Hamının bildiyi
hekayə
Dünyanın getdikcə qarmaqarışıq,
düyününü aça bilmədiyimiz bir yumağa
dönüb səbrimizi dərimiz kimi boğazımızdan
çəkib çıxartdığı bir vəziyyətdə
insan duyğularından, elə dünyanın özü qədər
qəliz olan insan münasibətlərindən yazmaq vecsizlik
olar, bəlkə. Bütün qəlbinlə, ağlınla,
gözlərinlə, qulaqlarınla havada bir-birini keçməyə
çalışan raketlərə, yerdə onlardan
qaçmağa çalışan adamlara diqqət kəsilmək
istəsən də, otağındakı xırda bir əşya
səni yenə duyğuların içinə atır. Yazmaq
istədiklərinlə yaza bilmədiklərin bir-birinə
müharibə elan edir. Bu ağır davanın sonunda yenə
özünü hələ də cavabını bilmədiyin
minlərlə sualın içində tapırsan. Mən yenə
yazmaq istədiklərimi yox, yaza bilmədiklərimi
bölüşməyə çalışacam.
Çünki hamının dediyi, çoxunun dərk edə
bilmədiyi o cümlə kimi, "Yazmaq xilas edir!"
şablonunu çoxdan ürəyimin və beynimin
divarlarından asmışam.
Körpə vaxtı yerimək, kiməsə
çatmaq, istədiyimizi götürmək bəzən bir, bəzən
də iki ilimizi alır. Ayaq üstə durmaq, qaçmaq,
uzanıb nəyəsə çatmaq üçün
aylarımızı xərcləyirik.
Yıxıla-yıxıla, iməkləyə-iməkləyə,
yaralana-yaralana, nəhayət, bunu bacarırıq.
Özümüzü ifadə etmək də elə yerimək
qədər çətin olur. Kəlmələri, hərfləri
öyrənənə qədər illərimiz uçur. Və
bir gün hamı ilə hər şeyi danışa bilirik.
Yazmaq da, düşünmək də, bir məqsədə, hədəfə
varmaq da onlar kimi. Uşaq vaxtı, ya da başı qaynar,
qanı qaynayan gəncliyimizdə qaçmağın,
danışmağın, özümüzü göstərməyin
nə qədər vacib olduğunu düşünürük.
Günlər, aylar, illər keçdikcə yerimək
də, qaçmaq da, danışmaq da yorur bizi. Yerimizdəcə
qalmaq, gün boyu kirimək, heç kimə heç nəyi
ifadə etmək istəmirik. İnsan oğluyuq da, bir vaxtlar
bunlar üçün bütün enerjimizi xərcləyirdik,
indi hamısının, əslində, bizi bizdən ayıran
şeylər olduğuna inanırıq. Quru bir həvəssizlik
çökür canımıza. Təzə adamlar tanımaq
istəmirik.
Başqalarını bilmirəm, amma mən hiss edəndə
ki, özümlə təkbaşına qalmağı
bacarmıram, onda hər şeydən soyudum. Hamıya buz
baltası, özümə qaynar şiş olub batdım. Sən
demə, illərdi, yazının əvvəlində dediyim
kimi, lap uşaqlıqdan danışmaq istədiyim, çatmaq
istədiyim, arxasınca qaçdığım özgələrə
vaxtımı israf edərkən özüm yadımdan
çıxmışam. İndi o adamı, yəni
özümü axtarıram. Bizə öyrətmişdilər
ki, iki qulağın, bir dilin varsa, çox qulaq asıb, az
danışmalısan. Əvvəllər bu mənə
çox mənasız gəlirdi. Niyə kimisə dinləmək
məcburiyyətindəyəm? Niyə danışan tərəf
mən olmamalıyam? Sonra yavaş-yavaş qəbul etdim ki,
çox dinləmək lazımdır. Amma
başqalarını yox, özünü. Səsini içindən
eşitməlisən, ağzından yox. Qulaqlarını
daxilindəki canavara verməlisən. Onun
qışqırmağa, mühakimə etməyə
ehtiyacı var.
Bilirsiniz, qarmaqarışıq dünyadan buralara necə
gəldim? Xırdaca bir əşya, lap dəqiqləşdirsəm,
kəsilmiş bir bilet məni bir vaxtlar tilsimləyən
sevginin xatirələri içinə atdı. O vaxtlar məni
həyəcanlandıran, sevgiyə və bütün adsız
hisslərə inandıran kimsə üçün çox
qaçırdım, çox danışırdım. Ona tərəf
hər gün əllərimdə ümidlər, xəyallar
saymaqdan yorulduğum qədər addım atırdım. Onu
inandırmaq üçün sözləri seçib ən
gözəl ithafları yazırdım. Ona özümü
ifadə etmək xoşbəxt edirdi.
Qarşılığı bircə xoş söz, bircə
isti toxunuş olsa belə, hər şeyi hesablamadan onun
üçün xərcləyirdim. Bir gün gözlərim
açıldı, yuxudan oyandım və gördüm ki, o
sadəcə yerində dayanıb məni gözləyir. Və
bir gün addım atmaq istəsə, mənim yoluma yox,
özünün seçdiyi cığıra tərəf gedəcək.
Mən də dayandım. Mən də kiridim. O yolu bir sərhəd
seçib tikanlı məftillərlə bəzədim.
İçimdə sual kimi qalan o münasibətə də
nöqtə qoya bildim. Otağımda ona aid, onu andıran hər
şeyi atdım. Bircə bu əclaf kağız
parçası özünü gizləməyi bacarıb.
Aylar sonra qarşımda çoxdan unudulmuş bir cinayətin
yeni sübutu kimi dayanmışdı. Məndən təzədən
hesabat alırdı. İstintaq yenə
başlamışdı. Çox gözləmədim. Nə o
tikanlı sərhəddi açmaq istəyirdim, nə də o
nöqtəni vergül etmək fikrim var idi. Bileti
külqabıya atıb yandırdım. Bircə dəqiqədə
mənə tərəf ordu qurub gələn xatirələrdə
yanıb külqabıya sığacaq qədər heç
oldu. Qoxusunu da pəncərədən icazəsiz girən
payız küləyi alıb apardı.
Hamının belə hekayəsi var. Hamının
qaçıb, sonra bir andaca dayandığı yerlər vaxt gəlir
içində dərd olur. Həmin anlarda daha bir şablonun nə
qədər mənasız olduğunu başa düşürsən:
"Ümid sonda ölür..." Bu
çürümüş fikir də digərləri kimi tarix
olur. İndi ümidlər insanlar kimi heç nə demədən,
arxasında heç bir həyat nişanəsi qoymadan eləcə
əllərimizdən uçub gedirlər. Ümid dua deməkdirsə,
onların da havada qarşısını kəsən minlərlə
dəmir parçası ixtira olundu. Ümidlər də bizim
kimi səbirsiz oldu. Onlar da gözləmək istəmir. Biz
danışmağı susmağa, qaçmağı
dayanmağa dəyişəndə, onlar da yerini bir-iki
günlük ağrılara verib gedirlər.
Bir gün həqiqətən dərk edirik ki,
özümüzü dinləməyə nə qədər
ehtiyacımız var imiş. Çünki bütün
yaraların səbəbləri özümüzdə gizlənib.
Elədiyimiz səhvlərə hər dəfə bir ad verib təsəlli
tapdıqca ürək də son istifadə müddətini
gözləmədən yaşamağa fasilə vermək istəyir.
Yaşamağa fasilə, yəni hələ döyünmək
istəyir, amma bir az tək qalmalıdır. Beyin heç bir
müdaxilə etməməlidir. Bir az da elə-belə
döyünmək istəyir.
Amma bizi yoran adamlar çox vaxt bir fikri olmayanlar olur. Qərarsız
adamlar. Bizi ən çox incidən adamlar da onlardır. Nə
getməyimizə icazə verirlər, nə də
qalmağımız üçün bir səbəb.
Bütün yük bizim çiyinlərimizdə yeriyirik.
Yoruluruq. Və bir gün heç nə demədən hamıdan,
hər şeydən, hər yerdən uzaqlaşanda
adımız olur vecsiz, məsuliyyətsiz, gücsüz.
Əvvəl-əvvəl bu xitablar bizi narahat edir. Sonra hər
şeyin fərqinə vardıqca, əslində, bütün
məsələnin bizdən yox, yerindəcə qərarsız
qalan adamlardan qaynaqlandığının fərqinə varanda
təskinlik tapırıq. Bizim əlimizdən alınan aylar,
illər, həyəcanlar, gülüşlər də sədəqə
kimi ömrümüzün qalanına səpələnir. Həmin
vaxt özümüzdən bircə xahişimiz
olmalıdır. Hətta lazım gələrsə,
özümüzə yalvarmalıyıq: Bir də eyni səhvləri
təkrarlama, nolar! Çünki dünya getdikcə sənin də, başqalarının da dəyərini
ucuzlaşdırır. İndi, sözün əsl mənasında,
hamımız heç kimik. Göyün altında milyardlarla
heç kim...
Rəvan CAVİD
525-ci qəzet .-2024.- 5
oktyabr (№182).- S.17.