"Söz adamı: Hidayət
Elvüsal"
Bu yaxınlarda Azərbaycan mətbuat tarixində
özünəməxsus üslubu ilə seçilən,
tanınmış yazıçı-jurnalist Hidayət
Elvüsalın 75 illik yubileyinə həsr olunan "Söz
adamı: Hidayət Elvüsal" adlı kitab çapdan
çıxıb. Hidayət Elvüsal kitabın çapdan
çıxmasına bir neçə gün qalmış
dünyasını dəyişdiyindən yubileyi münasibətilə
hazırlanan bu kitabı görmək ona nəsib olmayıb.
Kitabda müasir Azərbaycan mətbuat tarixində
özünəməxsus yer tutan Hidayət Elvüsalın mətbuat
orqanlarında çap olunmuş yazıları ilə
yanaşı, tələbəlik dostlarının və həmkarlarının
onun haqqında söylədikləri ürək sözləri
də yer alıb.
Qeyd edək ki, H.Elvüsal sentyabrın 8-də 75
yaşında dünyasını dəyişib. O, 1949-cu il
iyunun 25-də Kəlbəcərdə doğulub. Bir sıra mətbu
orqanlarda fəaliyyət göstərib. Kəlbəcərdə
çıxan "Yenilik" rayon qəzetində, yerli radio
verilişləri redaksiyasında çalışmaqla bərabər,
Azərbaycan Dövlət Radiosu ilə əməkdaşlıq
edib. Daha sonra "Azərbaycan gəncləri",
"Kommunist" (indiki "Xalq qəzeti") qəzetlərində
işləyib. "Səhər" qəzetinin
yaradıcılarından biri, baş redaktorun müavini,
"Belə-belə işlər", "Kriminal" qəzetlərinin
baş redaktoru olub. Dövri mətbuatda oçerk, müsahibə,
reportaj, hekayə və povestləri dərc olunub.
Azərbaycan Mətbuat Şurasının sədri,
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid kitabda
yer alan ürək sözlərində qeyd edib ki, Hidayət
Elvüsal yaddaşlarda istedadlı bir jurnalist olaraq qalacaq:
"Vaxtı ilə "Səhər" qəzetində
maraqlı yazıları çıxırdı. Yumor, sarkazm
dolu yazılar yazırdı. Hidayət Elvüsal Azərbaycanın
klassik jurnalistləri içərisində ən
tanınmışlardan biri hesab olunur".
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun əməkdaşı, AYB-nin üzvü Maral
Poladova kitabda yer alan "Jurnalist adını şərəfləndirən
Hidayət Elvüsal" adlı yazısında bildirib ki,
doğulduğu Kəlbəcərin saf havasından və
suyundan ruhlanan Hidayətin bir vaxtlar, hələ universitetə
qəbul olunmamışdan əvvəl yazdığı ilk qələm
təcrübəsi olan şeir və hekayələri də elə
Kəlbəcər rayonunun "Yenilik" qəzetində
işıq üzü görüb. Sonralar onun jurnalistlik fəaliyyətinin
coğrafiyası böyüyərək, ölkənin
sayılıb-seçilən mətbuat orqanlarına doğru
istiqamət alıb.
Azərbaycan Respublikası Kinematoqrafçılar
İttifaqının redaktoru, tanınmış jurnalist Akif
Cabbarlı qeyd edib ki, Hidayət Elvüsal istər sovet
dövründə, istərsə də müstəqillik illərində
yazdığı hekayələrdə, həyat ettüdlərində
baş mövzu kimi əslində öz həyatını,
yaşantılarını, rast gəldiyi hadisələri
götürürdü və asanlıqla öz bədii məqsədinə
çatırdı: "Onun hekayələrində rast gəldiyimiz
qəhrəman və personajlar Mirzə Cəlilin və
Ə.Haqverdiyevin, Mopassan və Çexovun, eləcə də
Əziz Nesinin əsərlərindəki obrazları
xatırladır bizə. Düşüncə və
danışıq tərzinə, həyat mövqeyinə və
istənilən vəziyyətdə özünü aparmaq və
bu vəziyyətdən çıxmaq qabiliyyətinə
görə. O, obrazları ilə davranmağı, onlarla
dostluq etməyi, lazım gələrsə
küsüb-barışmağı da asanlıqla bacarır.
Yaratdığı obrazlar da Hidayəti sən deyən
incitmir, asanlıqla dil tapır, tezliklə ortaq məxrəcə
gəlirlər. Hidayətin yaradıcılıq
metodologiyası yorucu deyil, novatorluq mahiyyətində, tam
orijinaldır. Məhz buna görə də hələ "Səhər"
qəzetində işləyərkən "Belə-belə işlər"
rubrikası ilə araya-ərsəyə gətirdiyi yazılar
əl-əl gəzir, dillərdə dolaşırdı".
Jurnalist Etibar Cəbrayıloğlu vurğulayıb ki,
Hidayət Elvüsalı öz ustadlarından biri hesab edir:
"Doğrudan da Azərbaycanda uğurlu imzalardan biri də
onunla bağlıdır. Çox sevinirəm ki, onunla birgə
"Ədalət" qəzetində işləmək mənə
də nəsib olub".
Kitabda "Səhər" qəzetinin baş redaktoru
olmuş mərhum jurnalist Məzahir Süleymanzadənin uzun
illər bir yerdə çalışdığı qələm
dostu Hidayət Elvüsal haqqında bir vaxtlar sözlədiyi
fikirlərə də yer ayrılıb. Onun dediyinə görə,
Hidayət Elvüsala ən böyük qiyməti vaxtilə
Xalq şairi Bəxtiyar Vahabzadə verib: "Bəxtiyar
Vahabzadə hər gün bizim redaksiyaya zəng edib Hidayət
Elvüsalın "Belə-belə işlər"
rubrikasında çıxan yazıları ilə bağlı
fikir bildirir, yazılarından yaxşı mənada heyrətə
gəldiyini vurğulayırdı. Bəxtiyar müəllim
Hidayət Elvüsalı müasir dövrün Cəlil Məmmədquluzadəsi
adlandırıb. Bu özü jurnalistə verilən ən
böyük qiymətdir. Hidayət təkcə gözəl qələm
sahibi yox, eyni zamanda gözəl bəstəkar olub. Oynaq, qəlbi
oxşayan mahnıları xüsusilə sevilir. Baxmayaraq ki,
sözü birbaşa sərt deyən insan idi, lakin bir adam
tapılmaz ki, ondan incisin".
Jurnalist Məhəmməd Nərimanoğlunun kitabda
yer alan "Söz adamı: Hidayət Elvüsal"
başlıqlı yazısında isə bildirilir ki, Hidayət
Elvüsal Azərbaycan mətbuatında öz dəst-xətti
olan jurnalistlərdən biri olub: "Hidayət
Elvüsalın məqalələrini oxuyanda onun ədəbi
düşüncələrinə, dilinin rəvanlığına
heyran olmuş və yaxşı mənada qibtə etmişəm".
Tanınmış jurnalist Hikmət Sabiroğlu deyir
ki, elə ilk gördüyündə Hidayət Elvüsal ona əsl
dağ adamı, saf, mehriban insan təsiri
bağışlayıb: "Biz 1986-cı ildə Bakı
Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul
olunanda Hidayət Elvüsal dövrün ən məşhur qəzetinin
- "Azərbaycan gəncləri"nin tanınan əməkdaşlarından
idi. Bir çox yazar kimi, ona da əlçatmaz insan kimi
baxırdıq. Tələbə kimi redaksiyalara ayaq açanda
ruhumuza yaxın "Azərbaycan gəncləri"nə
üstünlük verirdik. Hidayət Elvüsalla belə ziyarətlərin
birində tanış oldum. Hər zaman bizi gülərüz
qarşıladı, yazılarımız hər zaman
işıq üzü görməsə də, xoş sözlərlə
bizi ruhlandırdı. Onun yazılarının ayrı bir
dad-tamı vardı. Sonralar "Səhər" qəzetində
"Belə-belə işlər" rubrikası
altındakı yazıları istedadının bir başqa
qatını da üzə çıxardı".
SEVİNC
525-ci qəzet .-2024.- 4 oktyabr (№181).- S.15.