İqlim problemləri ilə mübarizədə Azərbaycanın rolu güclənir

 

Hazırda iqlim dəyişmələri dünyanı ən çox narahat edən qlobal problemlərdən biridir. Məlum olduğu kimi, XVIII əsrdən etibarən başlayan sənayeləşmə dövründən, xüsusən də XX əsrin ortalarından sonra Yer kürəsinin iqlim sisteminə çox böyük mənfi təsirlər göstərilib, digər atmosfer tullantıları ilə yanaşı, istixana effekti yaradan qazların qlobal miqyasda sürətli artımı baş verib. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə, son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən istilik effekti yaradan qazların - karbon dioksid (CO2), metan (CH4), azot oksidi və xlor-fülor birləşmələrin konsentrasiyasının artması ilə birbaşa bağlıdır. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panel (İPCC) tərəfindən təqdim edilmiş məlumata görə, sənaye dövrünü əhatə edən son 250 ildə atmosferdə məhz karbon qazının ümumi miqdarı 28 faiz, metanın miqdarı isə 60 faiz artıb.

Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmayıb. Son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4-1,30C-yə qədər artıb. İqlim dəyişmələri fonunda Azərbaycan daşqınlar, qar uçqunları, tufanlar, qasırğalar, dalğalanmalar, güclü küləklər, istiliklər, quraqlıqlar, buzlaqların əriməsi, şoranlaşma, torpaqların deqradasiyası, səhralaşma, yağıntıların və su ehtiyatlarının azalması kimi ekstremal iqlim hadisələrinin təsirlərinə məruz qalır. İqlim dəyişmələri həm regional həm də qlobal səviyyədə insanların qida təhlükəsizliyini və suya çıxışını məhdudlaşdırır, aclıq, yoxsulluq və digər ağır sosial-iqtisadi nəticələrə, miqrasiyanın güclənməsinə səbəb olur, yoluxucu və xroniki xəstəlikləri artırır. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı isə 21-ci əsrdə qlobal sağlamlıq üçün ən böyük təhlükə kimi iqlim dəyişmələrini göstərib. Mütəxəssislərin fikrincə, gələcəkdə qlobal istiləşməni minimuma endirmək səyləri uğurlu olsa belə, dəniz səviyyəsinin artması, okean istiliyinin və  turşululuğunun yüksəlməsi kimi neqativ təsirlərin müəyyən hissəsinin əsrlər boyu davam edəcək.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyir ki, dünyada qlobal iqlim dəyişmələri və antropogen amillərin təsiri altında əkinə yararlı torpaqlar deqradasiyaya uğrayır, şirin su ehtiyatları azalır. Azərbaycanda son 23 ildə ölkə üzrə temperatur anomaliyası 1.1°C olub, 2023-cü ildə orta temperatur 14.6°C-yə çatıb: "Bu da 1971-2000-ci ilin norması ilə (12.7°C) ilə müqayisədə 1.9 dərəcə çoxdur. Son onilliklərdə ən yüksək orta temperatur 2013-cü ildə 14.8°C təşkil edib".

Vüqar Kərimov vurğulayıb ki, 1961-1990-cı illərlə bütün stansiyalarda istilik dalğalarının həm təkrarlanmasında, həm də davamiyyətində artım müşahidə olunur: "Son onilliklərdə bu proseslər dəfələrlə artaraq Bakıda 29, Gəncədə 16, Şəkidə 41 və Lənkəranda 5 dəfə təkrarlanıb. Ən çox artım Bakı və Şəkidə müşahidə olunub".

Nazir müavini dünyada baş verən iqlim dəyişmələrinin kənd təsərrüfatı sektoruna mənfi təsir etməsi ilə bərabər, kənd təsərrüfatı fəaliyyətlərinin də öz növbəsində iqlim dəyişmələrinə səbəb olan faktorlar içərisində yer aldığına diqqət çəkib: "Qlobal miqyasda atılan istixana qazlarının 20 faizə qədəri kənd təsərrüfatı fəaliyyətləri nəticəsində yaranır".

V.Kərimovun dediyinə görə, Azərbaycan çox yüksək su stressi kateqoriyasında aid edilir. Bu kateqoriyadan çıxmaq üçün sudan səmərəli istifadə edilməlidir, istifadə həcmi ən az 20 faiz azaldılmalıdır: "Azərbaycanın su ehtiyatları son onilliklərdə 15 faiz azalıb. Təhlilllər göstərir ki, 2023-cü ildə transsərhəd çaylardan daxil olan yerüstü su ehtiyatlarının iqlim dəyişmələrinin təsiri və qonşu ölkələrin su ehtiyatı kimi isitifadə etməsi nəticəsində 1961-1991-ci illə müqayisədə 28,4 faiz azalıb. Azərbaycanda il ərzində istifadə edilən su obyektlərindən təqribən 13.5 milyard kubmetr su götürülür. Bunun 3.5 milyard kubmetri nəql və istifadə zamanı itkiyə gedir. 10 milyard kubmetr su suvarma və digər sahələrdə isitfadə olunur".

V.Kərimov qeyd edib ki, çaylarda il ərzində götürülən suyu və transsərhəd çaylardan daxil olan suyu saymasaq, 12 milyard kubmetr həcm deməkdir, qrunt suları ilə birgə isə 16,2 milyard kubmetr təşkil edir: "Bu, Azərbaycanın çox yüksək su stressi kateqoriyasına aid edilməsinin göstəricisidir. Bu kateqoriyadan çıxmaq üçün sudan səmərəli istifadə edilməlidir, sudan istifadənin miqdarı ən az 20 faiz azaltmalıyıq. Suya tələbatın artması fonunda iqtisadiyyatın bütün sahələrində qənaətedici su texnologiyalarından istifadə edilməlidir".

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov deyir ki, iqlim dəyişikliyi bütün həyatın əsaslarını təhdid edir. İddialı iqlim fəaliyyət planları ətraf mühiti yaxşılaşdırmaqla yanaşı, həm də sosial gərginliyi azalda bilər: "Bu, həmkarlar ittifaqlarına "yaşıl iqtisadiyyat"a ədalətli keçiddə mühüm rol oynamağa imkan verir. Artıq Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olan və iqlim böhranını yumşaltmaq üçün bütün lazımi alətlərimiz var, sadəcə olaraq, onlardan beynəlxalq, milli, regional və fərdi səviyyələrdə daha geniş istifadə etməliyik".

AHİK sədrinin sözlərinə görə, qlobal emissiyalar, temperatur artır: "Quraqlıq genişlənir və meşə yanğınları tüğyan edir. Səhralar genişlənir. Okeanlar, meşələr, hava şəraiti, biomüxtəliflik, qida istehsalı, su ehtiyatları, əmək bazarları və nəticədə insan həyatı üçün nəticələr artıq dəhşətlidir və drum getdikcə daha da pisləşir. Dünya iqlim fəlakətlərinin şahidi olub. Biz bu faciələri görmüş və yaşamışıq. Dünyanın heç bir guşəsi iqlim dəyişikliyinin dağıdıcı təsirlərindən sığortalanmayıb. İqlim dəyişikliyi sosial-iqtisadi gərginliyi artıraraq beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhlükə yaradır. Nəticələri torpaq, qida və su kimi ehtiyatları uğrunda şiddətli rəqabətdə özünü göstərir ki, bu da əhalinin kütləvi yerdəyişməsinə səbəb olur".

O bildirib ki, Dünya Bankının məlumatına görə, tədbir görülməsə, 2050-ci ilə qədər 140 milyondan çox insan öz regionu daxilində miqrasiya etməyə məcbur olacaq: "Koronavirus pandemiyası bir daha insan və təbiət arasındakı əlaqə ilə bağlı suallar doğurdu. COVID-19 pandemiyası iqlim dəyişikliyini dayandırmasa da, emissiyaların müvəqqəti azalmasına səbəb oldu. İndi emissiyalar yenidən artıb və təxminən pandemiyadan əvvəlki səviyyəyə çatıb. Bu, qlobal temperaturun 1,5 dərəcədən xeyli yuxarı artmasına səbəb ola biləcək yola qayıtmaq deməkdir. Dağıdıcı nəticələr çox böyük ola bilər. Aydındır ki, köklü şəkildə yeni yanaşma lazımdır. Vəziyyətimizi və həyat tərzimizi təcili olaraq dəyişməsək, həyatın özünü riskə atmış olarıq".

Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib ki, iqlim dəyişikliyi məsələsi Azərbaycan üçün prioritetdir: "Metan emissiyaları mövzusuna xüsusi diqqət yetirilməlidir, çünki onlar ətraf mühitin çirklənməsində mühüm rol oynayır. Bu, son 20 ildə karbon qazından 80 dəfədən çox üstün olan ən güclü çirkləndirici amillərdən biridir".

U.Tağıyeva vurğulayıb ki, 2030-cu ilə qədər istehsalat tullantısı kimi metan emissiyaları təxminən 30-35 faiz azalmalıdır: "İqlim həftəsinin günlərindən birinin metan emissiyaları mövzusuna həsr olunması çox vacibdir".

Politoloq Sultan Zahidovun sözlərinə görə, qlobal iqlim dəyişikliyi məsələsində belə müstəmləkəçilik elementlərinin və diskriminativ siyasətinin təzahürü sezilməkdədir: "Qlobal cənubun həssas icmalarında iqlim dəyişikliyindən daha çox əziyyət çəkilməsinə baxmayaraq, şimal yarımkürəsində bu problemə hələ də lazımi səviyyədə diqqət göstərməyən güclər var.

Dünyanın ən mötəbər və əhəmiyyətli tədbirlərindən birinə ev sahibliyi edəcək Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətini ətraf mühitə olan təhdidlər və onlarla müharibə yollarına yönəltməklə bərabər, şimal, cənub, şərq və qərbi bir araya gətirərək onlar arasında dialoq və əməkdaşlıq mühitinin yaranmasına töhfə verəcək".

S.Zahidovun sözlərinə görə, Azərbaycanın fərqli mədəniyyətlər arasında dialoqu təşviq edən "Bakı Prosesi" təşəbbüsü, Qoşulmama Hərəkatında uğurlu sədrlik təcrübəsi və digər beynəlxalq təşkilatlarda fəal təmsil olunmasını nəzərə alaraq, Azərbaycanın qlobal Cənub və qlobal Şimal arasında həmrəylik və konsensusa vəsilə olacaq körpü rolunu oynamağa qadirdir: "COP29 fikir ayrılıqlarının bir kənara qoyulması və qlobal sülhə, iqlim gündəliyinə töhfə verilməsi üçün bir fürsətdir. Məhz bu səbəbdən münaqişələr və getdikcə kəskinləşən iqlim böhranı kimi məsələlər arasında əlaqəni nəzərə alan Azərbaycan COP29 naminə Birgə Atəşkəs Çağırışı təşəbbüsünü elan edib. Azərbaycan COP29-da həm də qlobal Şimal və Cənubu bir araya gətirmək, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü rolunu oynamaq kimi ümumbəşəri hədəflərə nail olmaq üçün səylər göstərir".

Mütəxəssis konfrans çərçivəsində Azərbaycanın Latın Amerikası, Karib hövzəsi, Afrika ölkələri ilə əlaqələrin daha da genişlənməsinin mümkün olduğunu vurğulayıb: "Azərbaycan regional və hətta qlobal miqyasda meydana çıxan təhdidlərin müzakirəsində və həllində aparıcı güclərdən birinə çevrilib. Sözsüz ki, bütün bu proseslər ölkə diplomatiyası üzərinə əlavə və daha geniş öhdəliklər qoyduğu kimi, diplomatiyamızın həm ikitərəfli, həm də çoxtərəfli təmaslardan daha çox təcrübə əldə edəcəyi gözləntisini yaradır. COP29 Azərbaycan üçün yaxın tərəfdaşlarla olan əlaqələrini daha da dərinləşdirmək imkanı yaratmaqla yanaşı, regionumuza nisbətən uzaq ölkələrlə belə müxtəlif sahələrdə yeni əməkdaşlıq razılaşmaları ətrafında müzakirələr aparmaq potensialını üzə çıxarır. Bu baxımdan düşünürəm ki, COP29 ərəfəsində Latın Amerikası, Karib hövzəsi, Afrika ölkələri ilə bu günə kimi müsbət məcrada inkişaf edən əlaqələrimizin daha da genişlənməsi mümkündür".

 

Sevinc QARAYEVA

525-ci qəzet .- 2024.- 9 oktyabr¹184.-S.13.