Məktəbəqədər təhsilin əhəmiyyəti və faydalılığı artır

BU İL ÖLKƏ ÜZRƏ MƏKTƏBƏHAZIRLIQ QRUPLARINA 91 MİNƏ YAXIN UŞAQ QƏBUL OLUNUB

 

Xəbər verdiyimiz kimi, oktyabrın 1-dən etibarən 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında dərslər başlayıb.

Elmə və Təhsil Nazirliyinin məlumatına görə, bu il məktəbəhazırlıq qruplarına 91 minə yaxın uşaq qəbul olunub. Üzrlü səbəbdən məktəbəhazırlıq qruplarına qeydiyyatı gecikən uşaqlar üçün 18 sentyabr 2024-cü il saat 11:00-dan 27 sentyabr 2024-cü il saat 18:00-a qədər boş qalan yerlərə məktəb və müəllim seçimi aparılıb.

Uşağın şəxsiyyət kimi formalaşmasında ciddi əhəmiyyətə malik olan məktəbəqədər təhsil məktəbə qədəm qoyacaq balacaların əvvəlcədən hazırlanması üçün vacibdir. Bütün valideynlər uşaqlarını məktəbə hazırlamağa çalışır ki, balacalar məktəbdə müvəffəqiyyətlə oxusunlar. 2016-cı ildən başlayaraq ölkədə dövlət ümumtəhsil məktəblərində ödənişsiz əsaslarla məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb. Təcrübə göstərir ki, məktəbə hazırlıq mərhələsindən keçmiş uşaq şagird olduğu zaman məktəbə, kollektivə daha tez alışır, ətraf mühiti dərk etməkdə, diqqət və yaddaşın formalaşması ilə əldə etdiyi bacarıq və vərdişlərini dərs prosesində istifadə edir, bu da ona dərsi mənimsəməsində böyük köməklik göstərir.

Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamamlanmış uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir. Müvafiq qanunvericiliyə uyğun olaraq, Elm və Təhsil Nazirliyinin icazəsi ilə bir sıra təhsil müəssisələrində məktəbəhazırlıq qruplarında təhsil ödənişli həyata keçirilə bilər.

Bu qruplarda gün ərzində 3, həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Məktəbəhazırlıq qruplarında "Ətraf aləmlə tanışlıq", "Savad təliminə hazırlıq və nitq inkişafı", "Bədii təfəkkürün inkişafı", "Məntiqi və riyazi təfəkkürün inkişafı", "Təsviri fəaliyyət", "Musiqi", "Fiziki mədəniyyət" məşğələləri keçirilir.

Məktəbəhazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir. Məktəbə hazırlığın vəzifələri uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır. Uşaqların məktəb təliminə hazırlığının effektivliyini artırmaq məqsədi ilə təlim məşğələlərində didaktik (öyrədici) oyunların tətbiq edilməsi faydalıdır. Müəllim uşağın oyuna olan marağından istifadə edərək didaktik oyunu təlim məqsədinə yönəltməlidir. Məktəbəhazırlıq qruplarında işin təşkili metodikasının əsasını təşkil edən oyunlar təlimi uşaqlar üçün əlverişli və cəlbedici formada həyata keçirməyə imkan verir, bu zaman təlim vəzifəsi həm də uşağın oyun vəzifəsi olur. Məktəb təliminə hazırlıq uşağın fiziki, intellektual, emosional-iradi, şəxsi və sosial inkişafından asılıdır. Qeyd olunanlar məktəbə hazırlığın müxtəlif növləri deyil, onun fəaliyyət formalarının fərqli təzahürləridir. Məktəbə getməyə hazırlaşan uşağın anatomik-fizioloji inkişafına diqqət yetirilməlidir. Fiziki inkişafın ləngiməsi uşağın əqli fəaliyyətinə mənfi təsir göstərir. Fiziki cəhətdən zəif olan uşaq təlim prosesində tez yorulur, onun təlimə həvəsi azalır. Adətən, belə uşaqların əhali-ruhiyyəsi aşağı olur, onlar hərəkətli oyunlara laqeydlik göstərirlər. Beşyaşlılarda skeletin sümükləşməsi, böyüməsi, daxili üzvlərin və sistemlərin, bütövlükdə orqanizmin inkişafı hələ davam edir. Odur ki, məktəbəhazırlıq qruplarında fiziki hərəkətlərə, fəal oyunlara xüsusi diqqət yetirilməlidir.

Məktəbəhazırlıq yaşı dövründə uşaqlarda barmaqlarda buğumlar hələ sümükləşməmiş olduğundan onlar üçün xırda və dəqiqlik tələb edən fəaliyyətlərin icrası çətin olur. Həmçinin yazı yazmaq onlar üçün olduqca çətin, hətta qələmi əldə tutaraq nəsə yazmaq ağrıverici ola bilər. Halbuki diqqət və dəqiqlik tələb etməyən, hətta müəyyən güc tələb edən işləri uşaqlar daha asan yerinə yetirirlər. Bu səbəbdən məktəbəhazırlıq dövründə, eyni zamanda I sinifdə şagirdlər hətta partanın sinifdə yerini dəyişə bilərlər, lakin hərf və rəqəm yazılışı onlar üçün olduqca çətindir. Uşaqlar bu çətin prosesə hazırlıqsız məcbur edilərsə, onlarda yazı ilə bağlı stress və narahatlıq assosiasiyası yaranar, yazmağa və ümumilikdə təlim prosesinə mənfi münasibət formalaşar. Qeyd olunan problemin qarşısını almaq üçün məktəbəhazırlıq dövründə uşaqların xırda motorikasının inkişafı məqsədilə müəyyən məşqlər edilməli və hazırlıq prosesi keçməmiş uşaqlara hərf, rəqəm və sair yazdırmağa yol verilməməlidir. Məktəbəqədər yaşlı uşaqların hafizəsinin inkişafının ən mühüm yollarından biri yardımçı, xüsusilə simvolik vasitələrin köməyi ilə yadda saxlamadır. Bu zaman uşaq öz hafizəsini idarə edərək, bir əşyadan, məsələn, şəkildən, digər əşyanın əvəzedicisi kimi istifadə etməyi bacarır. Bu xüsusiyyət hafizəni təfəkkür ilə əlaqələndirir və təfəkkürün simvolik funksiyasını inkişaf etdirir. Məktəbəqədər dövr ərzində təfəkkür iki istiqamətdə inkişaf edir: əyani-əməli və əyani-obrazlı. Əyani-əməli təfəkkür məktəbəhazırlıq dönəmində üstünlük təşkil edir. Uşaqlar əyani formada fikirlərini ifadə edirlər, kiçik məktəbli yaş dövründə əyani-əməli növdən əyani-obrazlı təfəkkürə keçid baş verir. Yəni uşaq artıq fikirlərini sözlərlə ifadə etməyi öyrənir. Məktəbəhazırlıq dövründə bu prosesə keçidin daha rahat olması üçün müəyyən işlər görülməlidir.

Təhsil eksperti Nadir İsrafilov bildirib ki, məktəbəhazırlıq qrupların yaradılmasında məqsəd uşaqların məktəbə uyğunlaşmasında problemlərin aradan qaldırılmasıdır: "Hər bir övlad valideyn üçün əzizdir. Valideynlərin əksəriyyəti övladlarını bağçaya getməyə qoymadıqları, ev şəraitində, dayə və nənə-baba himayəsində saxladıqları üçün belə uşaqların məktəbdə kollektivə uyğunlaşmasında müəyyən problemlərə səbəb olur. Bağça mühitində olmayan uşaqlarda bu problemlər daha çox özünü büruzə verir. Belə uşaqlar çox zaman valideyndən ayrıla bilmədiyi üçün məktəbdə daha çox ağlayır və sıxıntılar yaşayır. Məhz belə uşaqların məktəbə uyğunlaşması üçün belə bir təlimat verildi ki, ölkədə məktəbəhazırlıq qrupları yaradılsın və həmin uşaqlar şagird adını almamışdan öncə məktəb mühitinə öyrəşsinlər".

Ekspertin dediyinə görə, məktəbə hazırlıq qruplarının müsbət tərəfləri uşaqların məktəbə tam hazırlıq vəziyyətə gətirilməsi, kollektiv mühitdə davranışa, ünsiyyətə malik olmasıdır: "Belə ki, həm bağça təhsili görən, həm də evdə dayə, nənə-baba və ya valideyn himayəsində olan uşaqlar məktəbəqədər hazırlıq qruplarına cəlb olunduqda bu, onların həm təhsilinə, həm məktəbdə davranışına, həm də ünsiyyətin formalaşmasına gətirib çıxarır".

N.İsrafilov vurğulayıb ki, məktəbəhazırlıq qruplarının sayının artırılmasına ehtiyac var: "Bir çox hallarda valideynlər uşaqlarını evlərinə yaxın ərazidə yerləşən orta məktəbdə yaradılan məktəbəhazırlıq qrupuna yönəldir ki, övladı birinci sinfə gedəndə təhsilini də həmin məktəbdə və müəllimədə davam etdirsin. Lakin birinci sinfə qəbul üçün həyata keçirilən elektron qeydiyyat zamanı valideynlərin bu istəyi bəzi hallarda yerinə yetirilmir. Yaxın ərazidə yerləşən məktəblərdə I sinfə qəbul tələbatdan artıq olduğundan bir çox hallarda valideynlər çıxılmaz vəziyyətdə qalırlar. Belə olan halda, valideynlər evindən daha uzaq məsafədə yerləşən məktəblərə üz tutmalı olurlar".

Ekspert əlavə edib ki, əlavə qruplar açıldığı zaman bir qrupda təhsil alacaq uşaqların sayına diqqət etmək önəmlidir: "Bəzən bizdə bir qrupda 30-dan çox şagird təhsil alır. Bu, gərəkli deyil. Uşaqların sayı 30-35-dən çox olan qrupları iki yerə bölmək mümkündür. Burada saya deyil, keyfiyyətə diqqət etmək lazımdır. Bu gün məktəblərimizdə bunun üçün hər bir şərait var. Bu məsələnin həlli həm məktəblərdə yerin olmamasından narazı qalan valideynlərə, həm də təhsilin keyfiyyətinin daha da artırılmasına kömək edə bilər".

Məktəbəqədər təhsil xüsusi təşkil olunmuş təhsil müəssisələrində, eləcə də ailə daxilində həyata keçirilən və məktəbəqədər uşaqların tərbiyəsi, təlimi, inkişafının məqsədyönlü, çoxşaxəli, funksional vahid prosesini təmin edən sistemdir.

Aparılan araşdırmalara əsasən, məktəbəqədər təhsilə qoyulan investisiya üzrə geri dönüş digər təhsil pillələrində daha çoxdur (7-10 qat). Digər tərəfdən, məlumdur ki, bir ildən çox məktəbəqədər təhsilə cəlb olunanlar orta hesabla 10 faiz daha yaxşı nəticə göstərirlər.

Bu mənada məktəbəqədər təhsil ölkəmiz, bütövlükdə təhsil sistemimiz üçün prioritet sahədir. 2023-cü ildə ölkəmizdə 5 yaşlı uşaqların 87 faizi məktəbəhazırlıq qruplarına cəlb olunub.  Ümumilikdə isə ümumi təhsildə məktəbə hazırlıq qruplarına cəlb olunan uşaqların sayının 12 mindən (2014-cü il) 91 min nəfərə (2023-cü il) çatması özü ciddi dəyişiklikdir. 2023-cü ildə 1-5 yaşlıların məktəbəqədər təhsillə əhatəliliyi 35,3 faizə çatıb. Elm və Təhsil Nazirliyi qarşısında duran əsas strateji hədəf isə 2026-cı ilə bu rəqəmin 50 faizə çatdırılmasına nail olmaqdır. Bu mənada dünya reallıqları və müasir çağırışlar nəzərə alınmaqla, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, müxtəlif səbəblərdən məktəbəqədər təhsillə əhatə oluna bilməyən uşaqların cəlb edilməsi məqsədilə nazirlik tərəfindən alternativ modellərin tətbiqi nəzərdə tutulur. İlk dəfə həyata keçirilən "Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili" pilot qrant proqramı da həmin istiqamətdə görülən işlərdən biridir. Qeyd edilən proqram çərçivəsində il ərzində nəzərdə tutulmuş layihələrin icrası nəticəsində uşaqların alternativ təhsil modellərinin köməyi ilə məktəbəqədər təhsilə cəlb edilməsi təmin olunacaq.

 

Sevinc QARAYEVA

525-ci qəzet .-2024.- 4 oktyabr (№181).- S.11.