Təkcə şəhid atası kimi yox...

 

Vətən müharibəsi şəhidi, dostum İlqar Bürcəliyevin canında bir xoş, ziyansız şöhrətpərəstlik var idi. İstəyirdi, hamı onu görsün, ondan danışsın. Bizim bir sinif yoldaşımız vardı - Cavid. Onun qardaşı Mahir Quliyev Aprel döyüşlərində şəhid olanda Yeni Yasamala izdiham çökmüşdü. İlqarla yanbayan dayanıb insanları seyr edirdik. Ətrafımızda başqa dost-tanış da var idi. Birdən-birə dedi ki, görərsiz, mən də öləndə bu qədər adam gələcək...

Bəd-bəd danışdığına görə onu acılayıb söhbəti dəyişsək də, İlqar hərbi xidmətə yollanandan sonra həmin cümlənin pis xatirəsi ara-sıra ağlıma gəlirdi və bir gün - Vətən müharibəsinin başlanğıcında, hələ gözümüzü açıb nəyin baş verdiyini anlamadığımız bir vaxtda İlqarın şəhadət xəbəri gəldi. Onun nəşini ata-baba yurdu olan Gəncəyə aparanda küçələrinin qurtaracağına qədər uzanan insan selini görəndə 2016-cı ildə dediyi "Mən də öləndə bu qədər adam gələcək" sözləri yaddaşımda qara daşa çevrildi.

Həmin qara daş İlqarın ailəsinin, yaxın dostlarının ürəyini kölgələsə də, onun yoxluğu ilə yaşamağa başladıq, nə qəlbimiz qubar bağladı deyə öldük, nə də tərki-vətən olduq, yaşadıq... Bürcəliyevlər ailəsinin təzədən həyata bağlanmasında qəhrəman oğulun mərd atası - Vüqar Bürcəliyevin rolu böyük oldu.

Yazımın əvvəlində dediyim kimi, İlqar çox şöhrətpərəst idi və öz ailəsindən ağız dolusu danışıb qürurlanırdı. Buna haqqı da çatırdı. O, dövrünün görkəmli sənətkarları Məmməd Bürcəliyevin və Sədayə Mustafayevanın nəticəsi idi. Ümumən, Bürcəliyevlər nəsli Gəncədə böyük hörmətə sahib olub, bu gün də belədir.

Həmin nəslin bir nümayəndəsi kimi İlqarın atası - Vüqar Bürcəliyevin də, hələ İlqar sağlığı, necə gözəl ürəyə sahib olduğundan, hansı sanbal yiyəsi olduğundan xəbərdar idik. İlqarın şəhidliyi isə bizim aramızda daha sıx münasibət yaratdı. Çünki dərdimizin adı bir idi: İlqar... "Biz" deyəndə, mən də daxil olmaqla, İlqarın dörd-beş dostunu nəzərdə tuturam. Son dörd ildə bu ailənin üzvünə çevrilmişik. Bu dörd illik müşahidələrim əsas verir ki, Vüqar əmi haqqında bu ürəkdən gələn yazını qələmə alım.

Vüqar Bürcəliyev təkcə şəhid atası kimi yox, özü özlüyündə çox möhtəşəm insandı. Yəni ətrafının ona hörməti təkcə İlqarla bağlı deyil, özünün keyfiyyətləri də burada rol oynayır.

Mən İlqarın şəhidliyindən sonrakı dövrü Vüqar əmisiz təsəvvür edə bilməzdim. O olmasaydı, İlqarın anası, qardaşı, nənəsi və nəhayət, biz dostları bu dərdə necə tab gətirə bilərdi, bilmirəm. O da hamı qədər, bəlkə də, hamıdan çox dərd çəkirdi. Amma bir insan kimi praqmatikliyi, uzaqgörənliyi, çiynindəki məsuliyyəti onu yenidən həyata gətirdi və böyük bir ailənin psixoloji vəziyyətini stabilləşdirdi. Bu, özlüyündə çox böyük bir məsələdir. Hətta fədakarlıq da demək olar...

Digər tərəfdən, bu günə qədər Vüqar Bürcəliyev bir dəfə də olsun şəhid atası, ailəsi adına xələl gətirəcək addım atmadı. Çox təəssüf ki, bəzi insanlar yaranmış vəziyyətdən sui-istifadə edib öz ambisiyalarına xidmət edəcək addımlar atırlar. Öz canını Vətənə təmənnasız qurban edən oğulların şəhadətinə layiq yaşamaq hər kəsin borcudur. Vüqar əmi bu borcun aliliyini dərk edən və buna müqəddəs vəzifə kimi əməl edən kəslərdəndir.

Vüqar Bürcəliyevin özünü də yenidən həyata bağlayan nəsnələr var. İlqarın qardaşı Tamerlan Bürcəliyev "Zirə" futbol komandasının oyunçusudur. Qardaşının futbolla bağlı yarım qalan arzularını həyata keçirən Tamerlanın formasının arxasında soyadının əvəzinə İlqarın ismi həkk olunub. Vüqar əmiyə bir futbol azarkeşi kimi həyat stimulu verən əsas məsələlərdən biri də budur.

İlqarın birinci ildönümünə qədər olan müddəti çıxmaq şərtilə, əvvəlki illərdə də, indi də Vüqar Bürcəliyev çalışqan, zəhmətkeş insan olub. Həmişə insanlar üçün faydalı olmağa çalışıb. Onu həyata bağlayan digər səbəblərdən biri də indiki fəaliyyətidir. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin tapşırığı ilə Vüqar Bürcəliyevin Şəfəq qəsəbəsi Mənzil Kommunal İstismar Sahəsinin sədri vəzifəsinə təyin olunması təkcə şəhid atasına yox, həm də öz işinə canla-başla yanaşan bir vətəndaşa göstərilən etimad idi. O, son yeddi ay ərzində həvəslə və peşəkarlıqla öz vəzifələrini icra edir.

Bu yazını Vüqar əminin timsalında Bürcəliyevlər ailəsinə son dörd ilin vəfa borcu kimi həsr edirəm. İlqar qardaşımızın şəhadəti xatirinə ocağınız həmişə gur yansın!

 

Nadir YALÇIN

525-ci qəzet .- 2024.- 9 oktyabr(№184).-S.15.