"Ötən günə gün çatmaz..."

 

 

(Əvvəli qəzetin 27 sentyabr tarixli sayında)

 

BU NƏ YAMAN "AY AMAN" OLDU, AY AMAN!..

 

YAXUD ƏMİR HACIYEVİN (PƏHLƏVAN) XANƏNDƏLİYİ VƏ MƏNİM "USTAD" DƏRSLƏRİM

 

...O vaxtlar ki, tələbəlik illərinin acılı-şirinli günlərini gələcəyə böyük ümidlə, dünyanı dəyişəcəyimizə inamla yaşayırdıq - indi tanınmış qələm sahibi olan Əmir Pəhləvan (qeyd edim ki, Pəhləvan Əmirin rəhmətlik atasının adıdır) hələ Əmir Hacıyev idi, özünəməxsus xarakteri, gözlənilməz gedişləri ilə qrupdakı uşaqları mat qoymağı bacarırdı. Amma 2 dəfə özü də mat vəziyyətinə düşdü - təklikdə yox, mənimlə bir yerdə. Buna qədər isə kirayədə qaldığım evin sahibəsini ikilikdə mükəmməl bir şəkildə mat etməyə macal tapmışdıq.

Necə? Onda qulaq asın.

Birinci kursda oxuyanda rus dili müəllimimizin təşəbbüsü ilə fakültədə Nizamiyə həsr olunmuş ədəbi-bədii gecə keçirmək qərarına gəldik. Əmirin babat səsi, yaxşı musiqi duyumu vardı və pis də oxumurdu. Planlaşdırdıq ki, Əmir həmin tədbirdə "Rast"ın "Mayə"si üstündə Nizaminin "Ay üzlü..." qəzəlini oxusun. Amma buna qədər məşq eləmək lazım idi. Dərsdən sonra Əmirlə "Sovetski"nin yuxarı tərəfindəki məhəllədə yerləşən ikimərtəbəli köhnə bir binanın ikinci mərtəbəsində yaşadığım evə gəldik. Mən qonşu qrupdakı qızın qardaşından "prokata" götürdüyüm tarı köklədim, Əmir ustad xanəndələr kimi boğazını arıtladı və başladıq, nə başladıq...

Əmir birinci dəfə alababat, ikinci dəfə babat, üçüncü dəfə yaxşı oxudu və əla oxuması üçün növbəti məşqə başlamaq istəyirdik ki, qapı döyüldü. Ürəyimə damdı ki, sahibədir, başlayacaq bizi danlamağa ki, günün günorta vaxtı nə başlamısınız zəhləmizi tökməyə? Xəstə anam hay- küyünüzdən yata da bilmir. Üstəlik, məni qovmaqla hədələyə də bilərdi.

"Allah sən özün kömək ol" - deyib qapını açdım. Doğrudan da o idi, amma gümanıma rəğmən, acıqlı deyildi, əksinə, çöhrəsində ilıq bir təbəssüm sayrışırdı.

- Əlisəfdər, konsert hansı kanalda gedir? Səhərdən axtarıram, amma tapa bilmirəm...

Təəccüblənmək növbəsi bizə çatdı: "Nə konsert-filan, canım? Bu nə danışır?"

- Hansı konsert, ...xanım? (təəssüf ki, adını xatırlamıram)

- Bayaqdan siz tərəfdən muğam konsertinin səsi gəlir. Onu deyirəm də... Yoxsa maqnitofondur?

Hər şey aydın oldu. Mən çarpayının üstünə atdığım tarı, sonra Əmiri fəxrlə göstərib dedim:

- ...xanım, çalıb-oxuyan biz idik.

- Aaaaa - əvvəlcə bir az pərt oldu, sonra özünü ələ alıb dedi:

- Maşallah! Balam, siz artistsizmiş ki!

Biz ilk duetimizin "sağ ol"unu belə qazandıq.

Amma bu dueti qarşıda qara günlər də gözləyirmiş

Səhv etmirəmsə, artıq 4-cü kursda oxuyurduq. Bir gün iş elə gətirdi ki, dərsdə aşağı kursla birləşdik. Yəni hamımız bir auditoriyaya doluşub qocaman İbadullla müəllimin mühazirəsini guya dinləməyə başladıq. Guya ona görə deyirəm ki, xüsusilə bizim kursun tələbələrinin "fəallığı" sayəsində sinif dönüb olmuşdu qarğa bazarı - birdən-birə 50 tələbənin pıçıltıları, xosunlaşmağı  bir-birinə qarışıb az qala uğultuya çevrilmişdi.

Əmirlə mən sol tərəfdə ən axırıcı partada oturmuşduq. Birdən Əmir yapışdı yaxamdan ki, "Mahur hindi" muğamında hər vokal frazanın sonunda xüsusi bir ahənglə səslənən "boğazı" ona öyrədim. "Boğaz" da ki, nə "boğaz" - güclü vurğu ilə ucadan deyilən "Ay aman" nidası.

Bir dəfə astadan oxudum - Əmir tam götürə bilmədi. İkinci... üçüncü dəfə də elə. Biz elə aludə olmuşduq ki, reallıq hissini tam itirmişdik, göyün 77- ci də olmasa, 76-cı qatında artıq mələklərlə söhbət edirdik. Ona görə də İbadulla müəllimin qəfil qışqırmağından və sinifə çökən sükutdan xəbərimiz olmadı və mənim hirslə dediyim, ardınca Əmirin ucadan və şövqlə təkrarladığı "Ay aman" nidaları bu sükutda bomba kimi partladı!..

Özümüzə gələndə təəccüblə bizə tərəf çevrilmiş 50 sifət, heyrətlə açılmış 50 cüt göz və ardınca da daha güclü bomba effekti yaradan xorla gülüş...

Axır ki, bu gülüşün də səngidiyi məqam yetişdi.

İbadulla müəllim səsin hansı tərəfdən gəldiyini təxmin eləmişdi, amma gözləri zəif gördüyündən bizi qaralaya bilmirdi.

- Kimdir bu tərbiyəsizlər? Çıxsınlar qabağa. Sizi Universitetdən qovdurmasam, atamın oğlu deyiləm.

İbadulla müəllimin ürəyinin təmizliyinə dəlalət edən bu bəynatından sonra biz "Mahur" muğamının qanadlarında qalxdığımız göyün 76-cı qatından enib gumbultu ilə dəydik sinifin döşəməsinə və yalnız indi bizə çatdı ki, vəziyyət necə deyərlər, "ruscadır". Çünki o vaxtlar doğrudan da belə sarsaqlığı bağışlamırdılar - siqareti təyin olunmuş yerdə çəkmədiyinə görə tələbənin bir neçə dəqiqənin içində institutdan qovulduğu vaxtlar idi.

Əlac qalırdı bizim təkcə vokal ifaçılığı sahəsində yox, həm də aktyorluq sahəsində nümayiş etdirəcəyimiz istedada və İbadulla müəllimin zəif damarını tapmaq qabiliyyətimizə...

İbadulla müəllim sinfi tərk etmişdi və bilirdik ki, dekanlığa şikayətə gedir. Yüyürüb dəhlizdə qarşısını kəsdik, başladıq belə kritik məqamda səbir və təmkin göstərib tələbələrin nəzərində daha da yüksəlməyin mümkünlüyü və vacibliyi barədə hədərən-pədərən bir nitq söyləməyə. İbadulla müəllim isə o yaramazların kim olduğunu bilməyincə yolundan dönməyəcəyini deyib artıq dekanlığa qalxan pilləkənlərə yaxınlaşırdı. Astadan "Allah, bizə kömək ol" - deyə pıçıldadıq, məsum görkəm alaraq az qala xorla dedik:

- O yaramazlar biz idik, İbadulla müəllim...

Kişini od götürdü:

- Ağası gülüm, ispalkomu sən olanın başına külüm olar (mənim qrup nümayəndəsi olduğuma işarə edirdi) - deyib üzünü yana çevirdi və Cəhrə nənə demişkən, imanımı yandırmamaq üçün düzünü deməliyəm ki, ardınca klssik bir ağsaqqal tüpürməsi nümayiş etdirdi.

...Göydə Allah, yerdə isə İbadulla müəllimin ürəyiyumşaqlığı və bəxtimiz bizə kömək oldu. İbadulla müəllim bizi heç zaçotda da incitmədi.

Allah rəhmət eləsin, qəbri nurla dolsun....

İndi də Əmrlə zəngləşəndə söhbətə  həmin "Ay aman"la başlayırıq.

 

ÇAY SƏRGÜZƏŞTLƏRİNDƏN BİRİNCİ EPİZOD

 

1982-ci il iyulun əvvəlində II kursun yay imtahan sessiyası bitəndən 2 həftə sonra qrup yoldaşım Əyyar Cəfərovla şələ- küləmizi yığışdırıb üz tutduq Tbilisi şəhərinə - həmin il tədris- istehsalat təcrübəsini bu şəhərdə Azərbaycan dilində çıxan "Sovet Gürcüstanı" qəzetinə götürmüşdük ki, həm bir az havamızı dəyişək, həm də qəzetin xətti ilə reallaşacaq ezamiyyət şansımızdan istifadə edib həmvətənlərimiz yaşayan bölgələrə səfər edək, yeni sərgüzəştlər yaşayaq.

Amma sən demə, sərgüzəştin ən böyüyü bizi elə Tbilisinin özündə gözləyirmiş: çox çətinliklə ucqar dalanların birində tapdığımız bir azərbaycanlı ailəsinin evində 3 gün kirayəşin yaşadıqdan sonra qəzetin baş redaktorunun təşəbbüsü ilə Gürcüstan Dövlət Unuversitetinin tələbə yataqxanasına köçdük... və  hər axşam təzə planlar cıza-cıza başladıq....sizcə, nə etməyə?

Əlbəttə, ilk növbədə çayxana axtarmağa!

Başqa vaxt olsaydı, bu məsələ belə böyük aktuallıq kəsb etməzdi. Amma iş burasındaydı ki, ötən yayda tutulduğum kəskin haymorit xəstəliyindən təzəcə sağalmışdım və yayın cırhacırında tərli-tərli içdiyim buz kimi soyuq kvasdan, qazlı sudan necə qorxmuşdumsa, indi "ilan vuran ala çatıdan qorxar" məntiqi ilə nəinki soyuq, heç otaq temperaturunda olan suya da yaxın durmurdum. Ümid qalmışdı onsuz da əsas içkim olan çaya. Tbilisidə isə çayxana deyilən şey yağlı əppək olub göyə çəkilmişdi və kimsə çaşıb bu şəhərdə babat bir çayxana tapsaydı, heç şübhəsiz ki, nə vaxtsa təsis olunacaq "Şerlok Holms" ordeni ilə təltif olunmaq şansı qazanardı.

Mən o çayxananı azərbaycanlıların kompakt yaşadığı "Şeytanbazar" məhləsində ordensiz-filansız da tapdım və həmin andan etibarən bizim gün rejimimizə iri hərflərlə belə bir bənd də əlavə olundu: "Filan saatdan filan saatadək Əlisəfdərin çayiçmə mərasimi".

Bu xudmani çayxanada ölçüsü bizim çayxanalardakı ən böyük çayniklərin ölçüsündən az qala 2 dəfə böyük çaynikdən xüsusi zövqlə dəmlənmiş çay içmək  mənim üçün əsl bayram idi və həmin o dəqiqələr həyatımın bu ay yarımlıq Tbilisi mərhələsinin ən yaddaqalan, xoş məqamına çevrilə bilədi - bircə Əyyarın atmacaları, kefimə soğan doğrayan replikaları olmasaydı. İş burasındaydı ki, Əyyar çayiçən deyildi, günlərlə dilinə vurmasaydı, heç yadına da düşməzdi. Amma mənimlə çayxanAya gedib bu mərasimin başa çatmağını gözləməyə məhkum idi - yad şəhərdə tək- tənha nə edəcəkdi ki? Ona görə də  mən stəkanı stəkana calayanda o da boynunu büküb siqareti siqaretə calayır, bu ritualın müddətini necə qısaltmaq barədə planlar cızırdı... Amma hər dəfə də mənim çayla dostluğumun çəkisi Əyyarla dostluğumun çəkisindən qramın mində biri qədər ağır olduğundan qələbəni mən qazanırdım.

Nəhayət, bir dəfə Əyyar axır ki, istədiyinə nail oldu, amma az qala mənim həyatım bahasına.

Necə?

Onda dinləyin.

...Mən ikinci çaynikin axırına çıxmaqda, Əyyar isə dodaqlarını gəmirə-gəmirə əlimdən zəncir çeynəməkdə idi. Dəfələrlə sınaqdan çıxardığı taktiki variantları yenə də işə saldı - əvvəl xahiş-minnət elədi ("Əli, qadası, bir az tez elə də..."), sonra zarafat qarışıq tənəyə keçdi ("Ayə, ay Allahsız, samovarı qurutdun ki!"), axırda başladı sancmağa ("Bu qədər suyu hara tökürsən sən? Ayə, qarnın partlayacaq ey"). Amma yenə də hirsindən özü partlaya-partlaya qalsa da, bu dəfə bunu üzdə bildirmədi, qəfildən ayağa qalxıb sakit səslə dedi:

- Əli, sən rahat çayını iç, mən baxım-görüm harada təsərrüfat malları mağazası tapıram...

Mən növbəti qurtumu içib soruşdum:

- Təsərrüfat malları nağazasını neynirsən ki? Nə alacaqsan?

Dedi:

- 3-4 metr şlanq alacam, inşallah.

Soruşdum:

- Şlanq nəyinə lazımdır?

Əyyar elə bil bomba kimi partladı:

- Ayə, necə nəyinə lazımdır? Bir ucunu taxacam samovarın lüləyinə, bir ucunu da verəcəm sənə - iç ki, içəsən! Onda birdəfəlik həm mənim canım qurtarar, həm də sənin...

Əyyar bu sözləri bir az tez desəydi, onun protestini zaraftla qarşılayıb vəziyyətdən çıxardım. Amma nə qədər elədim udduğum suyun qida borusundan nəfəs borusuna sıçramağının qarşısını ala bilmədim və bir də gördüm ki, gülmək istədiyim halda sadəcə boğuluram...

Görünür, Allahın mənə yazığı gəldi. Yoxsa indi bu xatirəni sizinlə bölüşə bilməzdim... 

P.S. Aşağıdakı fotoda bu əhvalatın iştirakçılarını Tbilisidə görürsünüz - Kür çayının sahilində...

 

(Ardı var)

Əlisəfdər HÜSEYNOV

525-ci qəzet .-2024.- 4 oktyabr (№181).- S.10.