Dəhşətlər və bədbəxtliklər.
Ləyaqət və iradə xilaskar rolunda
Binanın işığı elə təsəvvür
yaradırdı ki, o heç də möhkəm bünövrə
üzərində dayanmamışdır. Elə bil ki, Allah bu
binadan uzaqda dayana bilməzdi. Burada məhəbbət məskunlaşmışdı.
İçəridəki qaranlıq mühit görünməyən
bir işıqla işıqlanmışdı, həm də
belə bir inam yaranırdı ki, dünya elə bil ki,
görünməyən bir ruhla işıqlanır, Hagia
Sophia, saray kompleksi və Hippodrom (Cıdır meydanı)
Konstantinopolun üç ən böyük tikintisi idi.
Axırıncı nəhəng amfiteatr olmaqla 60 min
tamaşaçı tuturdu.
Teodoranın çətin anda iradəsini işə
salması təkcə Yustinianı xilas etmədi, həm də
Konstantinopola əlavə şöhrət gətirən incilər
ilə onu bəzəndirdi.
I Fransisk (1491-1547-ci illər)
Valua Evindən olan, onun ilk kralı, Renessans rəssamlığını
və alimləri himayə edən, humanist və cəngavər
adam olan I Fransisk 1515-1516-cı illərdə İtaliyaya
yürüşə başlamışdı. 1521-1544-cü
illərdə isə Müqəddəs Roma imperiyası ilə
müharibələr aparmışdı.
Fransisk Şarl de Valuanın -
Orleanlıların oğlu idi. Əmisi oğlu XII Lui
1508-ci ildə taxt-taca çıxdıqda, onun varisinə
çevrildi və Fransiskə Valua hersoqu titulu verildi. Onun
anası 20 yaşında dul qalmışdı. XII Lui öz əmisi
oğluna inanmadığından, ona dövlət işlərinə
qarışmağa imkan vermirdi. I Fransisk 18 yaşında orduda
xidmət etməyə başladı, həm də
özünü idarə etməyi öyrəndi.
XII Lui, ölümündən əvvəl
özünün 15 yaşlı qızını Fransiskə ərə
verdi. 1515-ci ildə Fransisk Fransanın kralı oldu.
XII Lui ordusunu, Milan hersoqluğunu yenidən
işğal etmək üçün hazırlayan vaxt
ölmüşdü. Bir qanlı döyüşdə
süvari qoşununa başçılıq edən Fransisk isə
Milan hersoqu Sfortsanın muzdlu ordusunu məğlub etmişdi. Həmin
dövrdə cəngavər Bayard ən məşhur
döyüşçü idi. İndi də fransızlar
Bayarda böyük hörmət bəsləyirlər.
Roma papası, Fransiskə Rafaelin
"Madonna"sını təklif etdi. Fransisk isə Sfortsaya
və Leonardo da Vinçiyə mükafat verdi. O, bir qayda
olaraq, qadınları saraya dəvət edirdi, bunu izah etmək
üçün deyirdi ki, "Qadınsız saray, baharı
olmayan il kimidir və qadınlarsız, baharın özü də
qızıl güllərsiz kimidir".
Kral yorulmadan Fransanı gəzirdi, bu vaxta qədər
kralı görməyənlər ona maraqla tamaşa edirdilər.
Babasının taxt-tacda əvəz edən İspan
kralı I Karl Fransiski məhv etmək üçün
yetişmişdi. Fərasətli siyasətçi olan 19
yaşlı Karl Müqəddəs Roma imperiyasında imperator
olduqda, ağlında kainat monarxiyası yaratmağı
düşünürdü. Ona ən çox maneçilik
törədən isə Fransa kralı idi. Fransisk bu vaxt həm
də uğurlu qaydada İngiltərə kralı VIII Henri ilə
ittifaqa can atırdı.
I Karlla (Müqəddəs Roma imperatoru kimi o, V Karl
adlanırdı) düşmənçilik 1522-ci ildə
başlandı. Fransız kralının məşuqəsinin
iki qardaşı Milanda yoxa çıxmışdı.
1523-cü ildə o, özünün fransız dövlətinə
qayıtmalı oldu, çünki Şarl de Burbon öz
arvadına görə varis olmağa can atırdı. Burbon həm
də satqına çevrilmişdi və imperatorun xidmətinə
keçmişdi. Karl Provansa girdi. Fransisk Karlı izləyəndə
24 yaşlı arvadı Klaudinanın öldüyünü
eşitdi, az sonra onun ikinci qızı da öldü.
1525-ci ildəki ispanlarla İtaliyadakı Pavia
döyüşündə I Fransiskin ordusu məğlub edildi,
onun özü yaralandı və əsir
götürüldü. O, anasına yazırdı: "Madam,
bədbəxtliyimin qalan hissələri barədə sənə
məlumat vermək istəyirəm, mənim namusdan və həyatımdan
başqa heç nəyim qalmamışdır".
Kralın əsirlikdən azad olunması
üçün imperator Fransanın üçdə birini ona
verməyi, həmçinin onun İtaliyaya olan iddiasından əl
çəkməsini, Provans malikanələrinin isə Burbona
verilməsini tələb etdi. Fransisk vətənə göndərdiyi
məktubda yazırdı: "Allahın iradəsi ilə nəinki
mənim səltənətimə xətər toxunması
şərtlərini qəbul edəcəyəm, nə qədər
uzun çəksə də, həm də dözməyi qərara
almışam".
Onu Madridin ağır şəraitə malik olan bir
qülləsində saxlayırdılar, o, burada melanxolik
şeirlər, şərqilər yazırdı, öz təbəələrinə
məktublar göndərirdi. Onun köhnə və yeni
yaraları bu vaxt zöhrəvi xəstəliyi ilə birləşmişdi.
Fransisk axırda sağala bildi, baxmayaraq ki, onun əzabları
kəsilmirdi. İmperator isə öz iddialarını davam
etdirirdi. Dustaqxanada ölməyi qərara alıb, Fransisk
böyük oğlunun xeyrinə taxt-tacdan imtina etdi. Dofin isə
olduqca gənc idi; ölkə öz lideri
olmadığından itirilə bilərdi. Hansı qiymətə
olursa olsun, o, vətəninə qayıtmalı idi.
Axırıncı şərt ondan ibarət oldu ki,
Fransisk azad olmaq üçün 7 və 8 yaşlı iki
böyük oğlunu girov kimi Karla versin.
Mühasirə edilmiş əyalətlər
Fransanın tərkibindən çıxmaqdan imtina etdilər.
İmperator kralı mənəvi cəhətdən yaralamaq
üçün onun uşaqlarını 4 il dustaq saxladı.
Onun ordusu müqavimət hiss etmədiyindən,
İtaliyanı qarət etdi və papa VII Klementi əsir
götürdü.
Fransisk öz gözətçilərindən
qaçmağı bacardı, ac qalmamaq üçün ov
ovlamaqla bir meşədən digərinə keçirdi. Karl və
Fransisk bir-birini duelə çağırdı, lakin bu,
baş tutmadı. Kambray müqaviləsi Madridi
yumşaltdı. Uşaqların geri qayıtması
üçün Fransisk öz müttəfiqlərini tərk
etməli idi və İspaniyaya 12 milyon qızıl pul verməli
idi. Onun ağılsız xərcləri xəzinəni boş
qoymuşdu və girov pulunu çətinliklə yığmaq
mümkün oldu. Nəticədə kiçik şahzadələr
öz atalarının 1530-cu ildəki Eleonora ilə siyasi
nikahında iştirak etməyə müvəffəq oldular.
Kral faciəli qaydada qocalmışdı, 1533-cü ildə
özünün ikinci oğlu Henrinin Katerina de Mediçi ilə
toyunda iştirak etdi. Varis dofin öldüyündən, sonralar
o, II Henri adı altında, taxt-tacda atasını əvəz
etməklə, 12 il ərzində hökmranlıq etdi. Xəzinə
boş olduğuna görə, şahzadənin təzə gəlinin
böyük cehiz gətirməsinə xüsusi ümid bəslənirdi.
V Karlla müharibə 1536-cı ildə
yekunlaşdı. Dofin 18 yaşında öldü. Fransisk
inanırdı ki, onu ispan kralı zəhərləmişdir.
Çox sevdiyi üçüncü oğlu isə taun xəstəliyindən
ölmüşdü. Fransiskin axırıncı diplomatik
nailiyyəti imperatora qarşı Türkiyə ilə ittifaqa
girməsi oldu.
Kral isitmədən əziyyət çəkib. öləndə
bir qəsrdən başqasına keçirdi. Nəticədə
31 mart 1547-ci ildə cəngavər kral oldu. Həyatının
son 20 ilində Fransisk öz həmvətənlərinə və
onları əvəz edən nəslə la grand roi Francois -
Böyük kral Fransisk kimi qaldı. Həmin il onunla ittifaqa
girmək istədiyi İngiltərə kralı VIII Henri də
öldü.
I Elizabet (1533-1603-cü illər)
İngiltərə kraliçası I Elizabet
ağır əzablarla keçən uşaqlıq və gəncliyindən
sonra 25 yaşında, 1558-ci ildə taxt-taca
çıxmışdı. Elizabetin 3 yaşı olanda,
anası Anna Boleyn zinakarlıqda ittiham edilərək, atası
VIII Henri tərəfindən edam etdirilmişdi. Ona görə
də kiçik qıza bastard (haramzada) kimi baxırdılar.
1547-ci ildə ölən atasını hakimiyyətdə əvəz
edən qardaşı, 9 yaşlı VI Eduard Elizabetə
yaxşı münasibət göstərirdi, lakin o, 6 il kral
olduqdan sonra öldü. Ögey bacısı, kraliça olan
Mariya Tüdor, protestantları təqib etdiyinə görə
ona Qanlı Mariya da deyirdilər, anası Katerina Araqonlu kimi
qatı katolik idi və anasının boşanmasına səbəb
olmuş Anna Boleynə görə onun qızı Elizabetə
də olduqca pis münasibət bəsləyirdi, hətta onu
aradan götürmək istəyirdi. Mariyanın
kraliçalığı dövründə Elizabet qəsddə
iştirak etməkdə təqsirləndirilib,
Tauerə salınmışdı. Lakin 1558-ci ildə Mariya
ölərkən başqa namizəd olmadığından,
taxt-tacın Elizabetə keçməsinə razılıq
vermişdi.
I Elizabet ölkədə
dini ixtilafların qızışdığı bir dövrdə
hakimiyyətə gəlmişdi. Lakin cəsarət
nümayiş etdirərək İngiltərədə
protestant dininin hakim mövqeyini saxlamışdı.
Elizabet yeniyetməlikdə hər cür
sarsıntılarla üzləşsə də,
özünü itirməmiş, ömrünün erkən
sınaqlarından çıxmağı
bacarmışdı. Elizabetə ögey, hətta pis
münasibət bəsləndiyinə baxmayaraq, öz təhsili
ilə ciddi məşğul olmuş, beş dildə sərbəst
danışırdı. Onda şairlik istedadı da var idi.
Elizabet kraliça kimi özünün sələfi
olan bacısının dini ədavəti
qızışdırmasına son qoya bilmiş, ilk illərdə
ağır bir sosial miqyaslı hadisə ilə də üzləşməli
olmuşdu. Əgər bacısı protestantları
sıxışdırmaq üçün onların nümayəndələrinin
edam etdirirdisə, Elizabet də katoliklərə qarşı
heç də yumşaq münasibət nümayiş
etdirmirdi. Onun qorxmaz və ardıcıl fəaliyyəti sahəsində
ölkədə, bu vaxt onun 3 milyon əhalisi var idi,
protestantizmin dayaqları möhkəmləndi və bu, katolik
dünyasında ona qarşı düşmənçiliyin
yaranmasına səbəb oldu. Roma papası, katolik
dünyasının başçısı kimi onun qətlə
yetirilməsinə rəğbət bəslədiyini bildirməklə,
kraliçaya qarşı sui-qəsdə
çağırış edirdi. Katolik İspaniyası, onun
iki il əvvəl taxt-tacına yiyələnmiş, ögey
bacısının keçmiş əri II Filipp İngiltərənin
protestant dayaqlara əsaslanaraq dövlət quruluşunu məhv
etmək, onu yenidən katolitsizmə çevirmək
planlarından əl çəkmək istəmirdi. Birinci
qurban isə onun əvvəllər evlənmək istədiyi
kraliça I Elizabet olmalı idi.
İspaniya kralı II Filipp katolitsizmi hər vəchlə
yaymağı, öz sələfi olan babası I Karldan (o həm
də Müqəddəs Roma imperiyasının imperatoru idi və
bu vəzifəsinə görə V Karl titulunu
daşıyırdı) öyrənmişdi. Axı Karl
çox uzağa gedərək, katolik dini əsasında kainat
monarxiyası yaratmağı arzulayırdı. Fransa bu istəyinə
ciddi maneə rolunu oynadığından, sonralar o bu fikirdən
daşınmağa məcbur olmuşdu.
II Filipp isə İngiltərə barədə qətiyyətli
hərəkət etmək, onun protentastizmini məhv edərək,
katolik dünyasına qaytarmaq istəyindən əl çəkmirdi
və bu məqsədlə İngiltərəyə müdaxilə
etməyi vacib sayırdı. O, özünün Məğlubedilməz
Armadasını hersoq Medina Sidoniyanın
başçılığı altında 130 gəmidən
ibarət olan donanma ilə 1588-ci ildə İngiltərənin
işğal etmək planının
reallaşdırılması vəzifəsini yerinə yetirməyə
göndərdi. Onun donanmasındakı 20 minlik qoşunlara əlavə
kömək üçün Parm hersoqunun Dyunkekdəki 30
minlik ordusu da qoşulmalı idi. İspanlar və onların
kralı qələbəyə böyük ümid bəsləyirdilər,
hətta döyüş nəticəsində anadan yetim
qalmış ingilis körpələrini döş
südü ilə qidalandırmaq üçün xeyli sayda
dayələr də göndərilmişdi.
İspan kralının qələbə ümidi təkcə
onun ambisiyasına deyil, həm də ispan donanmasının
Osmanlı donanması üzərində
çaldığı böyük zəfərə
arxalanırdı. 1571-ci ildə ispan-Venetsiya donanmalarından
ibarət Müqəddəs Liqanın hərbi-dəniz
qüvvələri Yunanıstandakı Lepanto dəniz
döyüşündə Osmanlı türk donanmasını
darmadağın etmişdi. Bu qələbə Osmanlı
donanmasının məğlubedilməzliyi barədəki mifi
də bütünlüklə sıradan
çıxarmışdı. II Filipp güman edirdi ki, ingilis
donanması da türk hərbi- dəniz qüvvələrinin
acı taleyini yaşayacaqdır. Paralellər çox vaxt
uğurlu olmur.
Lakin II Filippin gözlədiyinin tam əksi baş
verdi. Dəniz qulduru, lakin kraliça tərəfindən ser
titulu ilə mükafatlandırılmış Frensis Dreyk
müharibədən əvvəl təkcə Vest İndiyadan
gələn və qiymətli metal daşıyan gəmilərlə
hücum edərək, onları qarət etməklə kifayətlənməyərək,
ispan limanı Kadisdə hərbi ehtiyatları yandırıb məhv
etmişdi və ispanların onlarla gəmisini sıradan
çıxarmışdı. Frensisk Dreyk və onun digər məharətli
silahdaşları ispan Armadasına güclü müqavimət
göstərdilər, onların çox sayda gəmilərini
batırdılar, La Manş
boğazında baş verən tufan da onların köməyinə
gəldi. Nəticədə ispanlar məğlub edildilər,
donanmaları ağır zərbəyə məruz qaldı,
15 min əsgər həlak oldu. Salamat qalan gəmilər
Şotlandiya sahillərinə üzdükdə, burada qalxan tufan
da onların çoxunu məhv etdi.
İspan kralı məğlubiyyətin
ağrısını dəf etmək üçün
demişdi ki, o, ingilislərlə vuruşmaq istəmişdi.
Allahla vuruşmağa isə o, cəsarət etməzdi.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .-2024.- 5 oktyabr (№182).- S.22.