Ömrün pensiya səddi
esse
O gecə səhərə qədər yata bilmədim.
Gah Allahı qınadım, gah da özümə qəzəbləndim.
İllərin bəndini yıxan ömür suları sakitcə
pensiya sərhəddinə yön almışdı. Gözlərimdən
gildir-gildir tökülən yaşların adını tapa
bilmirdim, nə idi bu, sevincmi, kədərmi? Həmin axşam
bir tikə xoşbəxtlik payım kəm idi, ona görə
çayım da acı dadırdı...
Anamın pensiya kitabçasını bu gün də
gəlinlik sandığımda əzizləyib saxlayıram.
Mavi üzlü, işlənməkdən üz
qabığı əzilib didilmiş kitabçanın son bircə
vərəqi salamatdı. İldə bir dəfə yenilənən
kitabçanın bir vərəqini hər dəfə pensiya
veriləndə Məhərrəm kişi kəsib
saxlayırdı. Məhərrəm kişi kənd sovetində
işləyirdi, idarədə balaca otağı vardı. Həmin
otaqda ona aid işlərlə məşğul olur, ayın
sonunda da pensiyalar veriləndə dövlətin yaşlı
adamlara ayırdığı pulu yiyəsinə
çatdırırdı. İşinə görə əmək
haqqı alsa da, pensiyalardan qəpik-quruş saxlamaq adətiydi.
Buna görə bəzi adamlar üzə deməsələr də,
qarasınca danışırdılar, amma...
Anamın pensiyasının qədəri yadımda
deyil, amma o vaxta görə xeyli pul idi. Anamın pulunu Məhərrəm
kişi gətirib evdə verirdi, anam da bildiyi vur-tut ikicə hərfdən
ibarət imzasını atırdı onun sənəddə
göstərdiyi yerə, adının qənşərinə.
Anam yığımcıl idi, beləsinə el arasında
"ev tikən" qadın deyirlər. Aldığı pulun
bir hissəsini mütləq "arxaya" atmalıydı...
Nə zamansa özümün də pensiya
alacağım ağlımın ucundan belə keçməyib,
yəqin elə mənim kimi bir çoxunun. Əvvəl
uşaqlıq, sonra da gənclik illəri ömrün sinəsində
elə məclis qurur, qəlbi elə şirin istəklərlə
döyünür, başı işə-gücə elə
qarışır ki, yadına qocalıqmı düşər!?.
Ömrün mərhələləri hərəsi bir cür
yaşantılar, fərqli duyğular bəxş edir adama. Bu
gün dünənkindən daha yetkin düşünür
insan. Zamanla doğru hesab etdiyi həqiqətlər də donunu
dəyişir, düşüncələri yontanır, fikirləri,
baxışları vaxtın süzgəcindən keçərək
durulur...
Haçan pensiyaların artması haqqında
söz-söhbət gəzir, nəinki yaşlılar, evində
təqaüdçü olan adamlar da sevinir. Nənə və
babalar da aldığı pensiyadan şirin-şəkər nəvələrinə
pay ayırmaqdan zövq alır. Nənəlik Allahın verdiyi
titulların içində bəlkə də ən
böyüyüdü, hətta ana titulunu da üstələyir
bəzən. Bəlkə onları öz uşaqlıq
çağlarına götürür, ya övladlarına həsr
etməyə yetməyən zamanların acısını
çıxarır canından.., nədirsə bunun səbəbini heç kim sonadək anlaya bilmir, məncə.
Bəlkə bunu heç "övladda nəvə, dövlətdə
dəvə" deyən ulularımız da bilməyib...
İndi xeyli müddətdi ki, yenə pensiyaların
artacağı barədə xoş xəbər dolaşır.
Hər "xəbərçi" də bir cürə
yayır artımın miqdarını. Xəbəri eşidənlər
sevinir, hesablaya bilən özü hesablayır, hesab-kitabdan
uzaq olanların ailəsi. Mən də öz bildiyim kimi deyilən
faizləri vurub çıxıram və sevinirəm. O saat da
içimdən başqa bir mən qalxıb kədərli
baxışlarla üzümə sərt bir sillə çəkir
- "gör nəyə sevinirsən e..."
Onda arzular boluydu, ümidlər tükənməz, bu
arzu və istəkləri həyata keçirməyə
vaxtımız da. Nə yaşımız vardı ki..,
heç otuz deyildi. Ailəm, övladlarım,
başımızı salmağa komamız vardı. Biz
başqalarının təmtəraqlı evinə,
mülkünə baxıb qəm eləmirdik. Komamızın
divarları arasında sevgi, hörmət, qayğı, inam,
etibar vardı deyə bizə qala kimi
görünürdü...
Onda yuxusuzluq haqqında bilgim də qocaların söylədikləri
qədərdi. Kimsə "bu gecə ilan vuran yatıb, mən
yox" deyəndə o ifadənin çəkisini təsəvvür
eləmirdim. Hələ üstəlik, "aranı dağa,
dağı arana" daşımışam da deyirdilərsə,
demək, vəziyyət daha da ağırmış...
İndi gecə yatdığım saatlar mənə qənimət
kimi görünür, o da ki, ayda, ildə bir dəfə! Hərdən
orqanizmimin möhkəmliyini yuxusuzluğa dözümümdən
anlayıram, Tanrıya və bədənimə sonsuz təşəkkürlər
edirəm. Amma hər şeyin həddi var axı, son vaxtlar həddini
aşan yuxusuzluq geri dönməyən izlərini də
sağlamlığıma möhürləyib keçir. Mənsə
durub pensiyaların artacağına sevinirəm...
Yenə ortalıqda söz gəzir... Yenə yuxum
qaçıb... Payız da gəlib, havalar şaxdan
düşüb, yun yorğan-döşəyin arasında da
ayaqlarım buza qoyulmuş kimi üşüyür... Tərs
kimi işıqlar da sönüb və elə tərslikdən
telefonumun şarjı bitir... Haydı, müdriklər
demiş, qaranlığa deyinməkdənsə, gedim, bir
şam yandırım... Və sonra vaxtım olsa pensiyaların
artacağına da ürək dolusu sevinim...
Şahnaz ŞAHİN
525-ci qəzet .- 2024.- 9 oktyabr№184.-S.15.