Samir Abbasov: "Azərbaycan mədəniyyətinin
Türkiyədə layiqincə təbliğinə
çalışırıq"
Müsahibimiz Azərbaycanın Türkiyədəki Səfirliyinin
nəzdində yeni yaradılmış Mədəniyyət Mərkəzinin
direktoru Samir Abbasovdur.
- Samir müəllim, ilk növbədə, bu Mərkəzin
yaradılmasının zəruriliyi və məqsədləri
barədə fikirlərinizi öyrənmək istərdik.
- Bilindiyi kimi, Prezident İlham Əliyevin 2023-cü il
6 oktyabr tarixli Sərəncamı ilə qardaş Türkiyə
Respublikasında Azərbaycan mədəniyyətini, dilini, ədəbiyyatını,
tarixini təbliğ etmək və mədəni əlaqələrimizi
daha da genişləndirmək məqsədilə Azərbaycan
Səfirliyinin nəzdində Mədəniyyət Mərkəzi
yaradılıb. Bu ilin aprel ayının 1-dən mən burada
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə
təyin olundum və həmin tarixdən Ankarada öz vəzifəmin icrasına
başladım. Dövlət başçımız tərəfindən
bu Mərkəzin yaradılmasına Sərəncam verilməsi
iki xalq, iki dövlət arasında qardaşlıq əlaqələrinin
və mədəni əməkdaşlığın genişlənməsi
istiqamətində yeni imkanlar açıb və bununla da Mədəniyyət Mərkəzimizin
qarşısına böyük vəzifələr qoyulub.
Əlbəttə ki, Mədəniyyət Mərkəzi
olaraq bizim əsas borcumuz qarşımıza qoyulmuş bu vəzifələri,
bu məsuliyyətli və şərəfli işi uğurla həyata
keçirmək, mədəniyyətin verdiyi bütün
imkanlardan istifadə edərək həm milli mədəniyyətimizi
geniş təbliğ etmək və qardaşlıq əlaqələrimizi
daha da möhkəmləndirməkdir.
- Azərbaycan-Türkiyə
münasibətləri xalqlarımızı və dövlətlərimizi
bir-birinə yaxınlaşdıran bir çox səbəbə
əsaslanır. Bu əlaqələrin daha da inkişafında
mədəniyyətin rolunun nə qədər önəmli
olduğunu düşünürsünüz? Mədəniyyətin
bu əlaqələrə təsiri və onun rolunu necə qiymətləndirirsiniz?
- Azərbaycan Türkiyə əlaqələrinin
böyük tarixi var. Ortaq dil, soy-kök, din birliyi, mədəniyyət,
adət və ənənələrin yaxınlığı
bu əlaqələri şərtləndirən amillər
sırasında əsas yer alır. Türkiyə və Azərbaycan
öz tarixlərinin ən mürəkkəb dövrlərində
bir-birinə dəstək olduqlarını nümayiş
etdirmişlər. Hələ 1918-ci ildə Nuru Paşanın
komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun
mübarizələr və müharibələr nəticəsində
Bakını xilas etməsi Azərbaycan üçün
önəmli dönüş nöqtəsi idi. Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyevin dediyi kimi:
"Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı
erməni daşnaklarının təcavüzündən xilas
etməsi hər bir azərbaycanlının qəlbində
yaşayır. Azərbaycan xalqı həmin ağır
dövrdə Türk xalqının ona göstərdiyi köməyi
heç vaxt unutmayacaqdır". Azərbaycan da öz növbəsində
Türkiyə tarixinin çətin dövründə -
Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə
aparılan milli mücadilə zamanı qardaş xalqa maddi və
mənəvi yardım göstərib. Çanaqqala
savaşında minlərlə azərbaycanlı qardaş
Türkiyənin azadlığı üçün şəhid
olub.
Sovetlər Birliyi dağıldıqdan sonra öz
müstəqilliyini bərpa edən Azərbaycanın müstəqilliyini
tanımış ilk dövlət Türkiyədir. 1992-ci ilin
yanvarından isə ölkələrimiz arasında diplomatik
münasibətlərin təməli qoyulub və həmin ilin
avqustunda Azərbaycanın Türkiyədə səfirliyi fəaliyyətə
başlayıb. Sonrakı illərdə - 1993-cü ildə Azərbaycanın
İstanbulda, 2004-cü ildə Qarsda baş konsulluqları təsis
edilib. Türkiyənin hazırda Azərbaycanın digər
böyük şəhərlərindən Gəncədə və
Naxçıvanda da baş konsulluqları fəaliyyətdədir.
- Hazırda bütün dünyaya nümunə olan Azərbaycan
və Türkiyə münasibətlərinin bu səviyyəyə
gəlib çatmasında ortaq tarixi köklər, iqtisadi əlaqələr,
dövlət maraqları və gələcəyə birgə
baxışla yanaşı, dövlət
başçılarımız - Azərbaycan Prezidenti İlham
Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan arasındakı şəxsi dostluq və
qardaşlıq münasibətləri mühüm rol
oynayıb.
Ermənistanın Azərbaycana qarşı
işğalçı siyasətinə qarşı 44
günlük Vətən müharibəsində Türkiyənin
mənəvi dəstəyi, dövlətimizin yanında
olması və 2023-cü ildə Türkiyədə baş vermiş
dağıdıcı zəlzələdə Azərbaycanın
Türkiyəyə dəstəyi bizim əsl qardaşlıq
münasibətlərimizin göstəricisi olub.
Bildiyimiz kimi, 15 iyun 2021-ci il tarixində Azərbaycan və
Türkiyə arasında müttəfiqlik münasibətlərinə
dair Şuşa Bəyannaməsi imzalandı. Azərbaycan və
Türkiyə prezidentləri arasında imzalanmış bu sənəd,
bütün sahələrdə olduğu kimi, mədəniyyət
sahəsində də münasibətləri və əməkdaşlığı
ehtiva edir.
Dünyada dostluq və dövlətlər arasında əlaqələri
möhkəmləndirmək üçün ən
mühüm faktorun məhz mədəniyyət olduğunu
yaxşı bilirik. Mədəniyyətin verdiyi imkanlardan
istifadə edərək dostluq deyil, qardaşlıq münasibətlərimizə
daim yeni-yeni töhfələr vermək, onu daha da möhkəmləndirmək
və gələcək nəsillərimizə
çatdırmaq bizim üçün çox önəmlidir.
- Azərbaycan və Türkiyənin tarix və mədəniyyət
baxımından bir-birinə son dərəcə yaxın
olduğunu, eyni zamanda Azərbaycan mədəniyyətinin
Türkiyədə hələ də kifayət qədər
tanınmadığını bilirik. Rəhbərlik etdiyiniz Mədəniyyət
Mərkəzinin Azərbaycan mədəniyyətini daha dərindən
və geniş şəkildə tanıtmaq üçün
hansı planları var?
- Azərbaycan Mədəniyyət Mərkəzi mədəniyyətin
bütün sahələrində Azərbaycan-Türkiyə əməkdaşlığını
genişləndirmək, mədəniyyət sahəsində
qurumlarımız arasında əlaqələrin
yaradılması, əməkdaşlıq müqavilələrinin
imzalanması, qarşılıqlı səfərlər, iki
ölkənin təşkilatları arasında təcrübə
mübadiləsinin həyata keçirilməsi və
qabaqcıl təcrübələrin öyrənilməsi
istiqamətində fəaliyyət göstərəcək.
Azərbaycanın zəngin mədəniyyətinin
qardaş ölkədə təbliği, tariximiz və mədəniyyətimizlə
bağlı obyektiv məlumatların yayılması,
qalıcı işlərin həyata keçirilməsi, mədəniyyətimizə
dair ortaq elmi tədqiqatların təşkilinə dəstək
və Türk kitabxana, muzey, arxiv və fondları ilə əməkdaşlıq
planlaşdırılır. Bu əməkdaşlıq çərçivəsində
Azərbaycan mədəniyyəti, tarixi, ədəbiyyatı və
klassik irsinin, bunlarla əlaqəli mənbələrin
Türkiyədə öyrənilməsinə, qardaş
ölkədə layiqincə tanıdılması və təbliğinə
çalışırıq.
Fəaliyyətimizin ilk günlərindən Türkiyənin
paytaxtı Ankara şəhəri ilə yanaşı,
regionlarda da Mədəniyyət üzrə qurumların rəhbərləri
ilə görüşlər keçirilir, əməkdaşlıq
əlaqələri qurulur və müzakirələr
aparılır. Eyni zamanda, yerli azərbaycanlı mədəniyyət
və incəsənət xadimləri, Azərbaycan dərnəkləri,
gənclərlə görüşlər keçirərək
onların təkliflərini nəzərə alırıq.
Gələcəkdə mədəniyyət müəssisələrində
və universitetlərdə Azərbaycanşünaslıq mərkəzləri
yaradılması, Azərbaycan mədəniyyəti və ədəbiyyatı
üzrə kurslar, mühazirələr və tədbirlər
təşkil edilməsi planlaşdırılır. Ortaq dəyərlərimizə
dair yerli alimlərin əsərləri və elmi tədqiqatlarına
dəstək veriləcək.
Yerli mətbuatla sıx əməkdaşlıq edərək,
internetdə Türkiyə türkcəsində Azərbaycan mədəniyyəti,
tarixi, ədəbiyyatı, və Azərbaycanın tarixi
dostluq münasibətləri barədə məlumatlar
paylaşılacaq. Eyni zamanda, Ermənistanın işğal və
soyqırım siyasəti, Azərbaycan mədəni və dini
irsinin dağıdılması barədə cəmiyyətin məlumatlandırılması
üzərində işlər aparılacaq. Hazırda Türkiyədəki
azərbaycanlı tələbələrdən ibarət Mərkəzimizin
yanında Vikipediya könüllüləri tərəfindən
Vikipediya Beynəlxalq Elektron Ensiklopediyasında Türkiyə
türkcəsində Azərbaycana dair bölmələrin
yaradılması işi həyata keçirilir.
Mədəniyyət Mərkəzi olaraq, qardaş
ölkənin müxtəlif bölgələrində Azərbaycan
mədəniyyət və ədəbiyyatı həftələrinin
keçirilməsi, musiqi, kino və milli mətbəx günlərinin
təşkil edilməsi planlaşdırılır. Beynəlxalq
sərgi, yarmarka və festivallarda Azərbaycanı layiqincə
təmsil etməyə çalışacağıq.
Ümummilli lider Heydər Əliyevin irsinin tədqiqi və
tanıdılması, tanınmış azərbaycanlıların
xatirələrinin əbədiləşdirilməsi və əsərlərinin
teatr səhnələrində tamaşaya qoyulması məqsədilə
çoxsaylı tədbirlər həyata keçiriləcək.
- Azərbaycan Mədəniyyət Mərkəzi
yalnız Ankarada deyil, Türkiyənin digər şəhərlərində
də fəaliyyət göstərəcəkmi? Əgər
belədirsə, hansı şəhərlər nəzərdə
tutulur?
- Əlbəttə, Mədəniyyət Mərkəzi
yaradılarkən onun Türkiyəni bütövlükdə əhatə
etməsi nəzərdə tutulub. Türkiyənin paytaxtı
ilə yanaşı, onun bölgələrində,
böyük şəhərlərində Azərbaycan mədəniyyətinə
dair tədbirlər, layihələr
reallaşdıracağıq. Artıq bu istiqamətdə biz
Antalya və Marmarisdə "Azərbaycan mədəniyyəti
və sənəti günü" tədbirlərini
keçirdik. Bundan başqa, Antalyada keçirilən Beynəlxalq
Yörük Türkmen Festivalında da ölkəmizi rəsmi
olaraq Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət
Mərkəzi təmsil etdi. Biz, Antalyadakı dərnəklərimizin
də dəstəyi ilə yüz minlərlə festival
iştirakçılarına milli mədəniyyətimizi geniş
təbliğ etdik.
İl ərzində İstanbul, Əskişəhər
və Bursa şəhərlərində də milli mədəniyyətimizə
dair tədbirlər planlaşdırırıq. Bu tədbirlərin
hər biri 2-3 gün müddətinə hazırlanır. Bu
çərçivədə, tanınmış incəsənət
ustalarımızın və rəqs kollektivlərimizin çıxışları
ilə möhtəşəm konsert proqramları, Mədəniyyət
Mərkəzimizin layihəsi ilə Türk dilinə tərcümə
olunmuş kitabların təqdimatı, rəsm əsərlərimizin,
rəssamlarımızın əsərlərinin,
xalçalarımızın və kəlağayılarımızın
sərgiləri, milli geyimlərimizin moda nümayişi təşkil
edilir. Yəni mədəniyyətimizin bütün sahələrini
əhatə edən bir tanıtım proqramı
düşünürük.
Bundan başqa, bu il noyabr ayında Türkiyənin
İstanbul şəhərində TÜYAP Sərgi və
Konqre Mərkəzində baş tutacaq beynəlxalq nüfuza
malik kitap fuarının əsas qonağı Azərbaycan
olacaq. Azərbaycan Mədəniyyət Mərkəzi kimi bu
böyük və əhəmiyyətli tədbirə də
hazırlaşırıq. Yüzlərlə nəşriyyat və
müəllifi bir araya gətirəcək, minlərlə
kitabın oxuculara təqdim olunacağı bu sərgidə Azərbaycan
Mədəniyyət Nazirliyinin dəstəyi ilə nəşriyyatlarımız,
müəlliflərimiz də iştirak edəcəklər.
Mərkəz olaraq bu mötəbər tədbirdə
layihələrimizlə klassik irsimizə dair türk dilinə
çevrilərək nəşr edilmiş nəşrlərimizin
təqdimatını planlaşdırırıq.
Türkiyədə Səfirliyimizin nəzdində Azərbaycan
Mədəniyyət Mərkəzinin yaradılması ilə əlaqədar
bu il 29 noyabr - 8 dekabr tarixlərində Türkiyənin Ankara
şəhərində keçiriləcək növbəti ənənəvi
20-ci Ankara Kitab Sərgi-Yarmarkasının da "Qonaq ölkə"
statusu Azərbaycana verilib.
ATO Congresium Sərgi Mərkəzində keçiriləcək
beynəlxalq kitab sərgi-yarmarkasında Türkiyənin hər
yerindən oxucular, yazıçılar, nəşriyyatlar, mədəniyyət
və sənətsevərləri bir araya gətirir və ümumilikdə sərgini 500 mindən
artıq insanın ziyarəti gözlənilir.
Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı
ilə sərgi-yarmarkası çərçivəsində hər
iki ölkənin alimlərinin iştirakı ilə Azərbaycanın
böyük şairi və türk dünyasının mütəfəkkiri
Nizami Gəncəviyə həsr olunmuş Beynəlxalq Konfrans
və Mərkəzimizin layihəsi ilə Nizami Gəncəvinin
Türk dilinə tərcümə edilmiş və Ankarada yeni
çapdan çıxmış əsərinin təqdimatı
planlaşdırılır.
- Türkiyədə Nizami Gəncəvi, İmadəddin
Nəsimi, Məhəmməd Füzuli, Üzeyir Hacıbəyov
və digər mədəniyyət xadimlərimizin zəngin
irsi, opera və balet, rəssamlıq sənətimiz və zəngin
klassik musiqimizin daha fəal təbliği üçün nə
kimi planlarınız var?
- Azərbaycan Mədəniyyət Mərkəzi,
Türk dünyasının və Şərq ədəbiyyatının
zirvəsi Nizami Gəncəvinin "Xəmsə"sinə
daxil olan bütün əsərlərin orijinaldan Türk dilinə
tərcüməsi və nəşri layihəsinə start
verib. Ərzurum Atatürk Universitetinin professoru Nimet Yıldırımla
imzalanan müqavilə çərçivəsində bu əsərlər
Türk dilinə çevriləcək.
Eyni zamanda, Nizami Gəncəvinin Azərbaycan və
Türk dünyası ədəbiyyatındakı yerini
tanıtmaq məqsədilə dünya alimlərinin
yazdıqları elmi əsərlərin Türk dilinə
çevrilməsi prioritet təşkil edir. Şərq ədəbiyyatının
tanınmış tədqiqatçısı Yevgeni Bertelsin
"Böyük Azərbaycan şairi Nizami"
monoqrafiyası artıq Türk dilinə tərcümə edilərək
nəşr olunub.
Mərkəz həmçinin, "Azərbaycan bəstəkarlarının
əsərləri" not əsərləri və "Azərbaycan xalq nağılları"
adlı kitabların türk dilinə çevrilərək nəşri
nəzərdə tutulur. Bu nəşrlərin Türkiyədə
təqdimatı və Beynəlxalq Kitab sərgilərində
nümayişi planlaşdırılır.
Azərbaycan Mədəniyyət Mərkəzi incəsənətin
ən qədim və zəngin qolu olan milli rəqslərimizin
də tanıdılması üçün sistemli iş
aparır. Kökü tarixin dərin qatlarına gedib
çıxan Azərbaycan rəqs sənəti
xalqımızın mənəvi sərvətidir və o,
qardaş ölkədə bir çox rəqs kollektivləri,
həvəskar qruplar tərəfindən ifa olunur. Amma biz, Mədəniyyət
Mərkəzi olaraq, ilk günlərdən milli rəqslərimizin
daha professional öyrədilməsi və tanıdılması
istiqamətində fəaliyyət göstəririk. Uzun
müddət Türkiyədə rəqs
ifaçılığı ilə seçilən
"Hazar" Azərbaycan Xalq Rəqsləri Ansamblı ilə
bu qrupun Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində
fəaliyyətinə dair razılıq əldə etmişik.
Daha sonra "Hazar" Azərbaycan Xalq Rəqsləri Ansambl
üzvlərinin ifalarının daha da təkmilləşdirilməsi,
düzgün səhnə çıxışları, milli rəqs
elementləri, yeni rəqslərin hazırlanması məqsədi
ilə Azərbaycandan da mütəxəssislər cəlb
etdik. Artıq sevinclə qeyd edə bilərik ki, bugün Səfirliyimizə
bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin
Azərbaycan Xalq Rəqsləri Ansamblı təcrübəli
bədii rəhbər, solist Gülçöhrə Sangunun rəhbərliyi
ilə milli rəqslərimizi Türkiyədə yüksək
səviyyədə və professional təqdim edir və
sevdirir.
M.MƏMMƏDLİ
525-ci qəzet .-2024.- 3 oktyabr (№180).- S.8;9.