Müəllimlər... Kitablar və...
Aşıq Ələsgər
Esse
Platon: "Neçə növ insan varsa, o qədər
də dövlət forması var" - deyib. Ulu filosof bu fikrində
sistemlərin əsas elementinin insan olduğunu
vurğulayır. Bütün sistemlər insan faktoru üzərində
inkişaf edir, həyat tapır. İnsanlar isə cəmiyyətləri
meydana gətirir. Sağlam cəmiyyətin təməlini də
ancaq doğru yetişdirilmiş insanlar qoya bilirlər.
Hər bir millətin ruh və xarakterinin
formalaşmasında ən təsirli rolu müəllimlər
oynayır. Ona görə də öz peşəsini layiqli
şəkildə yerinə yetirən müəllimlər
üçün bütöv bir cəmiyyət onların əsəridir
deyə bilərik. Bilərək olmasa belə, təhsildə
yol verilən bir xəta təkcə yetişdirilən fərdə
deyil, eyni zamanda cəmiyyətin gələcəyinə də
zərər verəcək.
Hamımızın həyatında gələcəyinə
toxunan bir işıqlı müəllimin imzası mütləq
var. Hamımızın xatırlayarkən
gözümüzü dolduran, yaşımız neçə
olursa olsun, gördüyümüz zaman bizi
uşaqlığımıza qaytaran, araya aylar, illər, hətta
ölüm girsə belə oturuşunu, duruşunu, yerişini,
bütün cizgilərini hafizəmizə möhürlədiyimiz
müəllimlərimiz var. Hamımıza bir şeylər
öyrətməklə bərabər, yeri gələndə
nazımızı çəkən, yeri gələndə
problemlərimizə qulaq verən, birimizi digərlərindən
ayırmayan şəfqət dolu müəllimlərimizə
çox şey borclu olduğumuzu söyləmək
lazımdır. Ancaq kim bilir bu diyardan əməyi çox,
sevgisi çox olan, amma bəlkə də heç
xatırlayanı olmayan nə qədər müəllim gəlib
keçib.
Gələcək nəsillərin aydınlanmasında
bir çıraq, bir məşəldir müəllim. Yapon təhsil
fəlsəfəsini formalaşdıran bu sözlər cəmiyyətlərin
müəllimə nə üçün dəyər verilməsinin
vacibliyini açıq şəkildə ortaya qoyur:
"Yetişdirdiyi hər insanı yenidən istifadə edə
bilən cəmiyyət rasional və sivil bir cəmiyyətdir.
Ancaq yetkin insanların ən yaxşılarının müəllimlik
peşəsinə seçildiyi cəmiyyət ən
güclü cəmiyyətdir".
Cəmiyyətin güclü olmasını isə fərdlərin
qabiliyyətlərindən istifadə edə bilən, hür qərar
verə bilən, şəxsiyyəti formalaşmış,
başqalarına bağlı olmadan yaşaya bilən bir şəxs
olaraq yetişdirilməsi təmin edə bilər.
Müəllim bir rəssamdır:
göyqurşağı rəngləri ilə kətan üzərinə
ən gözəl rəsmləri çəkən. Müəllim
musiqiçidir: ürəkləri fəth edəbilən.
Müəllim yazıçıdır: bütün hissləri
qəlblərə nəqş etməyi bacaran. Müəllim
şairdir: misralarında sevgi gizləyən. Ən möhkəm,
əzəmətli binaları inşa edən memardır müəllim.
Sadəcə bir toxunuşu ilə şagirdini sağaldan həkimdir
müəllim. Fərqli obrazlara girən bir aktyordur həm də.
lll
Hərdən sosial şəbəkələrdə,
sayt köşələrində rastıma insanları kitab
oxumağa təşviq edən bəlağətli
çağırışlar çıxır. Bu cür
çağırışları, adətən,
tanınmış yazarlar, naşirlər edirlər. Bəzən
bu çağırışlar təbliğatdan çox,
danlaq, töhmət tonunda olur. Cəmiyyət, xalq, onların təbirincə,
"kütlə" qalaq-qalaq kitab oxumuş kimi tanınan
şəxslər tərəfindən ironiya, tənqid, hətta
bəzən təhqir atəşinə tutulur. Özündən
müştəbehlər az qalırlar əllərindəki qələmi
adamın gözünə soxalar ki, "niyə kitab
oxumursunuz?"
Bu yaxınlarda şair Şəhriyar Del Gerani belə
bir status paylaşmışdı ki, "Don Kixot"u, "Səfillər"i,
"Anna Karenina"nı, "Martin İden"i və sair təməl
kitabları oxuyan adamlarla oxumayan adamların adicə su
içməsi də fərqlənir".
Halbuki ətrafımızdakı kitab oxuyan, kitab yazan
adamların arasında əyyaşından tutmuş,
şorgözünə, yaltağından tutmuş,
riyakarına, rüşvətxorundan tutmuş dövlət
malını mənimsəyənə, haqq yeyənindən ədalət
tərəzisi səhv olanına qədər hər cür
insana rast gəlirik. Belə olan halda hamının beynində
bir sual yaranır. Bu qədər kitab oxumuş adamlara kitablar
niyə kömək edə bilməyib? Deməli, kitab
oxumağın əsas mahiyyəti nə qədər
oxuduğunda deyil, nələri oxuduğunda və
oxuduqlarından nə anladığındadır. Orxan Pamuk
"Yeni həyat"ında yazır ki: "Bir gün bir kitab
oxudum və bütün həyatım dəyişdi". Bu
ifadəni indi günümüzdə çox insan işlədir.
"Filan kitabı oxudum, həyatım dəyişdi".
Əslində dəyişən həyat deyil,
özünüzsünüz. Şəxsiyyəti,
baxış bucağı dəyişməyə uyğundursa,
oxuduğu bir kitabla, hətta bir cümlə ilə də özünü
təzədən "yarada" bilər insan. Bəlkə də,
Pamukun dediyi kimi, həyat dəyişməz, amma kitab oxumaq
insana çox şey verər. Kitab oxumaq nitqi
formalaşdırır, söz boğçasını zənginləşdirir.
Amma heç bir kitab fitrətən pis adamı yaxşı
insana, təbiətən riyakar olanı dürüst adama
çevirə bilməz, məncə. Kitabları təbliğ
edərkən bu yanlış düşüncəni səsləndirməkdən
çəkinmək lazımdır.
Təəssüflər olsun, onsuz da çox kitab
oxuyan bir cəmiyyət deyilik. Yazarımız çox, oxucumuz
isə azdır. Kitab çap edən mətbəələrimiz,
naşirlərimiz, geniş, işıqlı, dəbdəbəli
kitab mağazalarımız, hər il keçirilən yerli,
qatıldığımız beynəlxalq kitab sərgiləri
də var. Amma avtobusda, metroda gedərkən kitab oxumaq yerinə
telefonda nərd, domino oynayan, "ferma" quran, "ordu"
qurub rəqibin qalasına hücum edən insanlar
gördükcə mənim də ürəyim
sıxılır. Fəqət bu da bir həqiqətdir ki,
sosial problemlərlə boğuşan, güzəran dərdi
ilə vurhavurda olan insanlar bu cəmiyyətin böyük hissəsini
təşkil edir. Təbəqələşmənin pik
dövrünü yaşadığımız dünyada kitab oxumaq
ehtiyacının yerini müasir qayğılar tutur.
Bütün bunlar az imiş kimi, kitab oxumağı, kitabı
təbliğ etmə şəklimiz də doğru deyil.
"Kitab oxumamaq" qlobal bir problemə çevrildiyi zamandan
bəri dünyanın müxtəlif ölkələrində
bir-birindən fərqli üsullara əl atırlar. Amerika,
Kanada, İngiltərə, Yeni Zelandiya və bir sıra ölkələrdə
son illərdə uğurla davam etdirilən "Fasiləsiz səssiz
oxumaq", "Hər şeyi bir kənara qoy kitab oxu",
"Sürətləndirilmiş oxu" kimi bir sıra
araşdırmaların mövzusu olub.
Təxminən 20 ildir, məktəblərdə
uğurla həyata keçirilən, şagirdləri
oxumağa sövq edən "Sürətləndirilmiş
oxu" proqramında şagirdlər səviyyə və həcminə
görə, əvvəlcədən siyahıya daxil edilmiş
kitabları oxuyurlar.
Bir neçə gündür, Bakıda X Beynəlxalq
Kitab Sərgisi açılıb. Demək olar, hər il
keçirilən kitab sərgilərinə bir dəfə də
olsa baş çəkirəm və həmişə bu sərgilərdə
diqqətimi çəkən bir cəhət var: sərginin
ilk günü, yəni açılış günü
izdiham yaransa da, stendlərə yaxınlaşıb kitablarla
maraqlananların sayı az olur. Bizim "kitabsevərlər"
stendlərin qarşısında kitab seçməkdən
çox, məşhur şəxslərin əhatəsində
selfi çəkdirmək dərdinə düşürlər.
Kitablar da, naşirlərlə müəlliflər də bu mənzərəni
mat-məəttəl seyr edirlər. Ən qəribəsi də
odur ki, həmin o selfi azarkeşləri təntənəli
pozada sərgidən paylaşım edib cəmiyyəti kitab
oxumağa səsləyirlər. Bunun necə bir nəticəsi
ola bilər?! Baxan kimi adamın içinə qurd
düşür ki, deyəsən, axı bizim cəmiyyətdə
kitab oxumaq bir mədəni tələbat, mənəvi ehtiyac
olmaqdan çıxıb, özünü göstərmək
fəndinə çevirilib...
lll
"Sənət kütlə və cəmiyyət
üçündür, yoxsa sənət
üçünmü?" sualı hər zaman mübahisə
mövzusu olub.
"Sənət, sənət
üçündür" fikrini müdafiə edənlərə
görə, sənətkar özünəməxsus bir əsər
yaratmalı və bunu paylaşmalıdır.Yəni sənətçinin
əsas məqsədi öz hisslərini, düşüncə
və fikirlərini ifadə etməkdir. Bunu həyata
keçirərkən isə cəmiyyətin gözləntilərinə
diqqət etməməlidir.
Çünki bu sənətkarın öz
yaradıcılıq və qabiliyyətlərini sərgiləməsi
üçün əlinə keçən fürsətdir.
"Sənət cəmiyyət
üçündür" fikrini müdafiə edənlərə
görə isə, sənətkarlar cəmiyyətin
özünü daha yaxşı anlayıb və inkişaf etməsinə
xidmət etməlidir.
Bu baxımdan da "sənət, sənət
üçündür" fikrini mənimsəyən sənətkarlar
daxili aləmlərindən qaynaqlanaraq sənət əsərləri
yaradırlar.
Məsələn, 20-ci əsrin ən maraqlı rəssamlarından
olan amerikalı Cekson Pollok yaradıcılığını
və qabiliyyətini göstərmək üçün
damcı texnikasından istifadə etmişdi. Bu üsul ilə
yaratdığı əsərlər sənətkarın
daxili dünyasından boy verən rəsmlərdir və cəmiyyətin
gözləntiləri nəzərə alınmadan
hazırlanmışdı .Digər bir nümunə kimi
Salvador Dalinin üslubunu göstərmək olar. Dali də
öz yaradıcılığını ortaya qoymaq
üçün yuxularını və şəxsi
düşüncələrini tablolarına
köçürmüşdü.
Ötən həftənin qızğın müzakirəyə
yol açan hadisələrindən biri heykəltaraş Natiq
Əliyevin hazırladığı və təntənəli
açılışı keçirilən abidə -
Aşıq Ələsgərin heykəli oldu. Belə
anlaşıldı ki, bu heykəl bizim cəmiyyətin xəyalındakı
Aşıq Ələsgərə bənzəmir. Ona görə
ki, sənətkar büstü hazırlayarkən yalnız
daxili səsinə, öz düşüncələrinin
çağırışına qulaq verib. Bu, cəmiyyətin
görmək istədiyi yox, müəllifin göstərmək
istədiyi Aşıq Ələsgər idi. Amma bunu bilmək,
anlamağa çalışanlarımız az, hətta
çox az oldu. Bu sağdan-soldan yağan atmacalarla dolu
müzakirə əsasən bir faydalı tərəfi ilə
yadda qaldı: heykəl sayəsində əksəriyyət
öyrənmiş oldu ki, sən demə, Aşıq Ələsgər
solaxay imiş..
Günel MUSA
525-ci qəzet .-2024.- 5 oktyabr (№182).- S.16.