"Rəqəmsal bacarıqlar": təhsilin inkişafı üçün önəmli layihə

 

Son illərdə təhsil sahəsində aparılan islahatlar, həyata keçirilən yeniliklər rəqabətli, müasir səriştə və bacarıqlara malik təhsilalanların, dövrün mövcud çağırışlarına adekvat cavab verən mütəxəssislərin hazırlanmasında əhəmiyyətli faktora çevrilir. Bu baxımdan, bəhs olunan hədəflərə çatmaq üçün "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində son illər ölkəmizin ümumi təhsil sistemində uğurla tətbiq edilən "Rəqəmsal bacarıqlar" layihəsinin rolu danılmazdır. "Rəqəmsal bacarıqlar" layihəsinin təhsil prosesində müasir informasiya texnologiyalarının tətbiqi baxımından əhəmiyyəti getdikcə artır. Bu layihə şagirdlərin gələcəyi üçün yararlı olan alqoritmik düşüncə və məntiqin inkişafına, yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan yaradır.

Bu gün informasiya cəmiyyətinin və rəqabətədavamlı yüksək texnologiyalı milli iqtisadiyyatın yaradılması bir sıra ölkələrin dövlət siyasətinin əsas istiqamətinə çevrilib. Belə ki, artıq informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsi inkişafın ən önəmli amili kimi çıxış etməkdədir. Bunu nəzərə alaraq, son illər ölkəmizdə digər sahələrdə olduğu kimi, təhsil sahəsinin də informasiyalaşdırılması sürətli inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində əsas istiqamətlərdən biri də məhz dünyada artan rəqabətə hazır olmaq üçün yüksək rəqabətli insan kapitalının formalaşdırılmasıdır. Bunun üçün isə XXI əsrin tələblərinə uyğun müasir təhsil və innovasiyaları təşviq edən münbit şərait əsas cəhətlərdir. Təhsil sistemində gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaq üçün onlara məktəb yaşından rəqəmsal səriştələrin aşılanmasına diqqət yetirilməlidir. Qeyd olunanları rəhbər tutaraq, "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində uşaqların məktəb yaşlarından alqoritmik düşüncə, məntiqi təfəkkür, layihə qurmaq bacarıqlarını inkişaf etdirməyə, eləcə də onlara proqramlaşdırma əsaslarını aşılamağa çalışılır.

2017-2018-ci tədris ilindən etibarən təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında məqsədyönlü fəaliyyətinə nail olunması, rəqabətqabiliyyətli və məntiqi düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etmək məqsədilə ümumtəhsil məktəblərində "Rəqəmsal bacarıqlar" layihəsinin tətbiqinə başlanılıb. Statistik göstəricilərinə əsasən bildirim ki, ölkə üzrə layihənin əhəmiyyətini, uğurlu tətbiqini, eləcə də ictimaiyyət tərəfindən müsbət qarşılanması nəzərə alınaraq, layihənin əhatə dairəsi həm coğrafi, həm də müəllim və şagird sayı baxımından genişləndirilib. Hazırda "Rəqəmsal bacarıqlar" layihəsi Bakı, Sumqayıt, Gəncə, Şəki, Şirvan, Şamaxı, Lənkəran, Biləsuvar, Mingəçevir şəhər və rayonları üzrə məktəbdə tətbiq edilir. "Alqoritmika" beynəlxalq təhsil şirkətinin peşəkar metodist və məzmun heyəti tərəfindən yeni üsullar və ən innovativ metodlardan istifadə etməklə hazırlanan proqram bu sahə üzrə ən yaxşı təcrübələri özündə birləşdirir. Proqram fərdi təlim, nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır.

Elm və Təhsil Nazirliyi ilə "Alqoritmika" beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən "Rəqəmsal bacarıqlar" layihəsinin 2024-2025-ci tədris ilində əhatə dairəsi daha da genişləndirilib.

İşğaldan azad olunmuş ərazilərdə də tətbiqinə başlanılan layihə çərçivəsində ölkə üzrə məktəb sayı 762-yə çatdırılıb, onlardan 230-u layihəyə yeni cəlb olunub. Yeni tədris ilində layihə ölkənin 57 şəhər və rayonunda 6000 müəllimi, 500 min şagirdi əhatə edir.

Bundan başqa, bu il 30-dan çox məktəbdə informatika fənninin dərindən tədris olunduğu, ixtisaslaşdırılmış "Rəqəmsal bacarıqlar" təmayüllü 10-cu siniflərə qəbul imtahanı keçirilib. 826 şagird yeni tədris ilində bu siniflərə qəbul olunub. Ümumilikdə, bu il "Rəqəmsal bacarıqlar" təmayüllü 10-11-ci siniflərdə 1370 şagird təhsilinə davam edəcək.

Layihə çərçivəsində təhsil alan VII, VIII və IX sinif şagirdlərinə artıq yüksək səviyyəli "Python" proqramlaşdırma dili üzrə dərslər keçirilir. Bütün məktəblərdə dərslər zamanı şagird və müəllimlər tərəfindən istifadə olunan rəqəmsal sistemin uğurlu tətbiqi üçün İKT infrastrukturunun əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi işləri həyata keçirilib, Azərbaycan Təhsil Şəbəkəsinə sürətli çıxış təmin olunub.

Bu illər ərzində məktəblərdə layihə çərçivəsində informatikanın yeni formatda tədrisi ilə yanaşı, müxtəlif yaş qrupları üzrə şagirdlər üçün həm beynəlxalq, həm də yerli müsabiqələr və tədbirlər keçirilib.

Təhsil eksperti Nadir İsrafilov deyir ki, "İnformatika" fənninin tədrisinin təkmilləşdirilməsi və fənnin tədrisində yeni yanaşmanın tətbiqi şagirdlərdə analitik düşüncə tərzi, məntiqi təfəkkür, XXI əsr bilik və bacarıqları, kodlaşdırma, təşəbbüs göstərmə, müstəqil və komandada çalışma kimi vərdiş və səriştələrin inkişafına nail olunur. Gələcək nəslin hərtərəfli inkişafı və onların bilik və bacarıqlarının təkmilləşdirilməsi bu günün təhsilindən asılıdır: "Bu illər ərzində müşahidəmizə əsasən deyə bilərik ki, layihədə iştirak edən şagirdlər yüksək texnoloji ixtisaslara daha çox maraq göstərir. Şagirdlər arasında keçirilən sorğuları və müsahibələri təhlil etdikcə, onlar tərəfdən marağın artırılmasında layihənin rolunun böyük əhəmiyyət kəsb edildiyi ortaya çıxır. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir. Onlar təkcə proqramlaşdırmanı deyil, biliyin təcrübədə tətbiqi bacarıqlarını da öyrənirlər. Yeni texnologiyalardan istifadə, rəqəmsal bacarıqların tətbiqi günümüzün reallığıdır. Təbii ki, məktəbdə bu bacarıqların şagirdlərə aşılanması çox vacibdir. Yeni nəslin bu istiqamətdə kifayət qədər maraqlarının olduğu da nəzərə alınmalıdır. Bu maraq və bacarıqların düzgün şəkildə inkişaf etdirilməsi üçün onları mütləq istiqamətləndirməliyik. Çünki əks təqdirdə bacarıqlarından zərərli yönümdə də istifadə etmələrinə imkan vermiş olarıq. Bu baxımdan da Rəqəmsal bacarıqlar - informatika fənninin fərqli formatda tədrisinin həyata keçirilməsi olduqca faydalı və lazımlıdır. Rəqəmsal bacarıqlar birmənalı şəkildə zamanın tələbidir. Bu istiqamətdə gələcəkdə yeni ixtisaslar da yaranacaq. Bütövlükdə rəqəmsal bacarıqlara malik olmadan yaxşı mütəxəssis olmaq mümkün olmayacaq".

Təhsil eksperti Qoşqar Məhərrəmov bildirir ki, "Rəqəmsal bacarıqlar" layihəsi Elm və Təhsil Nazirliyi və "Alqoritmika" beynəlxalq təhsil şirkəti tərəfindən həyata keçirilir. "İnformatika" fənninin tədrisini təkmilləşdirməklə layihə şagirdlərdə alqoritmik düşüncə, məntiqi təfəkkür, layihə qurmaq bacarıqlarını inkişaf etdirir və proqramlaşdırmanın əsaslarını öyrədir. "Rəqəmsal bacarıqlar" layihəsi şagirdlərə erkən yaşlardan kodlaşdırma dərsləri tədris etmək, onları İKT ilə yaxından tanış etmək üçün bu layihə çox qabaqcıl və önəmlidir: "Bu dərslər vasitəsilə şagirdlər erkən yaşlardan müəyyən ixtisaslar haqqında məlumatlar əldə edirlər, özlərini kəşf edirlər. Şagirdlər bu layihədən istifadə edərək gələcəkdə daha yaxşı ixtisaslara yiyələnə bilərlər".

Elm və Təhsil Nazirliyindən bildirilib ki, "Rəqəmsal bacarıqlar" layihəsinin əsas məqsədi şagirdlərin rəqəmsal sahədə bilik və bacarıqlarını inkişaf etdirmək, rəqəmsal savadlılığı artırmaq, orta məktəb şagirdlərinin bu sahədə peşəkar inkişafı üçün şərait yaratmaq, həmçinin müəllimlərin təcrübə mübadiləsi və yeni biliklərin əldə edilməsi üçün platforma vasitəsilə bacarıqlarını təkmilləşdirməkdir. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyasının mərkəzində təhsildə bərabər imkanların yaradılması dayanır. Ölkədə şəhər və rayonlar arasında rəqəmsal istiqamətdə bərabərsizlik olduğu üçün şagirdlər arasında rəqəmsal bilik səviyyəsinin artırılması xüsusi diqqət yetirilir. Bu səbəbdən də layihənin getdikcə daha çox şəhər və rayonu əhatə etməsi qərara alındı. Hazırda layihənin genişləndirilməsi istiqamətində planlaşdırma işləri aparılır, strateji məsələlər müzakirə olunur və hədəflər müəyyən edilir. Mövcud məktəblərdə siniflərin sayının artırılması ilə yanaşı, artıq layihəyə qoşulan 9 şəhər və rayonlarla məhdudlaşmırıq, informatika fənninin tədrisində yeni yanaşmanı yeni bölgələrdən olan daha çox məktəblərdə tətbiq etməyi planlaşdırırıq. Pandemiya ilə bağlı vəziyyətə uyğun olaraq, şagirdlər üçün beynəlxalq səviyyəli, eyni zamanda, milli yarışların təşkili, müəllimlər üçün beynəlxalq seminar və təlimlərdə iştiraklarının təmin olunması nəzərdə tutulur.

 

Sevinc QARAYEVA

525-ci qəzet .-2024.- 5 oktyabr (№182).- S.23.