Qələmsiz yazılanlar
status-esselər
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədri Bahar xanım Muradovanın
Baş redaktorluğu ilə "Media və Uşaq
hüquqları (Dərs vəsaiti)" kitabı işıq
üzü görüb. Jurnalistika fakültəsinin tələbələri,
media nümayəndələri, jurnalistlər, mütəxəssislər
və tədqiqatçılar üçün nəzərdə
tutulmuş kitab çox lazımlı və vacib nəşrdir.
Kitab həm də hər bir ailənin diqqət verməli
olduğu məsələləri əhatə edir.
Kitabın nəşrinə görə Bahar xanım
Muradovaya, Redaksiya şurası və müəlliflərə
təşəkkürümü bildirirəm.
Yeri gəlmişkən, kitabda geniş yer ayrılan
"Uşaqların zərərli informasiyadan qorunması
haqqında" Azərbaycan Respublikasının Qanunundan bir məqamı
da diqqətə çatdırıram:
"Uşaqlar arasında dövriyyəsi qadağan
edilən informasiyaya aiddir:
Zorakılığı və qəddarlığı
təbliğ edən informasiya;
cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri,
o cümlədən, cinayətləri təbliğ edən
informasiya;
uşaqların həyat və təhlükəsizliyinə
potensial təhlükə yaradan əməlləri təbliğ
edən informasiya;
ailə institutunu nüfuzdan salan informasiya;
əxlaqdan kənar leksik (söyüş) məzmunlu
informasiya;
pornoqrafik xarakterli informasiya".
lll
Mətbuat Şurası İdarə Heyətinin
üzvü Fərid Pərdəşünasın Vikipediya
platformasında şəhidlər haqqında yazıların
silinməsiylə bağlı həyəcanını
bölüşdüyümüzü və qarşı tərəfdən
tutarlı əsaslandırmalar gözlədiyimizi
bildirmişdim.
Qarşı tərəfdən müəyyən
qaneedici açıqlamalar gəlsə də, bu həssas
mövzu ətrafında müzakirələr səngimədi, əksinə,
qarşılıqlı təhqirlərlə davam etdirildi.
Prosesin belə məcra alması olduqca məyusedicidir.
Fikrimcə, Fərid Pərdəşünas problemlə
bağlı narahatlığını bölüşəndən,
ictimaiyyətin diqqətinə çatdırandan, bəzi
vikipediyaçılaın təəssüf dolu
üzrxahlıqlarından sonra müzakirələri səngitməli
idi.
Qarşı tərəf təmsilçilərinin səsləndirdikləri
müəyyən arqumentlər başadüşülən
olsa da, Vikipediya inzibatçısı kimi təqdim olunan bəzi
şəxslərin fikirləri təəssüf doğurdu.
Onların cavablarındakı təkəbbürlü ton, etik
çərçivələri aşan, ittiham, nifrət
püskürən leksikon, bir budaqda oturub min budağı silkələmək
cəhdi, yumşaq desək, cığallıq və problemdən
yayınmaq idi.
Gənc vikipediyaçıların şəkillərini
paylaşıb onların ictimai qəzəbə tuş gəlməsinə
rəvac vermək isə birmənalı şəkildə qəbuledilməz
addımdır. Unutmayaq ki, neçə illərdən bəri
azərbaycandilli Vikipediyanın formalaşmasında və zənginləşməsində,
o cümlədən, şəhidlərimizlə bağlı məlumatların
bu platformada yayılmasında təmənnasız xidmətləri
olan şəxsləri bu dalğada ictimai hiddətə hədəf
göstərmək təhlükəli fəsadlara yol aça
bilər.
Bütün bu deyilənləri və yaranmış
situasiyanı nəzərə alaraq mən həm Fərid Pərdəşünası,
həm də vikipediyaçıları
qarşılıqlı ittiham və təhqirləri
dayandırmağa, soyuqqanlı şəkildə və təmkinlə
problemdən çıxış yolu axtarmağa
çağırıram.
lll
Şablon adamlar...
lll
"Zirə"nin oyununa baxdım. Hələ xeyli
çalışmalı, təcrübə qazanmalı,
peşəkarlaşmalıdırlar. Nədənsə mənə
elə gəlir, "Zirə" "Qarabağ"ın
uğurlarını təkrarlayan komanda olacaq. Yəqin həm
də ona görə ki, Rəşad Sadıqovun da Qurban
Qurbanov kimi mistik bir aurası var.
lll
Səhər-səhər məktəblərdən
yayılan himnimiz nikbinlik və xoş ovqat yaratdı.
Yeni dərs iliniz mübarək!
lll
Bizim reys hansıydı - Praqa, ya Daşkənd?
lll
Dünən özləri ilk dərsə gedirdi, bu
gün övladları!
Zaman sürətlə keçir!
lll
Ağıllı fikirlər reaksiyasız qalanda,
sükutla qarşılananda adamlar diqqət cəlb etmək
üçün yüngüllüyə, lağlağıya,
şitliyə üz tuturlar.
lll
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində
gözəl bir ənənə var. Hər dərs ilinin ilk
günündə 1-ci kurs tələbələri müəllimlərlə
birgə mətbuatımızın banisi Həsən bəy Zərdabinin
məzarını ziyarət edirlər. Bu il doğum
günü ərəfəsində Üzeyir bəyin də məzarına
baş çəkdik, böyük sənətkarın mətbuat
tariximizdəki yerindən və xidmətlərindən
danışdıq.
Hər gələn nəsil böyük ustadları
minnətdarlıqla yad etdikcə mənəvi qürur və
rahatlıq yaranır, gələcəklə bağlı
nikbin duyğular, nurlu düşüncələr, əminlik
artır.
Ruhları şad olsun!
lll
İnsinuasiya ilə, böhtanla, şər atmaqla,
yalanla başqasını ləkələyib problemini həll
etməyə çalışanların "mələk"
simaları tez faş olur. Peşəkar, ciddi media belələrindən
uzaq durmalı, onların şantaj və təhdidlərinə
qucaq açıb, qanad taxmamalıdır.
Vicdanı olmayanın Allahı da olmur.
lll
Dövlət Suverenliyi və Xankəndi, Xocalı,
Xocavənd, Ağdərə şəhərləri
günümüz mübarək! Qovuşdurana tale yar olsun!
Mətbuat Günündən Xankəndi, Xocalı xatirələri!
Ağdərə və Xocavəndə də yolumuz
düşər, inşallah!
lll
Fərid Pərdəşünas ölkəmizin ən
istedadlı gənclərindəndir. Prezident
Mükafatçısıdır. Həm texnobloger, həm Mətbuat
Şurası İdarə Heyətinin üzvü kimi, o,
Şuranın beynəlxalq əlaqələrinin genişləndirilməsində
fəal iştirak edir. Onun informasiya texnologiyaları sahəsindəki
maarifləndirici videoları da olduqca lazımlı və əhəmiyyətlidir.
Vikipediya məsələsində Fəridə
qarşı olan qüvvələrin mütəşəkkilliyi
və qrup mənafeyindən çıxış etmələri
bu günlərdə özünü açıq-aşkar
büruzə verdi, müzakirələr etik əndazədən
çıxdı. Buna görə də mən həm Fərid
Pərdəşünasdan, həm də qarşı tərəfdən
ittihamları dayandırıb müzakirələri təmkinlə,
soyuqqanlı şəkildə aparmalarını xahiş etdim.
Müraciətimdən sonra Fərid
paylaşımlarını dayandırdı. Buna görə
ona təşəkkürümü bildirir, bu addımı
qarşı tərəfdən də gözləyirəm.
Bu gün Mətbuat Şurasında Azərbaycan
İnternet Forumunun rəhbəri Osman Gündüzün
iştirakıyla Fəridlə söhbətimiz oldu, son
günlər Vikipediya ilə əlaqəli problemlər barədə
səmərəli müzakirələr apardıq.
Ümumi arzumuz bu oldu ki, Fərid bilik və enerjisini
daha çox yeni media trendlərinin tətbiqinə, informasiya
texnologiyaları sahəsində yeniliklərə sərf etsin.
Fəridin gələcəkdə bu sahədə davamlı
uğurlara imza atacağına əminəm.
lll
Puşkinin nə günahı var, abidəsini
sökürsünüz?!.
lll
İndi elə bir dövrdür ki, heç kim sosial
şəbəkələrin şər-şəbədəsindən
sığortalanmayıb. Bilərəkdən, ya bilməyərəkdən
insanları şərləmək, çamur atmaq asan bir
işə çevrilib.
Dəyərlərin sındırılması, gözdən
salınması su içmək kimi asan olub. Ümid edirik ki,
bu xaotik dövr keçib gedəcək. İnsanlar
emosiyasız, soyuq ağılla, təmkinlə,
düşünərək hər məsələyə qiymət
verəcəklər.
lll
Bir həftə Özbəkistanda qalmaq, özbəkcəni
dinləmək bəs edər ki, dili əməlli-başlı
anlayasan. Bəzi kəlmələr isə elə bil
yaddaşın toz basmış lap uzaq küncündən gəlir,
silkələnir, oyanır, durulur, təmizlənir, sonra da bərq
vurub işıldayır.
lll
Empati hissi yaşamağa imkan vermir.
lll
Anın qədrini bilin...
lll
Xəcalət hissini itirənlərdən hər nə
istəsən gözləmək olar.
lll
İnformasiya bolluğu içində məlumatsızlıq.
Hədsiz bilik mənbələri və savadsızlıq.
lll
Peşəkarlıq həm də rəqibin hansı
addım atacağını əvvəlcədən bilmək
məharətidir.
lll
Hamı niyə tələsir. Nəyin əlamətidir?
lll
Təmkin və səbir müdrikliyin
astanasıdır.
lll
Bu yoldan velosiped keçdiyini görən oldumu?
lll
Qapı-pəncərəni bağlayıb eşitməmək
səs-küyün bitməsi demək deyil.
lll
Aşıq Ələsgərin abidəsi fərqlidir,
dəyərli sənət əsəridir, çoxlu mesajlar və
məna çalarları var. Şablon olsaydı, bu qədər
müzakirə yaratmazdı.
lll
"Qarabağ"dan incidim.
Bayaqdan fikirləşirəm ki,
"Qarabağ"ın məğlubiyyətinin
yaratdığı ovqatı hansı söz daha dolğun ifadə
edər? Yenə hərlənib-fırlanıb "incimək"
sözü beynimdə peyda olur. Bəlkə ən doğrusunu
elə feillər içindən boy verən "incimək"
ifadə edir?
Gücün çatanı etməyə çalışmayanda,
etməyəndə inciyirlər. "Qarabağ" laqeyd və
biganə olub elə bil. Qələbəyə ürəkdən
can atmır, qələbəni dəlicəsinə
arzulamır. Həvəssiz və yorğun görünür.
Buna görə də ən uyğun gələn söz inciməkdir
elə.
İnciyirik səndən, "Qarabağ"!
lll
Prezident İlham Əliyev 4 oktyabr 2020-ci ildə xalqa
müraciətində Azərbaycan Ordusunun Cəbrayıl şəhərini
və rayonunun bir neçə kəndini işğaldan azad
etdiyini söylədi, ilk dəfə Şuşanı müqəddəs
şəhər adlandırdı. Həmin günün təəssüratı
yada düşür:
"İnsanlar təbrik üçün bir-birinə
zəng vurur, sevincdən danışa bilmirlər. Telefonun hər
iki başında sevinc hıçqırıqları
eşidilir. Qələbə müjdəsini göz
yaşıyla, hıçqırıqlarla, söz demədən
bölüşmək...
Bu duyğuları yaşadanlar var olsun!"
O unudulmaz tarixi gündən 4 il keçib və
artıq Cəbrayıl şəhəri ilk sakinlərini qəbul
edib.
Cəbrayıl günümüz mübarək!
Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini
525-ci qəzet .-2024.- 5 oktyabr (№182).- S.9.