Qarabağ reallıqları  

 

Qarabağ Azərbaycanın, onun dilbər guşəsi olan Şuşa isə bütövlükdə Cənubi Qafqazın mirvarisidir. Oraya ilk səfərim nə az, nə də çox düz 55 il öncə olub. İnstitut rəhbərliyi birinci kurs tələbələri olaraq oraya ekskursiyamızı təşkil etmişdi. Məhz o zaman Şuşanın daş döşənmiş küçələri ilə addımlamaq, buz bulaqlarından su içmək, hər döngəsi, hər dalanı, mükəmməl memarlıq üslubu ilə insanı valeh edən bir-birindən yaraşıqlı binaları, pioner düşərgələri, sanatoriya və istirahət məkanlarını görmək xoşbəxtliyi mənə də nəsib olub. Ürəyimdən o da keçib ki, kaş nə vaxtsa yenidən bu yerlərə gələ biləydim, Cıdır düzünü doyunca gəzə biləydim, oradakı sıldırım qayaların başında duraraq Şuşa kanyonlarını təkrar-təkrar seyr etmək, əfsanəvi Şuşa qalası önündə foto çəkdirmək fürsəti olaydı!

İllər ötdü, qayğılar artdı, növbəti dəfə Şuşaya getmək planları da beləcə ildən ilə qaldı. İşlərimin səhmana düşdüyü, yenidən Şuşaya getmək məqamı yetişəndə də lənət olmuş şeytan xisləti üzdəniraq qonşular aranı qatdılar, havadarlarının himayəsi və dəstəyi sayəsində Şuşanı da, Qarabağı da işğal etdilər. Beləliklə, Azərbaycan xalqının Qarabağsız, Şuşasız keçən o ağır və niskilli günləri başladı. Otuz ilə yaxın davam edən o ağır və niskilli günlərdə Azərbaycanın haqq səsini eşitməzliyə vuran dünya sanki lal, kar və kor olmuşdu. Yalnız 44 günlük müharibənin getdiyi, Azərbaycan Ordusunun bir-birinin ardınca şəhər və kəndlərimizi düşməndən azad etdiyi, Ermənistana məxsus ordu birləşmələrinin və komanda qərargahlarının ard-arda məhv olunduğu zaman dünyanın müxtəlif qütblərindən olan lal, kar və korların qulağı da, gözü də, dili də açıldı. Hər yandan üstümüzə şər və böhtan dolu od püskürməyə başladılar.

O dönəmdə ağır ürək əməliyyatı keçirdiyimdən işə çıxa bilmirdim, bu səbəbdən də daha çox evdə olurdum. Bütün günü televiziya qarşısında oturub cəbhə xəbərlərini izləyirdim, Ali Baş Komandanın müsahibə və çıxışlarını dinləyirdim. Qələmə sarılıb Qarabağ savaşına dair silsilə məqalələr yazırdım. Təsəvvür edin, 44 günlük müharibə dönəmində ayrı-ayrı mətbuat orqanlarında və saytlarda 40-dan çox yazım dərc olundu. Hədəf isə təbii idi ki, ermənilər və onların havadarları idi.

2022-ci ildə "Miras" İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Şuşanın tarixinə dair elə Şuşanın özündə keçirilmiş beynəlxalq simpoziumda iştirak edə bilməsəm də, Simpoziumun materiallarını mən redaktə edəsi oldum və o zaman sanki Şuşanı, onun gəzməli, görməli yerlərini, tarixi məkanlarını təkrar-təkrar ziyarət etdim. Bu yerlərin çox erkən tarixinin dərindən də dərin qatlarına vardım, Şuşanın əvvəlcə bir yaşayış məskəni, daha sonra şəhər olaraq inkişaf mərhələlərini izlədim, onun təkcə Qarabağ üçün, Azərbaycan üçün deyil, bütövlükdə böyük Türk dünyası üçün önəmini daha dərindən anlamış oldum. Şuşadan ətrafa yayılan ecazkar muğam sədaları ilə sehrləndim, bu diyarın fitri istedad sahibi olan çox görkəmli elm, mədəniyyət və incəsənət xadimləri ilə sanki təmasda oldum, onların zəngin irsindən nələrisə özüm üçün əxz etdim.

 

55 illik fasilədən sonra yenidən Şuşaya gedənədək ermənilərin orada törətmiş olduqları dağıntıların yalnız videoçəkilişlərini görmüşdüm. Bəlkə də, mənim kimi ağır ürək əməliyyatı keçirmiş şəxslərin bu dəhşətli mənzərələri görməməsi daha məsləhət imiş. Məgər o dağıntıları öz gözləri ilə görərək ona dözmək asandır?!

Qarabağın işğaldan azad olunduğu ilk vaxtlarda o yerləri, o dağıntıları görmək və ona dözmək həqiqətən çox çətin idi. Amma indi vəziyyət bir qədər başqadır. Yəni bir tərəfdə erməni vandalizminin tük ürpədən acı mənzərəsi, digər tərəfdə Azərbaycan dövlətinin hər yanda həyata keçirdiyi geniş quruculuq işlərinin qəlboxşayan qürur dolu mənzərələri!

Türk dövlətləri Akademiyanın təşəbbüsü və AMEA Arxeologiya və Antropologiya İnstitutunun dəstəyi ilə 15-18 sentyabr tarixlərində "Türk dünyası Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyi"nin (ARİCA) birinci toplantısında iştirak etmək məqsədilə Şuşaya gedərkən yol boyu bütün bunları öz gözlərimizlə görmək fürsətimiz oldu. Bakıdan bir yerdə yola çıxdığımız Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Monqolustan, Macarıstan və Tatarıstandan olan alimlərdən ibarət geniş heyət də bütün bunları gördü.

Avtobusumuz yenicə çəkilmiş son dərəcə rahat Bərdə-Ağdam şossesini sanki bir an içərisində keçərək bizləri dağıntılar içərisində olan Ağdama çatdırdı. Sağa baxarsan dağıntı, sola baxarsan dağıntı! Evlərdən, ictimai binalardan qalan uçuq divarlardan başqa heç nə gözə dəymir. İşğala qədər Cənubi Qafazın ən çox qaynayan, çağlayan şəhərlərindən olan Ağdam indi ucu-bucağı görünməyən viranəyə çevrilmiş məzarlığa bənzəyir. Avtobusdakılar sürücünü tələsməməyə səsləyərək ürəkağrıdan o "mənzərələri" telefonlarına köçürməyə səy edirdilər. Düşmənin 30 il ərzində silah-sursat ambarı kimi istifadə etdiyi, konstruksiyasını bir neçə yerdən ciddi surətdə zədələmiş olduğu, Qarabağ azad edildikdən sonra isə ətrafı minalardan təmizlənərək əsaslı şəkildə bərpa və konservasiya edilmiş olan Ağdam Cümə məscidinə çatanda sanki hər kəs dərindən nəfəs aldı. Seyr etdikləri vandalizm aktlarının təsiri altında üzlərində, gözlərində oxunan qəzəb və nifrət cizgiləri bir an içərisində rəğbət və məmnunluq cizgiləri ilə əvəz olundu. Dağıdanlara qəzəb, nifrət, yaradanlara sayğı və rəğbət!

Ağdam Cümə məscidi ilə tanışlıqdan sonra Tunc dövrünə aid Üzərliktəpə arxeoloji kompleksinin yanından ötərək Şahbulaq istiqamətinə yol aldıq. Şahbulağa qədər hər tərəf büsbütün dağıntılardan ibarətdir. Baxdıqca adamın ürəyi ağrıyır. Yəni bu dərəcədə də vəhşilik olar?! Xoş olan odur ki, o yerlərin hər qarışı minalardan təmizlənir, yollar çəkilir, yeni kənd və qəsəbələr salınır. İşlərin miqyası və sürətini dərk etmək üçün yol boyu Bakıda olduğundan da betər tıxac yaradan və ətrafı toz-dumana bürüyən maşın karvanını seyr etmək kifayət edər. Adama elə gəlir ki, sanki ölkədəki bütün iri tutumlu maşın, traktor və ekskavatorların hamısını Ağdama toplayıblar.

Budur, artıq Şahbulaq qalasındayıq. Xatırladım ki, artıq üç ildir ki, Dövlət Turizm Agentliyinin sifarişi ilə Şahbulaq ərazisində arxeoloji tədqiqatlar aparılır. Qonaqlar tədqiqat aparılan və aparılmayan yerlərlə tanış olur, yeri gəldikcə hər kəs özünün təklif və təəssüratlarını bir-biri ilə bölüşür. İşğal dönəmində Şahbulaq qalası yaxınlığındakı qədim şəhər yerində ermənilər tərəfindən aparılmış üzdəniraq tədqiqatlar və dağıntıları da hər kəs təəssüf və təəccüb hissi ilə seyr etməli oldu. Görəsən, oradan əldə olunmuş nadir tapıntılar indi haradadır, hansı vəziyyətdədir?!

Şahbulaqdan Əsgərana, oradan da Xocalıya gəldik. Ölkə Prezidentinin 13 yanvar 2024-cü il tarixli sərəncamına uyğun olaraq çəkilməkdə olan Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolu hələ ki, hazır deyil. Amma çox qızğın iş getdiyini nəzərə alsaq, deməli, lap yaxın gələcəkdə bu yol da digər yollarımız kimi abad və gözoxşayan olacaqdır

Biz Xocalıda olanda artıq qaranlıq düşmüşdü. Elə bil zülmət və qaranlıq Xocalı və xocalıların taleyinə yazılıb. Orada rastımıza çıxan hər şey sanki 1992-ci ildə ermənilərin törətdiyi soyqırımdan xəbər verir. Xoş olan odur ki, 30 illik ayrılıq və zülmətdən sonra doğma yurda dönən Xocalı ailələrinin mənzillərindən də bu gün  ətrafa işıq saçılmaqdadır. Arxeoloq alimlərimizin orada başladığı tədqiqatlar isə həm də Xocalı tarixinin qaranlıq səhifələrinə işıq salmağa imkan yaradacaqdır. Amma Xocalı abidələrində, xüsusilə də oradakı kurqan çölündə yan-yana boy verən Tunc dövrünə aid çoxsaylı kurqanlarda da hələ ki, tariximizin çox sirləri yatmaqdadır.

Yolüstü qonaqlara təqdim olunan növbəti abidə Azərbaycan hərb sənətinin möhtəşəm yadigarlarından olan Əsgəran qalası oldu. 1751-ci ildə Şuşanın 5 kilometrliyində Qarabağ xanı Pənahəli xanın tapşırığı əsasında inşa edilmiş Əsgəran qalası Qarabağ xanlığının şərq qapısı hesab olunurdu. Divarlarının qalınlığı 2 m, hündürlüyü 9 m olan Əsgəran qalası ərazinin relyefinə uyğun inşa edilməklə Qarqar çayın hər iki sahilini əhatə edir. Pənahəli xanın əmri ilə Əsgəran qalası ilə eyni vaxtda Şuşa qalasının inşasına da başlanıldı və şəhər infrastrukturunun formalaşdırılması işi həyata keçirildi. Qarabağ xanının Şuşada başladığı tikinti, quruculuq və xeyriyyə işlərini daha sonralar onun qızı Natəvan xanım davam etdirmiş oldu. Şəhərin içməli suya olan ehtiyacını nəzərə alaraq onun sifarişi ilə Şuşanın 7-8 kilometliyində olan Sarıbaba dağının ətəyindən saxsı borularla şəhərə su kəmərinin çəkilişinə başlanıldı, iki yerdə bulaq inşa edildi. 18 avqust 1873-cü ildə 5000 nəfər şuşalının iştirakı ilə şəhərin Çöl qala məhəlləsindəki 12 gözlü bulağın təntənəli açılışı oldu. Bulağın çəkilişinə 100000 manat qızıl pul xərcləyən xan qızı açılış mərasimində bu işdə zəhməti olan insanlara 180 qoyun və 20 dəst bahalı geyim hədiyyə etmişdir. 1992-ci ildə Şuşa ermənilər tərəfindən işğal edildikdən sonra baxımsız vəziyyətdə qaldığından, ayrı-ayrı yerlərdə su kəməri zədələndiyindən Xan qızı bulağı qurudu. Şuşa düşməndən azad edildikdən sonra Xan qızı bulağı yaradan əllərin sehri ilə əsaslı şəkildə bərpa edilərək yenidən şuşalıların istifadəsinə verildi. İndi hər gün Şuşaya gələn minlərlə turist sözsüz ki, Xan qızı bulağından su içərkən, həm də olub-keçənlər barədə məlumat əldə edir və bu kontekstdə kimlərin yaradıcı, kimlərinsə dağıdıcı toplum olduğuna dair obyektiv təəssüratlar əldə etmiş olurlar.

Avtobusumuzdakılardan bir çoxu həddən artıq yorularaq mürgülədiyindən Xankəndinin yanından keçərək Şuşaya nə vaxt çatdığımızı bəlkə də heç hiss etmədilər. Bir də möhtəşəm "Şuşa" otelinə daxil olanda hər kəsin gözlərinə işıq gəldi. İnanın, çoxumuzun Avropanın gözü olan iri şəhərlərdə gördüyümüz çoxulduzlu otellərdən daha komfortlu bir oteldir "Şuşa" oteli! Yaxınlıqdakı "Qarabağ" oteli, "Xarıbülbül" oteli və digər otellər də həmçinin. İşğaldan yeni azad olunmuş bu şəhərdə cəmisi 2-3 il ərzində belə möhtəşəm otellərin inşa edilərək istifadəyə verilməsi sözsüz ki, həm də Azərbaycan dövlətinin qüdrətindən xəbər verir.

Əvvəlki günlərdə olduğu kimi, sentyabrın 16-da da Şuşada bir neçə mühüm tədbir keçirilməkdə idi. Onlardan yerli əhəmiyyətli olanlarla yanaşı, ölkə və beynəlxalq əhəmiyyətli olanları da vardı. Bizim toplantının işə başladığı "Şuşa" otelindən bir qədər aralıda isə elm və təhsil nazirinin də iştirak etdiyi yeni tam orta məktəb binasının açılışı oldu. Telekanalların əməkdaşları, digər media qrumlarının təmsilçiləri mikrofon və kameralarını götürərək o tədbirdən bu tədbirə tələsməkdə idi. Nə xoş ki, ötən hər gün Şuşa belə əlamətdar hadisələrə ev sahibliyi edir! Türk Dünyası Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin birinci toplantısı kimi mühüm beynəlxalq tədbirin də məhz Şuşada keçirilməsinin xüsusi əhəmiyyəti olduğu yəqin ki, hər kəs üçün başadüşüləndir. Fikrimizcə, bu, Şuşanın təkcə bizim üçün deyil, bütövlükdə Türk dünyası insanları üçün son dərəcə əziz, həm də müqəddəs bir məkan olduğunun göstəricisidir.

Toplantını giriş sözü ilə Azərbaycanın görkəmli şərqşünas alimi, Türk Dövlətləri Akademiyasının prezidenti, akademik Şahin Mustafayev açdı. O, son vaxtlar Türk xalqları və dövlətləri arasında gedən sürətli inteqrasiya prosesi və bu proses çərçivəsində elm adamları qarşısında duran hədəflərdən bəhs edərək ilk toplantının məhz Şuşada keçirilməsinin önəmini xüsusi olaraq vurğuladı. AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, dosent Fərhad Quliyev müstəqillik illərində Azərbaycanda aparılan arxeoloji tədqiqatlardan bəhs etdi. Tədbirdə iştirakçı ölkələrin salamlama nitqi ilə çıxış edən nümayəndələri Azərbaycanın Qarabağ Zəfəri, Şuşanın fəthi, işğal dönəmində şəhər və kəndlərimizin ermənilər tərəfindən viran edildiyi, tarixi-mədəni dəyərlərimizin vandalcasına məhv olunduğu, torpaqlarımız azad edildikdən sonra qısa zaman kəsiyində Azərbaycan dövləti tərəfindən həyata keçirilməkdə olan genişmiqyaslı abadlıq və quruculuq işləri barədə fikir, mülahizə və təəssüratlarını bildirdilər.

Toplantı çərçivəsində dinlənilən məruzə və çıxışlar Türk dünyası məkanına daxil olan ölkələrdə arxeoloji tədqiqatların miqyası və səviyyəsini öyrənmək baxımından hər kəs üçün çox əhəmiyyətli oldu. Məsələn, Macarıstan nümayəndəsinin çıxışında ölkə ərazisində 140 minə qədər arxeoloji məkan olduğu, Monqolustan arxeoloqların isə hər il 15 ölkədə aparılan arxeoloji qazıntılarda iştirak etdiyi, ölkə daxilində isə xarici donorların iştirakı ilə 100-ə qədər arxeoloji ekspedisiyanın fəaliyyət göstərdiyi bildirildi. Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tatarıstan alimlərinin arxeoloji tədqiqatlarda müasir texniki və texnoloji üsul və vasitələrdən istifadə, öyrənilən abidələrin konservasiyası, muzeyləşdirilməsi və nəhayət, elmi axtarışların nəticələrinin nəşrinə dair məruzə və çıxışları da maraqla dinlənildi. Geniş və işgüzar müzakirələr əsasında Türk dünyası arxeoloqlarının gələcək fəaliyyətinə yönəlik rəsmi sənəd - deklarasiya qəbul olundu. İştirakçılar vaxtaşırı toplanmaq, müştərək ekspedisiyalar təşkil etmək, ortaq nəşrlər, o cümlədən, ortaq arxeoloji terminlər lüğətinin və Türk dünyasının görkəmli arxeoloq alimləri seriyasından ensiklopedik nəşrlərin hazırlanması barədə razılığa gəldilər. Növbəti ildən başlayaraq ilkin olaraq Qarabağ ərazisindəki abidələrdən birində Türk dünyası arxeoloqlarının iştirakı ilə kompleks ekspedisiyanın fəaliyyətə başlayacağı barədə qərar da hər kəs tərəfindən rəğbətlə qarşılandı.

Qonaqların Şuşa gəzintisi də çox maraqlı və təsirli anlarla yadda qaldı. Genişmiqyaslı abadlıq və quruculuq işlərinə rəğmən, şəhərin bütün kvartallarında çoxsaylı dağılmış, uçurulmuş evlər və iri ictimai binalar erməni vandalizminin qara ləkələri olaraq hələ də göz dağlamaqdadır. Yəni bir "dövlət", bir "xalq" nə qədər cəllad xislətli olmalıdır ki, bu dərəcədə vəhşiliklər törədə bilsin?! Bunu edən ermənilərdir, Ermənistan adlı bədnam, oyuncaq və bufer dövlətdir! Bunu görməmək, lənətləməmək olarmı?! Fikrimizcə, səfər çərçivəsində Cıdır düzündə, Daşaltı kanyonları fonunda, Xan qızı bulağı önündə, əzəmətli Gəncə qapıları qarşısında yaşanan qürur dolu anlar, çəkilən fərdi və kollektiv fotolar da Qəhrəman Şuşamızın ən yeni tarixinin bir parçasına çevrilmiş oldu.

Gəncə qapıları önündə gəzişərkən, ciyər dolusu dərindən nəfəs alaraq və ətrafdakı ecazkar təbiət mənzərələrini seyr edərkən sanki bir anlığa məst olan qonaqların Şuşadan hələ də doymadığı onların üz-gözündən çox aydın hiss olunmaqda idi. Amma xudahafizləşmək zamanı da yetmişdi. Əminliklə deyə bilərəm ki, o insanlar Qəhrəman Şuşamızı görmək üçün, onun ecazkar təbiət və tarixi lövhələrini görmək üçün yenə də oraya gələcəklər. Özü də təkcə rəsmi toplantılara deyil, həm də ailələri, dostları və əzizləri ilə birlikdə bu yerləri təkrar-təkrar gəzməyə, görməyə, burada dincəlməyə gələcəklər.

Hələlik isə Şuşaya xudahafiz deməklə Zəfər yolu ilə Bakıya istiqamət alırıq. Yolun sağında və solundakı dağıdılmış, viranəyə çevrilmiş yaşayış məntəqələrini görüncə adamın ürəyi ağrıyır. Amma maşınımız dağları, qayaları çaparaq, eniş-yoxuşlara sığal çəkilərək salınan Zəfər yolu ilə irəlilədikcə ürəyimiz həm də dağa dönür. Çətin relyef şəraitində inşa edilmiş bu körpülər, tunellər, su ötrücüləri insanın yaradıcı əməyinin nəyə qadir olduğunun bariz göstəricisi deyilmi?! Bu düşüncələrin ağuşundaykən maşınımız Füzuli rayonu hüdudlarına daxil olur. Hər tərəfdə Ağdam, Xocalı və Şuşada gördüyümüzdən daha dəhşətli dağıntılar görünür. Sanki əraziyə atom bombası atılıb. Ermənilər Füzulidə ABŞ-nin Naqasaki və Xirosimada törətdiyindən daha ağır faciə törədiblər. Bu dəhşət saçan vandalizm səhnələrinin yanından ötərək, onu törədənləri hamılıqla lənətləyə-lənətləyə yeni salınmış Füzuliyə - Nyu-Füzuliyə daxil oluruq. İlahi, Azərbaycan dövləti qısa zaman kəsiyində burada nələr qurub-yaradıb?! Bir-birindən yaraşıqlı çoxmərtəbəli binalar, özünəməxsus memarlıq dizaynı ilə diqqət çəkən hava limanı, təhsil, mədəniyyət, səhiyyə və digər xidmət obyektləri! Bunları kimlər və nə zaman tikdilər?! Əhsən o qurucu insanlara! Əhsən onlara bu yolu göstərən, şərait yaradan insanlara! Əhsən Azərbaycan dövlətinə!

Qarabağın işğaldan azad olunması uğrunda davam edən mücadilimizdə, daha sonra isə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan bütün səviyyələrdə Türk dünyası tərəfindən açıq-aşkar mənəvi dəstək gördü. İndi isə Qarabağda apardığımız quruculuq işlərində qardaş Türk cümhuriyyətləri birbaşa əməli layihələrlə iştirak edirlər. Qazax və özbək qardaşlarımızın Füzulidə inşa etdikləri nadir memarlıq nümunəsi olan uşaq əyləncə mərkəzi və məktəb binaları deyilənlərə əyani misaldır.

Füzulidən çıxaraq Bakı istiqamətində hərəkət edərkən bələdçimiz yolun sağ tərəfindəki bədnam ohanyan sədlərini göstərdi. O sədləri ki, 44 günlük müharibə zamanı Azərbaycan ordusu bir həmlə ilə onları aşaraq düşmən mövqelərini ələ keçirdi. Əfsuslar olsun ki, ohanyan sədləri fəth ediləndən sonra qarşımızda növbəti, həm də daha məkrli sədlər görürük. Fransa, ABŞ, Avropa qurumları özlərini ermənilərdən daha artıq erməni kimi aparırlar. Makron, Okampo, Şvabe, Bayden administrasiyası, ABŞ konqresmenlərinin, Kanada, Niderland, İsveçrədən olan bəzi rəsmilərin erməni sevgisi və Azərbaycana qarşı qərəzi bitib tükənmək bilmir ki, bilmir. Bu insanlar, onları birləşdirən siyasi dairələr Azərbaycanın Qarabağ zəfərini hələ də həzm edə bilmirlər. Azərbaycan dövlətinin beynəlxalq səviyyədə artan nüfuzu onları daha da qıcıqlandırır. Qərbi Azərbaycanda yaşayan yüz minlərlə soydaşımız kütləvi şəkildə deportasiya ediləndə, Qarabağın şəhər və kəndləri ermənilər tərəfindən işğal olunanda, Ermənistanda - tarixi Azərbaycan torpaqlarında olan tarixi-mədəni irsimiz dağıdılanda, məhv və talan ediləndə kar olan, lal olan, kor olan həmin dairələrin indi nə əcəb gözü, dili, qulağı açılıb?! Qarabağın işğal altında olduğu dönəmdə və işğala son qoyulduqdan sonra Azərbaycan az qala bütün dünyaya səsləndi: gəlin, baxın, görün ermənilər şəhər və kəndlərimizi, tarixi-mədəni irsimizi necə viranəyə çevirib? YUNESKO-ya səsləndik, gəlmədilər. Ölkə başçısı cənab Prezident İlham Əliyev ən yüksək tribunalardan "YUNESKO hardasan, hara baxırsan?! Niyə gəlmirsiniz, niyə erməni vandallarının dağıtdıqlarını, viran etdiklərini görmək istəmirsiniz?!", - deyə bütün dünyaya səsləndi. Utanmadan, xəcalət çəkmədən bu gün guya "erməni irsini, xristian irsini dağıtdığımıza görə Azərbaycanı ittiham edirlər, sanksiyalarla hədələyirlər. Cənablar, siz özünüzü nə hesab edirsiniz?! Siz Ermənistanı istədiyiniz formada qullana bilərsiniz. Amma Azərbaycana münasibətdə sizlər bunu edə bilməzsiniz. Bəsdir, özünüzü lallığa, karlığa, korluğa qoydunuz! Gəlin baxın, görün Şuşanın ən görkəmli yerində tikilmiş erməni kilsəsinin bir daşına, bir pəncərə şüşəsinə belə toxunulmayıb. Bakının mərkəzindəki erməni kilsəsini görmüsünüzmü?! Onu kim mühafizə edib qoruyur?! Ermənilər isə Qarabağdakı müqəddəs məkanlarımızı vəhşicəsinə dağıtdılar, talan etdilər, məscidlərimizdə donuz bəslədilər. Hansı ki, daha əvvəllər Qərbi Azərbaycandakı müqəddəs məkanlarımızda da analoji vandal hərəkətlər törətmişdilər.

Azərbaycanı ittiham etmək istəyində olan cənablar, siz nə vaxtdan mədəni irs qədri bilən olmusunuz?! Ağdamı, Füzulini, Cəbrayılı, Şuşanı, Qubadlını, Kəlbəcəri, Laçını, Qarabağdakı yüzilərlə kəndi, bütün infrastrukturu, minilliklərin yadigarı olan tarixi abidələri kim dağıdıb?! Əgər o torpaqlar, o ərazilər sizin düşündüyünüz kimi ermənilərin idisə, onda niyə dağıdıb viran edirdilər?! Bəsdir, cənablar! Əlinizi bir ovuc erməni lobbisinin cibindən çıxarıb gec də olsa yaxşı-yaxşı düşünün! Nə vaxta qədər ağa qara deyəcəksiniz?! Nə vaxta qədər haqqı nahaqqa qurban verəcəksiniz? Nə vaxtadək bəşəri ədaləti özünüzün çirkin siyasi oyunlarınıza qurban edəcəksiniz?!

Məşhur atalar məsəlində deyildiyi kimi, "ağa durur, ağacan durur". Qarabağ da yerindədir, oradakı dağıntılar da göz qabağındadır. Özünüz gəlin, emisarlarınızı göndərin gəlib hər şeyi öz yerində görüb dəyərləndirsinlər. Azərbaycan dövlətinin verdiyi hər cür qarantiyaya rəğmən, daxildən və xaricdən olan məsləhətçilərinin təkidi ilə mütəşəkkil şəkildə Qarabağı tərk edən ermənilərlə 30-40 il öncə Qarabağ və Qərbi Azərbaycandakı tarixi torpaqlarımızdan vəhşicəsinə qovulan, əmlakı qarət olunan, çoxsaylı itkiləri və qurbanları olan azərbaycanlıları yanaşı qoyaraq müqayisə və dəyərləndirmələr aparın! Amma onu da unutmayın ki, bu vicdan tələb edən, ədalət tələb edən bir işdir. Onu da siz bacarmazsınız. Ötən illərdəki ədalətsiz davranışlarımız buna sübutdur. Yaxşı olar ki, bundan belə haqq-ədalətdən, beynəlxalq hüquq və insan haqlarından bir daha danışmayasınız. Sizin güclü olduğunuzu hər kəs kimi biz də çox yaxşı bililirik. Amma siz haqsız və ədalətsiz olduğunuzu bilmək istəmirsiniz. Halbuki bütün mütərəqqi dünya bunu görür, bilir və sizləri o ki var lənətləyir. Eybi etməz, həyat və zaman özü bunu sizə də öyrədər!

 

Qafar CƏBİYEV

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, Basqal arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri doktoru, professor

525-ci qəzet .-2024.- 5 oktyabr (№182).- S.14-15.