Sözün canı
Şair Adil Cəmilin
yetmiş yaşına ön söz
"Poeziya ən yaxşı sözlərin, ən
yaxşı düzümü deyil, poeziya dilin ali mövcudluq
formasıdır".
İosif Brodski
Yazarlar sözlərin köməyi ilə özlərini
ifadə edirlər. Bu, çoxdan bəlli bir fikirdir, həm də
ədəbi yaradıcılıq prosesinin əlifbasıdır.
Əgər şair kağıza köçürdüyü,
səsləndirdiyi sətirlərlə düşüncə və
hissiyyatlarını, özünün keçdiyi və
özündən keçən dünyanın poetik mənzərəsini
yaradıb həyatı bədii şəkildə ifadə edə
bilmirsə, onun "sərvəti", görüb-görəcəyi
şax-şaxlı qafiyələrdən, ütülü,
kül kimi soyuq söz yığınından savayı nə
ola bilər ki?
Əsl ədəbiyyatı dəyərləndirən
min illərin ədəbi təcrübəsindən
süzülüb gəlmiş ciddi meyarlar, sərt tələblər
var. Qüdrətli sözün təsir gücü qiymətli
metalın əyarı kimidir, heç zaman öz məziyyətini
itirmir.
Əlli ildən də çox müddətdə
doğma şeirimizin məfkurə səngərini bir an belə
tərk etməyən Adil Cəmil istedadı, bədii-estetik
axtarışları, söz əzabına qatlaşan zəhməti
sayəsində yaşamaq haqqı olan bir söz ünvanı,
şeir qalası yaratmağı bacarıb.
Adilin şeirləri xalq şüurunun tərkib hissəsidir,
ordan axıb gəlir. V.Belinskinin fikrincə, nə vaxtsa
xalqın ucaltdığı qalalar, qəsrlər qəhr olsa
da söz sənətində, əsl ədəbiyyatda
xalqın mənəvi həyatı ölmür, diri qalır.
Təbii ki, böyük tənqidçi bu fikirləri ifadə
edəndə Adil Cəmili nəzərdə tutmayıb. Amma
budur, 50 ildir ki, Adilin qələmindən çıxan
şeirlər, poemalar oxunur və hər dəfə də o əsərlərdəki
xalq ruhu oxucunu müqəddəs bir halə kimi
bürüyür. Məncə, tarixi, milli, mənəvi enerji
hopan bədii sözü çəkib aparmaq şair Adil Cəmilin
çiyinlərinə düşən missiya
yüküdür. Hansısa bir filosof deyib ki, "az miqdarda ədəbiyyatın
ələ gəlməsi üçün çox
böyük tarix lazım olur".
Adil Cəmilin 70 illik, mən deyərdim, mənalı
həyatı müddət etibarıyla böyük tarix nəhrinin
bir damlası olmasa belə, onun şair, alim, vətəndaş
şüuraltısında, iç dünyasında əsrlərlə
sürən ictimai münasibətlər və xalq tarixinin, mədəniyyət
və mənəviyyat, etnoqrafiya və mühit
qatlarının, ədəbiyyat və dil təcrübəsinin
zəngin arsenalı toplanmışdır. Təsadüfi deyil
ki, onun yaradıcılıq xəritəsində uzaq və
yaxın keçmişlərin - Mete, Atilla, Babək,
Koroğlu, Qaçaq Nəbi kimi qəhrəmanlar, Məhəmməd
Füzuli, İmaməddin Nəsimi kimi poeziya və
düşüncə zirvələri, "Kitabi Dədə
Qorqud", "Manas" eposları, Kür, Araz, Savalan, Dəlidağ...
kimi təbiət abidələri şərti də olsa
xüsusi işarə və poetik kodlarla qeydə
alınmışdır.
Yaxşı şairlərin hamısının mənbəyi
özlərindən çox-çox keçmişdə, mənsəbi
çox-çox gələcəkdədir.
"Hər bir insan öz yaddaşının məhsuludur.
Ədəbiyyat xalqın maddiləşmiş
yaddaşıdır. Bu mənada ədəbiyyatı xalq
yaratmır, xalqı ədəbiyyat yaradır"(U.Folkner).
Bütün ayrıntıları bir qırağa qoyub söyləyə
bilərəm ki, bəşəri səciyyə daşıyan
əsərləri ilə xalq yaratmış bir ədəbiyyat
şəcərəsinin çağdaş günlərimizdəki
xeyirli-uğurlu sözçüsüdür Adil Cəmil!
Gülən çox dünyanın düz adamına,
Hərə sahib çıxır öz adamına.
Mən də çevrilmişəm söz adamına
Beş kəlmə uzadım sözün
ömrünü!
Bax elə bu sətirlər çağdaş Azərbaycan
şeirinin simalarından biri olan Adil Cəmilin
varlığını, taleyini, inadını, inamını,
bu fani (həm də əbədi!) dünyadan yeganə təmənnasını
və nəhayətdə ulu mənbəyə
bağlılığını ifadə edir.
O, elə budur - sözün aşiqi, sözün qulu
və cəfakeşi...
Adil Cəmilin poetik fəlsəfəsinə görə
bədii sözdən yüksəkdə ayrı bir sərvət
qatı yoxdur - dildə söz var, könüldə Allah! Hər
dəfə onun özü və sözü yadıma
düşəndə belə qənaətə gəlirəm
ki, əgər dildən sözü, könüldən
Allahı bu şəxsin əlindən alıb ayrı bir Adil
Cəmil (məsələn, deputat, nazir, biznesmen) düzəltmək
istəsək, zəhmətimiz hədər gedər, heç
nə alınmaz! Həm də belə bir cəhd yersizdir -
artıq, o, fövqəl mahiyyətini ifadə edib, öz
seçimi olan missiyanı mümkün olan ən yüksək
nöqtəyə yetirib. Əgər indən sonra Adil Cəmil
bir misra, bir cümlə yazmasa belə, o, Azərbaycan ədəbiyyatının
(şair, publisist, tədqiqatçı, alim, tərcüməçi
kimi) faktı və aydın, solub-silinməyən
imzasıdır!
lll
Elə çıxmasın ki, axır
sözümü əvvəl dedim; yox. Hələ mən bu məsuliyyətli
təəssüratı sübut eləməliyəm.
Sübut istinadlarla gerçəkləşir.
Arxivlərə baş vurub məxəzlər
axtarmağa ehtiyac yoxdur - Adil Cəmilin necə bir söz yiyəsi,
ustad şair olduğunu təsdiqləmək üçün
onun indiyə qədər işıq üzü görən
otuza yaxın kitabıyla baş-başa qalmaq, onu misra-misra, sətir-sətir
duymaq, anlamaq yetərlidir. Mən də bu yolu, belə hərəkət
xəttini seçdim.
Yadıma gəlir, hələ 70-80-ci illərdə
oxucular gənc şairin "Ulduz", "Azərbaycan"
jurnallarında, "Ədəbiyyat və incəsənət",
"Azərbaycan gəncləri", "Bakı" qəzetlərində,
"Çinar pöhrələri", "Yaşıl
budaqlar", "Azərbaycan", "Sabir poeziya günləri"
almanaxlarında təqdim olunan, öz yaşına uyğun gənc,
təravətli şeirlərini, dağ hökmünü,
çay şırıltısını, çəmən
yaşılını, göy üzünün mavi səma dərinliyini
vəsf edən ilk nəğmələrinin, imzasının
yolunu həm gözləyir, həm də yeni parlayan Adil Cəmilin
ilk qələm təcrübələrini sevgiylə, gələcəyinə
ümid bəsləyərək oxuyurdular.
Sonra əksəriyyəti şeir və poemalardan ibarət
kitabları nəşr olunmağa başladı:
"İşıqlar, pərvanələr"(1980),
"Gündoğandan günbatana" (1983), "Aylı gecə
nağılı" (1984), "Sözümün canı
var" (1987), "Yuxusunda gülən qız" (1989),
"Ürəyimdə bir haray var" (1992), "Tanrı mənə
yar olanda" (2004), "Bir dəli sevgidən göyərib
dünya" (2009), "Yurd yerim - dərd yerim" (2013),
"Qan borcu" (2014) və nəhayət şairin
bütün poetik yaradıcılığını bir
çardaq, bir dam altına yığan, hər biri 400 səhifədən
çox, iki cilddən ibarət "Adil Cəmil.
Seçilmiş əsərləri" onun bir lirik, nəğməkar,
eləcə həzin olduğu qədər də sərt, ciddi
sənətkar kimi kitabdan kitaba, topludan topluya necə püxtələşdiyini,
sözü rast demək ustalığını,
mövzularını, bu möhtəşəm
yaradıcılığın enişini, yoxuşunu, sevinc və
kədər sərhədlərini (hədlərini), poetik mənzərə
və mərhələlərini, necə deyərlər,
güzgü kimi əks etdirir.
Əgər filoloji baxımdan ədəbi-estetik
meyarı nəzərə alıb, hərtərəfli təhlil
aparılsa, şairin poetik mətləb və
özünü, həyat həqiqətlərini ifadə
imkanları baxımından hasilə gələn təsnifat
çoxşaxəli, çoxçalarlı olacaq. Bəzən
Adil Cəmilin tək bircə şeiri ayrıca bədii məfkurə,
dəyər səlahiyyətində, yeni səviyyə və
müstəsna mərhələ ölçüsündə
təəssürat yaradır.
Onun yaradıcılıq yolunu diqqətlə və
ardıcıl izləyən qədirşünas oxucu və
intellektual ədəbiyyat araşdırmaçısı dərhal
təsdiq edəcək ki, Adil Cəmilin cəm halında
götürəndə bütün poetik varidatının
cövhəri insan ovqatının iki halından gəlir;
sonsuz sevgidən doğan bəxtiyarlıq hissi və insan təfəkküründə
(qəlbində) cövr edən böyük kədərin
hakimiyyəti!
Bir dəfə Adil Cəmilin hər zaman yüksək
ehtiram bəslədiyi şair Məmməd Aslanla səfər
yoldaşı olub Türkiyənin Ağrı vilayətinə
yollandıq. Yazın əvvəliydi, yasəmənlər
çiçəkləmişdi. İğdırdan
ötüb, gərək ki, Doğu Beyazid ərazisində
"Sınır" deyilən bir yerə çatdıq. Bu
sınır nə sınır idi? Sərhəd dirəkləri
gözə dəyməsə də, ürcah olduğumuz
möcüzə hər kəsi heyrətləndirdi.
Naxçıvandan ta "Sınır"acan yaz havasıyla nəfəs
alan adamlar burada təbiətin təzadı ilə
qarışır. Sanki, yaz havası qəflətən məktəbli
xətkeşi ilə dübbədüz xətt boyu kəsilir,
xəttin o biri üzü şaxta və dizə qədər
qar örtüyüdür. Şəxsən mən
haçansa belə bir mənzərə ilə
qarşılaşacağımı ağlıma gətirməzdim.
Bu misalı nahaq yerə çəkmədim, bir az əvvəl
şair Adil Cəmilin yaradıcılığında sevinc və
kədərin tən bölünmüş qismət tənasübündən
danışırdım.
Həqiqətən də Adilin qələmindən
çıxan əsərlər qayə, məram, mənəvi-estetik
məqsəd, təsvir və tərənnüm harmoniyası,
duyğuların dəyişkən hərarəti
baxımından fikir təzadlarının qalareyasıdır;
bu yaradıcılıq dünyanın özünə bənzəyir.
A.Cəmilin, eyni zamanda ədəbi ənənəyə sədaqət
timsalı olan şeirlərində nifrət və məhəbbət,
sevinc və kədər, gözəllik və çirkinlik,
haray və sükut, iztirab və könül
rahatlığı, həyat və ölüm
"Sınır" dediyimiz məkandakı kimi sərt şəkildə
təcrid olunmur, əksinə, onlar döyünən bir qəlbin,
düşünən bir beynin cazibə dairəsinə daxil
olaraq bütövlüyü təmin edir, məzmunu, başqa
sözlə desək, şairin obrazını formalaşdırır.
Şairin yaradıcılığından bəhs edən
bir çox tənqidçi və ədəbiyyatşünaslar
(Kamran İmranoğlu, Nizami Cəfərov, Vaqif Yusifli,
Allahverdi Eminov) müəyyən təsnifatlar aparıb bu əsərlərin
sistemli ədəbi mənzərəsinin konturlarını
cızmışlar. Fikrimcə, Adilin poetik ovqatı
üç zaman kəsiyinin nəzarəti altındadır.
1970-ci illərdən başlayan ilk zaman kəsiyi 1988-ci illərin
lap sonlarında bitir. Bura qədərki aralığı
şair ruhunun qızıl dövrü də adlandırmaq
olar. İkinci zaman kəsiyinin əhatə etdiyi poetik örnəklər
1992-2021-ci illərdə qələmə alınan yazılar və
işıq üzü görən kitablardır. Bu zaman kəsiyi
şairin dilində vətən sözünün
alışıb yandığı, əziz vətənin
qürbətə döndüyü, düşmən
tapdağında qalan torpaqları - Kəlbəcəri,
Şuşanı, eyni zamanda bütün Qarabağı azad etmək
üçün xalqı birliyə
çağırış, çarəsizlikdən doğan məyusluq,
bəzən haray, bəzən ağlayıb-sızlamaqdan
batmış səs və hardasa bu qanın, bu qisasın yerdə
qalmayacağını əks etdirən ümid
işığın təcəssüm məqamıdır.
Üçüncü zaman kəsiyi son dörd ili əhatə
edir ki, bu aralığın da poetik uğurlarla zəngin
olacağına "Anama layla" şeirlər toplusu mötəbər
bir işarədir.
Adil Cəmilin publisistikası da zaman və baş verən
ictimai-siyasi hadisələrə jurnalist-ədəbiyyatşünas
baxış bucağından eyni qaydada, yuxarıda qeyd olunan rəmzi
təqvim üzrə incələnə bilər. Şairin ən
tutarlı publisistik əsərləri "El üçün
ağlayan gözüm", "Hərənin öz həqiqəti",
"Çağdaş meyarlar mövqeyindən"
kitablarında toplanmışdır. A.Cəmilin böyük
türkçülük, vətəndaşlıq və
intellektual niyyətlə on illər boyu Qırğız
xalqının, eləcə də bütün türkdilli
xalqların ədəbiyyat, mədəniyyət, mənəviyyat
və milli məfkurə xəzinəsinə daxil olan
"Manas" eposunu tədqiq etməsi, nəhayətdə bu
möhtəşəm abidəni vicdanla, qüdrətli
şair-tərcüməçi istedadıyla Azərbaycan
dilinə çevirməsi, nəinki Adil Cəmilin
yaradıcılığında mərhələ, ondan daha
üstün, bir türk oğlunun qeyrət işi, igidlik
mücəssəməsidir.
Klassik dünya şairləri, bəşəriyyətə
məxsus poetik salnamələr, eposların əksəriyyəti
olmasa da böyük bir qismi dilimizə tərcümə olunub.
Amma o tərcümələrin heç biri Adil Cəmilin
"Manas"ının səviyyəsinə yüksələ
bilmir, Azərbaycan dilində "Manas" bəlkə də
qırğızca "Manas" dərəcəsində
qüdrətli və misilsizdir.
lll
Mən Adili həmişə şeirdən-şeirə,
kitabdan-kitaba boy atıb yüksələn gördüm. Məsələ
burasındadır ki, belə bir yüksəliş şairə
məxsus yaradıcılıq nümunələrinin xarakterini
dəyişmir, əksinə, şeirlərin poetik əsasları
get-gedə daha da möhkəmlənir. Bu mənada şairin
1980-ci ildə işıq üzü görən
"İşıqlar, pərvanələr"
kitabını Adil Cəmilin poeziya qalasına daxil olmaq
üçün bir açar da saymaq olar. Bu kitab bizim illərimizdə
həm gənc şairin özünü, qələm
dostlarını və oxucularını əməlli-başlı
sevindirmişdi. Əsasən ötən əsrin 70-ci illərində
qələmə alınan, gənc ürəkdən, duru
düşüncədən, ilk məhəbbət
çırpıntılarından, azərbaycanlı
olmağın, kəlbəcərli olmağın, üstəlik,
şeir yaza bilməyin verdiyi qürur hissindən
süzülüb gələn "İşıqlar, pərvanələr"
Adilin şair manifesti, poetik kimliyi, nəcabətli siması
idi. İlk kitab "Azərbaycanım" şeiri, əslində
azərbaycanlı andı ilə başlayır, özündən
əvvəl dəfələrlə qələmə
alınmış yurd, vətən mövzusu burada yalnız
Adil Cəmilə məxsus rəng və çalarlarla təsvir
edilirdi:
Sən mənim gözümdə uludan ulu,
Mən səni od-alov yaşıdı bilirəm.
Toxunsam daşına gözüyumulu
Doğma diyarımın daşıdı, billəm.
Bu şeirin bədii məntiqinə görə vətən,
yurd yalnız ərazi deyil, o, hava, su, çörək,
işıq şəklində insana hopan, mövcudluğu təmin
edən səbəbdi, ömürdü, gündü.
"İşıqlar, pərvanələr"
toplusunun çapından 13 il sonra Kəlbəcəri itirən
və 30 il dədə-baba torpağının üzünə
həsrət qalan şair 70-ci illərdə, hələ o qəmsiz,
qüssəsiz, həsrətsizillərdə, alın
yazısının hökmüylə təhsil almaq,
yaşamaq üçün Bakıya pənah gətirməyini
sanki, balaca hicrət sayır.
El-oba nə imiş, indi bilmişəm,
Elimə qurban olum
Ağgünlü kəndimin ağbirçəkləri,
Məni şirin dillə danışdırdılar,
Dilimə qurban olum.
Belə bir obada ölərəmsə mən,
Ölümə qurban olum!
Əgər yurd, el-oba haqqında yazılmış
şeirlərini - vətənnamələrini bir yerə
toplasaq, bu əsərlər şairin poeziya
yaradıcılığının ən azı 80 faizini təşkil
edəcək. Amma bu yazılarda şair nə
özü-özünü, nə də özündən əvvəl
yazılan vətən şeirlərini təkrarlayır.
Çünki onun poetik müşahidə "məntəqəsi",
nəzər saldığı "müqəddəs predmetləri"
fərqlidir. Əslində onun müstəqim şəkildə
vətəndən, yurddan bəhs etməyən şeirlərindən
də el-oba ətri gəlir. Dünyanın
yarısının suverenliyini, müstəqilliyini qəsb edən
sovet (rus) imperiyasının qılıncının
dalının-qalağının kəsdiyi bir vaxtda vətən
torpağından boy atan ağacı belə vəsf edirdi Adil
Cəmil:
Ağaclar torpağın azadlığıdır.
Azadlığı olmayan quş qəfəsə
salınmasa belə, özünə nə yerdə yer tapa
bilir, nə göydə, eləcə
çabalaya-çabalaya, vurnuxa-vurnuxa qalır.
Yarpaqlar gözümün yaşıl eynəyi,
Bu yaşıl baxışda bir dünya heyrət.
Töküldü üstümə durna lələyi -
Torpaqda vətən var, səmada qürbət!
Yaradıcılığının lap əvvəlindən
müşahidə olunan əlamətlərdən biri budur ki,
şairə görə natura şərtidir, bir çox
hallarda konkret varlıqlar poetik düşüncə və
şair məramının fonu olur, ucaldılan
hörgünün kərpicləri timsalında
görünür. Əgər onun şeirində çinar
varsa, demək, möhkəmliyə, əyilməzliyə,
ucalığa işarə var. Şəlalədən
danışırsa - çağlayış və təmizliyi,
pərvanə və şam varsa - eşqi, vurğunluğu,
dağ varsa - əzəməti, bulud varsa - qüssəni... vəsf edir.
Gözə dəyən, əllə toxunulan, ürəklə
hiss, beyinlə dərk olunan nələr varsa, onların hər
biri poeziya səltənətinə
açılan qapılardır və şair Adil Cəmil bədii
sözün sehrinə etiqad edərək,
inanıb güvənərək o qapılardan bircə-bircə
adlayır, həm də tək yox, bizimlə birgə,
oxucusuyla bərabər.
Adil Cəmili sosial istiqamətli, ictimai həqiqətlərə
kəskin reaksiya verən tribun şair adlandıra bilmərəm.
Yenə deyirəm, onun üz tutduğu həyat həqiqətlərinin
dərinlərdə - daha bir həssas qatı var. Məsələn,
"Bu bahar" adlı şeir yalnız fəsil dəyişməsi
barədə deyil, şair könlündə
yaşıllaşan ümid rəmzidir. Çünki ötən
bahar gözdə tumurcuq olanlar yeni gələn baharla
ömürdə yarpaqlayır. Bahar hardan keçirsə onun qədəmlərində,
ayaq izlərinin yerində çiçəklər
açır, yəni çiçək çiçək
deyil, yeni gələn yazın ləpirləridir. Hələ
bu azdır, bahar həm də ümid rəmzidir. Şair isə
yeni bahardan həyatı kökündən dəyişən,
könülləri azad fərəhlə dolduran yenilik umur...
Adilin şeirlərində insan da, vətən də təbiətin
bir parçasıdır. Təbiətlə canlı
varlıq, xüsusən düşünən insan vahiddir, bəzən
dilsiz-ağızsız təbii varlıq canlanıb insaniləşir,
insan isə təbiət əlamətlərinin
daşıyıcısı olur. "Ay
işığı" şeirində deyilir ki, boz
buludları ildırım çırpanda qorxudan
torpağın dodağı uçuqlayır. Bu yandan da:
Kimsə bu yağışın üşəntisində
Nə günəş gəzəcək, nə gizlənəcək.
Bir qızın qızılı saçlarındaca
Bu yağış oxşanıb əzizlənəcək.
Gənclik sevginin sinonimidir. Adil Cəmilin ötən əsrin
80-ci illərinin sonuna qədər qələmə
aldığı bütün əsərlərini ona sevgi,
vurğunluq yazdırıb; nədən yazır yazsın - Vətəndən,
dədə-baba yurdundan, Qarabağdan, Kəlbəcərdən,
valideynlərindən, insani keyfiyyətlərdən, tarixi
keçmişdən, təbiət abidələrindən,
zaman və insan tandemindən, mövsüm dəyişmələrindən
- bütün bu mövzuları söz meyvələri kimi
yetişdirib dada gətirən şair Adil Cəmilin tükənməz
sevgisi, nikbin qəlbi, işıqlı düşüncəsidir.
Bütün bunlarla yanaşı, o, gənc ürəklərin
aşiqanə döyüntülərinin ahəngini də
öz nəbzində duyub hiss eləyir, sözə
çevirir.
Vüsalın ulduzu göydən qopdumu?
Həsrətin naləsi neydən qopdumu?
Sən ki söyləmişdin küsən deyilsən,
Küsmüsən, deməli, bu, sən deyilsən.
Adını çəkməsəm alışar
dilim,
Kövrək ürəyini bilirəm, gülüm -
Sən də bu həsrətə dözən deyilsən,
Əgər dözürsənsə, bu, sən deyilsən.
Şairin 90-cı illərə qədərki
yaradıcılığında yurddan, vətən itkilərindən
nigarançılıq, el-obanı qorumaq
çağırışı hansısa gizli bir mənbədən
gələn xəbərdarlıq, fəhm əlaməti kimi
izlənməkdədir. "Köç gedir", "Kəndindən
köçən kişi", "Şöhrət
muzeyi", "Qaçış", "Daş haqqında
düşüncələr", "Çinar atası",
"Atama məktublar", "Dünya, məni dara çəkmə",
"Zirvədə doğulmuş kəndçi balası",
"Yurd yerində" və digər şeirlərində vətən
sarıdan nigarançılıq tutarlı bədii
obrazların dili ilə ifadə olunur, sanki şair doğma
insanları ayıq-sayıq olmağa çağırır.
lll
Dərd gələndə batmanla gəlir... Sevincin
gürşadı kimi, dərdin də heç o sevinc gürşadından
geri qalmayan dinamikası, ardıcıl silsiləsi, hərəkət
xətti var. Məsələn, "Qaçış"
şeirində dağ çayı qaçır, ağacdan
yarpaq qaçır, dodaqdan təbəsüm qaçır,
düşmən qabağından qaçan xalqın
ayağının altından torpaq qaçır, bulud
yağmağa qaçır,
Günəş gündüzü doğmağa
qaçır, Yer kürəsi fırlana-fırlana yerində
qaçır... Hətta: "Quşlar qaça-qaça
uçağan olur".
Yeri gəlmişkən, əgər biz Adil Cəmilin
bütün şeir yaradıcılığını nəzəri
baxımdan səciyələndirsək, onu əlüstü
lirik-romantik sənətkar adlandırarıq. Kitablarında yer
alan poemalar öz yerində, şairin bir çox süjetli
şeirləri var ki, onlar poema siqləti daşıyır (Necə
ki, bütün poemaları həcmli şeir qədər
qısa və lakonikdir). Adilin "Beş oğul atası Məhəmməd
kişi","Kəndindən köçən
kişi", "Şöhrət muzeyi", "Daş haqqında
düşüncələr", "Çinar atası" əsərləri
və bu qəbildən digər
yazıları milli ədəbiyyatımızın
yaxın-uzaq onilliklərinin bəhrəsi olan ən
yaxşı süjetli, dolğun ədəbi örnəklərlə
səsləşir və eyni zamanda bu şeirlərin yüksək
sırasında dayanır.
Və "Sınır"... Şair ilhamının
boranı, qışı başlayır!
1988-ci ilin hadisələri,
soydaşlarımızın Qərbi Azərbaysandan
deportasiyası, Qanlı 20 Yanvar, 1992-ci ildən başlayaraq
Qarabağ əhalisinin kütləvi şəkildə işgəncələrə
məruz qalması, insanlarımızın qətlə yetirilməsi,
Xocalı faciəsi, başdan-başa təbiət, tarix, mədəniyyət
abidəsi olan Şuşa, Laçın, Kəlbəcər
kimi səngər qalalı yerlərin erməni cəlladlarına
təslim edilməsi... hər bir azərbaycanlının qəlbində
indi də qövr eləyən, qanı qurumayan yaradır.
Arzularım çiçək-çiçək,
Duyğularım gözəl-göyçək.
Yaşayıram yalan-gerçək
Yanımda el-obam yoxdu.
...Həyat neçə yol tanıdır.
Dünya döyüş meydanıdır
Hələ neçə davam çatmır.
Şair bu misraları Birinci Qarabağ savaşından
on il, İkinci Qarabağ savaşından 20 il əvvəl qələmə
alıb. Bu, aydın bir şəkildə göstərir ki, bəzən
şair intuisiyası tarixin gedişatını qabaqlayır,
bu halda ədəbi proqnoz, öncəgörmə həyəcan
zəngi kimi səslənir.
Tək bu şeir deyil ki... Şair hələ
1983-cü ildə nəşr edilən "Gündoğandan
günbatana" şeirlər toplusunda yazırdı ki,
yaralı əsgərin ürəyindən arzu çıxmaz,
güllə çıxar.
Həm də:
Baxıram... qaynayır döyüşçü
gözü,
Ölümdən sonra da onlar sağ imiş.
Bir addım qabağa atılmaq özü
Vətəni bir addım artırmaq imiş.
"Vətəni bir addım artırmaq
üçün" düşmən gülləsinə
sarı o bir addımı atmasaydı, əsgər sağ
qalardı, ürəyi ilə bir yerdə güllələnən
arzunun boş qalmış yerini qəlpə doldurmazdı.
Adil Cəmil on illər boyu Kəlbəcər
ağrısıyla qovrulan atası Savalanı bir parça vətən
torpağı misalında itirəndə, onun məzarı
başında dayananda böyük yaradan beş-on damcı
göz yaşını da övlada çox görür,
oğul ağlaya bilmir.
Ağlaya bilmirəm qəbrin önündə,
Göz yaşım gizlicə axır içimə.
Səndən ayrı düşən ağır
günümdə
Ağlaya bilmirəm, məndən incimə.
...Yuxuya getmisən... yox bir oyadan,
İndi sən hardasan, mən harda, ata.
Vətən deyə-deyə getdin dünyadan
Qürbət var sən yatan məzarda, ata!
Bu elegiya ilə Adil yalnız öz doğma atasına
yas tutur, söyləsəm, ən azı insafsızlıq
etmiş olaram. "Ağlaya bilmirəm" əsəri
Qarabağ... Qarabağ... Qarabağ! - deyibən vətən,
yurd həsrətiylə işıqlı dünyaya gözlərini
nakam yuman, məzarda qürbət çəkən on minlərlə
ata, oğul, ana, bacı haqqında ağıdır.
Dərd gələndə batmanla gəlir. Şairin ata
ruhuna ithaf etdiyi başqa şeirdə dərd
qoşalaşır:
Köçdün bu dünyadan bir qış
axşamı,
Bilməzdim atasız gələn səhər var.
Kəlbəcər adıyla adın qoşamı -
İndi nə sən varsan, nə Kəlbəcər
var.
Deyirdin o yurda dönməliyik biz,
Deyirdin dizimdə hələ təpər var.
Sən idin bir parça Kəlbəcərimiz,
İndi nə sən varsan, nə kəlbəcər
var.
İzahata yer qalmır... ortada iki ağır itki var -
ata itkisi, atanın atası Kəlbəcər itkisi!
30 il ərzində Qarabağ barədə minlərlə
şeir, hekayə, poema, roman yazılıb, publisistik əsərlər
işıq üzü görüb. Heç şübhəsiz
ki, Qarabağın azad olunması Azərbaycan xalqının
birliyinin, ordumuzun qüdrətinin, Ali Baş Komandan İlham
Əliyevin cəsarət və zəkasının yekunudur,
şəhid qanının meyvəsidir.
Amma hər alqışda, hər niyyətdə də
bir düşər olur. Xüsusən, şair diləklərində,
sənətkar dualarında.
Adil Cəmil Qarabağ dərdini köynəyindən
keçirib, bədii sözə çevirən az sayda
şairlərimizdəndir. Hərdən adama elə gəlir
ki, Qarabağın dərdli tarixinin ən mötəbər dəlilləri
Adil Cəmilin poetik yaşantılarında qorunur, sanki o,
şeir deyil, tarix yazır. O, seyirçi deyil, dərdin bir
parçasıdır. Ağrı-acı öz yerində,
şairin əsərlərindəki xilas yolu
axtarışını, döyüş ruhunu mütləq
qeyd etməliyik.
Adil Qarabağın xilas yolunu hər kəsin içindəki
vətən sevgisində görür. Hər kəs ilk
növbədə öz cavabdehliyini dərk etməlidir. Belə
özünüdərk aşağıdakı iki misrada dəqiq
ifadə olunmuşdur:
Mən gərək qaytarım məni özümə
Bir gün Kəlbəcəri qaytarmaq
üçün.
Şükür bu günə, indi Adil də var, Kəlbəcər
də var. Mənə elə gəlir ki bu cümlələri
kağıza köçürdüyüm anda Savalan
kişinin ruhu şad, torpağı pilə kimi
yumşaqdır.
lll
Adil Cəmilin əsasən poetik
yaradıcılığı üzərinə söylənilən
mülahizələrdən aydın olur ki, sanballı şeir
göydən tökülmür. Bunun üçün ilk
növbədə anadan vergili doğulmaq, layiqli bioqrafiyaya sahib
olmaq, özünəqədərki və zamanındakı ədəbi
yekunları mənimsəmək, özünü daim böyük sözün (həm
də böyük həyatın) içində hiss etmək,
yuxusuz gecələr, düşüncəli gündüzlər,
yəni zəhmət, zəhmət... iş və əməl
gərəkdir.
Ortada olan poetik sərvət şahidlik edir ki, Adil Cəmil
sənət sınaqlarından layiqincə çıxıb.
Onun yaradıcılığı ənənə içərisində
ən yaxşı yenidir, novatorluqdur. O, milli şeirimizin ən
işlək şəkillərində - hecada, qoşma, gəraylı,
bayatı üstündə dillənir və dərhal da
sübut edir ki, bəsitlik ayrı şeydir, sadəlik
ayrı. Sadəliyin müdrik və heyrətamiz qatları
olur. Məsələn, onun könüldən butalanan bu
bayatını el yaradan ən yaxşı örnəklərdən
kim ayıra bilər ki?
Yarı qəm,
Yarı sevinc, yarı qəm.
Eşrtsə ki, ölmüşəm
Öldürəcək yarı qəm.
Adil Cəmilin qoşma və gəraylılarında ənənə
ilə çağdaş təfəkkürün
qovuşması yeni bir ədəbi məziyyətə vəsilə
olur.
Şairin şeirlərindən bəlli olur ki, o,
göy üzünün, torpağın, gülün,
çiçəyin, dağın, çayın, fəsillərin
dilini bilir.
Adil Cəmil sevginin şairanə dilini bilir.
Adil Cəmil bütün şairlərin
tanrısı, yaradıcısı olan dərdin dilini bilir.
Adil Cəmil bütün bunların hamısını
ona görə bilir ki, o, sözün dilini, dilin dilini bilir.
Bu, ustad məqamıdır - şair qəzəblə,
kinlə dolu olduğu halda belə, ustbəüst düzülən
misraları məxmər kimi yumşaqdır, qarğış
və nifrinsizdir, əsilzadədir. Sanki ahəngdarlıq
qarışıq hisslərlə dolu bir qəlbi - beşikdə
uyuyan (böyüyən) körpəni ana əlləri yelləndirir...
XX əsr ədəbiyatımızin görkəmli
simalarından olan tənqidçi-ədəbiyyatşünas,
şair, tərcüməçi Cəfər Xəndan
yazırdı:
"Yeni söz demək o qədər də asan deyil.
Yüz illərdən bəri yaşayan sənət aləminə
nəzər saldıqda, adama elə gəlir ki, hər şeydən
yazılmış, hər söz deyilmişdir. Lakin sənət
xəzinəsinə baş vurduqda əl dəyməmiş, ələ
gəlməsi çox çətin olan nə qədər cəvahirat
görürsən. Əsas məsələ bu xəzinənin
yolunu bilmək, onun açarını ələ keçirməkdir".
İndiki halında Adil Cəmil ustad ədəbiyyatşunasın
nişan verdiyi o xəzinəyə baş vuran, əl dəyməmiş,
ələ gəlməsi çox çətin olan cəvahiratı
görən, o xəzinənin yolunu bilən və onun
açarına sahib olan kamil şairdir.
Vaqif BƏHMƏNLİ
525-ci qəzet .-2024.- 8 oktyabr (№183).- S.12-13.