Mənim Qala şəhərim...  

 

 

Şəhərin də özünəməxsus xoşbəxtliyi olur.

Şuşa bu dəfə daha xoşbəxt idi.

Ətrafdan baxan xoş baxışlara sevinirdi. Dərədəki, dağ döşündəki kəndlər artıq Şuşaya əl eləyirdi. Xanın kəndi, Xankəndi qucaq açıb gəl-gəl deyirdi.

Artıq Natəvanın üzünün Xankəndinə tərəf baxan üzü də Şuşaya baxan tərəftək gülürdü.

Şəhidlərin sevinən ruhunun qayalara saldığı işıq gündüz də görünürdü.

Bayrağımız daha qürurla dalğalanıraq əbədiyyət marşı çalırdı.

İsa bulağına getmək üçün daha rus əsgərlərindən icazə alınmırdı. Özündən-özünə addımlayırdın. Ara yoldan da ancaq Azərbaycan nişanlı maşınlar keçirdi.

Heç kəs artıq "kaş ki, nə olardı..." demirdi. "Nə yaxşı, şükürlər, nəhayət!" deyirdi hamı.

Bizim olan hər yerə sevinclə baxırdıq. Hər yer, hər şey bizim idi, bizlik idi. Ağac da, çiçək də, torpaq da...

Qarabağ gül açmış çəmənə bənzəyirdi. Dağ döşündə olanı da, dərədə olanı da. Sevinc ağrılara "Yox!" - deyirdi.

Bu dəfə Şuşa daha fərqli idi. Gözəlliyinin üstünə gözəllik gəlmişdi. Bundan sonra daha da gözəlləşəcəyi hiss olunurdu. Geniş quruculuq işləri gedirdi. Yeni otellər, yaşayış binaları tikilirdi. Özündə qədimliyi saxlayan Şuşa müasirliklə sintezdə daha gözəl görünür.

Bu, başqa ovqat idi.

Laçından gələn də, Laçına gedən də sevinirdi.

Yollar süfrə kimi sərilmişdi.

Yol kənarındakı ağaclar "Xoş gəldin!" deyib, başını yırğalayırdı. Budaqlar bu istəklə yellənirdi. Şuşanın xoş havasına əlavə sərinlik gəlirdi.

Hamının üzündə sevinc vardı. Tanıdığım insanların üzündə çoxdan idi belə sevinc görməmişdim. Qələbə günlərindən başqa.

Səfər sevincimizin üstünə sevinc gətirdi. Şuşada keçirilən hər tədbir adama qürur verır.

Vaqif Poeziya Günlərində Vaqifin məqbərəsi önündəki tədbirdə məqbərədən çıxan Vaqifin (Azad Şükürov) "Durnalar" şeiri ilə salamı o qədər valehedici oldu ki, tamaşaçılar qeyri-ixtiyarı səmaya baxmalı  oldular. Vaqiflə Füzulinin (Nazir Rüstəmov) deyişməsi bu qədim şəhəri bir az da qədimləşdirərək daha da doğmalaşdırdı. Söz dahiləri Şuşanı öz söz, sənət ruhuna qaytardılar. Ardınca səlahiyyətlilərin çıxışları və müasir şairlərin şeirləri keçmişi bu günlə uzlaşdırdı.

M.Füzulinin 830 illiyinə həsr olunmuş "Məhəmməd Füzuli. Zamanın fövqündə" konfransı xüsusi məqamlarla yadda qaldı.

Səfəri daha maraqlı edən məqamlardan biri də Şuşa Dövlət Musiqili Dram Teatrının bizimlə birlikdə olması idi. Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivinin, dəvət olunmuş aktyorların, rəqs kollektivinin ifaları, göstərilən tamaşalar günə xüsusi zövq verirdi.

Tamaşaların ssenarin müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, yazıçı, dramaturq İlqar Fəhmi, rejissoru Əməkdar artist Loğman Kərimov, rejissor asisenti Orxan Abışov olan "Füzuli hücrələri" və "Vaqiflə səyahət" tamaşalarında sevilən aktyorların - Əməkdar artist, professor Azad Şükürovun (Vaqif), Əməkdar artistlər Nazir Rüstəmovun (Füzuli), Teymur Məmmədovun (Rindü Zahid və Bağdadda yaşamış Azərbaycan əsilli şair Gülşəni), Qasım Nağının (Qəzəl söyləyən, Ə.Q.Marağayi) və başqa sənətkarların ifaları Vaqif Poeziya Gününə xüsusi rəng qatdı.

Xalq artisti Gülyanaq Məmmədovanın gözəl ifası Şuşanı əvvəlki halına qaytardı.

Şuşa Dövlət Musiqili Dram Teatrının doğma Şuşada sərgilədiyi yaddaqalan tamaşalara görə teatrının direktoru, Əməkdar artist Yadigar Muradov və teatrın baş rejissoru, Əməkdar artist Loğman Kərimov alqışlarla qarşılandılar.

Bu dəfə bizimlə birlikdə Şuşa sakinləri də tamaşaçı qismində iştirak edirdilər.

Natəvanın evinin qarşısında düzənlənmiş tamaşadan sonra şairlər Şuşaya aid şeirlər oxudular. Gün-gündən gözəlləşərək beynəlxalq tədbirlərə də ev sahibliyi edən Şuşa bu dəfə başqa tərənnümdəydi.

Tamaşadan sonra dostum Kərim Kərimli ilə söhbət də Şuşadan xoş xatirə kimi yadda qaldı.

Qarabağın, Şuşanın xoşbəxtliyi ruhu təzələyirdi.

Xoşbəxtlik insanın ovqatını dəyişir, üzlərdəki təbəssümlər salamlaşır.

Qonaqlar Şuşaya yeni köçmüş sakinlərin xoşbəxtliyinə sevinirdilər.

Pənahəli xanın ruhu qala divarlarına sığal çəkirdi.

Şuşanın pəncərələri Ayın işığını eyvandan içəri ötürürdü.

Hamı Xankəndini də görmək istəyirdi.

Təsadüf elə gətirdi ki, Bakıya köhnə Şuşa-Ağdam yolu ilə qayıtmalı olduq. Bu, Şuşa səfərinin xoşbəxtlik kulminasiyası idi.

Avtobus Xankəndində dövrə vurdu. Ermənilərin yaşadıqları evlərə onların bizim evlərə baxdıqlarından fərqli olaraq azərbaycanlı baxışıyla baxdıq. Xankəndində dalğalanan Azərbaycan bayrağını görəndə alqış sədaları bayrağa qədər ucaldı. O anın qürurunu yaşamaq nə gözəl!

Bizə bu sevinci yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfalar, döyüşçülərə cansağlığı, Ali Baş Komandana "Eşq olsun!" söylədik.

Dərdimizin ağrısı olan Xocalını da gördük. Hamı anidən susdu. Xiffətdən boy atmamış ağacların yarpaqları indi yamyaşıl idi. Bu, həyatın davamını göstərirdi. Xocalıya yeni köçmüş sakinlər Xocalını yaşadırdılar.

Yolboyu gördüklərimiz telefonun yaddaşına köçürülürdü. Əsgəran qalasından sonra Ağdamadək telefona fasilə verildi. Uçurdulmuş evlər, dağıdılan kənd və şəhərlər yaşadıqlarımız illərindən sükutla danışırdı. Hər cümlənin sonunda erməni vəhşiliyi vurğulanırdı.

Kənardan görünən Ağdam şəhərində tikinti işləri gedirdi.

Ağdam-Bərdə yoluna çıxdıq. Avtobusdakı cavanlar torpaqlarımızın hara kimi işğal olunduğunu soruşurdular:

- Özünüz görüb biləcəksiniz - dedim - Harada ki kənd, şəhər dağıdılıb, evlər ucurdulub, ağaclar qırılıb, hər yer erməni zəlzələsindən sonra səhraya çevrilib və sonra ağacları, evləri olan kəndlər görünür, bilin ki, işğal ora kimi idi.

Bərdədən keçib Yevlaxa çatdıq. Yolumuz Bakıyadır...

Tədbirlərimiz yavaş-yavaş Şuşadan Xankəndinə, Ağdama, Füzuliyə, Cəbrayıla, Qubadlıya, Laçına, Kəlbəcərə, cümlə Qarabağa yol alacaq və azad Qarabağda şənliklərimiz davam edəcək.

 

 

 

Mənim Şuşa şəhərim

 

Ucada məğrur dayanan,

Günəş şəfəqinə oyanan,

sevilməkçün yaranan,

sevgiyə boyanan şəhərim,

səhəri doğan şəhərim.

 

Bir üzü Cıdır düzü,

bir üz İsa bulağı,

səsi muğam sədalı,

baxışları ədalı,

mənim Qala şəhərim,

mənim qoca şəhərim.

 

Tarixi qalın-qalın

kitab şəhərim,

mənim kübar şəhərim.

Özüylə öyünən şəhərim,

qucağı qonaqla

döyünən şəhərim.

 

Hər daşı bir ləl çəkisi,

qayasında igidlərin qan ləkəsi.

Son addımla danışar

lal səkisi.

Gah susan,

gah alışan şəhərim,

özüylə barışan şəhərim.

 

Gecəsi Ayla danışan,

gündüzü sözlə yarışan,

havası anbaan qarışan,

mənim səma şəhərim,

mənim Şuşa şəhərim.

 

Şuşa-Bakı

Rəfail TAĞIZADƏ

525-ci qəzet .-2024.- 5 oktyabr (№182).- S.21.