növlərində cəza çəkən, digər valideyni bu Qaydada qeyd olunan kateqoriyalardan hər hansı birinə aid olan şəxslər də şamil edilir.

"Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası"nda bir sıra əlavə və dəyişikliklər edilməsi çox müsbət haldır. Məlum olduğu kimi, yeni qərara əsasən, "ailə başçısını itirməyə görə əmək pensiyası alan" valideyni olan tələbələr, "bir valideynin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilibsə və digər valideyn orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan" tələbələr, "bir valideyni azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, digər valideyni qaydada qeyd olunan digər kateqoriyalardan hər hansı birinə uyğun olan" tələbələr, tələbənin özünün sosial statuslarına münasibətdə isə indiyədək ailə başçısını itirməyə görə əmək pensiyası alan tələbələr ilə yanaşı, bundan sonra əlavə olaraq "ailə başçısını itirməyə görə sosial müavinət alan" tələbələr də bu güzəştdən istifadə hüququ əldə edəcək. Qeyd edilən daha dörd yeni sosial baxımdan həssas əhali qrupuna aid kateqoriyalardan olan tələbələr də Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına sosial növ təhsil tələbə krediti ala bilməsi çox təqdirəlayiqdir.

TTKF-in İdarə heyətinin sədr müavin Bəhruz Əzimovun sözlərinə görə, bu tədris ilində kredit alan tələbələrin 63 faizi xanımlar, 37 faizi isə kişilərdir: "Bu göstərici təhsil imkanlarının gender faktorları nəzərə alınmaqla genişləndirilməsini göstərir. 2024/2025 tədris ilinin payız semestri üzrə indiyədək 8 min müraciət qeydə alınıb, 5 min kredit rəsmiləşdirilib. Bu da müraciətlərdə ötən ilin eyni dövrünə nisbətən 20 faiz artım olduğunu göstərir. Keçən dövr ərzində sosial bərabərliyi təmin etmək, aztəminatlı ailələrdən olan tələbələrin təhsilə çıxışını artırmaq və təhsilin əhatə dairəsini genişləndirmək yolunda mühüm nailiyyətlər əldə edilib".

Bəhruz Əzimov bildirib ki, Fondun vəsaiti hesabına kreditlərin verilməsi Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən Qaydaya əsasən elektron sistem tərəfindən həyata keçirilir. Çox asan formada baş tutan müraciətdən sonra emal prosesi başlayır. Əsasən sosial həssas qrupların inteqrasiya olunmuş bazalardan statusları yoxlanılır və nəticə etibarı ilə müraciətçiyə sosial, yoxsa standart kreditin veriləcəyi müəyyənləşdirilir, yaxud imtina cavabı verilir. Qərar barədə məlumat tələbənin müraciət üçün yaratdığı şəxsi kabinetində əksini tapır, eyni zamanda tələbənin ərizə-bəyənnamədə göstərdiyi telefon nömrəsinə SMS göndərilir. 2024-2025-ci tədris ilinin payız semestri dövrü üçün müraciətlər başlayıb. Magistratura təhsil səviyyəsi üzrə yeni qəbul olunan tələbələrin ali təhsil müəssisələrinə qeydiyyatı başlayandan elektron sistem də açıqdır. Sistemi iyulun 9-dan açdıq ki, bu il qəbul olunan magistrlər kredit hesabına qeydiyyat prosesini tamamlaya bilsinlər. Avqustun 26-dan isə bakalavr təhsil səviyyəsi üzrə ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib. Yeni qəbul olunanların qeydiyyat prosesi sentyabrın 6-da tamamlandı. Amma payız semestri üçün müraciət dövrü 2025-ci il fevralın ortalarınadək davam edəcək: "Kredit barədə əvvəl qərar verə bilməyib, sonradan fikrini dəyişənlər, yaxud bu layihə barədə gec xəbər tutanlar kreditdən faydalanmaq şansını itirməsin deyə, sistemi açıq saxlayırıq. Fürsətdən istifadə edərək demək istəyirəm ki, öz vəsaiti ilə qeydiyyatdan keçən, yaxud təhsil haqqını ödəyənlər belə sessiya dövrünün sonuna qədər müraciət edib kredit ala bilərlər".

Onun dediyinə görə, "Azərbaycan Respublikasının 2022-2026-cı illər sosial-iqtisadi inkişaf Strategiyası"na uyğun olaraq Elm və Təhsil Nazirliyində fəaliyyət planı hazırlanıb: "Qarşımıza qoyulan hədəflər illik olaraq göstərilib. Fond fəaliyyət göstərdiyi 3 ildə 100 faizdən çox icra göstəricisi ilə bu hədəflərin öhdəsindən gəlməyə nail olub. Növbəti illərin hədəflərinin də öhdəsindən gələcəyimizi düşünürük. Müraciətlərin 80 faizindən çoxuna müsbət cavab verilməsi yaxşı göstəricidir. Məsələn, fəaliyyətə başladığımız ilk semestrdə elektron sistemin bəzi xüsusiyyətlərini nəzərə almadığımızdan imtinaların sayı çox oldu. Belə ki, kredit müraciəti edən tələbələrin arasında qiyabi  oxuyan tələbələr də vardı. Yalnız birinci semestrdə sistem qiyabi təhsil alan, ya da artıq tələbə statusu olmayanların müraciətini əvvəlcə qəbul etdi, sonra imtina verdi. Bu da imtina saylarının çox olmasına gətirib çıxardı. Növbəti semestrdən sistemi təkmilləşdirdik, qiyabi və təhsil statusu aktiv olmayan tələbələrin müraciətləri, ümumiyyətlə, qəbul olunmadı. Tələbələrin imtina cavabı almasının səbəbləri daha çox onların qəbul balının və ya təhsil göstəricilərinin tələbə uyğun olmamasıdır. Növbəti semestrlərdə standart təhsil tələbə krediti alan şəxsin göstəricisi 71 baldan aşağıdırsa, imtina cavabı verilir. Hər iki növ təhsil tələbə kreditinin reallaşması üçün vacib şərt tələbənin akademik borcunun olmamasıdır. Ola bilər ki, təhsilalan sosial kreditə müraciət etsin, burada bal tələbi olmasa da, akademik borcun olması, ya da sosial statusunun olmaması bu krediti əldə etməsinə imkan verməyə bilər. Bu zaman həm standart, həm sosial kreditdən imtina alır. Çünki standart kredit üçün müraciət edən şəxsin ali məktəblərə qəbul balı, təhsil göstəriciləri, həmçinin akademik borcunun olmaması əsas şərtdir. Sosial kredit üçün həssas qruplarda yer alan ailələrin üzvü olması ilə yanaşı, müraciət etdiyi semestrdən öncəki semestr üzrə akademik borcunun qalmaması da vacib şərtdir".

Bəhruz Əzimov qeyd edib ki, peşə təhsil səviyyəsində ayrılan kreditlər texniki peşə və yüksək texniki peşə təhsili ixtisasları üzrə təhsil alanlara verilir: "Təhsil tələbə krediti ilə bağlı qaydaya 2023-cü ildən edilən əlavənin qəbul edilməsi nəticəsində artıq 3-cü semestrdir ki, bu təhsil səviyyəsindən də kredit üçün müraciət edə bilirlər. Ancaq onların çəkisi kredit üçün müraciətlərin arasında çox deyil. İlk növbədə ona görə ki, peşə təhsili müəssisələrində təhsil alanların yaşı, əsasən az olur, qərarvermədə onlarla yanaşı, valideynlərinin də iştirakı əsas şərtlərdəndir. Peşə təhsili səviyyəsində təhsil haqqının az olması da müraciətlərin sayının az olması səbəblərindəndir. Bu təhsil səviyyəsində Fonda, əsasən kredit şərtləri ilə tanış olan ailələr müraciət edirlər. Ona görə də qarşıya qoyduğumuz məqsədlərdən biri bu təhsil səviyyəsində təşviqat işlərini gücləndirərək, daha çox vətəndaşın bu imkandan yararlanmasına nail olmaqdır. Ancaq orta ixtisas təhsil səviyyəsində xeyli müraciət var".

Təhsil tələbə kreditlərinin vətəndaşın maliyyə sabitliyi və rifahına qatdığı dəyər barədə də danışan Bəhruz Əzimov bildirib ki, təhsil tələbə kreditlərindən istifadənin bütün fərdlərə şamil olunması, heç bir limit və ya məhdudiyyətin tətbiq edilməməsi ailələrin maddi rifahına şübhəsiz ki, müsbət təsir göstərən amildir: "Təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı ilkin mərhələdə vətəndaş sorğuları aparanda ən çox qərəzli mövqeni qız övladları olan valideynləri göstərmişdilər. Belə ki, onlar qız övladlarının ödənişli təhsilə qəbul olduqda, təhsil kreditləri hesabına oxumalarına mənfi rəy bildirirdilər. Lakin sevindirici haldır ki, təhsil kreditlərinin verilməyə başladığı 2021-ci ildən etibarən ondan yararlanan tələbələrin gender bölgüsündə qızların üstünlük təşkil etdiyini görürük. Bu hal valideynlərin streotiplərinin qırıldığının və qız övladlarını ödənişli qəbul olduğu halda təhsilə yönəltmələrinin göstəricisidir".

 

Sevinc QARAYEVA

525-ci qəzet .-2024.- 3 oktyabr (№180).- S.12.