Qaçan bəxtin
ardınca
Getdilər, gördülər və gəlib heyran təəssüratlarını
hər kəslə bölüşməyə
başladılar ki, orada bir el gördük, bizim eldəndir.
Orada üçləri olmuşdu: Rəsul Rza, Bəxtiyar
Vahabzadə, Qasım Qasımzadə. Qayıdandan sonra səfər
təəssüratlarını Rəsul Rza isti-isti "Azərbaycan"
jurnalının 1961-ci il 9-cu sayında dərc edilən əks-sədalı
yazıya çevirmişdi - "Uzaq ellərin yaxın
töhfələri". Uzaq el İraq idi. Yaxın töhfə
orada qanı, canı bizdən, sözü sözümüzdən,
ruhu ruhumuzdan olan kərküklülər.
Özlərinə "türkman" deyirdilər,
ancaq bildiyimiz türkmənlərə aidiyyətləri yox
idi. Bir az ərəb ahəngi qatışmış Azərbaycan
dilində danışırdılar. O ləhcə ki, elə
vaxtilə Məhəmməd Füzuli də o cür
danışmışdı.
Sonra asta-asta tanışlıq dərinləşməyə
başladı. Camaatın qəzetləri-dərgiləri
çox oxuduğu çağlar idi - ard-arda yazılar
çıxdı, get-gəllər artdı və bizdən
uzaqdakı bacı-qardaşlarımızı daha yaxşı
tanımağımıza imkan yarandı.
Və günlərin birində bir xalis kərküklü
də gəlib yetişdi Bakıya və o, qonaq kimi
üç günlüyə, beş günlüyə gəlməmişdi.
Gəldi və illərcə burada qaldı. Əsl kərküklü
necə olurmuş - gözümüzlə görüb,
qulağımızla eşidib şahid kəsildik. Xalis kərkük
ləhcəsi, kərkük azərbaycancası nə təhərmiş,
onun danışığının şirinliyinə dalandan
sonra anladıq, Kərkük nəğmələri buranın
el havalarına necə oxşayırmış, onların
şirinliyi necə bənzərmiş, onun avazından bildik,
Kərkük elləri ilə Azərbaycan mahalları, Kərkük
xoyratları ilə Azərbaycan bayatıları, Kərkük
şərqiləri və Azərbaycan mahnıları
arasında canlı körpüyə dönən o
qardaşımız Sinan Səid idi.
Sinan Səid 1934-cü ildə dünyaya göz
açanda atası Səid Əbdülqadir Molla Əbdülqəni
ağa Kərkükün qubernatoru idi. Bu uşaq həm də
köklü-köməcli bir nəslin övladı kimi təvəllüd
tapmışdı, məşhur Tərzibaşılardan idi.
Əbdürrəhman Tərzibaşı bu körpənin əmisi
idi. Sinan ailənin ikinci övladı idi və bu ocağın
digər uşaqları - Ehsan, Kənan, Ədnan və Nəzakətin
arasında sonralar Sinan kimi ədəbiyyata, mədəniyyətə
bağlanan bir də Kənan oldu. İllər sonra Kənan Səid
artıq İraq-türkman ədəbiyyatında sərbəst
şeir yazanlar arasında öndə gedənlərdən idi.
Sinan Səid orta təhsilini alıb liseyi başa
vurandan sonra bir illik müəllimlik kursuna da getdi və 1952-ci
ildə rəsm müəllimi kimi işə başladı.
Beləcə, 7 il müəllimlik etdikdən sonra onun
bütün gələcək taleyini müəyyən edəcək
qapı açıldı - 1959-cu ildə Bağdad radiosunda
türkman bölümü fəaliyyətə başladı.
Savadının da, səsinin də bu işə tam
uyğunluğundan əlavə, Sinanı radioya çəkən
həm də həmin çalışmaların milli mənası,
xalqa xidmət etmək üçün meydan açması
idi.
Vaxtilə Aydın Qaradağlının
"Danışır Bakı!" sözləri bütün
Azərbaycan boyu insanlarımızda hansı duyğuları
oyadırdısa, Sinan Səidin də "Burası Bağdad
radiosu, türkmanca bölümü!" sözləri də
kərküklüləri eyni dərəcədə riqqətə
gətirirdi.
Tanınmış Kərkük aydınlarından Nəbil
Kuzəçinin sözləridir ki, "bu anons səsi Sinan Səidin
adını bütün türkmanların vicdanına altun hərflərlə
həkk etmişdir".
Radio qaynayan qazan kimi canlı bir mühit idi. Sinan hər
gün ən yeni xəbərlərin əhatəsində idi,
bütün gününü, həm də radionun
saatlarını dolduran musiqi, ədəbi parçalar idi və
burada çalışdığı illərdə
diktorluğundan, aparıcılığından savayı
ara-sıra türkülər də ifa edər, onların bir
qisminin sözü də, bəstəsi də elə
özününkü olardı.
Və Sinan Səid özü qoşduğu həmin nəğmələri
"Tərzibaşı" imzası ilə təqdim edirdi,
eşidənlər də maraqlanırdılar ki, axı bu Tərzibaşı
kimdir?
Bu həqiqət qulaqların həmin imzaya adət etməsindən
xeyli sonralar - günlərin birində Sinanın "Musalladan
Şaturluya", "Hər gün axşam" türkülərini
öz səsi ilə və artıq öz açıq
imzası ilə oxuduğu zaman üzə çıxacaq.
"Musalladan Şaturluya" türküsünün
bənzəri Anadoluda da vardı: "İstanbuldan
Üsküdara yol gedər". Bəlkə də Sinan öz
türküsünü həmin İstanbul nəğməsindən
ilhamlanaraq qoşmuşdu. Musalla da, Şaturlu da Kərkükdə
məhəllələr idi və Sinan belə yazır, belə
oxuyurdu:
Musalladan Şaturluya yol gedər,
Yol gedər, çavuş, yol gedər.
Xanımlara dəstə-dəstə gül gedər,
Gül gedər, baba, gül gedər.
Yandım, çavuş, yandım sənin əlindən,
Əlindən, çavuş, əlindən.
Tutsam sənin fidan boylu belindən,
Belindən, çavuş, belindən.
Musalladan Şaturlunun arası,
Arası, çavuş, arası.
Yaxdı məni gözlərinin qarası,
Qarası, çavuş, qarası.
Yandım, çavuş, yandım sənin əlindən,
Əlindən, çavuş, əlindən.
Tutsam sənin fidan boylu belindən,
Belindən, çavuş, belindən.
Radio işini Sinan çox sevirdi, özünün
apardığı hansısa bəlli verilişlər,
proqramlar vardısa da, onun fəaliyyəti bunlarla məhdudlaşmırdı
və əslində o, radionun canı idi. Radioya həm
düşünərəkdən, həm də içəridən
gələn bir duyğuyla bu işi milli fəaliyyətin vacib
qanadı kimi hiss etdiyindən digər verilişlərə də
bu və ya digər dərəcədə aidiyyəti
vardı.
Bir zamanlar bizdə - Azərbaycan radiosunda mütəmadi
səslənən və böyük dinləyici rəğbəti
qazanmış, xalqın teatr zövqünün tərbiyə
edilərək yüksəlməsinə də əvəzsiz
faydalar vermiş "Radionun tamaşa salonu" biçimində
cəhdləri Bağdad radiosunun türkman bölümündə
Sinan Səid də etmişdi. "Çünki oldun dəyirmançı,
çağır gəlsin dən Koroğlu" düsturu ilə
radio quruluşu verilən "Fəttah fal"
tamaşasında o, artıq həm də aktyor kimi
çıxış etmişdi. Eşidənlərin,
şahidlərin yazmasınca, diktorluq, jurnalistlik, müğənnilik
səylərinin üstünə gələn aktyorluq təşəbbüsləri
də Sinan Səiddə yetərincə uğurlu
alınıbmış.
Şərqi olsaydın, dinlərdim səni
Ömür boyunca.
Ceyran olsaydın, ovçu olardım, vurardım səni
Məndən qaçınca.
Şərab olsaydın, içərdim səni doyunca,
Hey doyunca.
Şərqilərdən gözəlsən, ceyranlardan
incəsən,
Şərablardan da dadlı.
Sən bir xəyalsan, mənsə bir atlı,
Qaçaram ardınca ömür boyunca.
Hələ musiqi qoşulmamışdan nəğmə
kimi səslənən bu misralar da Sinan Səidin şeirlərindəndir.
Yazmağa erkən - hələ lisey dövründən
başlamışdı. Ancaq o vaxtlar ərəbcə
yazardı və şeirləri ayrı-ayrı qəzet-jurnallarda
da dərc edilərdi. Ənənəvi tərzdə, klassik
üslubda qələmə aldığı şeirlər bəyənilsə,
ədəbi dairələrdə müsbət rəylər
doğursa da, daim yenilikçiliyə mail olan Sinan Səid sərbəst
şeirə də üz tutur və bu səbkidə
yazdıqları tezliklə rəğbət qazanır, obiri
şeirlərindən az olmayan pərəstişkarlar
tapır.
Bəzən Sinan Səid kimi ən müxtəlif
istiqamətlərə can atan, üz tutduqları hər səmtdəki
işləri uğurlu da alınanlara yeganə irad bu olur ki,
kaş bir xətti tutub gedəydi, onda daha artıq parlar, daha
çox faydalar verər, daha böyük işlər görməyə
müvəffəq olardı. Bu ehtimalda həqiqət izi
olmamış deyil. Ancaq Sinan Səid kimi bulaq insanları idarə
edən yalnız soyuq ağıl deyil, həm də (və bəlkə
lap daha əvvəl) izahsız fəhm, xalq
qarşısında özünü bir çox mühüm
işləri hökmən yerinə yetirməyə vəzifəli
bilmək duyğusu olur. Bu qəbil insanlar iti hissiyyatları ilə
ətrafdakı boşluqları, fayda verə biləcəkləri
məqamları dərhal sezir, başqalarının həmin
işləri yerinə yetirməsi növbəsini gözləmədən
meydana atılır və təklif gözləmədən
xalqa xeyir verə biləcəkləri qədər
çalışmağa tələsirlər.
Sinan Kərkükün ağsaqqal rəssamı Məhəmməd
Übeydidən dərs almışdı. Sinanda həm rəssamlıq,
həm də öyrədicilik qabiliyyətlərinin necə
qabarıq olduğunu hiss edən ustadı onu yeni kərküklü
rəssamlar nəsli yetişdirmədə gərəkli ola biləcəyi
səbəbiylə məhz rəsm müəllimliyinə
yönəltmişdi. Ancaq bu yeganə istiqamət istedadla, təşəbbüskarlıqla
aşıb-daşan Sinan Səidi çətin qane edə idi.
Başlayır rəsm sərgilərinin təşkil edilməsi
sahəsində addımlar atmağa.
1952-ci ildə, zahirən hələ ümummili mənası
olan işləri yerinə yetirməkçün sütül,
yetişməmiş olduğu ilk gənclik
çağlarına - 18 yaşında ikən kərküklü
sənətçiləri ətrafında birləşdirən
bir qurum yaradır. Həmin sənət birliyində ondan
yaşlı xeyli musiqiçi, ədib, rəssam, elm adamı -
bir sözlə, hər təbəqədən ziyalılar
vardısa da, cavan Sinan daim öndə görünür,
bütün əsas təşəbbüslər ilk olaraq ondan
gəlirdi.
1950-ci illərdə onun nə yaşı vardı ki!
Sinni 20-nin həndəvərində dolanan cavanların
çoxu hələ ata-ana himayəsində olur, ancaq taleyin
millət yükünü çəkməyi həvalə
etdiyi Sinan kimi seçilmişləri Tarix həmişə
yaşından daha böyük edir. 1950-ci illər idi və Kərkükdə
hansı qəzeti açırdın, onun məqalələrinə,
tərcümələrinə, hekayə və şeirlərinə
rast gəlirdin. "Nədim", "Əxbar",
"Hatif" qəzetlərində mütəmadi yazılarla
çıxışlar etməsi bir yana, Sinan həm də
xeyli müddət "Afaq" qəzetinin redaktoru oldu.
1955-56-cı illərdə 21-22 yaşı vardı. Lakin
artıq Kərkük ictimaiyyəti onu oturuşmuş jurnalist
kimi qəbul etmişdi və Sinan Səid özü müstəqil
qəzetçiliyə başlamışdı, "Səda əl-şəbab"
- "Gəncliyin əks-sədası" ruznaməsini
çıxarırdı.
İndi arxada qalmış zamana bugündən nəzər
salarkən Sinanın müstəsnalığı, Kərkükün
ictimai-siyasi və mənəvi həyatına məhz milli
missiya daşıyıcısı kimi gəlməsi aydın
görünür. Ona kimlərsə, hansı dairələrsə
səlahiyyətlər verməmiş, plan
cızmamışdı ki, bunları etməlisən. Nə
edirdisə, hamısı ürəkdən-candan gəlirdi və
çiyinlərinə bu qədər yükü
götürmüş Səid sadəcə bir rəsm müəllimi
idi. Ancaq ona sadə demək olardımı?
Sovet onillərində, uzun 70 il boyunca Azərbaycan Sovet
İttifaqı tərkibində respublika, yəni sözdə
dövlət içində dövlət olsa da, təbii ki, hər
addımı Moskvaya bağlı idi. Lakin hər halda
özünün bütün əsas sahələr üzrə
nazirlikləri vardı və yerli-dibli müstəqil xarici
siyasəti yoxdusa da, bir sıra başqa müttəfiq
respublikalardan fərli olaraq bizdə yalan-gerçək hətta
Xarici İşlər Nazirliyi də yaratmışdılar.
Sovet dövründə Azərbaycanda xarici siyasətin
varlığını göstərən ən azı iki təsisat
vardı: Bakıda İran və İraq dövlətlərinin
konsulluğu mövcud idi. İllər ötəcək, həmin
konsulluqlar Azərbaycanın müstəqilliyi dönəmində
Bakıdakı ilk səfirliklərə çevriləcəklər.
Amma hər halda 1960-70-80-ci illərdə də həmin
konsulluqların varlığı Azərbaycanın dövlət
çəkisinə sanbal artıran əlamətlər idi.
Sovet dönəmində Azərbaycanın İraqla ən
azı üzdən birbaşa kimi görünən əlaqələrinin
bir nəticəsi də bu oldu ki, Bağdaddan Azərbaycana
burada uzun müddət qalaraq yaşayıb-işləmək
üçün bir İraq vətəndaşı ezam edildi.
Və nə ondan əvvəl, nə ondan sonra belə
uzun müddət İraqdan gələrək burada, elə
hamımızdan biri kimi, elə bir Azərbaycan müəssisəsində
çalışan ikinci şəxs olmamışdı. Bu
körpüyə çevrilməlik də Sinan Səidin bəxtində
imiş və onun sərhədlərin qapalı vaxtında Azərbaycanda
yaşadığı illər yurdumuzu, millətimizi vətəndən
uzaqlarda tanıtmaq baxımından çox səmərəli
oldu, özünün də içəridən neçə
boy artmasına gətirib çıxardı.
Azərbaycan radiosunun xarici ölkələr
üçün verilişlər bölümünün
danışdığı dillər vaxt ötdükcə
xeyli artıb, 2000-ci illərdə artıq bu dillərtin
miqdarı 10-dan çoxdur. Amma sovet dövründə cəmi
3 dil idi: Türkiyə türkcəsi, fars və ərəbcə
verilişlər hazırlayan redaksiyalar fəaliyyətdə
idi. Elə Bakı Dövlət Universitetinin Şərqşünaslıq
fakültəsində də həmin 3 dil tədris edilirdi (indi
burada da öyrədilən dillərin miqdarı 10-a
çatmaqdadır) və kadr qıtlığı
ucbatından orada dərs deyən müəllimlərdən, hərdən
tələffüzü məqbul, səsi mikrofona düşən
tələbələrdən də mütəmadi bu
redaksiyalara cəlb edilənlər olurdu. Farsca bölümündə
ciddi sıxıntı yox idi. Əslən İrandan olan,
vaxtında təhsilini orada almış və farscanı ana
dili səviyyəsində bilən, üstəlik, lap mənşəcə
fars olan mütəxəssislər İran redaksiyasının
işini xeyli yüngülləşdirirdi. Amma ərəb
redaksiyasında vəziyyət nisbətən çətin
idi. Xüsusən də İran redaksiyası ilə müqayisədə
ərəb dil daşıyıcılarının boş yeri
qabarıq hiss edilirdi.
Və 1959-cu ildə aparılmış
danışıqların, yazışmaların nəticəsi
olaraq İraq dövləti tərəfindən Bakıya rəsmi
olaraq Azərbaycan radiosunun ərəb redaksiyasında
çalışmaq üçün hər cəhətdən
münasib olan bir nəfər göndərilir.
Ona görə hər cəhətdən münasib ki,
İraqda doğulub-böyümüş, bütün təhsilini
ərəbcə almış, ərəbcəsi ana dili səviyyəsində
olan həmin ezam edilən həm də
özümüzünkü idi. Əvvələn, Azərbaycan
dili onun üçün elə ana dili mərtəbəsində
idi və Bakıda işləyəcəyi kollektivdə onun
ünsiyyət baxımından heç bir
narahatlığı olmayacaqdı. Digər tərəfdən,
Bakıya gələnəcən 6-7 ay Bağdad radiosunda
çalışması, efir təcrübəsi
yığması ona elə gələn kimi asudəcə
axına qoşulmağa imkan yaradırdı.
Üçüncüsü və ən önəmlisi də
bu idi ki, gələn, sadəcə, hazır mətnləri
oxuyası diktor deyildi, özünün də artıq
bişkinləşmiş qələmi vardı, mətnlər
yazmaqdan əlavə, başqalarının
hazırladığı yazıları da redaktə edərək
üslubca müasir ərəb dili baxımından daha
düzgün və kamil səviyyəyə çatdırmaq
gücündə idi.
Bu, Sinan Səid idi və onun gəlişi ilə
radionun nə qədər qazanacağı qabaqcadan ehtimal edilən
idisə, özünün əldə etdiklərinin öncədən
fərz ediləndən də qat-qat artıq olmasını
yaşanan illər göstərdi.
Sinan gəldi və ab-havası ona hələ
Bağdaddan tanış olan radio ailəsinə qısa
müddətdəcə isinişdi. Daha artıq - Azərbaycan
ziyalı mühitində çoxlu dostlar tapdı və
Bakıda yaşadığı 11 ildə o, hər kəsin həmişə
buradaymış kimi qəbul etdiyi Azərbaycan
ziyalılarından birinə çevrildi.
Ömrünün Bakı parçası, sovet
dövründə hələm-hələm hər əcnəbiyə
nəsib olmayan uzun müddətdə Azərbaycanda
yaşaması Sinan Səidin özü üçün də
taleyin misilsiz möcüzə sayılası töhfəsi
idi. Bakıda olduğu illər onun ana dilində mükəmməl
təhsil almasına yol açır. Radioda işləyə-işləyə
1961-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika
fakültəsinə qəbul edilir. Universitetdəki 5 illik təhsil
yalnız onun üçün jurnalistika ilə bağlı
peşəkar biliklər almaq üçün faydalı olmur.
İraqda da, ayrı bir ölkədə də oxuyub bu
ixtisasın sirlərinə dərindən vaqif ola bilərdi.
Lakin Bakıda tələbə idi, Azərbaycan dilində təhsil
alırdı və bu 5 il onunçün həm də və
ilk növbədə mükəmməl ədəbi ana dili məktəbi
keçmək deməkdi.
1965-ci ildə universiteti bitirir və az sonra Azərbaycan
Elmlər Akademiyası Yaxın və Orta Şərq
Xalqları İnstitutunun aspiranturasına da qəbul edilir.
Götürdüyü mövzu içərisindən
keçdiyi, yaxşı bildiyi və özünün də
bilavasitə çalışmış olduğu bir sahəyə
həsr edilmişdi: "1954-1966-cı illərdə İraqda
türk mətbuatı və ədəbi məsələlər".
1969-cu ildə 350 səhifəlik bu sanballı
araşdırmasını uğurla müdafiəyə
çıxarır və alimlik diplomu alır. Həmin
dissertasiya müdafiəsinin necə keçməsi haqqında
opponentlərdən biri olmuş unudulmaz müəllimim
professor Abbas Zamanov danışırdı ki, mən də, digər
opponent Mirzağa Quluzadə də əsərin məziyyətlərindən
çox bəhs etdik, alimlik dərəcəsi almağa tam
layiq olduğunu söylədik, amma müzakirələrdə
çıxış edən Rəsul Rza bizdən də irəli
getdi, söylədi ki, bu dissertasiyanın elə bircə fəsli
- "İraq mətbuatında Məhəmməd Füzuli
şəxsiyyəti və yaradıcılığı"
adlanan hissəsi müəllifə arzusunda olduğu elmi dərəcəni
verməyə tam kifayət edir.
Sinan Səidin elmi rəhbəri isə xeyirxah, İraq
elmi-ədəbi mühiti ilə sıx bağlı olan
unudulmaz akademik Həmid Araslı idi. Həmin dissertasiya
müdafiəsindən 10 ildən də artıq vaxt keçərkən
bir dəfə Həmid müəllimin masasının
üstündə 1930-cu illərdə İstanbulda mühacir həyatı
yaşayan Fuad Əmircanın nəşr etdirdiyi
"Kafdağı. Kafkasiya haqqında yazılar dərgisi"ni
gördüm, söhbət Azərbaycandan xaricdəki
türkdilli mətbuatdan düşdü, söz hərlənib-fırlanıb
gəlib çıxdı Sinan Səidin həmin
dissertasiyasının üstünə. Həmid müəllim
qayıtdı ki, o zaman, dissertasiya müdafiəsi əsnasında
Sinanın araşdırmasını ayrıca kitab kimi nəşr
etmək təklifləri səsləndi, həqiqətən
çox tutarlı bir əsər idi, amma təəssüf, bu
niyyət təşəbbüsdən o yana keçmədi.
Sinan Səidin həmin dissertasiyanı yazıb
müdafiə etməsindən artıq 50 ilə yaxın bir
vaxt keçərkən günlərin birində kərküklü
dostumuz doktor Şəmsəddin Kuzəçi də Azərbaycan
radiosu üçün Sinan Səidlə bağlı
hazırladığım verilişdə təəssüflə
söylədi ki, illərdir həmin əsəri nəşr
etdirmək ürəyindən keçir, ancaq nə qədər
axtarsa da, əlyazmanı tapa bilməyib - ailəsindən
soruşub, onlarda qalmayıb, Bakıda, Elmlər
Akademiyasının kitabxanasında, Şərqşünaslıq
İnstitutunun arxivində maraqlanıb, müsbət cavab ala
bilməyib.
Bilirdim ki, sovetlər dönəmində müdafiə
edilən, təsdiqini alan dissertasiyaların bir nüsxəsi
mütləq Sovet İttifaqının baş nəşrlər
xəzinəsinə - Lenin adına SSRİ Dövlət
Kitabxanasına (1992-ci ildən Rusiya Dövlət
Kitabxanası) yollanılırdı. Alimlik dərəcəsi
diplomlarının verilməsi Moskvada cəmləşdiyindən
dissertasiyalar Ali Attestasiya Komissiyasına rus dilinə çevrilərək
göndərilirdi və müəyyən müddətdən
sonra onlar da dissertasiyaları Lenin kitabxanasına yönəldirdilər.
Ancaq avtoreferatı rusca idisə də, Sinan Səid
dissertasiyanı Azərbaycan dilində yazmışdı və
yəqin, xarici vətəndaş olması nəzərə
alınaraq o vaxt ondan əsəri rus dilinə tərcümə
etdirməsi tələb olunmamışdı. Ona görə də
sanki dissertasiyanın bütöv şəkildə Moskvaya
göndərilməsinə də zərurət
qalmırdı. Odur ki, Sinan Səidin əsərini bizdə,
son ümid yeri olaraq, Mirzə Fətəli Axundzadə
adına Milli Kitabxanada axtarmaq cəhdi olmuş və əl
boşa çıxmışdısa da, dissertasiyanı
Moskvada soraqlamaq heç ağla gəlməmişdi. Qərara
aldım ki, artıq ortada olmadığına tam əminlik
yaranmış əsəri istənilən halda Moskvada
arayım. Keçmiş sovet AAK-ının varisi olan Rusiya
Federasiyası Ali Attestasiya Komissiyasına müraciətim,
oradakı əski qeydiyyat kitablarının vərəqlənməsindən
sonra bəlli oldu ki, Sinan Səidin Azərbaycan dilində olan
dissertasiyası ora göndərilibmiş, 1970-ci illərin əvvəllərindəsə
oradan da Mərkəzi Kitabxanaya təhvil verilib. Yeri
aşkarlanandan sonra Rusiya Dövlət Kitabxanasında
dissertasiyanın mətnini tapmaq elə bir çətinlik
törətmədi. Yaranan növbəti maneə bu idi ki,
dissertasiyanın bütövlükdə surətinin
çıxarılmasına icazə yoxdu - yalnız 20-30 səhifəlik
parçanı ala bilərdin. Bu yerdə də Moskvada
yaşayan dostumuz, professor Abuzər Bağırov
dadımıza yetdi. Müxtəlif günlərdə, fərqli
şəxslər tərəfindən edilən müraciətlərlə
hissə-hissə dissertasiyanın tam halda surətini
çıxarıb mənə çatdırdı, mən də
kiril əlifbasında olan mətni kompüterdə təzədən
yazaraq ön söz və qeydlərlə nəşrə
hazırladım, güman ki, uzaq olmayan gələcəkdə,
nəhayət, bu qiymətli, yazıldığı vaxtdan
altı onilə yaxın vaxt sovuşsa da köhnəlməmiş
əsər oxucusu ilə görüşəcək, bu da Sinan
Səidin ən irihəcmli araşdırması ilə ədəbi-elmi
dövriyyəyə yeni qayıdışına dönəcək.
Şəmsəddin Kuzəçi də bizim nəşri səbirsizliklə
gözləyir ki, ardınca həmin kitabı həm Türkiyədə,
həm də İraqda yayınlasın.
Əsərinin ilk cümlələrindəncə Sinan
Səid oçağacan öyrənilməmiş, mənbələri
pərakəndə bir sahəyə baş vurduğunun çətinliyini
dərk edərək, amma məhz bu istiqamətin
lazımınca araşdırılmasının xalqın
özünüdərkindən ötrü nə qədər əhəmiyyətli
olmasını da anlayaraq belə başlayırdı:
"İraqda dərin tarixi kökləri olan türkdilli ədəbiyyat
və bu ədəbiyyatla üzvi bir surətdə
bağlı olan, onu əks etdirən son dövrdəki mətbuat
elmi bir surətdə öyrənilməmişdir. İraqda
yaranmış və yaşamaqda olan türk ədəbiyyatı
haqqında lap az əsər yazılmış, bu əsərlərin
bir qismi hələ də əlyazmaları halında
qalmaqdadır.
Kərküklü şair Hicri Dədənin 1930-cu illərdə
yazdığı "Riyazu-ş-şüəra" adlı
təzkirə kitabında 150-yə qədər Kərkük,
Ərbil və Kifri şairlərinin qısa tərcümeyi-halı
əksini tapmışdır və müəllif digər əlyazmaları
ilə birlikdə bu əsərlərinin də oğlunun
böyüyüb boya-başa çatdıqdan sonra sərəncamına
verilməsini bir qədər əvvəl vəsiyyət
etmişdir".
Sinan Səid diqqətləri bu incə nöqtəyə
bica yerə cəlb etmirdi. Əli qələmli ata anadilli bədii
sözün bu xalq üçün mənasını
bütün varlığı ilə duyduğundan dünyadan
köçəcəyi təqdirdə balasına mal-dövlətdən
daha üstün sərvəti - ata-babaların mənəvi
yatırını tanıyaraq ona sahib olmağı öyrədəcək
təzkirəsini miras qoyurdu.
Ümummilli dəyəri olan, keçmişin irsi barədə
dolğun və dürüst təsəvvür yaratmaq məqsədi
daşıyan əsərini yazarkən Sinan Səid əlyazmaları
araşdırmışdı, həyatda olan
ağsaqqallı-ahıllı-cavanlı ədiblərlə
görüşmüşdü, "Afaq", "Kərkük",
"Bəşir", "İraq" qəzetlərini,
"Qardaşlıq", "Yeni İraq", "Əl-Turas
əl-Şəbi" jurnallarını, bütövlükdə
İraqda mətbuatın yaranmasından - 1869-cu ildən bəriki
bütün türkdilli qəzet və jurnalları diqqətlə
izləmiş, bununla ürəyi soyumamış, digər ərəb
ölkələrində, Avropada dərc olunmuş
araşdırmaları da öz tədqiqat mövzusu baxımından
incələmişdi. Yəni vicdanla, sevgi və vətəndaş
qeyrəti ilə yazılmış bu əsəri oxuduqca o qənaətə
gəlirsən ki, Sinan Səid seçdiyi dövrlə
bağlı bütün sualları gərəyincə
aydınladıb, gələcəkdə kimsə bir də bu
mövzuya müraciət edərsə, onun etmədiklərini,
edə biləcəyi nələrisə tapmayacaq, elə Sinan
Səid təmkini və səliqəsi ilə sonrakı illərdəki
gedişatı araşdırmalı olacaq.
...Beləliklə, 1969-cu il iyunun 10-da Sinan Səid
Bakıda dissertasiyasını müdafiə edir və az sonra
vətəninə elmlər doktoru kimi qayıdır.
İş ondadır ki, həmin dövrdə Azərbaycanda da
SSRİ-nin hər yerində olduğu kimi, birinci
dissertasiyanı müdafiə edib elmlər namizədi, ikinci
dissertasiyanın müdafiəsindən sonra isə elmlər
doktoru olurdun. Əcnəbilərə isə elə bizim
"namizədlik" adlandırdığımız birinci mərhələ
dissertasiyanın müdafiəsi yetərli idi ki, onlara elmlər
doktoru diplomu verilsin.
Sinan Səid həmişə onunla yanaşı olacaq
fasiləsiz işləyən Azərbaycan dili müəllimini
və böyük ölçüdə ömür səadətini
də Bakıda tapır.
1960-cı illərin əvvəllərində Bakı
Dövlət Universitetinin Şərqşünaslıq
fakültəsində təhsil alan Raidə Bağır
qızı Azərbaycan radiosu ilə də əməkdaşlıq
edirmiş. Xarici verilişlər bölümündə
İran redaksiyası xəttilə ona tapşırılan tərcümələri
yerinə yetirir, diktor kimi mətnlər oxuyurmuş. Xarici
verilişlər bölümünün daimi işçiləri
və bu redaksiyalarda əməkdaşlıq edən kənar
müəlliflərin sayı çox deyildi, zaman
ötüşü ilə dillər xeyli artıbsa da, əməkdaşlar
və kənardan dəvət edilənlər sayca elə indi də
barmaqla sayılacaq qədər azdır.
Hər gün eyni dəhlizlərdən keçən,
məhdud sayda olan səsyazma studiyalarının
qarşısında mütəmadi olaraq növbəyə
duran Sinanla Raidanın günlərin birində tanış
olmaları, yollarının kəsişməsi labüd idi.
Necə tanış olmalarının, sevgi hekayələrinin
nə sayaq başlamasının tarixçəsini
övladlarına da söyləyiblərmiş.
Səs yazısı otağının
qarşısında dayanaraq hər biri intizarla içəriyə
nə vaxt keçəcəyini gözləyirmiş. O
gözləmə dəqiqələrinin tək faydası bu
idi ki, az sonra mikrofon qarşısına keçərək
oxuyacağın mətni təkrarlamağa,
hazırlaşmağa əlavə fürsət
qazanırdın. Sinanla Raida dəhlizdə durublarmış,
başqa müxbir və diktorlar kimi hərəsinin fikri öz
yazısında. Birinin əlində farsca mətn, digərində
ərəbcə çap edilmiş səhifələr. Necə
olursa, qəfilcə bunun gözü onun gözünə
deyil, onun gözü bunun, bunun da nəzəri obirisinin mətninə
sataşır. Bu, ərəbcəni, o, farscanı bilmir. Mətndən
aralanıb başlarını qaldırırlar,
baxışları qarşılaşır, bu onu fars, o bunu ərəb
hesab etdiyindən ortaq yolu seçir, bir-biri ilə ingiliscə
danışmağa başlayırlar. Bu arada dəhlizdən
keçən radio əməkdaşlarından biri Raida ilə
salamlaşır, "Necəsən?" soruşub keçir,
ardınca biri də gəlir, o da azərbaycanca Sinanla
salamlaşır, hal-əhval tutur. Sinan ona təmiz azərbaycanca
cavab verəndə Raida təəccüblənir, yenə
ingiliscə soruşur ki, deyəsən, azərbaycancanı da
öyrənmisiniz? Sinan gülümsünür və azərbaycanca
cavab verir: "Necə yanı azərbaycancanı öyrənmişəm,
azərbaycanca öz ana dilimdi də".
Gülüşürlər və bu minvalla
tanış olurlar, tezliklə də qovuşurlar, Azərbaycan
radio-televiziya məkanında o illərdə yaranmış
xoşbəxt cütlüklərdən birinin təməli həmin
dəhlizdəcə qoyulur. Bu sevgidən iki gözəl bala
dünyaya gəlir. Bir oğlan, bir qız: Ümid və
Əməl. İkisi də Bakıda doğulur. Ümid
1964-cü ildə, qızları Əməlsə 1966-da.
Və Bakıya tək gəlmiş Sinan Səid 1970-ci
ildə Bağdada artıq dörd nəfərlik ailəsi ilə
qayıdır.
Qayıdan kimi də onu böyük məmnuniyyətlə
Bağdad Universiteti Ədəbiyyat fakültəsinin
jurnalistika bölümünə işə götürürlər.
Sırf jurnalistika, mətbuat mövzusunda dissertasiya müdafiə
edərək alimlik dərəcəsi almış, zəngin
beynəlxalq efir təcrübəsi olan müəllim kimi o,
Bağdad Universitetində tək idi. Çox keçmir Sinan Səidi
həmin jurnalistika bölümünə rəhbər təyin
edirlər. Ancaq 1980-ci ildə artıq arxada qalan 10 ildə
xeyli genişlənmiş jurnalistika bölümü onun səyləri
ilə müstəqil jurnalistika fakültəsinə
çevrilir və təzə fakültənin ilk dekanı da
Əbdülqadir Sinan Səid olur.
Sinan Səid çoxdan həyatda yoxdur. Onun
ömür yolu 1991-ci ildə bitib. Amma jurnalistika fakültəsində
yetişdirdiyi onlarca televiziya, radio mütəxəssisi,
reportyorlar, bir-birindən qabil jurnalistlər artıq yalnız
İraqda deyil, ölkə xaricində də
çalışmaqdadırlar. Onların hər biri
özü ilə bir parça Sinan işığı
yaşadır. Amma Bağdad Universitetində Sinanın xatirəsini
hər gün yaşadan başqa bir iz də var. O auditoriya ki
orada 1970-1980-ci illərdə Sinan Səid mühazirələr
oxuyardı, çıxışlar edərdi, müzakirələr
aparardı, haçandır ki, onun adı ilə birləşərək
"Sinan Səid salonu" adlanır. Bu da yetirmələrinin,
keçmiş həmkarlarının işlədiyi
universitetin Sinan Səidin xatirəsinə
sayğılarının və məhəbbətinin
Bağdad Darülfünununun divarları arasında hər
gün göz önündə olan bariz ifadəsidir.
...Bütün ömrü boyu körpü adam
olmuş, ədəbiyyatlar, mədəniyyətlər, xalqlar,
nəsillər arasında bağlayıcılıq,
ötürücülük vərdişlərini həyat
amalına çevirmiş Sinan Səidin bu yoldakı ən
diqqətəlayiq fəaliyyətlərinin bir qanadı da tərcüməçiliklə
bağlı idi.
1968-ci ildə Azərbaycanda il boyu möhtəşəm
ədəbi bayram yaşanırdı - Molla Pənah Vaqifin
anadan olmasının 250 illiyi münasibətilə
sıra-sıra kitablar nəşr edilir, rəsm əsərləri
yaranır, Vaqif sözlü nəğmələr bəstələnirdi
və bu möhtəşəm bayrama Sinan Səid də öz
qiymətli töhfəsini verir - Vaqifin 29 şeirini ərəbcəyə
çevirir, beləcə, böyük şair ilk dəfə ərəbcə
danışır.
Ayrıca kitabça kimi buraxılan bu nəşrə
Sinan Səid kiçicik ön söz də yazmışdı
və həmin 4-5 cümlədən bircəsi mütərcimin,
şeirlərini çevirdiyi Vaqiflə ruh qohumluğunun bir
cizgisinə işıq salır. Yazırdı ki, "Vaqifin
bu sözlərinin hər biri bir usta, istedadlı rəssamın
fırçası ilə çəkildiyi hissini
oyadır".
Axı Sinan Səid özü də belə idi. Mətn
oxuyanda səsində, nəğmə ifa edəndə
avazında, şeir yazanda misralarında ilk peşəsinin, ilk
məhəbbətinin - rəssamlığın dalğası
həmişə duyulurdu.
Sinan Bakıdan Bağdada qayıdandan sonra universitetdə
dərsini deməklə yanaşı, həm də 1970-ci ilin
iyunundan etibarən ana dilində çıxmağa başlayan
"Yurd" qəzetinin baş redaktoru idi və burada dərc
edilən silsilə məqalələrin hər biri maraqla
qarşılanırdı.
Elə həmin dövrdə də iş-gücdən
usanmayan Sinan Səidin düz 10 il boyunca Bağdad radiosunda ana
dilində hazırladığı "Yeddi gündə
bir" həftəlik proqramı hər kəsin səbirsizliklə
gözlədiyi verilişi idi. Amma ana dilinə, doğma
xalqına göstərdiyi fədakar xidmətlərlə
yanaşı, vətəndaşı olduğu İraqın da
ədəbi-mədəni həyatında doktor Sinan Səid
öndə idi, ərəbcə yazdığı şeirlər
və məqalələr, ərəbcəyə etdiyi tərcümələr
onu ölkə boyu da, sərhədlərdən kənarda da
şöhrətləndirməkdə, ədəbi çəkisi
və nüfuzunu artırmaqda davam edirdi. Səbəbsiz deyil
ki, o, 1972-ci ildə İraq Yazarlar və Ədəbiyyatçılar
Birliyinin baş katibi seçilmişdi.
Kimimiz yemək üçün yaşayacaq,
Kimimiz yaşamaq üçün yeyəcək,
Kimimiz ağlayacaq, kimimiz güləcək.
Kimimiz yüksələrək alçaqlayacaq,
Və bir parça çörək üçün
baş əyəcək.
Kimimiz alçalaraq yüksələcək,
Və baş əymək üçün öləcək.
Qazılacaq bir az erkəndən qəbri,
Ölüm Allahın əmri, ayrılıq
olmasaydı.
Bir də bu dərd - çörək, ey fələk!
Bu, Sinan Səidin ölüm və həyat haqqında
şeirə çevrilmiş dşüncələridir.
Özü - həyata qurub-yaratmaq, faydalı olmaq
üçün gələnlərdən idi.
Çox da uzun olmayan, son 18 ayını da xəstə,
üzgün halda yataqda keçirdiyi 57 illik bir ömür
sürdü, qəbri də "erkəndən
qazıldı". Amma bu insanlarla, hadisələrlə,
çalışmaqlarla ləbələb ömrü elə
yaşadı ki, yurd onu daim bağrının başında
saxlayacaq. Elə yaşadı, elə çalışdı
ki, yeddi gündə bir, ayda bir, ildə bir deyil, hər gün
və həmişə minnətdarlıqla anılmaq
haqqını, da sağlığında olduğundan daha
yüksək və layiqli qiymətini də ölümündən
sonra qazandı.
Bizlərə duyğulu ürəyinin soyumaz hərarətini
qovuşdurduğu elə nəğmələr yadigar qoydu ki,
onlar yüzillər sonra səslənəndə də Sinan Səidə
yeni həyat verəcək, onu canlı edəcək, hər
yeni nəsillə müasirə çevirəcək.
Sinanla vida günlərində - 1991-ci ilin qüssəli
yayında şair Sami Yusif Tütünçü belə kədərlənirdi:
Yenə coşdu bulaq kimi gözlərim,
Titrər dodaq, fəqan eylər sözlərim.
Nolur dönsə keçmiş bir an geriyə,
Saat donsun, çönsün zaman geriyə.
Sanma bir gün unudularsan, Sinan,
Bir rəmz olub qalar sən kimi insan.
Əlbəttə ki, Sinan Səid heç vaxt
unudulmayacaq. Əlbəttə ki, Sinan Səid bir rəmz, simgə
olaraq müdam qalacaq. Əlbəttə ki, Sinan Səidin könüllərdəki
və yaddaşlardakı ömrü səsi, sözü qədər
davam edəcək.
Mehmet Ömər Qazançı "Mən Sinan Səidəm"
adlı vida şeirində böyük Kərkük
aydınının surətini belə cızırdı:
Mən Sinan Səidəm.
Dumanlar içində sürdüm atımı,
Aydınlıqlar uğrunda çürütdüm
ömrümü,
xərclədim həyatımı.
Yeniliklərdən zəfərlər qazanmağa
çalışdım,
qaranlıqlardan rəng,
qışqırıqlardan şərqi.
Əlimdən qaçmaq istədi bəxtim,
arxadan yaxaladım.
Mən Sinan Səidəm.
Kərkük, Bağdad, Bakı yollarında
xəyallarımla qarşılaşdım,
arzularıma yaxınlaşdım.
Mən Sinan Səidəm.
Demədim ki, gücümü ulduzlardan aldım.
Demədim ki, xariqə insandım,
ömrümdən də uca qalxdım.
Mən Sinan Səidəm.
Bir çevrə cızdım özümə,
eşqdən, sevgidən.
İçimdə işıltımı bəslədim,
ondan yarımaq istədim.
Mən özcə taleyimlə,
təvazölü könlümlə
bir Sinan Səid idim.
O misralardakı kimi sözləri təvazökar Sinan
Səid heç vaxt dilə, qələmə gətirmədi,
gətirməzdi də. Amma qələm qardaşının
onun haqqında bu yazdıqlarının hər biri danılmaz
gerçəklərdir. Ömrü bir işıq dairəsi
içərisindəymiş kimi keçən, o çevrədən
nurlu sabahlara həmişə axmaqda davam edəcək aydın
Sinan Səidin, aydınlıq yayan Sinan Səidin daim
aydınlıq içində, millətinin bağrının
başında qalacağı taleyin hökmüdür. Az-az
olur ki, zəmanə və səbirli Tarix parlaqlara verməli
olduğu rahatlığı da, ad-sanı da, təminatı da
onlar həyatdaykən nəsib edir.
Ancaq bəlkə Tarixin dili olsaydı, bu iradla heç
razılaşmazdı, söylərdi ki, niyə
naşükürlük edirsiniz, axı əvəzində
onları sevərək hər birinə digərlərində
olmayan qədər işıq, hər kəsin müyəssər
olmayacağı qədər eşq, özlərindən sonra
yaşayacaq və onları yaşadacaq gözəlliklər
doğurmaq imkanını səxavətlə
bağışlamışdım!
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .-2024.- 5 oktyabr (№182).- S.18-19;24.