"Harmoniya"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas Anar İbrahimovdur. Onunla
rəssam Xanım Məmmədovanın "Harmoniya" əsərindən
danışmışıq.
Xanım Məmmədova 1962-ci ildə anadan olub. Bu sənət
sahəsinə gəlməsində rəssamın atası
Əzim müəllimin böyük rolu var. Zaman onu ilk olaraq
dövrün bir çox məşhur Azərbaycan rəssamının
dərs dediyi Əzimzadəyə, sonra isə Azərbaycan
Dövlət İncəsənət İnstitutu - indiki Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinə gətirib. Ali təhsil aldığı
dövrdə Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə
və Nadir Əbdürrəhmanov kimi məşhur rəssamlardan
sənətin sirlərini öyrənib. Xanım Məmmədova
təkcə rəssamlıq sənəti ilə kifayətləndirməyib
və dekorativ-tətbiqi sənət sahəsi ilə də məşğul
olub.
- Anar bəy, istərdim harmoniyanın rənglərdəki
şərhinə keçməzdən öncə fəlsəfəsi
haqqında bir qədər danışaq.
- Qloballaşan və daim hərəkət içində
olan müasir dünyanın artan tempi insan hisslərində də
özünü göstərir. Süni dinamika isə bir
zamanlar hökm sürən harmoniyanın pozulması ilə nəticələnə
bilər. Rəsmdə olan harmoniya isə bizə öz ilkin mənasını
xatırladır. Bilindiyi kimi, harmoniya xoş hisslərə səbəb
olan bir bütövün hissələrinin müəyyən
bir düzülüşüdür. Bu, melodiyadakı qeydlər,
paralel povestlər və ya kompozisiya ilə rəng kimi vizual
bir şey ola bilər. Harmoniya anlayışının rəqəmləri
hər şeyin əsası kimi görən
riyaziyyatçı Pifaqorun dövrünə gedib
çıxdığı da deyilir. Təbii ki, riyaziyyatda
bütün rəqəmlər də uyğun olmalıdır.
Sözün kökü olan "harmos" "birləşmək,
birləşmə və bütöv olmaq" deməkdir. Buna
görə də yunan mifologiyasında Harmoniya ilahəsi
xoşbəxt nikahın təcəssümü sayılır.
Harmoniyada olmaq, içimizdə dinclik hiss etmək, balanslı
və sakit olmaq deməkdir.
Rəsmin yaranmasında da bu mənaların hər
birinin özünəməxsus rolu mövcuddur. Hansısa bir
nizamsızlıq ümumi balansın pozulmasına və vahid
sistemin məhvinə gətirib çıxara bilər. Ancaq
harmoniya bütün bu olanları həmişə diqqətdə
saxlayan bir qüvvədir.
- Əsərin rəng həlli necədir?
- Rəssam materiala və rəng seçiminə
xüsusi diqqət yetirib. O, burada olan qara, ağ,
qırmızı, sarı və mavi ilə harmoniya əldə
etməyə çalışıb. Bu isə öz növbəsində
simmetrik tarazlıq üçün yeni sərhədlər və
imkanlar axtarmağa əsas verir.
Əsərdə istifadə olunan hər bir tonun
özünəməxsus mənası kompozisiyanın ümumi
məzmunu ilə səsləşir. Misal üçün, əsərdə
gözə çarpan mavi rəng sakitlik, əmin-amanlıq və
harmoniyanı, göy rəng cəsarətli olmağı,
sonsuzluğu, dərinliyi, bənövşəyi isə mənəvi
həssaslığı və hərəkəti özündə
təcəssüm etdirir. Rəsmdə olan harmonik dinamika və
xoşbəxtliyə sövqedicilik isə kompozisiyanın
müxtəlif yerlərində olan sarı və
qırmızı rəng tonları vasitəsilə
çatdırılıb.
Mərkəzi hissədə yerləşdirilən
xanımın saç və geyimində olan qara rəng
harmonik vahidliyin, dincliyin və özünükəşfin
göstəricisidir.
- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?
- Ön planla fon, mərkəzi obyekt və perspektiv
arasındakı tarazlıq həmişə rəssamların əsas
qayğısı olub. Lakin rəssamlar mücərrədliyin
meydana çıxması ilə heç bir məhdudiyyət
olmadan harmoniya prinsiplərini tətbiq etməyə müvəffəq
oldular.
Kompozisiya quruluşuna diqqət yetirsək, mərkəzi
hissədə əlində fleyta tutmuş gənc
xanımı görə bilərik. Onun qarşısında
olan masanın üzərində isə bir ədəd nar və
onun yanında demək olar ki, sona qədər dolu olan bir qədəh
yerləşdirilib. Masa sanki xəyali olaraq orada mövcuddur və
nar ilə qədəh havada asılı qalma təəssüratı
yaradır. Xanım masaya və onun üzərindəkilərə
əhəmiyyət vermir. Bu görünüş bizə 1976-cı
ildə rejissor Rasim Ocaqov tərəfindən
ekranlaşdırılan "Tütək səsi" filmindəki
Cümrünü xatırladır. Orada deyilən "Səs
salmayın, o, indi öz aləmindədir" ifadəsi bu əsərin
kompozisiyası ilə uyğunluq təşkil edir.
Harmoniya təbiətin ayrılmaz xüsusiyyətidir,
burada bir çox fərdi elementlər bütövləşir.
Qədim zamanlardan yaradıcı insanlar harmoniyaya can
atıblar, dinamik tarazlıq, onun tərkib hissələrindən
daha böyük olan bütövlük yaradıblar. Ancaq nə
qədər insan harmoniyaya can atsa da, yalnız bir neçəsi
onu fəth edə bilir. Rəsmin ümumi kompozisiyası da bu mənaları
özündə ehtiva edir.
- Tablo hazırda harada saxlanılır?
- Əsər Xanım Məmmədovanın şəxsi
emalatxanasındadır.
- Bu əsər rəssamın digər işlərindən
hansı xüsusiyyətlərinə görə fərqlənir?
- Rəssamın əsərlərinə nəzər
yetirəndə bu təsvirdə istifadə olunan başda rəng
həlli və sonra isə seçilən motivlərdən demək
olar ki, heç biri digər əsərləri ilə
uyğunluq təşkil etmir. Bu təsvir nümunəsini
Xanım Məmmədovanın yeniliyə can atmasının
göstəricisi kimi qiymətləndirmək olar.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Memarlıq və incəsənətdə müasir
konseptual harmoniya arzusu musiqidə olduğu kimi eyni prinsipə əsaslanır.
Bədənimiz instinktiv olaraq həm səs, həm də
şəkil və ya hissdəki harmoniyaya reaksiya verir. Onun əhatəsində
olmağa, ilham almağa və rahatlaşmağa
çalışırıq. Müasir memarlıqda mükəmməl
nisbət idealları yeni səviyyəyə
qaldırılıb. Dekorasiya getdi və düz səthlər,
təmiz xətlər, balanslaşdırılmış
asimmetriya, sadə həndəsə və təbii, təmizlənməmiş
materiallar ön plana çıxdı. Bunlar iyirminci əsrin əvvəllərində
Bauhaus hərəkatının əsas prinsipləri idi.
Sözügedən ideallar təkcə memarlığa deyil, sənətə
də şamil edilirdi.
Musiqi nəzəriyyəçiləri və təsviri
sənət tədqiqatçıları hələ də
harmoniya anlayışını öyrənirlər, bəzi səslərin
və rənglərin əsrlər boyu qulaq ilə gözə
nəyə görə xoş gəlməsi ilə
maraqlanırlar. Araşdırmalar sübut etdi ki, hətta
körpələr də harmoniyanı tanıyır. Harmoniya
qaydaları universaldır və incəsənət
kanonlarına daxildir. Rəsmdə qurulan kompozisiya və onun
ifadə etdiyi məna tarix boyu harmoniyanın müxtəlif mənakarını
vahid formada nümayiş etdirir. Müasir incəsənət rəssamları
inanırlar ki, kətan üzərində harmoniya vasitəsilə
gözəlliyin mahiyyətini tapa bilərlər.
Aytac SAHƏD
525-ci qəzet .- 2024.- 9 oktyabr(№184).-S.12.