Mələklər xəstəxanası

 

Sevgini, dualarını, şirin nağıllarını

hopdur qanına,

apar mələklər xəstəxanasına.

Kənardan görünür,

Uşaq şəkilindədi bu xəstəxana.

 

 

Pəncərələri çiçək-çiçək,

Divarlarında şarlar rəngbərəng,

Uçuşan kəpənəklər,

Ağ donlu göyərçinlər.

Ümüdün son qapısı,

Anaların, ataların ciyərparası,

Lay-lay deyir sizə

bu şəhərin küləkli havası.

 

 

Doqquz iqlimdən keçdilər,

Doqquz ay yol gəldilər.

Bir az yorğun bir az ağrın.

And verirəm birliyinə, Tanrım!

Onlarsız

min ananın qucağı üşüyər.

Onlarsız

min evin işığı sönər.

 

Sevgimi, dualarımı, şirin nağıllarımı

hopdurub qanıma,

aparıram mələklər xəstəxanasına.

Sən də gəl!

Sən də gəl!

Kənardan görünür,

Uşaq şəkilindədi bu xəstəxana.

 

Yuxu

 

Yuxularımı aydın görmək üçün

yatanda eynək taxıram.

Göydən yağan qara nöqtələr

böyüyüb dağ olur.

Dağlar üstümə gəlir,

ürəyim sıxılır.

 

Bədirlənmiş ay,

aydın səma

Ayın içindən üzümə baxan

ürəyimi çıxardıb

buzun içində yuyur.

 

Uçuram, uçuram,

Yaşıl vadi, parıldayan çaylar.

Kimsə məni oyadır,

Tak-tak, tak-tarak gedən qatar.

 

Ey qardaş,

yatanda eynəyini çıxar.

Gülümsəyirəm,

eynəksiz yatammıram.

Yuxuda gördüm ki,

eynəyim itib,

axtarıram,

tapammıram.

 

Kölgə

 

Gözünün altındakı

kölgədən başqa,

nə sorasan

sədəfli sazlı aşığa?

Aşıq, bir hava çal,

Kölgə havası.

Söylə,

Səsin kölgəsi varmı?

Açması sənnən,

sənnən yekəsi varmı?

- Səs dalğalanırsa,

dalğanın kölgəsi var.

 

Aşıq, sözün kölgəsi varmı?

- Sözün kölgəsi ifadədi,

Ho var dağa qaldırar.

Ho var dağdan endirər.

 

Aşıq, işığın kölgəsi...

- İşığın kölgəsi nurdu,

Ağzınnan dür,

üzünnən nur töküldü,

bu gələn nurlu kişidi.

 

 

Aşıq, zülmün kölgəsi...

- Zülmün kölgəsi ahdı,

Flankəsi flankəsin ahı tutdu.

Üzündə izi qaldı,

izində kölgəsi var.

 

Bir ağac altında kölkələnirik,

Kölgələr oynayar yarpaq-yarpaq.

Ayağımız altında kölgələnir

qap-qara torpaq.

 

Güllü gülüstan içində

 

Şahbulağın zümzüməsi,

Qarlı dağdan meh əsməsi,

Qarabağın şikəstəsi

Güllü gülüstan içində.

 

Qaranquşlar uçub qəlir,

Kəklik, Turac boy göstərir,

Xarıbülbül gəl-gəl deyir

Güllü gülüstan içində.

 

Şirə çəkir ləçəyindən,

Yaşıl çəmən çiçəyindən,

Qulaq tutulur səsindən

Güllü gülüstan içində.

 

Salam alıb yer göstərən,

Süfrə açıb, şərbət süzən,

Ulduz axdı gözlərimdən

Güllü gülüstan içində.

Eldaroğlu, bu nə toydu? -

Çəmən güldü, gül oynadı,

Fatma nənəm hana qurdu

Güllü gülüstan içində.

 

Dağların üstə

 

Yenə gülümsəsin səngər dağların,

Çağlasın, gurlasın, gürşad çayların,

Quraq obalarda toy mağarların,

Oynayaq meydanda "Beşatılan" üstə.

 

Dad verər plova Bərşad düyüsü,

Yuxası, çolpası, zoğal axdası,

Yığılmaz ortadan halal süfrəsi,

Nəyi var düzülər mizinin üstə.

 

Ataq tilovları, tutaq balığı,

Qurquda can verər nehrənin yağı,

Quraq bardaşları keçmişsayağı

"Boz atı" oxuyaq Ağabala üstə.

 

Elxanın, Nüsrətin, dəli nəvəsi,

Əliyarın mərdliyi, Qorxmazın səsi,

Uçub getdi Qaranquşun dəstəsi,

Gözümüz yol çəkir yolların üstə.

 

Dört yanımız al qırmızı çiçəkdi,

Axşam çağı, çay yuxarı meh əsdi,

Şəhid vətən küllərindən yüksəldi

Sancıldı sancağı, dağların üstə,

 

Qan bahasına

 

Bəzəkli xurcun kimi

sevgimi

atmışam çiynimə,

Üzümə qayıdan yolu,

təkrar-təkrar gedirəm -

Bayram sovqatıdı sevgim.

Gəlib gedənə pay verirəm.

Sinəmə saplanmış

söz kimi acısı da şirindi.

Bu həftəlik bazarında

ən çox axtarılan sevgidi.

Sevgi növbəsinə dayanıb hamı.

Sevgi paylayıram burda.

Pulsuz-parasız, həftəlik bazarında.

Mənfən sonra

sevgi çıxarılır

bu şəhərin bütün bazarlarına.

Qiyməti üz qızardır,

qiyməti qan bahasına.

 

Bulağın

 

Dizlərimi yerə qoyub

Suyunnan içdim bulağın.

Bir dərinnən oxqay deyib,

Gözünnən öpdüm bulağın.

 

Dört yanını, yarpız alıb,

Çinar altda məskən salıb,

Pal-paltarı, yerə atıb

Arxında çimdim bulağın.

 

Ətir gölündə üzürəm,

Bihuş oluban gedirəm,

Yoxsa, yuxumu görürəm? -

Oyatdı səsi bulağın.

 

Uşaqlığım sənlə keçdi,

Ayrı düşdük neçə ildi.

Şərqi dedim, dilləndi,

Doldu gözləri bulağın.

 

  Adil Eldaroğlu

525-ci qəzet .-2024.- 8 oktyabr (№183).- S.15.