44 günlük
möcüzə
Esse
Tanrı dünyanı neçə günə
yaratdı bilmirəm, amma onu dəqiq bilirəm, Tanrı bəndələri
olaraq, millət olaraq yeni düzən yaratmaq üçün
bizə 44 gün vaxt verdi və qəhrəmanlar o düzən
üçün ölüm-dirim savaşına girdilər, 44
gün ərzində əsir torpaqlarımızı geri qaytardılar.
Tanrı iyirmi altı il bizi Qarabağ sevgisi ilə
sınağa çəkdi, sınadı və əmin oldu ki,
"Vətən sevgisi imandandır" deyiminin artıq bəhrə
verəcəyi zaman yetişib, həm yer üzünün cənnəti
Qarabağın, həm də qiyamət günündəki cənnətin
qapılarını açaraq dedi: "Buyur, indi imanı
ortaya qoyma zamanıdır!"
O imanı ortaya qoyduq - dişimizlə,
dırnağımızla ortaya qoyduq.
Düz dörd il bundan əvvəl bu günlər
paylaşdığım status hələ də
yadımdadır. Orduda olan əsgərlərə müraciət
etmişdim: "Tanrı sizi seçdi, Siz seçilmiş bəndələrsiniz
və bu seçimin dadını sevə-sevə
çıxarın!"
Həmin gün o orduda olmaq üçün yüzlərlə
gənc, qoca, qadın, kişi imtahan verirdi. Amma o seçimdə
tək cismin sağlamlığı önəmli deyildi.
Həmin gün ruhun sağlamlığı da önəmli
idi.
Bəndə Tanrı qarşısında imtahan verirdi,
ruhunun sağlamlıq imtahanını...
Köhnə döyüşçülərin birinə
o zaman belə bir sual vermişdim: "Niyə Tanrı 1992-ci
il müharibəsində bizə torpaqlarımızı
qorumaqda kömək olmadı?"
Döyüşçü: "Çünki biz o
vaxt o qələbəni haqq etmirdik" - cavabını
vermişdi.
Bəyəm biz haqlı deyildik?
Haqlı idik, amma haqlı olmaq qələbəni haqq
etmək demək deyil.
Bu necə olur?
Çox sadə. Həm düşmən, həm biz qələbəni
güc yolu ilə qazanmaq istəyirdik. Hər iki tərəf
Tanrını unutmuşdu. Tanrıya yox, əlindəki silaha
güvənirdi. Tanrı da güclü olan qalib gəlsin,
dedi. Nəticədə illərdir bu savaşa hazırlaşan
düşmən haqsız yerə haqqa qalib gəldi.
Tanrı bilirdi onlar bu qələbəni haqq etmir, onu
da bilirdi, biz bu qələbəni haqq edirik. Bu, Tanrının
verdiyi qələbə deyildi, bu, bəndənin
qazandığı qələbə idi. Əgər paslanmayan
silaha - imana sahib çıxmasaq, qələbə qazansaq da, məğlub
olacağıq.
Biz bu 26 ildə o paslanmayan silaha - imana sahib
çıxa bildik. Və bu, 44 günlük müharibənin
kod silahı oldu.
Daha küçələrdə sağa-sola güllə
atan, vətəni qorumaq üçün əldə etdiyi
silahı vətəni talamaq üçün istifadə edən
başıpozuqlara meydan yox idi. Azərbaycan Ordusu imanlı ordu
idi və gücünü imandan alırdı.
Bu, qələbənin ilk səbəbi idi.
Başqa bir səbəb 1992-ci ildə mərdcəsinə
vuruşan, amma namərdlərin əli ilə uduzdurulan ordunun
öz qanı bahasına qələbə üçün
saldığı özül idi. Biz o vaxt
döyüşü uduzduq, müharibəni yox və bu
döyüşü əsgərlər yox, komandirlər
uduzdu.
Biz əsgər olaraq 20 faiz torpağı erməniyə
vermədik, biz 80 faiz torpağı qoruduq ki, 44 gündə
ordumuz bu təməl üzərindən möcüzə
yaratsın.
İmanla vətən sevgisinin yaratdığı
möcüzə ikinci səbəb idi qələbəmiz
üçün.
Amma bu iki səbəb də yetərli olmaya bilərdi.
Bir alman dahisinin bir cümləsi illər öncə
beynimə həkk olmuşdu. Müharibə elə bir asan
iş deyil ki, onu təkcə orduya etibar edəsən.
Qələbəmizin üçüncü səbəbi
məhz bu idi.
Biz bu savaşa millət olaraq girdik. Yolboyu gedən hərbi
maşınlara ərzaq, su yükləyən, öz təqaüdünü
müdafiə fonduna köçürən, hər
qarış torpağında Allahına dua edən millət bu
dəfə haqlı olduğu müharibədə qələbəni
haqq edirdi.
44 günlük müharibənin bir əsgəri
söhbətində deyirdi ki, biz yeməyin hazır
olmasını gözləmədən millətin bizə
göndərdiyi bulkanı, peçenyeni dişimizə çəkib
millətin hərbi maşınlara atdığı sulardan
içə-içə döyüşə girirdik. Bu qida
bizə əlavə güc verirdi. Bizim qidaya ehtiyacımız
yox idi, bizim dəstəyə ehtiyacımız var idi. Və
biz o dəstəyi hiss edirdik. Hiss edirdik ki, bu savaşda millət,
dövlət və ordu olaraq eyni hədəfə vururuq.
Və ən nəhayət:
Əzizim Ordubada,
Yol gedir Ordubada.
Sərkərdə igid olsa,
Gedərmi ordu bada?!
Bu üç səbəbi birləşdirib
Qarabağın azadlığına açar edən, milləti,
dövləti, ordunu Dəmir yumruğa çevirə bilən
Prezident İlham Əliyev idi. O, təkcə Ali Baş Komandan
kimi səngərdə olan orduya rəhbərlik etmirdi. O həm
də dünya mediası ilə mübarizə edirdi, dünya
erməni lobbisinin açıq və gizli hucumlarını bir
siyasətçi kimi dəf edir və
qarşısıalınmaz zərbələr endirirdi. Dəmir
yumruq təkcə səngərdə yox, həm də siyasi
masalarda öz gücünü göstərirdi.
İyirmi altı il boğularaq yaşadıq, amma
ümidimizi itirmədik.
İyirmi altı il bəzən dizimizi dik tuta bilmədik,
amma imanımızı itirmədik.
İyirmi altı nə qədər insanımız
Qarabağ həsrəti ilə öldü, amma bir saniyə də
olsun inamımız ölmədi.
Bizə bu günləri yaşadanları unutmaq olmaz!
Millət, dövlət, ordu birliyimizdir və bu birliyin
imanla vəhdətlənməsi daimi olsun!
Qələbən mübarək, Azərbaycan!
Vətən uğrunda canından keçən müqəddəs
şəhid ruhu qarşısında sayğıyla baş əyirəm!
Yetim QACAR
525-ci qəzet .-2024.- 3 oktyabr (№180).- S.9.