Nizaməddin  

 

 

Şeir yazarkən elə bil işıq oğurlayıram qaranlıq gecələrdən - deyir Fazil Hüsnü Dağlarca. İşıq qaranlığın bətnindədir. Bəbəklər qaradır, zil qara. Qaranlıqla, qarayla zülmətin fərqi yerlə-göy qədərdir:

 

Bir gözəl ağlayır qara geyinib

Gözündən ağappaq yaşlar tökülür...

(Nizaməddin Şəmsizadə)

 

Hər cismin, maddi olanın, varlığın ətrafında morfokinetik sahə var. O sahə (sıxışdırıldıqda materiyaya çevrilən) Dalğadan və Səsdən ibarətdir. Hər insan göründüyündən az və ya çox böyükdür. Nizaməddin göründüyündən ölçüyəgəlməz dərəcədə böyükdür. Bu böyüklük onun ölməz əsərlərindən başqa, yazılıb qorunmağa layiq, bu qoca dünyanın fəlsəfə tarixinin müasir davranış nümunələrindəndir. Onunla uzun illər tarixi olan dostluğumuzun elə bir günü, tarixçəsi olmayıb ki, bu mübarək qəribəliklərdən heyrətlənməyim. Elmi toplantılarda, dissertasiya müdafiələrində, məclislərdə (xüsusilə də qadınlar olan), səfərlərdə, əsər təqdimatlarında, premyeralarda...

Hürufizmdə insan həqdən hopmuş nur parçasıdır. Vəhdət Allahın insana qovuşduğu yerdir - deyir Nizaməddin.

Quranda Musa peyğəmbərin Sina dağında Allahın haləsindən özündən getməsi rəvayəti var. Kaş zaman geriyə dönəydi və mən bu nadir istedad sahibinin gözəl dost məclislərində dostların, gözəllərin şəninə dediyi sağlıqları telefonumun yaddaşına yaza biləydim. Mən həmin sağlıqları onun ən gözəl elmi-bədii yaradıcılığına bərabər bilirəm. Realla irrealın toqquşmasından alınan yeni effekt, kəşf! İlahinin yaratdığı gözəlliklərə, özünün verdiyi uçuş rüsxəti!..

Təəssüf ki, Nizaməddinin çap olunmamış külliyyatının böyük bir qismini - duyğulara çevirib, ruhumda gəzdirdiyim o əsərləri, sözə transformasiya edə bilmirəm. Sufilərin və Hürufilərin uğurlu-uğursuz cəhdlərinin mahiyyəti məlum, icrası mümkünsüz olduğu kimi... Ancaq o əsərlər Fəzlullah, Mənsur Həllac, lap elə bizə ən yaxın olan Səməd Mənsur şeirləri haqqında olan rəvayətlər sayaq hiss olunan, ancaq tam anlaşılmayan məchul enerji kimi min illərlə başımızın üstündə var olacaqlar...

Fikrimcə, son on illiklərin ən önəmli tibb kəşflərindən biri: hər gözümüzün bir valideynə məxsus olmasıdır. İlahinin üzümüzdəki mübarək imzalarından biri - cüt orqanlarımızdakı görünməyən asimmetriya və görünən oxşarlıqdır.

Əziz qardaşım Nizaməddin, sən bu kəşfi fundamental "Nəsimi və Füzuli" monoqrafiyanla ədəbiyyatşünaslıqda etmisən.

Mənim ən çox xoşuma gələn şəklim - evimizdə, iş otağımda olan, yağlı boya ilə çəkilmiş 100x50 ölçüdə olan portretimdir. O şəkil, bir neçə il əvvəl evimizdə qısa qapanmadan yanğın baş verəndə, çox az sayda xilas olan əşyalardandır. O şəklin üzü-gözü, əl-ayağı oddan-alovdan qarsıyıb, kirpikləri, hətta gözün buynuz qişasının çox hissəsi yanıb... Mən o şəkli ona görə çox sevirəm ki, o şəkil mənim gəncliyim və bu günümdür. Və bu yanğından böyük itkilərlə də olsa çıxan və masamdan mənə baxan, ömür yolumu əks etdirən şəklimdir. O şəkli od-alov bir dəfə yandırıb, o şəkildəki canlı insanı düz əlli ildir həsəd, bəd niyyət, xəbislik, məhdud təfəkkür, cılızlıq, paxıllıq, tənbəllik, soysuzluq yandırır. O şəkil əlli ildir yanan, ancaq məhv olmayan, vuruşan, mübarizə aparan, heç də yaxşılardan xali olmayan bir zəmanədə yaşayan, böyük Allaha və yaxşılara güvənən, pənah gətirən, böyük itkilər hesabına olsa da, sonda qalib gələn insandır.

Professor Nizaməddin Şəmsizadənin elə bir şəkli də mənim ürəyimdədir, hər gün olmasa da, zaman-zaman ruhumun dərinliklərindən üzüb çıxır xəyalıma, gözlərim önünə. Nizaməddinin oddan-alovdan qarsımış o böyük portreti... O portretdən baxan İnsan, necə də məğrur, müdrik, işıqlı, fövqəlinsanın ağıllı gözləri ilə baxan bir vətəndaşımız, həməsrimiz, natiqimiz, alimimiz, müəllimimiz, aşiqimiz, şairimiz, nasirimiz, filosofumuzdur...

Eşq olsun, çox böyük xalqlarda da nadir rast gəlinən çoxşaxəli istedad sahibinə!

Masamın üstündə sürahi şüşə qabda, 30 il "Cermuk" adı ilə dünya süfrələrini bəzəyən "İstisu"yumuz. Eşq olsun bu suyu süfrəmizə qaytaranlara!.. Bir də yanmış şəklim. Başımın üstündə, ruhumda böyük Allahım. Əlimdə qələmim və skalpelim. Şeir dəftərimdə, "Erməni zindanında 8 gün" əsərinin müəllifi, "Xocalı şəhidi" Dürdanə Ağayevaya ithaf olunmuş son şeirim:

 

Çinar budağından alma dərmişəm!

Sokrata göstərim, xəyala dalsın...

Güzgüyə baxanda ləkə görmüşəm,

Gözümlə söhbətim sonraya qalsın,

Özümlə söhbətim sonraya qalsın...

 

Görəsən, Nizaməddin bu şeiri necə qiymətləndirəcək? (Sokratı tapmasam, Nizaməddinə göstərərəm, - deyirəm öz-özümə).

İstədim görkəmli tənqidçi-ədəbiyyatşünas alimin elmi fəaliyyətini, bu sahədə ən azı 10-12 elmi istiqamətin açılışındakı böyük problemlərin həlli rolundan danışım, təhlil edim. Fikrimdən daşındım. Səbəblərdən biri bu yubiley təbrikinin qəbul olunmuş qeyri-rəsmi həcmini keçməyimdən çəkinməyim. Bircə onu qeyd etmək istərdim ki, Dost dediyim, Qardaş dediyim Nizaməddinin bu elmi istiqamətlərin təkcə birinin açılışındakı rolu, onun görkəmli tənqidçi-ədəbiyyatşünas kimi tariximizdə qalmasına bəs edərdi...

70 yaşın mübarək, Qardaşım! Yaşa, yaz, yarat!

 

03.10.2024, Bakı şəhəri

 

Paşa QƏLBİNUR

525-ci qəzet .-2024.- 5 oktyabr (№182).- S.13.