ÇİLÇIRAQ
ƏVƏZİNƏ BAŞQA İŞIQ APARDI
Kərkükü Azərbaycana hamıdan çox gətirən
o oldu. Xeyli kitablar və məqalələr yazılıb, hələ
bundan sonra nə qədərləri də olacaq, çoxlu
verilişlər hazırlanıb, çıxışlar
edilib, hələ illərcə də bu iş davam etdiriləcək.
50-60 il əvvəl idi ki, hələ sərhədlər
qapalıydı, buralarda bir kərküklünü görəndə,
onun bizimkiylə eyni olan danışığını
eşidəndə heyrətlənərdik, o ləhcənin
şirinliyinə bayılacaq qədər məftun kəsilərdik.
Artıq haçandır ki, onların bizimlə bir
yerdə olmalarına adət etmişik, cazibəli
danışıqlarına da heç kəs heyrət etmir, o qədər
qaynayıb-qarışmışıq ki, onları elə
yerli adam sayır, bu şivəni də elə bölgələrimizdən
birinin ağzı kimi qəbul edirik. Ancaq Sinan Səidlə Nərminə
Məmmədovanın mehriban, duyğulu avazlarında hər dəfə
o köhnə xoyratlar yenidən səslənəndə sanki hər
şey təzədən başlanır, elə bil Kərkükü
də, kərküklünü də bir daha kəşf edirsən.
İndi bu üçlüyü bir-birindən ayrı təsəvvür
etmək olmur və düşünürsən ki, məhz
üçləri birgə olmasaydı, bu möcüzə də
alınmazdı.
1963-cü ildə Hacı Məmmədovun rəhbərlik
etdiyi, ömrü sən deyən çox çəkməyən
instrumental ansambl vardı, Sinan Səid Azərbaycan Radiosunun
Xarici ölkələr üçün verilişlər
bölümündə diktor işləyirdi, Nərminə Məmmədova
həmin radionun xorunda oxuyurdu. Üçləri birləşdilər
və o vaxtacan da başqa ifalarda dönə-dönə
eşidilmiş, ondan sonra da ayrı avazlarda dəfələrlə
eşidiləcək Kərkük nəğmələri hər
dinləyəni cazibəsinə salan füsunkar bir gözəllikdə
ortaya çıxdı. Sinan Səidlə Nərminə
xanımın dueti ilk dəfə radioda səsləndiyi
çağlardan bugünəcən heç kəsin qadir ola
bilməyəcəyi səviyyədə Kərkükü və
kərküklüləri qısa dəqiqələr ərzində
bütün Azərbaycan boyu hər kəsə belə
yaxın, belə doğma etməyi bacarıb, hər növbəti
səslənişi ilə də həmin xeyirxah işini yerinə
yetirməkdə davam edir.
Bir dəfə unudulmaz tarzənimiz Hacı Məmmədovla
onun bir neçə il yaşamış yığcam tərkibli
həmin xalq çalğı alətləri ansamblı barədə
söhbət edirdik, qayıtdı ki, ən azı ikicə
lent yazısına görə o ansamblı həyatımın
ən uğurlu hadisələrindən sayıram. Biri vaxtilə
gözəl xanəndə olmuş, amma güzəranın
musiqidən ayırdığı, gedib qəssablıqla ailəsini
dolandıran Əlyusif Qəniyevin ifasında
yazdığımız "Zabul Segah"dır ki, o
kişinin tarixdə qalan təkcə oxusudur, həm də
aşkarca göstərir bu sənətkar hansı qüdrətdəymiş,
bir də Sinan Səidlə Nərminə Məmmədovanın
ifasındakı Kərkük mahnıları - bu duet gözlədiyimizdən
də qat-qat gözəl alındı, hərdən elə təsəvvür
edirəm ki, elə Leyliylə Məcnun azərbaycanlı
olublar, bu da onların deyişmələridir.
Ustad tarzən elə deyirdi, mənsə hər dəfə
o cütlüyü dinləyəndə elə zənn edirəm
ki, əsrləri adlayıb geti qayıtmışam, o oxuyan
Sinan deyil, gənc Füzulidir, onun səsinə səs verən
bu qız da Nərminə deyil, yeniyetmə Məhəmmədin
vurğunu olduğu həmin gözəldir - sabahın
şöhrətli şairinə mədrəsədə dərs
deyən müəllimin qızı...
Evlərinin önü yonca,
Yonca qalxmış dam boyunca,
Boyu uzun, beli incə, ninnə yarım, ninnə,
Əsmər yarım, ninnə.
Evlərinin önü lalə,
Saqi, doldur ver piyalə,
Yoldaş olaq, düşək yola, ninnə yarım,
ninnə,
Əsmər yarım, ninnə.
Evlərinin önü darçın,
Fələk qoymur gözüm açım, vallah
açım,
Səni alım, hara qaçım, ninnə yarım,
ninnə,
Əsmər yarım, ninnə, ninnə, ninnə...
O mahnıları oxumaq, üstəlik, radioda səslənməkçün
lentə yazdırmaq Sinan Səidin heç yatanda yuxusuna girməzmiş.
Televiziyanın köhnə işçilərindən
olmuş yazıçı Nahid Hacızadə
danışırdı ki, Sinanla Bakıya yenicə gəldiyi
vaxtlardan aramızda səmimiyyət vardı, dostluq edərdik,
bir dəfə ona qonaq getmişdim, hələ subay vaxtları
idi. Özü yemək bişirirdi ki, birlikdə şam edək,
tavadakı əti qızartdıqca da elə həmin Kərkük
xoyratlarını dodaqaltı zümzümə edirdi. Dedim ki,
Sinan, qardaş, nə qəşəng səsin varmış,
bunları radionun səsyazma evində lentə almaq
lazımdır, qoy hamı eşitsin. Güldü ki,
ayıbdır, eşidən-bilən məni düz başa
düşməz. Bu mahnıların Kərkükdə
Əbdülvahid Kuzəçi kimi elə mahir
ifaçıları var ki, onlardan sonra mən belə
mahnıları yalnız elə mətbəxdə oxusam, yetər.
Amma həyat göstərdi ki, heç də elə
deyilmiş. Əbdülvahid Kuzəçi, həqiqətən,
zirvə idi. Ancaq Sinan Səid kimi elə 2-3 nəğmə ilə
parlaq olmaq olarmış
...Geci-tezi var, hər çevrə günlərin
birində mütləq qapanır. Əbdülvahid Kuzəçioğlunun
səsi Kərkükün rəmzlərindən idi. Kuzəçioğlular
Kərkükdə məşhur nəsil olsa da, bu şəcərənin
sorağını İraq boyu və İraq
hüdudlarından da kənara uçuran məhz
Əbdülvahid oldu. Onun canayatan avazında Kərkük nəğmələri
Azərbaycanda XX yüzilin sonlarında çoxlarına bəlli
idi və 1950-60-cı illərdə neçə Azərbaycan
el nəğməsi də Əbdülvahid ustadın məlahətli
avazında kərküklülərə eşidilmiş,
eşidilincə də Kərkük nəğmələri
bizim könüllərə dərhal qonduğu kimi, orada
anındaca ürəklərə yol tapmışdı. Beləcə,
Əbdülvahid Kuzəçioğlu iraqları iraqlılara
yaxın edən, Kərküklə Azərbaycanın bir can
olduğunu hər kəsə səsi ilə, bəstələri
ilə, yazıları ilə ilk yetirənlərdən
olmuşdu.
Hər çevrənin bir gün hökmən
qapanmasının, hər axar suyun əvvəl-axır
yatağını tapmasının həyatdan gələn bir
sübutu da odur ki, indi nə Əbdülvahid ustad, nə Sinan
həyatdadır, amma bir Kuzəçi ilə üz-üzəyəm
ki, o həm öz soyuna, həm də Sinan Səidə yeni
ömür bəxş edənlərdəndir.
Şərəfli Kuzəçilər şəcərəsinin
ləyaqətli budağı Şəmsəddin Kuzəçi
bu gün Əta Tərzibaşıların, Əbdülvahid
Kuzəçioğluların, Əbdüllətif Bəndəroğluların
yandırdığı çıraqları sönməyə
qoymayan, onların böyük yolunu qəlbinin bütün məhəbbəti
ilə davam etdirən bir Kərkük aydınıdır.
Yazıçı, jurnalist, tərcüməçi,
araşdırıcı, fədakar Kərkük vətənpərvəri,
Kərkük Mədəniyyət Mərkəzinin sədri
Şəmsəddin Kuzəçinin ən dəyərli
işlərindən biri də bu oldu ki, Sinan Səidlə
bağlı müfəssəl tədqiqat apardı, yaşam
tarixçəsini addım-addım öyrəndi, əsərlərindən
seçmələri topladı, Sinan haqqında
yazılmış şeirləri, xatirələri, fotoları
bir yerə cəm etdi və 2021-ci ildə Ankarada "Musalladan
Şaturluya Sinan Sait" adlı kitab buraxdı. Mən də
elə o vaxtlarda onu çəkdim mikrofon qarşısına,
başladıq Sinan Səid barədə dərdləşməyə.
Şəmsəddin bəy köçlərin dünəninə
qayıdır, deyir ki, İraq türkmanları Orta Asiyadan, Azərbaycandan
54-cü hicri - miladi tarixlə 674-cü ildə yola
çıxaraq İraqın güneyinə - Bəsrəyə
yetişiblər. Müaviyənin ordusunda onlardan iki min nəfər
cəsur savaşçı varmış. Bunlar sonralar asta-asta
başlayıblar Bağdad, Kərbəla, Nəcəf, Kərkük,
Mosul tərəflərə yayılmağa.
Şəmsəddin bəy ulularının, dədə-babalarının
köç sərgüzəştlərini nağıl edir:
"Bu türkmanlar oğuz boyundan gələn insanlardır. Gəldikləri
zaman o 2000 nəfər yanlarında dillərini də, ədəbiyyatlarını
da, kültürlərini də gətirdilər ki, dilləri də
oğuz şivəsi, oğuz ləhcəsidir. Azərbaycanda
danışılan türkcə tamamilə eyni şəkildə
Kərkükdə də danışılır.
Çünki Kərküklə Azərbaycan bir ananın əkiz
övladıdır. O səbəbdən də bizim aramızda
heç bir fərq yoxdur. Bizim Kərkük mədəniyyətimiz
eynilə Azərbaycandadır və bizlər bura gəldiyimizdə
heç yabançılıq hiss etmirik. Öz vətənimizə,
ata yurdumuza gəlirik. Türkiyə bizim ana yurdumuz, amma bura ata
yurdumuzdur".
Vətən də, millət də dildən
başlanır və Sinan Səid barədə söhbətləşmək
istədiyimiz halda elə onun kimi əsl millət təəssübkeşi
olan Şəmsəddin Kuzəçinin sözü rişələrdən
və dildən başlaması şox qanunauyğundur.
Çünki elə mərhum Sinan Səid də daim bu
düşüncədə, bu əqidədə olmuşdu.
1970-ci illərin əvvəllərində İraqda məktəblər
üçün oxu kitabı nəşr ediləndə o,
qürur duyğusu ilə daşan bir məqalə
yazmışdı və izah edirdi ki, nəyə görə nəşr
edilən yüz minlərlə, milyonlarla kitabın yanında
bu balaca kitab onu belə riqqətə gətirir: "Əslində
məsələ İraq Cümhuriyyəti və gələcək
nəsillərimiz üçün böyük əhəmiyyət
kəsb etməkdə, xüsusi məna daşımaqdadır.
Yarım əsrlik bir məhrumiyyətdən, milli dildə
kitab və məktəb yoxluğundan sonra milli dildə bir dərsliyin
nəşr edilməsi və milli dildə təhsil verən məktəblərə,
türkman uşaqlara çatdırılması, şübhəsiz
ki, böyük bir qazancdır. Hər bir türkman vətəndaşı
sevindirən, hər bir türkman evinə, hər bir
türkman ailəsinə ən gözəl ərməğandır.
Hələ də öz dilimizdə istənilən səviyyədə
yazmaq qüdrətinə sahib deyilik. Şah əsər yaratmaq
bir yana dursun, ana dilində bir-iki kitabdan başqa
yazdığımız, yayımladığımız yoxdur.
Daha doğrusu, olmamışdır. Öz dilimizin
imlasını, qramerini, qaydalarını öyrənmək,
öz dilimizdə oxuyub-yazmağı bacarmaq, öz dilimizdə
əsərlər yaratmaq və beləcə də milli mədəniyyətimizi
zənginləşdirmək üçün türkman məktəbləri
açıldı və dərsliklər basılmaqdadır.
Bu kitabın hər şeydən öncə önəmini
və nə demək olduğunu anlayaq!"
Bunlar sadə sözlər deyil. Ana dilində məktəbi
olmayanın ana dilində dərsliyi yarananda, o dərsliyin
işlədildiyi məktəb olanda millətin müqəddəratını
düşünən istənilən sadiq vətənpərvər
bunlara sadəcə kitab-dəftər məsələsi kimi
deyil, millətin varlığının, gələcəyinin
dayaq sütunları kimi baxır.
Sinan Səid o cür düşünürdü,
Güneydə Səməd Behrəngi həmin qənaətdəydi,
XX yüzilin başlanğıcında Quzeydə Abbas Səhhət
həmin əqidədə idi. Hər yurdumuzdan bir ad dedim. Ancaq
Kərkükdə Sinanlar, Güneydə Behrəngilər,
Quzeydə Səhhətlər həmişə tək-tək
yox, çox-çox olub. Olublar ki, bu dil, bu millət, bu ruh
yaşayır və belə ucadır!
...Şəmsəddin Kuzəçi uzaqdan-uzağa
tanısa da, Sinan Səidlə şəxsən onun yataq xəstəsinə
çevrilməsindən bir az qabaq - 1989-cu ildə
tanış olmuşdu. Bir səhər ona Əbdüllətif
Bəndəroğlu zəng vuraraq çağırır ki,
Azərbaycandan bir heyət qonağımızdır, sən də
Kərkükdənsən, gəl bunları qarşıla.
"Bağdada getdim, Nəbi Xəzri, xanəndə
Hacıbaba Hüseynov, dilçi alim Kamil Vəli Nəriman,
onların da yanında Sinan Səid, Əbdüllətif
özü, Sabur Dəmirçi, Əhməd Məhməd Kərküklü,
daha bir neçə insan. Elə ilk görüşdəncə
Sinan Səidin səmimiyyəti, dürüstlüyü, mərifəti
ilə oxularına, şeirlərinə, rəsmlərinə
tam bənzədiyini duydum. Amma onların arasında o zaman 17
yaşında olan gənc müğənni Aybəniz
Haşımova da vardı. Onun mahnılarını eşitdikdən
sonra əhd etdim ki, vallahi mən evlənsəm, qızım
olsa, adını Aybəniz qoyacağam. Evləndim,
qızım oldu, adını da Aybəniz qoydum. İndi iki Aybəniz
var, biri Kərkükdə yaşayırdı, getdi Ankaraya, o
birisi də Bakıdadır. Amma bizdən sonra da daha altı nəfər
uşağının adını dəyişdi, məndən
icazə alaraq qızını "Aybəniz"
çağırdı. Sinan Səidə gəlincə, elə
ilk tanışlıqdan ona valeh oldum. Onun ərəbcəsi
çox mükəmməl idi. Sinan Molla Pənah Vaqifin
şeirlərini ərəbcəyə əla
çevirmişdi, neçə Azərbaycan yazıçısının
hekayələrini də ərəbcəyə elə tərcümə
edib ki, sanki bunlar heç tərcümə deyil. Azərbaycana
bağlılığının bir əlaməti də budur
ki, 1963-cü ildə evlənməyi də oradan oldu.
1964-cü ildə oğlu Ümid, 1966-cı ildə
qızı Əməl dünyaya gəldi. Hətta
uşaqlarına verdiyi bu adlarda da onun hər adama bənzəmədiyi
görünür. Ümid türkcə bir addır, amma ərəbcəsi
ümid deməkdir. Əməl də ərəbcə bir
addır, amma bunun da türkcəsi elə ümid deməkdir.
Yəni uşaqların ikisinin də adı eynidir, amma biri ərəb
dilindən alınıb, o biri türk dilindən. Və indi
uşaqların biri Moskvada yaşayır - Ümid. O birisi də
Almaniyada yaşayır. Təbii ki, Əməl, qızı Kərkükdə
gözəl sənətlər məzunu oldu. Böyük bir
aktrisa oldu, model oldu, ssenarist oldu. Amma təəssüf ki, 91-ci
ildə İraqa tətbiq edilən embarqodan sonra ataları vəfat
etdi. Özləri İstanbula getdilər. Onlardan sonra
anaları Raidə xanım da dünyasını dəyişdi
və hər biri bir tərəfdə qaldı. İndi
qızı Almaniyada, oğlu Moskvada yaşayır".
Düz deyir Şəmsəddin bəy. Sinan Səidin həyatdan
erkən getməsində Amerikanın da bilavasitə əli
var. 1990-cı ildə, Birinci Körfəz müharibəsi
dövründə Sinanın beyninə qan sızır. Sinan
iki ay xəstəxanada, reanimasiya bölümündə
müalicə olunur. Ancaq o çağlar İraq
sıxıntılar içindəymiş. ABŞ-ın bu
ölkəyə qarşı yürütdüyü təcrid
siyasəti ucbatından xaricdən dava-dərman, tibbi
avadanlıq gəlmirmiş, nə elektrik varmış, nə
su, nə başqa xidmətlər və ailəsi naçar
qalaraq Sinanı da xəstəxanadan çıxararaq evə
aparmalı olur. İraqın o cür miskin bir dönəmində
o təhər ağır xəstəyə heç bir şərait
olmadan evdə necə şəfa vermək olardı. Bədən
hələ cavan idi, daha onaltı ay dözür...
Ümid Osman Köprülü əbədi səfərə
çıxan Sinanı belə qəhərlənən
misralarla yola salırdı:
İnsanlıq simgəsiydin
İnsanlığı sevərdin.
İnsanlıq müəllimiydin
İnsanlıq öyrədirdin.
O gözəlim ağ gülümsəmə
Dodaqlarına sığınmışdı.
Gülümsəyirdin...
Uzun savaşdın,
Hər silahı qullandın.
Amma sən də qapıldın
Fırtınasına.
Səni də sardı,
Aldı bağrına
Ölüm qasırğaları.
...Oxuduğun o şeirlərin sədası
Qulaqlarımızda səslənəcək.
Musalladan Şaturluya
Hər gün axşam dalacağız
İnsanlıq
Dostluq
Sevgi dolu
Böyük ürəyi
anacağız.
Sinan Səidin öz şeiridir və o, dilini, millətini,
millətinin dəyərlərini yaşatmaq üçün
yaşayanlardan oldu!
...Sinan Səid jurnalist
idi, alim idi, şair idi, yazıçı idi, amma heç vəchlə
nə müğənni, nə bəstəkar idi. Hərçənd
oxuyub da, bəstələyib də. Bu da musiqinin
gücüdür ki, insanı bəlkə çəkicə
daha ağır başqa işlərindən də çox
tanıda, sevdirə bilir. Şəmsəddin bəy
danışır ki, o sevimli "Evlərinin önü
yonca" türküsünü 1960-cı ildə
Əbdülvahid Kuzəçioğlu vala
yazdırmışdı, Sinan Səid də həmin valı
alıb Bakıya gələndə özü ilə
götürmüşdü, ancaq Nərminə Məmmədova
ilə oxuduğu və əsl xalq mahnısı kimi
qavranılan digər nəğmənin - "Altın
üzük, yaşıl qaş"ın sözü də, bəstəsi
də Sinan Səidin özününkü imiş:
Hər gün axşam olur, dallam, dallam, dallam.
Əlimdə bağlama, çallam, çallam,
çallam.
Əşirətivə xəbər sallam, sallam, sallam.
Mən səni sevmişəm, allam, allam, allam.
Şəmsəddin Kuzəçi danışır,
danışdıqca duyğulanır - bu anlarda o Sinan səsinin
cazibəsində, Sinanın türkülərinin
arasındadır: "Öz yazdığı "Altun
üzük, yaşıl qaş" türküsünü
Sinan Səid tək də oxuyub, Kərkük radiosu, Bağdad
radiosu son illərə qədər bu türkünü
çalmaqdadır. Bu türkünü Türkiyədə
İbrahim Tatlısəs, Kərkükdə də bir çox
sənətçilər oxudu. Amma Azərbaycandakı səs
yazılarında Nərminə Məmmədova ilə duet oxuduqları
dörd mahnı var - "Evlərinin önü yonca",
"Hər gün axşam olur, dallam", "Altın
üzük, yaşıl qaş". Bir də Türkiyədə
yaranmış "İstanbuldan Üsküdara yol gedər"
türküsünə əl gəzdirərək düzəltdiyi
"Musalladan Şaturluya yol gedər" nəğməsi. Nədirsə,
bu mahnını Bağdadda oxuyub lentə yazdırmadı.
1959-cu ildə Bağdad türkman radiosunda bu mahnını
örtülü imza ilə vermişdi. Sonralar icazə verdi
ki, mahnının müəllifini namüəyyən şəkildə
"Tərzibaşı" kimi yox, elə öz adıyla təqdim
etsinlər. Musalla Kərkükün böyük bir məhəlləsidir
ki, ora milliyyətçilər, şairlər, yazarların
yetişdiyi bir bölgədir. Kərkükün ortasında
bir çay var. Bir tərəfindəki quruya Şaturlu deyirlər,
digər tərəfə Musalla".
Bu, Sinan özüymüş, bir vaxtlar bu taydan o taya
gözünün düşdüyü bir qıza çiçək
dəstəsi aparırmış.
Amma təlatümlü əyyamlar gəldi, sevda
yolları qana bulaşdı - sevənlər oylağı olan
yerlərə bombalar atıldı, mərmilər
düşdü. Sinansız günlərdə bu nəğməni
düşünərək, Sinanı anaraq qələm
qardaşları o yaralı torpaqlara sızlayan misralar həsr
etdilər. Əbdüllətif Bəndəroğlu belə
ağlamsınırdı:
Nə Musalladan Şaturluya
Gedən yol,
Nə də "evlərinin önü yonca"
Tanıdıqlarımız qaldı.
Bu qəhərlənənsə Mehməd Kərküklü
idi:
Musalladan Şaturluya
Gedən yollar
Addımsız qaldı,
Kimsəsiz kəndlər də
Xırmansız.
Bir şeir də Şəmsəddin Kuzəçi
yazmışdı və o da belə qəmlənirdi:
Musalladan Şaturluya
Uçan quşlar uçmayacaq.
Yeddi gündə bir
Ötən bülbül ötməyəcəkdir
artıq.
Sinan Səid bütün həyatı ilə onu
sübut etdi ki, sevginə çatmaq istəyirsənsə, bu
sahildən o sahilə keç, bu taydan o taya can at.
Onu Bakıya gətirib çıxaran da əslində
elə həmin sevgi idi. O sahildən bu sahilə gəlmişdi
ki, daha yaxşı tanısın, öyrənsin, bilsin və
sonra da tanıdıqlarını, öyrəndiklərini,
bildiklərini o sahilə aparsaq, oradakılarla da
paylaşsın.
Ona görə onun yadigar qoyduğu o körpü ki
var, o düstur ki var, o dərs ki var, sevginə çatmaq
üçün bu sahildən o sahilə keçməyə həmişə
səy göstər, can at, o gələcək insanların
hamısından gərək olacaq.
Sinan tələbələrinə münasibətdə
çox həssasmış. Zövcəsi Raidə
xanımın xatirəsidir ki, Bağdadda universitetdə
işlədiyi çağlarda Sinan tələbələrin
yazılarını səhərə qədər
oxuyarmış ki, verəcəyi qiymətlər də tam ədalətli
olsun, kimsənin haqqı yeyilməsin.
Həm də bu səbəbdəndir ki, dərs verdiklərinin,
yol açdıqlarının hamısı onu məhəbbətlə
xatırlayır, yadigar qoyduğu yolları davam etdirir.
Yalnız sözlə, səslə deyil, elə
birbaşa fırçasıyla da rəssam olan Sinan Səidin
kərküklülərin mədəni düşüncəsi
və həyatındakı müstəsna yeri ilə
bağlı Şəmsəddin Kuzəçi deyir ki, onun Kərkükdə
yetişdirdiyi rəssamlar dəstəsinin içərisində
qızlar da vardı, öyrəncilərin sayı 70-80 nəfər
olsa da, o qrupa düşmək istəyənlərin miqdarı
daha çoxdu.
Sinanın bu sahədə də
çalışması daxili ehtiyacdan, boşluğu sezincə
verə biləcəyi faydanı əsirgəməmək qeyrətindən
doğurdu.
Şəmsəddin bəy söyləyir ki, o
çağlar Kərkükdə yeniyetmələrə, gənclərə
rəssamlıq təlimləri verən əsas bir nəfər
varmış - Mahmud Ubeydi. Sinan da ona qoşulandan sonra qüvvətləri
elə bil ki, birəbeş artır, əl-ələ verib
istedadlı gəncləri yetişdirməyə, təcrübələndirməyə
başlayırlar.
Kömək etməyə, arxa durmağa həmişə
hazır olan Sinan Səid kiməsə yük olmağa, kimsədən
kömək ummağa, hansısa ad-sanlı qohumunun kölgəsindən
istifadəyə heç meyil etməzmiş.
Elm, ədəbiyyat aləmində yetərincə məşhur
olan əqrəbası Əta Tərzibaşının
adından, əlaqələrindən əsla
yararlanmazmış.
Bununla belə, özü biliyini, qəlbini,
imkanlarını yetirmələrindən əsirgəməzmiş.
Şəmsəddin Kuzəçi təsdiqləyir:
"Sinan Səidin tələbələri hazırda İraqda
ən böyük rəssamlar, ən tanınmış qəzetəçidirlər.
Sinan Səid fidanlar əkdi, millətimiz onun yetişdirdiyi gənclərin
timsalında o zəhmətlərin bəhrəsini yeməkdədir".
Sinan Səidin bir üstünlüyü də ayıq
siyasi düşüncəyə malik olması idi. Zəmanəni
də, cərəyan edən siyasətləri də incəliklə
tuturdu və millətəxeyir niyyətlərini gerçəkləşdirməkdən
ötrü labirintlərin qəliz dolanbaclarından
çevikliklə adlamağı bacarırdı.
Bu bəla həmişə bizi böyrümüzdən
dümsükləyib - gah dilimizin yanında "hakim mənəm!"
deyə farsca dikəlib, gah "ixtiyar sahibi mənəm!"
deyə rusca sinəsini qabağa verib, gah da ərəbcə
ana dilimizin başından basmağa cəhd edib.
Sinan Səid kimi ağıllı yurd və millətsevənlərsə
hay-küyə uymayaraq, dil pəhləvanlığı etməyərək
lazımlı, qalıcı işlərin qulpundan
yapışmağa səy göstəriblər.
Bunları Şəmsəddin Kuzəçi ərəb
mühitinin içərisindən izləyib, ona görə bu
sözləri mənim deyil, onun dilindən eşitmək daha
doğrudur. Söyləyir ki, Sinan Səidin məqalələri,
hekayələri ərəb ölkələrində
çıxan müxtəlif dərgilərdə, qəzetlərdə
o dönəmdə ön sıralarda gəlirdi, hekayələrinin
hamısını ərəbcə yazardı. Bir dəfə
soruşmuşdular ki, niyə sən türkmanca yazmırsan?
Cavab vermişdi ki, türkmanca yazanlar çoxdur, mənsə
türkmanları ərəb ölkələrinə
tanıtmaq istəyirəm.
Elə Bakıda yaşayıb-işlədiyi
çağlarda da eyni yolu tutmuşdu - Azərbaycan
yazıçılarının əsərlərini ərəbcəyə
çevirərək mütəmadi olaraq İordaniyada, Beyrutda,
Livanda, digər ərəb ölkələrindəki
çeşidli dərgilərə göndərirdi, millətin
yüksək istedadının ifadəsi olan bu sərvəti
bütün ərəb dünyasına tanıtmaq istəyirdi.
Şəmsəddin bəy vaxtilə Sinan Səid
haqqında kitab hazırlayarkən onun
oğlundan-qızından, yaxın qohumlarından tutmuş
yetirmələrinəcən çoxları ilə həmsöhbət
olmuşdu. Hamısı bu məqamda yekdilmiş ki, Sinan Səid
tələbələri ilə gerçəkdən ata-bala
kimi davranırmış, kiçiklə kiçik,
böyüklə böyükmüş,
qısqanclığı yoxmuş, istər tələbələri,
istərsə də müəllimlər arasında hər kəslə
eyni məsafəni saxlayırmış.
Şəmsəddin Kuzəçi
yaxınlaşdıqca, Sinanın böyüklüyünü
daha artıq dərk etdikcə bu fikrə gəlmişdi ki, gərək
Kərkükdə onun heykəli qoyula idi, çünki
Əta Tərzibaşı, Əbdülvahid Kuzəçi,
Sinan Səid kimi şəxsiyyətlər yüzillərdə
bir dünyaya gəlirlər.
...Sinan Səiddən bir yığın fotolar da
qalıb. İndi o fotolar da danışa bilir. Sinanın
Bakı dövrünün fotolarını bir-bir
qaldırdıqca həm də onun Azərbaycan ziyalı
mühiti ilə necə qaynayıb-qarışmasına
şahid kəsilirəm. Şəkillərdən mənə
baxan o insanların heç birisə sadə adamlar deyillər,
içərisi onlarla həmahəng olmayanı əsla bunca
yaxınlarına buraxmazdılar. Bu fotolarda Nazim Hikmət də
var, rəssam İsmayıl Axundov da, pianoçu Fərhad Bədəlbəyli
də, yazıçı Süleyman Rəhimov da, bəstəkar
Fikrət Əmirov da.
Fikrət ustad Sinanın qızının piano müəllimi
imiş.
Bunu Şəmsəddin bəyə Sinanın
qızı Əməl özü danışıb.
İkisinin birgə piano dərsləri keçərkən
çəkilmiş şəkilləri də var. Əməl
atası ilə bağlı xatirələrində yazır ki,
gedərdim Fikrət Əmirovgilə, mənə dərs
verirdi. Bağdada gəldiyi əsnada onu qonaq etdik, arada vaxt
tapıb Bağdadda akademiyaya da gəldi,
çalğımı dinlədi, yenə tövsiyələrini
etdi, dedi, istəyirəm görüm ki, hara çatmısan.
Bu da Sinan Səidi yaxşı
tanımışların, indi artıq tamamlanmış olan
yoluna və qoyduğu izlərə insafla baxanların qiymətidir
ki, o, bir çevriliş etdi, İraqda televiziya işində,
radioçuluqda, qəzetçilikdə inqilab yaratdı.
Onun Bağdad radiosunda hazırladığı
verilişlər ümumxalq sevgisi qazanmışdı, onminlərlə
sabit dinləyicisi vardı. Elə Bakı radiosundakı
hamının səslənişini onillərcə səbirsizliklə
gözlədiyi "Muğam saatı", "Bulaq",
"Axşam görüşləri" kimi.
Canlı şahid Şəmsəddin Küzəçi
təsdiqləyir ki, Sinanın "Həftənin
kitabı" proqramı "bütün aydın
türkmanları o saatda radioya kilidlərdi, hər kəs
işini-gücünü buraxıb Sinan Səid səsinə
qulaq verərdi, bu proqramlar sayəsində Sinan Səid
türkman ziyalılarının könlündə taxt
qurmuşdu.
Kərkükdə Sinanın yartdığı rəsm
qrupu və onun davam edən ənənələri bu günə
qədər də Sinan Səidin adı ilə
bağlıdır, türkmanların çağdaş tarixinə
qızıl hərflərlə həkk olunmuş diqqətəlayiq
əməldir.
Yönəldiyi hər sahədə həm yüksək
peşəkar olduğundan, həm də bulunduğu hər
yerdə özünü fəda etdiyindən, işə
bağlanaraq cani-dildən çalışdığından
həmişə nəticələri də
könülaçan olub. Ancaq bunların fövqündə
Sinan Səidin daha bir vacib özəlliyi də vardı. Onun hər
addımına yüksək vətəndaş mövqeyi xas
idi və gördüyü hər işə milli vəzifə
kimi yanaşması da Sinanın daxilindən gələn təbii
hiss idi.
Jurnalist idi, qəzetdə işləmək onun peşə
vərdişi idi, amma gəlmişdi "Yurd" qəzetinə
və 1972-ci ilin iyununda yazdığı məqaləsində
bu işə sadəcə qəzet buraxmaq deyil, missiya kimi
yanaşdığını bəyan edirdi. İşin
avandlığından bunların hamısını
özü yazıb və bizim ondakı bu məziyyəti fəhmlə
yozmağımıza da lüzum qalmayıb: "Keçən
sayımızdan başlayaraq "Yurd" qəzetində
çalışmaq və bu sahədə yurdumuz və millətimizə
xidmət etmək şərəfi
yaşadığımız bu əhəmiyyətli və
sorumlu mərhələdə bizə nəsib olmuşdur.
"Yurd"da çalışmaq 25 illik bir qəzetçilik
sevdasından və bu yolla övladı olduğumuz gözəl
yurdumuza yararlı olmaq arzusundan irəli gəlməkdədir.
Qəzetçilik peşəsi sadə bir iş deyildir. Onda
qalmış bu iş bizim özəl şərtlər və
imkansızlıqların çərçivəsində daha
çətindir.
Çox gözəl deyib babalarımız: "Tək
əldən səs çıxmaz".
Yolunu indinin ucalığından seyr edirkən təsdiqləməli
olursan ki, Sinan Səid tək canı ilə də bir güllə
bahar düzəltməyə qadir olanlardanmış.
İnsana, ən yaraşan abidəni özündən
dəqiq, heç bir ən usta heykəltəraş da düzəldə
bilməz. Hər insanın ömrü elə bəlli bir zaman
içərisində yaşayaraq özünə
yaxşı, yaxud yaman heykəl yapmaqdan ibarətdir.
Sinan Səid də öz abidəsini çoxdan
ucaldıb. Onun heykəli yazdıqları, oxuduqları -
avazında bizə yadigar qalanlar, yetirmələri, şagirdləri,
solmaz əsərləridir.
Dünyadan gedən Sinan Səidin ardınca sənətçi,
yazar, qəzetçi Ömər Sabir Türkmənoğlu belə
ağı deyirdi:
Bu gecə sənin gecən, şeir-sənət gecəsi,
Musalla, Şaturlunun bəstələnən hecası.
Qalx dikəl torpaq altdan, ey xocalar xocası,
Qalx, səslən, bir də söylə,
ah, nə gözəl demişlər,
Yazıq, sən tək uzmanı,
dün torpağa vermişlər...
Ey sənət dünyamızın sönməz, yanar
çırağı,
Ey nəşr dünyasının dimdik duran
bayrağı,
Ey rəngli tabloların alı, yaşılı,
ağı;
Bu süs, bu rəng,
bu ahəng barmaqlarından çıxmış,
Ağıllı qafandakı nemətlər necə
çoxmuş!
Şəmsəddin Kuzəçi vaysınır:
"Sinanı düşünürkən mən həm də
çox üzgünəm. Niyə üzgünəm? Hər
halda dünyanın qədəri budur. Bir insan öldükdən
sonra qiyməti ortaya çıxır. Həyatda ikən kimsə
Sinan Səid üçün bir tədbir etmədi, bir
mükafat vermədi, qayğısına qalmadı. Dünya elə
əvvəldən belə olub. İnsan həyatdaykən bəzən
heç yada da düşməz. Amma dünyasını dəyişdikdən
sonra başlayırlar aramağa ki, mənim onunla şəklim
vardı, hardadı, onun səs yazıları, kitabları
vardı, hara qoymuşam? Neyləmək ki, insan oğlunun belə
vəfasızlıqları da var".
...Sinan Səidin Azərbaycan radiosunda
çalışdığı illərdə Televiziya və
Radio Verilişləri Komitəsinin sədri olmuş və bu
ziya ocağının usanmaz qurucularından şair Ənvər
Əlibəyli ilə Sinan Səidin xoş münasibətləri
varmış. 1968-ci ilin yaz günlərindən birində
Ənvər müəllimgilə qonaq gəlir. Deyir ki,
artıq müddətim başa çatır, Bağdada
qayıdacağam, dissertasiya müdafiəm bir az ləngiyir,
getməyimin vaxtı ona bağlıdır. Odur ki, gəldim hər
ehtimala qarşı sizinlə sağollaşım.Sanki ürəyinə
damıbmış ki, qarşıdan əbədi
ayrılıq gəlir, elə həmin ilin mayında Ənvər
Əlibəylinin ömür yolu qəfilcə
qırılacaq, Sinansa müdafiəsini növbəti ilin
yayında edəcək, hələ buralarda il yarımdan da
çox qalası olacaq. Ancaq 1968-ci ilin ilıq aprel günlərində,
ürəklərin arzularla, sabaha ümidlərlə dolu
çağlarında bütün bu həqiqətləri bircə
Allah bilirdi.
Şam edirlər, çay süfrəsi
açılır, birdən necəsə Sinanın nəzəri
tavandan asılmış təzə büllur
çilçırağa yönəlir. Qeyri-ixtiyari dillənir
ki, Ənvər müəllim, maşallah, nə gözəl
çilçırağınız var, elə özü bir
evin yaraşığıdır.
Ənvər Əlibəyli oğluna üz tutur:
"Şahin, sayğacı söndür ki,
çilçırağa elektrik gəlməsin". Hamı
təəccüblənir. "Bu dəqiqə
çilçırağı sökəcəyəm. Sinan az
sonra vətəninə qayıdacaq. Belə
çilçırağı haradan tapacaq?! Ürəyinə
yatıb, qoy aparsın, bu da məndən ona yadigar qalsın, hər
axşam evində işığı yandıran kimi Bakı,
buradakı dostlar yadına düşsün". Sinan tutulur:
"Ay Ənvər müəllim, söz idi dedim,
çilçırağı niyə
sökürsünüz? Sağlığınıza qismət,
lap versəniz də, mən o boyda dəm-dəsgahı burdan
ora nə təhər apara bilərə ki!"
Ənvər müəllim israr edir: "Yox, mütləq
sökəcəyəm, sən də aparacaqsan. Bunun üzdən
belə iri görünməyinə baxma, bütün hissələri
ayrılır, yığacağıq qutuya, olacaq balaca
yük, rahatca da aparacaqsan, qoy Azərbaycandan sənə yadigar
olsun, hər gün bu çilçıraq evində yananda məni
də yad eləyərsən".
Sinan başlayır "etmə-eləmə" deyə
yalvar-yaxara, Ənvər Əlibəylini
çilçırağı sökmək qərarından
güc-bəla daşındıra bilir.
1970-ci ilin əvvəllərində Sinan Səid Azərbaycandan
çilçıraqsız getdi. Ancaq özü ilə
yüz çilçırağınkından artıq
işıq aparmışdı. Bir az Ənvər Əlibəyli
işığı, bir az Rəsul Rza işığı, bir
az Həmid Araslı işığı, bir az Nəbi Xəzri
işığı, bir az Abbas Zamanov işığı, bir
az Fikrət Əmirov işığı...
Bakıdan apardığı bu işıqlara
qovuşan öz işığı orada - İraqda Sinan Səidi
elə parladacaq ki, o işıq bugünədək yetişəcək
və sabahlar boyu da saçılmaqda davam edəcək.
2 oktyabr 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2024.- 9 oktyabr(№184).-S.10-11.