İnsan gözəlliyin vurğunu və yaradıcısıdır  

 

 

(Əvvəli ötən çərşənbə saylarımızda)

 

Bryullovun "Pompeinin son günü" əsəri Avropada çox populyar idi. İ.S.Turgenyev onu "Rusiyanın və İtaliyanın şərəfi" adlandırmışdı. Valter Skott isə onu adi rəsm əsəri deyil, epik əsər kimi qiymətləndirmişdi.

Əsər olduqca böyük emosional gücə malikdir və insanlara xəbərdarlıq edir ki, təbiətin sınaqları daim onu izləyir və bu toqquşmada insan özünün çox zəif olduğuna bir daha əminlik tapır. Onun əsəri tarixən dəhşətli fəlakətin baş verdiyi ölkədə geniş rezonans doğurmuş və görünməmiş populyarlıq qazanmışdı. Renessans rəssamları belə, onlara məlum olan həqiqi faktı əks etdirməyə girişməmişdilər. Rus rəssamı isə bu böyük məsuliyyəti öz üzərinə götürərkən, faciənin müdhiş ölçüsünə uyğun gələn bir sənət əsəri, əsl şedevr yaratmışdı. Bunun hesabına Karl Bryullov ilk rus rəssamı idi ki, beynəlxalq nüfuz qazanmış, beş xarici akademiyanın fəxri üzvü seçilmişdi.

Karl Bryullov həm də əsl humanist, filantrop bir şəxsiyyət idi. Ukraynalı şair və rəssam, millətçiliyin ideoloqlarından biri olan Taras Şevçenkonun təhkimçilikdən azad olunmasında yaxından iştirak etmişdi.

Repin, Serov, Savrasov, Polenov kimi rəssamlar da əsasən Peterburqdakı Rus muzeyində və Moskvadakı Tretyakov qalereyasında nümayiş etdirilən rəsmləri ilə milli ruhda olan yaradıcı insanlar kimi şöhrət tapmışdır. Kandinski və Şaqal kimi abstraksionist rəssamlar da bu üslubun görkəmli nümayəndələri hesab olunurlar.

Gözəlik nümunəsi olan iki şəhər barədə

İnsanın gözəllik yaradıcılığı təkcə rəngkarlıqla, heykəltaraşlıqla, arxitektura nümunələri ilə bitmir. İnsan istedadı və yüksək zövqü hesabına bütövlükdə gözəlliyi əks etdirən və bu göstəriciyə çevrilən şəhər kompleksi salmağa da müvəffəq olur. Qədim dünyada Babil, Afina, Karfagen, Persepolis, Roma kimi gözəl şəhərlər nümunəsi olmuşdur. Lakin onları düşmən və ya qəddar zaman xarabalıqlara çevirdiyindən, onların yalnız xatirələri və ayrı-ayrı cəhətlərinin izləri qalmışdır. Onlar da bu şəhərlərin hansı mükəmməllik səviyyəsinə yüksəldiyinə dəlalət edir.

Xoşbəxtlikdən bu ənənə bütünlüklə unudulmamışdır, onlar nisbətən cavan olan şəhərlərin timsalında özünü yaşatmağı bacarmışdır. Düzdür, XX əsrin başlanğıcından Çikaqoda tikilən ilk göydələn şəhərsalmada böyük vüsət almış, Nyu-Yorkun, Honkonqun, Sinqapurun, Kuala-Lumpurun, Şanxayın, San Paulonun timsalında binalar səmaya doğru yüksəlməklə, şəhər mənzərəsinə az qala fantastik bir görünüş vermişdir. Nyu-Yorkdakı Empayr Steyt Bildinq də, XXI əsrin başlanğıcında Üsəma ben Ladenin xarabalıq ustaları tərəfindən dağıdılmış və birdəfəlik dəfn edilmiş məşhur "Ekizlər" də, Kuala Lumpurdakı Petronas da, Dubaydakı az qala bir kilometr hündürlüyündəki "Bürc əl-Xəlifə" də artıq göydələnlərə adət etdiyimizdən, axı onlar həm də geniş miqyasda tirajlanmış və əksər böyük şəhərlərin vizit kartlarına çevrilmişdir, təəccüb mənbəyi olduqlarını dayandırmışlar və onlara sonralar tamaşa etdikdə, əvvəlki heyranlıqdan əsər-əlamət qalmır. Axı gözəllik də "Sabun operalarına" çevrildikdə, öz mahiyyətini itirir, adiləşir, gözü yormağa başlayır.

Lakin elə şəhərlər vardır ki, onlar öz gözəllikləri ilə bakirə qızlara bənzəyirlər, onlara yeni heç nə əlavə olunmasa da, öz bahar mövcudluğunu illər, bəlkə də əsrlər keçsə də, qoruyub saxlayır, malik olduqlarına az qala əbədi həyat xüsusiyyəti verməyə çalışırlar. Onların yalnız ikisi haqqında söhbət açmaq istərdim, çünki başqalarını əlavə etsəm, hansısa uyğun gəlməyən cəhəti əsas götürüb, rəyim etiraz dalğası ilə üzləşə bilər.

Bu şəhərləri, mən öz aləmimdə gözəllik etalonu hesab etdiyim üçün,  onlar zamanın dəyişilməsinə də məhəl qoymamaqla, özlərinin müqəddəsliyə çatan mükəmməlliklərini qoruyub saxlamaqla, hər görüşdə yeni bir cəhətini vurğulamaqla, insanları sevindirir, onlara münasibətdə pərəstiş hissləri aşılamağa başlayır.

Paris orta əsrlərin yadigarıdır, onun şöhrət çələngi rolunu oynayan Notr-Dam de Pari XII əsrdə tikilməyə başlanmışdı və inşasının iki əsr davam etməsi ilə öz mükəmməlliyi səviyyəsinə gəlib çatmışdı.

Paris gözəl qız kimi özünə XIX əsrin ikinci yarısının əvvəllərində, II İmperiya dövründə əl gəzdirməyə başlamış, mövcud qüsurlarını da yenidənqurma prosesi nəticəsində  füsunkarlığa çevirməyi bacarmışdır. Ustalıqla aparılan makiyaj qızın cazibə mənbəyi olan sifət cizgilərinə əlavə canlanma və heyranlıq xüsusiyyətləri verir. Baron Osmanın titanik cəhdləri hesabına, o, nisbətən kiçik vəzifə sahibi, Sena prefekturasının prefekti olsa da, həm də öz iradəsi, istedadı, yüksək zövqü və cəsarəti hesabına Parisi dar küçələrdən və alçaq hündürlükdəki binalardan azad etmiş, yeni enli bulvarları isə görünüşü möhtəşəmliyi təmsil edən monumental binalarla bəzəmişdi. Minnətdar parislilər şəhərin mərkəzi hissəsindəki ən gözəl küçələrindən birini, onun şərəfinə Osman bulvarı adlandırmışlar. Yelisey çölü avenyusu, Eyfel qülləsi, Luvr muzeyi, Monmartda tikilən Sakra Kyor kilsəsi, memar Şarl Qarnyenin tikdiyi Qrand Opera binası, III Aleksandr körpüsü şəhərin gözəlliklərinə əlavə parlaqlıq vermişdir. Azacıq əyintilər də, Jorj Pompidu sarayı və Luvr qarşısında ucaldılan şüşə piramida da ümumi gözəlliyə xələl gətirə bilməmişdir, onun yaratdığı heyranlıq hissinin, nəcib dənizə məxsus olan suların lacivərd rənginə olan vurğunluğa bənzərliyini poza bilməmişdir.

Eyfel qülləsi hazırda Parisin simvolu sayılır, dünyada Misir piramidaları kimi böyük şöhrəti ilə seçilir. Qüllə 1889-cu ildə Parisdə Ümumdünya sərgisi keçirilərkən bir möcüzə kimi şəhərin qonaqlarının heyranlığına və təəccübünə səbəb olmuşdu. Bu, heç də təsadüfi deyildi, dünyada o vaxtlar ən uca tikinti olmaqla, eyni ölçülü metal hissələrdən ibarət idi. Lakin o həm də parislilərin bəzilərinin tənqidi münasibətilə üzləşmişdi. Yaradıcı ziyalılar onu bəyənmirdi, hətta ona "səmanın çoban qızı" adını vermişdilər. Yazıçı Gi de Mopassan daim onun restoranında nahar etməsini onunla izah edirdi ki, bura yeganə yerdir ki, ondan Eyfel qülləsini görmürəm. Müasir parislilər isə şəhərlərinə məxsus olan bu möcüzə ilə fəxr edirlər.

Paris özünün prima xüsusiyyətli və gözəllik məbədinə çevrilən Lido gecə klubu və kankan rəqqasələrinin məşhurlaşdırdığı Mulen Ruj kimi kabaresi ilə, ənənəvi olaraq yaradıcı ziyalıların yığışdığı Monmartr təpəsi ilə, saysız-hesabsız modalar evləri ilə də dünyada ad çıxarmışdır. Hələ XVII əsrdən, Günəş Kralın- XIV Luinin hökmranlığı dövründən Paris Avropanın moda mərkəzi olmuş, bu liderliyi indiyə qədər saxlayır. Sonralar onun şöhrətini təsviri incəsənətdə meydana gələn İmpressionizm cərəyanı davam etdirdi. Renessans rəssamlığı onun beşiyi olan Florensiyanı nə qədər şöhrətə yiyələndirmişdisə, impressionistlər də Parisə elə məşhurluq bəxş etmişdilər.  İmpressionist rəssamlar əsərlərində təbiət mənzərələri ilə yanaşı, Parisin gur insan dalğası ilə dolu küçələrini də öz tablolarında əks etdirməklə, özlərinin də bu gözəlliyə əsir olduqlarını göstərmişlər. Paris Avropaya, əslində, bütün dünyaya gözəlliyi hiss etmək, qiymətləndirmək, ona himn qoşmaq dərsi vermişdir. Təsadüfi deyildir ki, dünyanın ən gözəl şəhəri sayılan Paris başqa şəhərlər üçün nümunə rolunu oynamışdır. Təkcə argentinalıların deyil, bütün Cənubi Amerikanın ən gözəl şəhəri olan Buenos-Ayres Parisə bənzəməsi ilə iftixar hissləri keçirir.

Amerikan yazıçısı Ernest Heminquey, sonralar Havanaya olan kimi, gəncliyində vurulduğu Parisin "səndə daim bayram" əhval-ruhiyyəsi yaratmasını qeyd etmişdir. Həmin sözlər bu gözəl varlığı izah etməyin, ona vurğunluğun ən sadə, lakin ən səmimi ifadəsidir. Paris onu duyanların, sevənlərin, ona vurulanların hamısı üçün ən sevimli bayramdır, onun təlqin etdiyi təntənə, ruhu təmizləyir, saflaşdırır. Gözəlliyə çəkinmədən qiymət verməyi bacardığına görə insan öz gözündə də böyüməyə başlayır.

Hitler 1944-cü ilin avqustunda Parisi minalayıb, məhv etmək göstərişini vermişdi. Lakin Müttəfiq ordularının hücumu, fransız generalı Leklerin tanklarının şəhərə surətlə girməsi və fransız Müqavimət Hərəkatı üzvlərinin qorxmaz igidlikləri, almanlara öz müdhiş planlarını yerinə yetirməyə imkan vermədi. Dörd il ərzində doğma Parisinin həsrətini çəkmiş general Şarl de Qoll öz müraciətində görünməmiş əzablara düçar olmuş Parisə himn xarakterli sözlərlə müraciət etmişdi. O, Zəfər Tağından Notr-Dam de Pariyə qədər Yelisey çölündəki izdiham kütləsi ilə birlikdə addımlamışdı.

Paris iki dəfə - 1871-ci ilin yanvarında və 1940-cı ilin iyununda almanlara, birləşdikdən əvvəl onlar prussiyalılar adı altında idilər, əsir düşmüşdü, alçalmışdı. Lakin hər iki dəfə müəyyən müddətdən sonra qamətini düzəltmiş, əvvəlki məğrurluğunu bərpa edə bilmişdi. Parisin məğlubiyyəti müvəqqəti xarakter daşısa da, onun zəfəri, qızılgül kimi ətrafa ətir saçması əbədi var olmaqdan, mövcudluqdan xəbər verir. Paris təkcə parislilərin, fransızların deyil, onu sevənlərin, deməli, bütün dünya əhalisinin, bəşəriyyətin şəhəridir, bu alilik yarışında heç bir şəhər ona rəqib ola bilməz.

Fransa rəhbərliyi, onun siyasəti dəyişikliklərə uğrasa da, əyintilərə imza atsa da, onlarla razılaşmayan xalqların münasibəti mənfilik səviyyəsinə gəlib çatsa da, bunun Parisə münasibətə heç bir dəxli yoxdur. Paris müvəqqəti olan dövlət rəhbərliyinə deyil, gözəlliyinin ona verdiyi müqəddəs hüquqa görə əbədiyyətə məxsusdur və hər bir bəşər övladının, bütövlükdə bəşəriyyətin ondan ilham almaq səlahiyyəti vardır və heç kəs onu məhdudlaşdıra bilməz. Mən şair olsaydım, ən uca sözlərimi Parisə həsr edərdim, ancaq buna cəsarət etmək istəmirəm, çünki böyük Viktor Hüqo Notr-Dam de Parinin timsalında Parisə elə bir himn həsr etmişdir ki, ən böyük şairlərin yaratdıqları da onunla müqayisədə solğun görünəcəkdir.

Paris, şəhəri haqqındakı xoş düşüncələrimi bölüşdüyüm bir nəfər, dövlətimizin Fransa ilə münasibətinin gərgin fazaya düşməsinə, Fransa hökumətinin Ermənistanın revanşist məqsədlərinə dəstək verməsinə və iki xalq arasında ədavəti yenidən qızışdırmaq cəhdinə, həmçinin beynəlxalq aləmdə bizə qarşı əsassız ittihamlar irəli sürdüyünə görə, bunların qələmə alınmasını qeyri-mütənasib, hətta yol verilməz hesab etdi. O, Parisin möhtəşəm mənzərəsinə özünün dar ölçülü, prezident Emmanuel Makrona olan münasibət prizmasından baxırdı.  Onun mövqeyi az qala Mirzə Fətəli Axundovun komediyasındakı dərviş Məstəli şahı xatırladırdı.

Tarixi misallar həmişə Parisə haqq qazandırmışdır. Navarralı Henri 1589-cu ildə taxt-taca çıxıb, IV Henri kimi Fransa kralı olmuşdu. Lakin bir neçə il ərzində o, huqenotların lideri olduğuna görə ölkənin əsas dininin hakim kəsildiyi katolik paytaxtına buraxılmırdı. Bu isə onun kral olmasına böyük əngəl törədirdi. Ona görə də dinini dəyişib, yenidən katolikliyə keçdi və 1594-cü ildə onun Parisə girməsinə icazə verildi.

Öz dini mənsubluğunu dəyişdirməsini bir müdrik kəlmə ilə izah etdi: "Paris həqiqətən messaya dəyər". Messa isə katoliklərin ən mühüm və təntənəli ibadətidir, protestant kimi huqenotlar onu icra etmirdilər. Parisi fəth etmək üçün öz dini ideyasından da əl çəkmək, bir az əvvəl mübarizə apardığı dinin kölgəsinə sığınmaq da olardı.

IV Henri qaynı III Henri öldükdən sonra tam əsasla taxt-taca yiyələnmişdi. Lakin katoliklər onun huqenot lideri olduğunu nəzərə alıb, onu kral kimi tanımaq istəmir, paytaxt Parisə buraxmırdılar. 1593-cü ildə, dörd il ərzində katoliklərlə müharibə aparan IV Henri Parisi mühasirə etdikdə, məğlub oldu və buna görə də, yeganə çıxış yolu kimi, dinini dəyişib, yenidən katolikliyə keçməli oldu.

Huqenot kimi onun başı əvvəllər də bəlalar çəkmişdi. Kral II Henrinin və Katerina Mediçinin qızı Marqaritaya evləndikdə, 24 avqust 1572-ci ildə Parisdə katoliklər, toyda iştirak etməyə gəlmiş 3 minə qədər huqenotu öldürmüşdülər. Arvadının köməyi və katolikliyə keçəcəyini vəd etdiyinə görə Henri xilas ola bilmiş və uzun müddət sarayda yaşamışdı. Marqaritanı boşadıqdan sonra Mediçilər nəslindən olan Mariya Mediçiyə evlənmişdi və onların övladı 9 yaşlı XIII Lui atası 1610-cu ildə fanatik katolik tərəfindən öldürüldükdən sonra, kral olmuş, 6 il ərzində anası ona regentlik etmişdi.

IV Henri Fransa tarixinin görkəmli krallarından biri hesab olunur. O, Fransanı xeyli inkişaf etdirmiş, yollar çəkdirmiş, körpülər tikdirmiş, sənətkarlığın və sənayenin yüksəlişinə nail olmuş, dövlətin beynəlxalq nüfuzunu xeyli böyütmüşdü.

1598-ci ildəki Nant müqaviləsi ilə huqenotların və katoliklərin hüquqlarını bərabərləşdirməklə ölkədə sabitliyə nail olmuşdu. Şimali Amerikada xeyli ərazini Fransaya əlavə etmişdi. O, incəsənətin də inkişafına xüsusi diqqət verirdi. Parisin abadlaşdırılmasına gəldikdə, Sena çayının sahillərini xeyli məsafədə möhkəmləndirmişdi.

Ona görə də IV Henri, grand Henry - Böyük Henri və ya la bon roi Henry - Nəcib kral Henri adlanırdı. O, gələcək Günəş kral - XIV Luinin babası idi.

 

(Ardı var)

Telman ORUCOV

525-ci qəzet .- 2024.- 9 oktyabr(№184).-S.14.