"Musiqi
dünyası"nın əlamətdar sayı və yubiley
yaşı
Hər il olduğu kimi, yenə də sentyabrın 18-i
dahi bəstəkar, musiqişünas, musiqi dramaturqu, publisist
Üzeyir Hacıbəylinin və görkəmli bəstəkar,
dirijor Müslüm Maqomayevin anadan olduğu gün - Milli Musiqi
Günü kimi təmtəraqlı şəkildə qeyd
olundu. Azərbaycan musiqi mədəniyyəti üçün
bu il daha bir yubiley ilə əlamətdar və sevindiricidir. Belə
ki, elmi-pedaqoji, tənqidi-publisistik, mədəni-maarif
jurnalı olan "Musiqi dünyası"nın 100-cü
yubiley nömrəsi bu il işıq üzü gördü.
Diqqəti cəlb edən məqamlardan biri də odur ki,
jurnalın ilk sayı da 25 il öncə (1999-cu il) məhz
sentyabrın 18-də geniş ictimaiyyətə təqdim
edilmişdi. İlk gündən başlayaraq, bu günə
kimi jurnalın elektron versiyası olduğu üçün
biz "Musiqi dünyası"nı təkcə jurnal
yox,"Azərbaycanın ilk elektron musiqi jurnalı" da
adlandıra bilərik.
"Musiqi dünyası" 1999-cu ildən
başlayaraq ildə dörd buraxılışı ilə
musiqi mədəniyyətinə böyük töhfələr
verir. Bəli, sözün əsl mənasında töhfələr...
Töhfə dedikdə biz musiqinin müxtəlif aspektlərinə
həsr olunmuş maraqlı, böyük faydaya malik elmi və
publisistik məqalələrin jurnalda dərc olunmasını
nəzərdə tuturuq. Musiqişünaslığın
aktual problemləri, etno musiqişünaslıq, musiqi təhsili
və maarifçiliyi, Azərbaycan Bəstəkarlar
İttifaqı, ustadlarımızın xatirəsi, portretlər,
musiqi nəzəriyyəsi,
teatrşünaslıq, yeni nəşrlər, yubileylər,
konsertlər, festivallar, kulturologiya məsələləri
adlı rubrikalarda musiqimizin yeni istiqamətləri, bəstəkarlar
və onların yeni əsərləri,
musiqişünasların yeni əsərləri, eləcə də
musiqi həyatımızda baş verən hadisələr ilə
tanış olmaq mümkündür. Burada təkcə Azərbaycan
alimlərinin deyil, həmçinin xarici alim və tədqiqatçıların
"müəyyən mənada nəşr
meydanıdır" (T.Məmmədov). Belə ki, jurnalda
Rusiyanın, Almaniyanın, Finlandiyanın, Özbəkistanın,
Qazaxstanın, Çinin, Türkiyənin və s. alimlərin
məqalələri ilə tanış oluruq.
"Musiqi dünyası"nın əsas qayəsi
yenilikləri işıqlandırmaqla yanaşı,
dövrünün aktual problemlərinin üzə
çıxarılmasıdır. Əlbəttə, bu nəşrin
yaranması ilə bağlı biz bir neçə musiqi xadimimizin
adlarını çəkməliyik. Məlumdur ki, "Musiqi
dünyası" jurnalı Azərbaycan Bəstəkarlar
İttifaqı və Üzeyir Hacıbəyli adına Bakı
Musiqi Akademiyası tərəfindən təsis olunub. Hər
iki qurumun rəhbərləri - Azərbaycan Bəstəkarlar
İttifaqının sədri, Xalq artisti, professor Firəngiz
Əlizadə və Üzeyir Hacıbəyli adına Bakı
Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli
daim bu işdə böyük köməklərini əsirgəmirlər.
Jurnalın baş redaktoru, bu işi yorulmadan, usanmadan
25 il ərzində bütün çətinliklərə sinə
gərərək, irəliyə doğru addımlayaraq aparan,
onun inkişafı naminə böyük səylər göstərən
Əməkdar incəsənət xadimi, sənətşünaslıq
üzrə elmlər doktoru, professor Tariyel Məmmədovdur.
Tariyel müəllim jurnalın 10 illik yubiley nömrəsinin
"Redaktordan" adlı bölməsində yazıb:
"Musiqi dünyası" jurnalı və elektron nəşrlər
mərkəzi musiqi mədəniyyətinin təbliği ilə
bağlı bir sıra layihələrin, Heydər Əliyev
Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları
Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü
və rəhbərliyi ilə həyata keçirilən, musiqi
sənəti ilə, muğamlarla bağlı böyük
layihələrin iştirakçısıdır. Bizə
göstərilən etimada görə minnətdarlıq etməyi
özümə borc bilirəm" (2009, 3-4 (41).
"Musiqi dünyası" jurnalının ilk
buraxılışından başlayaraq hər bir nömrəsinə
CD-lər əlavə edilir. Bu günə kimi nəşr
olunan 100 CD-də klassik musiqi ilə yanaşı, şifahi ənənəli
musiqi nümunələri öz əksini tapıb.
Jurnalın bu qədər geniş vüsət
alması onu informasiya sistemlərinə, daha dəqiq desək,
beynəlxalq xülasələndirmə və indeksləmə
sistemlərinə daxil olmasına səbəb olub. O, Azərbaycan
Respublikası Prezidenti yanında Ali Attestasiya
Komissiyasının elmi dərəcələr və elmi adlar
verilməsinə dair tərtib olunan siyahıda
yarandığı gündən indiyədək öz yerini
tutub. Beynəlxalq xülasələndirmədən söhbət
açdıqda isə, o, İndex Copernicus, SCİENCE İNDEX
informasiya analitik sisteminə daxil edilib. Jurnal həmçinin
LİBRARY.RU və RİNÜ-da (Rusiya elmi sitatgətirmə
indeksi) platformalarında da indekslənir.
"Musiqi dünyası" dövrün mürəkkəb
və keşməkeşli şəraitinə baxmayaraq, musiqi mədəniyyətimizdə
böyük bir loqoya çevrildi. Belə ki, burada "Bizim saytlar", "Bizim nəşrlər"
"Audio kolleksiya" ilə də tanış oluruq. Bunlara
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Musiqi
lektoriyası, Məktəblinin elektron kitabxanası, Azərbaycan
ənənəvi musiqisi, Azərbaycan teatr xadimləri
İttifaqı, Saz məktəbi, Azərbaycan ənənəvi
musiqi atlası, "Kitabi-Dədə Qorqud"
ensiklopediyası, Əfrasiyab Bədəlbəyli
"İzahlı monoqrafik musiqi lüğəti",
Üzeyir Hacıbəyli portalı, Azərbaycan tarixinin
canlı səsləri, Xan Şuşinski virtual muzeyi, Muğam
ensiklopediyası, "Azərbaycan musiqi teatrı" virtual
muzeyi, Azərbaycanın foto sənədlər irsi,
"Harmony" beynəlxalq musiqi kulturoloji jurnalı,
Ü.Hacıbəyli "Azərbaycan xalq musiqisinin əsasları"
və sair saytlar bariz nümunədir. "Bizim nəşrlər"
bölümündə "Azərbaycan klassik aşıq
havaları", "Koroğlu aşıq havaları",
"Karaoke. Azərbaycan xalq mahnıları və klassik
romansları", "Azərbaycan bəstəkarlarının
50 mahnısı", "Azərbaycanda yaşayan xalqların
50 mahnısı" və sair disklər, Audio kolleksiyada isə
tarixin canlı səsləri öz əksini tapıb.
Doğrudan da, Tariyel müəllimin dediyi kimi: "O
("Musiqi dünyası" jurnalı nəzərdə
tutulur - L.Z.), sadəcə jurnal deyil, çoxjanrlı və
müxtəlif istiqamətli 46 WEB saytı birləşdirən
"Musiqi dünyası" Nəşriyyat Mərkəzidir.
Hazırda "Musiqi dünyası"nın mütəxəssisləri
"Pate", "Qrammofon", "Qrammofon-Rekord",
"Ekstrafon", "Noginsk zavodu", "Yaddaş fabriki
1905", "Muztrust" və "Sport - Rekord" şirkətlərinin
istehsal etdiyi dörd yüzə yaxın qədim qrammofon
valını bərpa ediblər. Bu gün "Musiqi
dünyası"nın arxivində əslində muğam səslənməsinin
səs irsinin 250 saatı - vurğulayıram: 25 yox, 250
saatı (!) saxlanılır". Bu, nəinki musiqiçi, eləcə
də hər bir vətəndaş üçün çox əlverişli
və asan yol ilə əldə olunan mənbədir.
O da maraqlıdır ki, "Musiqi dünyası"
jurnalının 100-cü sayında 1999-2024-cü illər ərzində
statik məlumatlardan ibarət II hissədən ibarət
biblioqrafik göstərici təqdim edilmişdir. I hissənin
(1999-2018-ci illər) tərtibçiləri Fəxriyyə Səfərəliyeva
və Lalə Hacıyeva, II hissənin (2019-2024-cü illər)
tərtibçiləri Leyla Babayeva və Aynur İsgəndərova.
Bu göstəricilərdən məlum olur ki, 25 il ərzində
jurnalın 100 nömrəsində 270 müəllifin
ümumilikdə 3455 məqaləsi dərc edilib, 400085 nəfər
isə bu jurnalı elektron ünvanda izləyib.
"Musiqi dünyası"nın 25 illiyinə həsr
olunmuş tədbirlər sırasında bu ilin 15-16 oktyabr
tarixində Rusiya Dövlət Sənətşünaslıq
İnstitutu, P.İ.Çaykovski adına Moskva Dövlət
Konservatoriyası və Ü.Hacıbəyli adına Bakı
Musiqi Akademiyasının "İnformasiya, kommunikasiya,
yaradıcılıq" adlı birgə konfransının
keçirilməsi planlaşdırılır. Həmin tədbirdə
həm "Musiqi dünyası"nın 100 saylı
buraxılışının təqdimatı, həm bir
çox tanınmış alimlərin
çıxışları nəzərdə tutulur, həm də
Rusiya Sənətşünaslıq İnstitutunda bu yubiley ilə
əlaqəli dəyirmi masa təşkil olunacaq.
Sonda Ü.Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəylinin
jurnalın yubiley buraxılışındakı bir fikrini nəzərə
çatdırmaq istərdim: "Jurnalın bugünkü səviyyəsi
müxtəlif problemlərin və geniş coğrafiyanın əhatə
olunmasına görə qürur hissi doğurur. Bizim
jurnalımız və onun yüzüncü nömrəsi
bunun sübutudur, belə ki, o, 25 il ərzində
ölçüyəgəlməz dərəcədə
böyüyüb, çoxdilli auditoriyanın geniş əhatə
olunması, müxtəlif ölkələrdən hər zaman
vətənlərində özlərini reallaşdıra bilməyən
müəlliflərin cəlb edilməsi sayəsində yerli-məhəlli
səviyyəni çoxdan aşıb. Bu müəlliflər
"Musiqi dünyası" vasitəsilə beynəlxalq elmi
ictimaiyyətə çıxış yolu tapırlar. Eyni
zamanda, jurnalımız hər cəhətdən bu
formatdakı çap nəşrləri üçün
standartlara cavab verir. Jurnal müxtəlif səviyyələrdə
bir çox beynəlxalq və yerli müsabiqələrin
laureatıdır. Mən fəxr edirəm ki, "Musiqi
dünyası" beynəlxalq media məkanında öz
yerini tutmuşdur. Azərbaycanı layiqincə təmsil edir və
müxtəlif ölkələrin musiqiçilərinin rəhbərlik
etdiyi orijinal mədəniyyət layihəsidir. Bu onun innovativ
konsepsiyası - elektron və çap versiyalarında 3 dildə
nəşr olunması sayəsində baş verdi".
Biz də bu fikirlərə qoşularaq həm
"Musiqi dünyası"na, həm də onun yaradıcısı, sənətşünaslıq
üzrə elmlər doktoru, professor Tariyel Məmmədova yeni
yubileylər diləyir, musiqi mədəniyyətində həmişə
öndə gedərək, ən əsası, daim ilklərə
imza ataraq, yeni-yeni yazıları ilə musiqi ictimaiyyətini
sevindirməyi arzulayırıq.
Leyla ZÖHRABOVA
Sənətşünaslıq üzrə elmlər
doktoru, dosent
525-ci qəzet .-2024.- 4 oktyabr (№181).- S.14.