"Bütövləşən
Vətənim"
ARİF ƏBDÜLOĞLUNUN
ŞEİRLƏRİNDƏ VƏTƏN MƏFHUMU
Bu yaxınlarda şair Arif Əbdüloğlunun
"Bütövləşən Azərbaycan" adlı yeni
kitabı işıq üzü görüb. Qed edək ki,
bundan əvvəl - 2019-cu ildə müəllifin "Vətəndir
- sevdiyim sevildiyim yer" adlı şeirlər və poemalar
kitab çapdan çıxıb. "Bütövləşən
Azərbaycan" kitabına müəllifin son illər qələmə
aldığı şeir və poemaları daxil edilib. Məcmuənin
əsas qayəsi Vətən müharibəsində
qazanılan Zəfər, bu Zəfərə imza atan,
işğal altında olan torpaqlarımızı, o cümlədən
Şuşanı düşmən tapdağından azad edən
igid oğullarımızın qəhrəmanlığının
tərənnümüdür. Müəllif, eyni zamanda,
doğma kəndi Maştağanın da tarixini səhifələyərək
insan talelərinə işıq salıb, öz ibrətamiz
fikirlərini və deyimlərini oxucularla
bölüşüb.
Arif Əbdüloğlu (İsmayılov) 1939-cu ildə
Bakının Maştağa qəsəbəsində ziyalı
ailəsində dünyaya göz açıb. 1958-ci ildə
C.Cabbarlı adına orta məktəbi bitirib Azərbaycan
Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika
şöbəsinə daxil olub, təhsil illərində həm
də universitet qəzetində müxbir kimi fəaliyyət
göstərib. Onun ilk şeir və məqalələri də
elə universitet qəzetində dərc olunub. Xalq şairi Bəxtiyar
Vahabzadənin 1960-cı ildə tərtib etdiyi "Aprel
çiçəkləri" almanaxında onun da iki şeiri
yer alıb.
Kitabın "Tale və nəsihət kitabı" sərlövhəli
ön sözünün müəllifi filologiya elmləri
doktoru, professor Telman Cəfərov qeyd edir ki, Arif
Əbdüloğlunun şeir və poemaları "Hər
qaranlıq gecənin işıqlı bir sabahı var" həqiqəti
və məntiqinin təcəssümüdür: "Bu kitabda
"Qeyrət qalası" adı altında təqdim olunan
poemanın süjet xətti 100 ildən bir az əvvəl
xalqımızm yaşadığı və sinə gərdiyi
qanlı tarixi hadisələrə həssas bir münasibəti
əxz etdirir. Silahlanmış, təşkilatlanmış, hərbi
təlim görmüş daşnak dəstələrinin, lənətəgəlmiş
komissar Şaumyanın başkəsənlərinin törətdiyi
fitnələrin qarşısını alan kənd
qoçuları Nəcəfqulu və Əziz, Kərbəlayi
Əliheydər, Qulamhüseyn Bəhlul oğlu, Maştağa
qarnizonunun döyüşçüləri, kəndin
mühafizəsinə dəstək verən türk sərkərdələri
Tofiq paşa ilə Mürsəl paşa, burada adları
çəkilən digər qəhrəmanların real şəxslər
olması oxucuda şübhə doğurmur. Nə yaxşı
ki, Arif Əbdüloğlu kimi bu tarixi hafizələrdə
yaşadan və canlandıran yaradıcı insanlar var".
Kitabın "Türk əsrinin 44 günü",
"İki yüzilliyin dəhşətləri" adlı
bölümlərində yer alan bədii nümunələrdən
də görünür ki, şairi təkcə son dövrlərdə
yaşanılan hadisələr deyil, xalqımızın
keçdiyi bütün keşməkeşli dövrlər
narahat edir. O öz narahatlıqlarını və
üsyanını şeirlərində ustalıqla ifadə
etməyi bacarıb.
"Şuşa Zirvəsi" poeması İkinci
Qarabağ müharibəsində, Şuşa uğrunda gedən
döyüşlərdə hərbçilərimizin göstərdiyi
şücaət haqqında dolğun təsəvvür
yaradır:
Əlində silahı, önündə bayraq
Döyüş dostlarıyla addımlayaraq
Gedir dilində də Vətən mahnısı
Hücuma bir marşdır ritmi, sədası.
Döyüş ara verir, vaxt bir an durur
Toplar, pulemyotlar sanki yorulur
Budur, Xudayarın gəlir xoş səsi
Bayaqkı mahnıdır, bir qədər həzin...
"Xudayar təsnifi" şeiri ilə şair şəhid
Xudayar Yusifzadənin timsalında əsgərlərimizin, şəhidlərimizin
ümidlə, inamla, vətənə sonsuz sədaqətlə
döyüşdüyünü qeyd edir.
Kitabın "Qeyrət qalası"
bölümündə 1918-ci il soyqırımında şəhidlik
zirvəsinə ucalan maştağalı soydaşlarını
xatırlayan müəllif onların hər birinin adını
çəkərək yad edir: "Əksəriyyəti
mühasirədə düşmənlə üz-üzə,
çox vaxt əlbəyaxa döyüşlərdə onlarca
erməni öldürərək həlak olmuşdur. Beş ay
mühasirədə qalsalar da, qəhrəmancasına
vuruşmuş, Maştağanı qeyrət qalasına
çevirərək, bir erməninin belə kəndə girməsinə
imkan verməmişlər".
"Bitməyəm sınaq" bölməsində
toplanan şeirlərdə müəllif qardaş Türkiyənin
son illərdə yaşadığı çətin günlərdən,
zəlzələdən, yanğınlardan, bir sözlə, təbii
fəlakətlərdən söz açır. Arif
Əbdüloğlu bu qədər çətinliklərə
baxmayaraq, tək missiyamızın insanları, canlıları
xilas etmək olduğunu qeyd edir. Şair həmçinin
vurğulayır ki, bəşər övladının
yaranışdan bir amalı var: Sonsuz kainatı fəth etmək.
Su tök dəprəm ocağına,
Yurdun geniş qucağına.
Lap dəprəmin acığına
Şəhərlər qur! Qur Türkiyə!
Kitabdakı "Biz vətəni - vətən bizi
yaşadır" bölməsində yer alan şeirlər mövzu müxtəlifliyi,
rəngarəngliyi ilə fərqlənir. Bu bölmənin ilk
səhifəsində Şah İsmayıl Xətainin
"Müdrik əcdadımızdan miras qalmış
üç şeyi sizə vəsiyyət edirəm: ana
dilimizi, vicdanımızı, vətənimizi" kəlamını
sitat gətirən şairin şeirlərini oxuduqca onun mənəvi
dəyərlərə ehtiramı hər bir vətəndaşa
örnək nümunədir:
Araz üstə körpülər
Azad Azərbaycanın
Yurdumuz Naxçıvanın,
Turanın və İranın Rifahına
körpüdür.
Xoşbəxt gələcəyinə -
Sabahına körpüdür!
Bu, həm də Türkiyəyə
Avropaya çıxışdır,
Millətlərə barışdır.
Bu misralardan da göründüyü kimi, şair
tarixdə nə yaşanır yaşansın, xoşbəxt gələcəyə
ümidlidir. Xalqların, millətlərin barış
halında yaşamasını arzulayan A.Əbdüloğlu
"Turan" deməklə bütün türklərin bir
bayraq altında birləşəcəyinə səmimi qəlbdən
inanır.
Arif Əbdüloğlu "Bütövləşən
Vətənim" kitabının son - "Atalar sözləri
- kəlamlar" bölümündə folklor nümunələrinə
diqqət çəkir. Şairin sözə verdiyi dəyər
kitabın sonuncu bölməsinin ilk səhifələrindən
hiss olunur: "Atalar sözü - söz yaraşığı,
söz sözün dayağıdır".
Ləman İLKİN
525-ci qəzet .-2024.- 4 oktyabr (№181).- S.15.