Sahib Paşazadə:
"Bizim mənfi emosiyalarımızı insanlara ötürmək
ixtiyarımız yoxdur"
Poeziya vurğunu olmasam da, klassiklərə və ruh
oxşayan şeirlərə laqeyd də qala bilmirəm. Bəzən
sosial şəbəkələrdə gözləmədiyin
halda qarşına qəfil elə bir yazı, ya xəbər
çıxır ki, düşünmədən onu bir
mövzuya çevirmək istəyirsən. Yaxınlarda
Mikayıl Müşfiqin "Oxu tar" şeirilə
rastlaşdım. İlk misralarını əzbər bilsəm
də, uzun illərdən sonra şeiri bir daha əvvəldən
sona qədər oxudum və düşündüm ki, görəsən,
şair niyə tara şeir həsr edib? Sualın
cavabını bu alət haqqında kiçik bir
araşdırmada tapmaq istəsəm də, o qədər
uğurlu alınmadı. Və beləcə, fikirlərim elə
natamam qaldı və hardasa unuduldu da. Amma ötəri bir təsadüf
bu dəfə öz sözünü dedi. Dənizkənarı
bulvarla Beynəlxalq Muğam Mərkəzinin yanından ötəndə
binanın məhz tar formasını xatırladan
görünüşü yadıma unutduğum sualı
saldı. Və özlüyümdə bu təsadüfü
mövzuya çevirmək qərarına gəldim.
Görünən isə o idi ki, məni maraqlandıran
sualın cavabı yalnız peşəkarda ola bilər.
Peşəkarı tapsam da, onunla görüşmək
heç də asan olmadı. Onunla görüşənə qədər
xeyli müsahibələr yola saldıq, lakin istəyimizdən
də vaz keçmədik. İstəkləri isə gerçəkləşdirən
zamandır. Zaman da elə özünün bildiyi vaxtda gəlib
çatdı. Mən də sual yükümü tutub həmsöhbətimlə
görüşmək üçün Beynəlxalq Muğam Mərkəzinə
yollandım. Payızın ilk şənbə qonağı
Əməkdar artist, dosent, Beynəlxalq Müsabiqələr
laureatı, tarzən, Beynəlxalq Muğam Mərkəzinin
direktoru Sahib Paşazadədir.
- Bir yandan boşalıb bir yandan dolan dünyanın
sakinləri hələ də narahatdırlar...
- Musiqiçilərin işi hisslər, duyğular,
emosiyalara bağlıdır, ona görə də
çalışırıq ki, yaxşı olaq. Böyük
sənətkarımız Əlibaba Məmmədovdan eşitmişəm
bu söhbəti. Rəşid Behbudov deyərmiş ki, həyatımda
pis bir hadisə də baş vermiş olarsa, onu
tamaşaçı bilməməlidir. Bu baxımdan bir incəsənət
adamı kimi bizim ixtiyarımız yoxdur ki, mənfi
emosiyalarımızı insanlara ötürək. Təbii ki,
bir insan kimi dünya və ətrafımızda baş verənlərə
biganə deyiləm. İnsanın insan əli ilə faciə
yaşamasını istəmirəm. Bir məsələni ki,
razılığa gələrək həll etmək
mümkündür, niyə görə qan axmalıdır?
Şüuru olan kəs bunu istəməz. Belə halları
görəndə özümü musiqiyə kökləyirəm,
çünki orada hüzur var, rahatlıq var. Və nə
yaxşı ki var.
- Anladığım qədər seçdiyiniz yol ailə
sənətinin davamıdır...
- Bəli, zamanında atam Ağaverdi Paşayev tarzən
olub sonra isə dirijorluğa tərəf istiqamət
götürüb. Bu gün xalq çalğı orkestrlərinin
dirijorları içərisində kifayət qədər
sayılıb-seçilən bir sənət adamıdır.
Lakin onun içində yarımçıq bir tar
ifaçısı qaldığından onu mənə
ötürməklə bir növ o tamlığı yarada
bildi. Bu missiya ailədəki dörd uşaqdan mənim
payıma düşdü. Bunu Tanrının bir alın
yazısı hesab edirəm və çalışıram ki,
şərəflə, ləyaqətlə işimin öhdəsindən
gəlim.
- Amma Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə
piano sinfi üzrə daxil olmusunuz, tar ixtisası üzrə isə
oranı bitirmisiniz...
- Bu, atamın mənim üçün
cızdığı bir yol idi. Həmişə mənə
deyərdi ki, xalq çalğı alətləri
ifaçıları not və ixtisas bilgisi, nəzəri dərslərdən
bir qədər axsayırlar. Çünki Allah onlara o qədər
istedad verib ki, tar və kamança ifaçısı da, xanəndə
də bütün gücünü o səmtə yönəldir.
Çox tanınmış, məşhur
ifaçılarımız var ki, not bilgiləri zəifdir və
özləri də bunu etiraf edərək
peşmançılıq çəkdiklərini söyləyirlər.
Bu mətbəxin incəliklərini atam yaxşı bildiyi
üçün məni əvvəl piano sinfinə qoydu ki, bu
bilgiləri əldə edə bilim. Özünü tərif
kimi çıxmasın, bu gün mən istər pianoçu,
istər bəstəkar, istər nəzəriyyəçi
olsun, onlarla rahat öz dillərində danışa bilirəm.
Gözümü açandan atamı evdə məşq edən
görmüşəm. Evimizdə sənət və sənətkarlar
haqqında müxtəlif kitablar var idi. Mən həmin
kitabları mütaliə edə-edə böyümüşəm.
Böyük mütaliə həvəskarıyam və
oxuduğum kitablar bədii ədəbiyyatdan tutmuş, müxtəlif
sahələri əhatə edir. Bura opera, balet, rəssamlıq,
memarlıq haqqında kitablar da daxildir. Ona görə də
peşə sahəsindən asılı olmayaraq, insanlarla
ünsiyyət qurmaq mənə o qədər də çətin
deyil. Bir ifaçı kimi muğamlarımızı, onun
tarixini, Azərbaycan musiqisini az-çox bilirəm.
Bütün bu bilgilər birləşəndə sən istər-istəməz
bir peşəkara çevrilirsən. Ona görə də hər
zaman tələbələrimə deyirəm ki, ilk növbədə
tarı öyrənməlisiniz, çünki siz tarzənsiniz.
Bundan əlavə, dünya klassik musiqisini də dinləyin,
opera tamaşalarına gedin. Bəsit də olsa musiqi sahəsinə
aid hər şeylə maraqlanmaq və ondan nəsə öyrənmək
inkişafınız üçün təkandır.
- Tar və ilk ifa...
- Xalq mahnısı "Süsən-sünbül"
mənim ilk ifamdır. İlk müəllimim də atam olub,
lakin evdə. Artıq ixtisas məktəbinə gələndə
bir müddət Cabir Quliyevdən dərs aldım. Daha sonra tar
üzrə mükəmməl müəllim olan Akif Novruzov,
muğamdan isə mərhum Sərvər İbrahimov mənim
ustadlarım olub. Atam bilərəkdən bunu etdi ki, ata-bala
arasında müəllim-şagird münasibəti istənilən
səviyyədə alınmır. 12 yaşında əlimə
aldığım tar dörd ildən sonra respublikada
keçirilən "Yaşıl yarpaq" müsabiqəsində
məni birinci yerin qalibi etdi. Və beləcə, müsabiqələr,
festivallar bir-birini əvəzləməyə başladı,
ta ki bu günə qədər.
-Tardan danışıb muğamı kənarda qoymaq
mümkün deyil...
- Nə yaxşı ki, zamanında Üzeyir bəy
kimi dahilər Azərbaycan muğamını təsnifata
bölüblər, əlimizdə "Azərbaycan xalq bəstələrinin
əsasları" kitabı var və bu gün biz milli
muğamı dünyada tamam fərqli, sırf bizə məxsus
sənət kimi təbliğ edə bilirik. Təsadüfi deyil
ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyi
nəticəsində Azərbaycan muğamı YUNESKO-nun
qeyri-maddi və mənəvi dəyərlər
siyahısına daxil edilib. Bütün bunlar bizim
muğamın dərin köklərə söykəndiyinin,
yalnız bizə məxsusluğunun sübutudur.
- Bəxtiyar Vahabzadənin belə bir misrası var:
"Daş ürəklərdə yanıb daşları
sındırdı muğam"...
- Muğam haqqında bəşəriyyətin şah əsəri
elə-belədən deyilməyib. Hər bir bəşər
övladı kimliyindən asılı olmayaraq öz kamillik dərəcəsinə
görə hisslərini muğamın içində tapa bilir.
Muğamın içində sevgi də var, qəm də. Dərin
fəlsəfi düşüncə də var, lirika da. O
ümmanda Allaha sevgi, irfan da var, Vətənə məhəbbət
də. İnsanın yaşadığı bütün hisslərin
bir təcəssümüdür muğam. Onun dərinliyinə
vardıqca, həqiqətən muğamın ilahi musiqi
olduğuna əmin olursan. Hər muğamda onun özünəməxsusluğunu
hiss etdikcə anlayırsan ki, bu, insan düşüncəsinin
fövqündə dayanan bir möcüzədir.
- Bir peşəkar tar ifaçısının ruhuna
daha yaxın olan muğam...
- Hər muğamın içində özümü
tapa bilirəm. Çahargahda içimdəki təlatümü,
Segahda sevgimi görürəm. Bayatı-Şirazda bir obraz
yaradaraq onu təsəvvür edirəm, Rastda tamam fərqli bir
dünyaya düşürəm. İndiyə qədər
hansı ruhuma daha yaxındır deyə, bir düşüncəm
olmayıb. Mən yaxşı ifanı, yaxşı
yazını, yaxşı filmi, tamaşanı, yaxşı
kitabı sevirəm. Muğamı isə daima nəyisə kəşf
etmək kimi bir dünyam qədər sevirəm və
içindən seçim etmək mümkün deyil.
Dünyanın yarısından çox hissəsində
olmuşam və heç zaman hansı ölkə daha gözəldir
düşüncəsi olmayıb məndə. Hərəsi
öz gözəlliyi və özəlliyilə yadımda
qalıb. Lakin nə muğam, nə Vətənim, nə
milli-mənəvi dəyərlərim heç bir
ölçüyə sığa bilməz. Mən onlara hədsiz
bağlı və mühafizəkar biriyəm. Yeniliyə,
müasirliyə çox açıq olsam da, dəyərlərimi
heç nə geridə qoya bilməz.
- Çox ölkələrdə olmusunuz. Təbii ki,
müsabiqə və festivallarda iştirak, solo konsertlərlə
çıxışlar dünya
tamaşaçılarının qarşısında olub. Tar,
muğam və əcnəbi tamaşaçı...
- Maraqlı sual oldu. Məlum bir deyim var, musiqinin dili
yoxdur. Görkəmli ustadımız Alim Qasımov hər dəfə
xarici səfərlərdən qayıdanda mən onun
müsahibələrini, çıxışlarını diqqətlə
izləyirəm. Ustad sənətkar Almaniyada konsert verir, onu
dinləməyə Fransadan gələn olur. Fransadakı
konsertinə İsveçrədən həvəslə,
maraqla gəlirlər və həmin bu əcnəbi dediyiniz
tamaşaçı onu dinləyəndə göz
yaşlarını saxlaya bilmir. Bu nə deməkdir? Təbii
ki, ilk növbədə bu, Alim Qasımovun fitri istedadır,
lakin nəticə etibarilə sənətkarın ifa etdiyi
muğamdır. Uzaqdan üzü bəri gələn bizim
ustadlarımızın hamısı muğama xidmət ediblər
və edirlər. Və ayrı-ayrılıqda bu dühalar
Allahın onlara bəxş etdiyi fitri istedadı muğama
qatanda o zaman ortaya fövqəlbəşər bir ifa
çıxır ki, bu da dilindən, dinindən, mənsubiyyətindən
asılı olmayaq insanın daxilini təlatümə gətirir
və həmin tamaşaçı səni ayaqüstə
göz yaşları içində qarşılayır. Bax,
muğamın bu sehri, gücü və cazibəsi onun bir daha
ilahi musiqi olmasına işarədir. Eşitdiyim bu söhbətlərin
sonralar şahidi də oldum. Qeyri-təvazökarlıq kimi səslənməsin,
ötən il Almaniyada konsertimiz oldu. Tamaşaçı on dəqiqəyə
yaxın bizi ayaqüstə alqışladı. Biz təkrar səhnəyə
qayıdıb yenə ifa etdik, amma alqışlar yenə də
davam etdi. Həmin bu tamaşaçı tar və
nağaranı dinləmişdi. Yəni dili olmayan musiqini bir
peşəkar mükəmməl şəkildə təqdim
edirsə, onu dünyanın ən ucqar nöqtəsində belə,
tamaşaçı hiss edib yaşayacaq və duyğulanacaq,
çünki onun dinlədiyi Azərbaycan muğamıdır.
- Qayıdaq sevə-sevə köksünüzə
basdığınız tardan və onun simlərindən
danışaq...
- On bir simi var tarın və hərəsinin də
öz sirri... Əvvəllər tar altı simli olub, lakin XIX əsrin
ortalarında Sadıqcan ona daha beş sim əlavə etməklə
sayı on birə çatdırıb. Ağ sim
işıqlı, cəngavər, şaqraq səslənməyə
malikdir. Sarı sim ən ülvi, lirik, duyğulu olaraq
tarın ən incə yeridir. Hətta belə bir deyim var el
arasında: "Sən lap sarı simə toxundun". Kök
sim isə deyərdim ki, insanın ahıl yaşda olan
duyğularını, düşüncələrini bildirir. Zəng
simlər isə bir rezonans rolunu oynayır, sanki bir
bülbül cəh-cəhi səslənir. Müəllimim Məmmədağa
Kərimov müəyyən bir əsəri açmaq
üçün obrazlardan istifadə etməyi məsləhət
görərdi və bu tövsiyələrlə yetişdiyimdən
həmin üsulu sənətimdə həmişə tətbiq
edirəm. Simlərə baxanda o səslərə öz
qatqımı da əlavə edərək obrazları yarada
bilirəm və bu gün artıq bunu öz tələbələrimə
tövsiyə edirəm.
- Mikayıl Müşfiq məhz tara şeir həsr
edib...
- Tar bütün musiqi alətlərinin
şahıdır və əbəs yerə deyilməyib bu
fikir. Alətlərimizin hər biri gözəldir. Lakin hər
bir dövlətin, ailənin başçısı olduğu
kimi, alətlərin də içində bir
aparıcısı olur. Bu da tarın bəxtinə
yazılıb. Amma bu, elə-belədən yazılmayıb.
Bakı muğam məktəbinin görkəmli simalarından
olan Mirzə Fərəc Rzayev deyirdi ki, muğamın
xarakterini, ştrixlərini, xırdalığını, zənginliyini
yalnız tar vasitəsilə çatdırmaq
mümkündür. Muğamın orijinallığı
yalnız tardadır. Korifey tarzənlərin ifasını dinləyəndə
sanki tamam başqa bir dünyaya düşür insan.
Oradakı ştrixlər, mizrab üslubu, onu işlətmək
bacarığına heyran qalmamaq olmur. Təəssüf ki, bu
gün gənclər belə ştrixlərə fikir vermirlər.
40-dan artıq mizrab ştrixindən beş-altısından
istifadə olunur. Gənclərimiz bunun sayını
artırsalar, daha zəngin ifa əldə edə bilərlər.
Müşfiqin tara şeir həsr etməsinin bir səbəbi
də bir zamanlar tarın keçdiyi acınacaqlı yol və
ona biganə yanaşma da ola bilər. Eşitdiyimə görə,
20-30-cu illərə qədər hər bir azərbaycanlının,
ziyalının evində tar olub, böyük sevgilə onu
divardan asıb qoruyublar. Tar bizim ana laylamızdır, bizim
ruhumuzdur. Bunu bir tarzən olduğum üçün demirəm.
Tar Azərbaycan musiqi alətlərinin simvoludur.
- Sahib Paşazadə həm də müəllimdir. Bir
az bu günün gənclərindən danışaq...
- Onlardan həm razıyam, həm də narazı... Bu
gün istedadlı, özünü, yerini tapa bilən, öyrənməyə
çalışan gənclərimiz çoxdur və deyə
bilərəm ki, mədəniyyətimizin gələcəyi əmin
əllərdə olacaq. Bununla yanaşı, bugünkü
informasiya bolluğunda bundan yararlanmağa həvəsli olmayan
gəncləri görəndə narahat oluram. Gəncliyin
öz istəkləri, arzuları gəzib-dolanmaq kimi, əylənmək
kimi xüsusiyyətləri var və mən bunun əleyhinə
deyiləm. Bir qədər vaxt və zaman bölgüsünə
nəzarət edə bilsələr, həm öyrənməyə,
həm də vaxtlarını səmərəli keçirməyə
imkanları olar. Gənclik bir dəfə yaşanır deyə,
düşünənlərə haqq qazandırıram. Amma onu
da düşünsünlər ki, bu gün qazanıb öyrəndikləri
onların sabahının rifahıdır. Məni narahat edən
bir məqam onların mütaliəsinin az olması, klassik və
muğam konsertlərinə çox az getmələridir. Ali təhsil
almaq hər şey demək deyil, əsas özünü təsdiq
etmək ondan sonra başlayır və arzu edirəm ki, sürətlə
inkişaf edən dünya ilə ayaqlaşmağı bacaran gənclərimizin
sayı artsın. İstəyirəm ki, gənclərin
öyrənməyə yanğısı, həvəsi
çox olsun. Amma bununla belə bizim çox istedadlı
vokalçılarımız, pianoçu və
skripkaçılarımız xaricdə təhsil alaraq,
inkişaf edir, beynəlxalq müsabiqələrdə qalib
olaraq dövlətinə başucalığı gətirir.
Xalq çalğı alətləri ifaçılarımız,
xanəndələrimiz arasında yetərincə istedadlı
gənclər var və bu da həm bir musiqiçi, həm
pedaqoq kimi məni çox sevindirir.
- O da var ki həmin bu gənclik 30 il işğal
altında qalan torpaqları 44 günə bizə qaytardı.
Azad Qarabağda ilk hara dəydi ayağınız?
- Şuşaya ilk Xarıbülbül festivalına
getdim. Çox unudulmaz bir an yaşandı orda. Festivalın ilk
atəşfəşanlığı
başlamışdı. Mədəniyyətimizin bütün
korifeyləri, görkəmli simaları orada idilər. Birdən
gözəl insan Fərhad Bədəlbəyli dedi ki, Sahib, tarın
hanı? Dedim ki, oteldə. "Tez get, gətir" deyə,
ucadan səsləndi mənə. Otelə getmək
üçün yoxuşu qalxmaq lazım idi. Qaçaraq
gedirdim ki, birdən atəşfəşanlıq bitər,
çatmaram. Amma mən çatdım və tarı sinəmə
sıxıb "Qarabağ" mahnısını
çalmağa başladım. Çox möhtəşəm
və unudulmaz bir an yaşadım onda. Ertəsi gün isə
simfonik orkestrlə konsertim oldu. Həmin anlardan mənə
yadigar qalan Reza Deqatinin çəkdiyi fotodur ki, hər dəfə
o şəklə baxanda həmin günün əzəmətini
yaşayıram. Dünyanın çox səhnələrində
çıxışlarım olub, lakin bu əzəmət
hissini mən heç yerdə yaşamamışdım.
- Avqust ayında Səmərqənddə keçirilən
XIII "Şərq təranələri" festivalında
iştirak etmisiniz, özü də məsul bir vəzifədə...
- Həm gözlənilməz, həm də çox həyəcanlı
xəbər idi. Sayca XIII olan bu festival bizim üçün fərqli
oldu. Festivalın 27 illik tarixində Azərbaycan ilk dəfə
münsiflər heyətinə sədrlik etdi və sədr
seçilməyim qürurlu olduğu qədər də həyəcan
dolu idi. Onu da deyim ki, bu seçim təsadüfi deyildi. 2017-ci
ildə bu festivalda ölkəmizi ilk alət
ifaçısı kimi təmsil edərək, Qran Pri
mükafatına layiq görülmüşəm. 2018-ci ildə
Özbəkistanın Şəhrisəbz şəhərində
keçirilən I "Makom" festivalında rəhbərlik
etdiyim "Muğam" ansamblı birinci yeri qazandı. Bundan
sonra Özbəkistanı qarış-qarış gəzmişəm,
konsertlərlə çıxış etmişəm. Bu ilin
iyun ayında mənə Özbəkistanın Dövlət Mədəniyyət
Sənət İnstitutunun fəxri professoru adı verilib və
iki ay sonra isə "Şərq təranələri"nə
gözləmədiyim halda münsiflər heyətinə sədr
seçildim. Bu, iki ölkə arasındakı dostluğun bariz
nümulərindən biri idi. Və bir də ona sevinirəm
ki, münsif heyətinə sədrlik etdiyim festivalda Azərbaycan
Qran Pri mükafatı qazandı.
- Həyatda heyifsiləndiyiniz məqam...
- Müsahibə ərzində bir neçə dəfə
Alim Qasımova istinad etdim. O deyir ki, həyatda nə baş
verirsə, onu qismətə bağlayıb heç vaxt
peşmançılıq hissi çəkmirəm.
Düşünürəm ki, başımıza gələnlərdə
xeyirli olan nəsə var. Olur ki, intizarla gözlədiyin məqam
arzuladığın sevinci sənə yaşatmır, lakin
heç gözləmədiyin bir anda Allah sənə xeyirli olanı
nəsib edir. Bəzən deyirlər ki, bir də
yaşasaydım, bunu etməzdim. Amma mən heç nəyi dəyişməzdim,
çünki kifayət qədər dolğun sənət
ömrü yaşamışam bu günə qədər. Bəzən
arzulamadıqlarımı Allah mənə nəsib edib. Ona
görə də Tanrının yazdığı qədərə
qarşı çıxmaq həddimizə deyil.
Tamilla M-zadə
525-ci qəzet .-2024.- 5 oktyabr (№182).- S.12;13.