Aşıq
Ələsgərin sənətinə və Vətəninə
qayıdışının parolu
Saz-söz sənətinin qüdrətli
yaradıcısı Aşıq Ələsgərin Bakı
şəhərinin görkəmli yerlərindən birində
heykəlinin ucaldılması ölkəmizdə dövlət
səviyyəsində ədəbiyyata və incəsənətə
verilən yüksək qiymətin daha bir əməli ifadəsidir.
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən
qoyulan bu müdrik siyasətin müasir dövrdə
böyük uğurla davam etdirilməsi xalqımızın
milli-mənəvi varlığı qavrayışını,
milli kimlik düşüncəsini daha da dərinləşdirib.
Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan
xalqının təməl ədəbi abidəsi hesab edilən
"Kitabi-Dədə Qorqud" eposunun 1300 illik yubileyinin,
Aşıq Ələsgərin 150 illiyinin qeyd edilməsi
istiqamətində ölkəmizdə və xaricdə həyata
keçirdiyi tədbirlər milli soykökə
qayıdış, azərbaycançılıq
idealının qüvvətləndirilməsi kimi siyasi-ideoloji
hədəflərin həyata keçirilməsinə xidmət
etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 2013-cü ildə Bakı şəhərində Dədə
Qorqud şəhərciyi salması ölkəmizin yeni nəsilləri
üçün canlı vətənpərvərlik məktəbi
yaratması kimi ali məqsədin həyata keçirilməsi
deməkdir.
Bundan başqa, Naxçıvanda və Qazax şəhərində
ucaldılan Dədə Qorqud heykəlləri Azərbaycanın
bu qədim torpaqlarına erməni iddialarına böyük sənətin
dili ilə ifadə olunan cavabın ifadəsidir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
iştirakı ilə 18 may 2004-cü il tarixdə Avropanın
mərkəzində - Brüssel şəhərindəki
Ümumdünya Gömrük Təşkilatının baş
iqamətgahının qarşısında Dədə Qorqudun
heykəlinin açılışı mərasiminin
keçirilməsi "Kitabi-Dədə Qorqud"un Azərbaycan
ədəbi abidəsi kimi tanıdılması ilə bərabər,
həm də gənc müstəqil dövlətimizin də təbliğ
edilməsi baxımından əhəmiyyətli hadisədir.
Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi
ilə Bakıda xalq qəhrəmanı Koroğluya heykəl
qoyulması da çox mühüm müstəqil dövlətçilik
və vətənpərvərlik hadisəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin xüsusi Sərəncamı ilə 1921-ci ildə
ölkəmizdə Aşıq Ələsgərin anadan
olmasının 200 illik yubileyinin geniş qeyd edilməsi
aşıq sənətinin inkişaf etdirilməsinin müstəqillik
dövründə də dövlətin diqqət mərkəzində
olmasının göstəricisidir. Yubiley tədbirlərinin əhatə
dairəsinin genişləndirilməsi, bu münasibətlə
nəşrlərini yüksək keyfiyyət və kəmiyyət
göstəricilərinə diqqət göstərilməsi
Aşıq Ələsgər sənətinə yenidən
qayıdışın reallıqlarını əks etdirir.
Müzəffər Ali Baş Komandanın
iştirakı ilə 30 sentyabr 2024-cü il tarixdə
Bakıda aşıq ədəbiyyatının görkəmli
nümayəndəsi Aşıq Ələsgərin əzəmətli
heykəlinin ucaldılmasının mühüm ictimai-siyasi və
xüsusi ədəbi-mədəni əhəmiyyəti
vardır. Əvvəla, Aşıq Ələsgərə
paytaxtımızda heykəl qoyulması yenə də zəngin
şifahi xalq ədəbiyyatımızın, aşıq
yaradıcılığı ənənələrimizin
canlandırılması yolu ilə yeni nəsillərdə
milli-mənəvi özünüdərk proseslərini dərinləşdirmək
məqsədi izləyir. Aşıq Ələsgərə
ucaldılan heykəl Azərbaycanın aşıq sənətinin
zirvəsini fəth etmiş ustad aşığın
böyük xidmətlərinə dövlət səviyyəsində
verilmiş yüksək qiymətin əməli ifadəsi kimi
də əhəmiyyətlidir.
Prezident İlham Əliyevin nitqində Aşıq Ələsgərin abidəsinə
həm də "bütün Azərbaycan xalqını... bir
amal uğrunda birləşməyə dəvət edən
hadisə" olaraq da yüksək qiymət verilmişdir.
Ümumiyyətlə, aşıq sənətinə xas olan
el-oba məclislərində xalqı öz ətrafında birləşdirmək
qayəsinin bu gün Aşıq Ələsgərin
Bakıdakı heykəlinin timsalında Birlik abidəsi kimi dəyərləndirilməsi
aşıq sənətinin ümummilli idealları ilə
müstəqil dövlətimizin müdrik siyasətinin nə
qədər dərindən səsləşməsinin əyani
təzahürüdür. Bundan başqa, Aşıq Ələsgərin
Bakıdakı heykəli hazırda Azərbaycan
Respublikasının siyasətində mühüm yer tutan Qərbi
Azərbaycana qayıdış hərəkatının da əhəmiyyətli
hadisəsidir. Aşıq Ələsgərin öz heykəli
vasitəsilə Azərbaycanın paytaxtına gəlişi
Ermənistan tərəfindən qədim Azərbaycan
torpaqları olan Göyçədən və Vedibasardan, Zəngəzurdan
və Dərələyəzdən zorla qovularaq,
qaçqın düşmüş Qərbi azərbaycanlıların
dədə-baba torpaqlarına qayıdışının
paroludur. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev də haqlı olaraq Aşıq Ələsgərin
Bakı şəhərində heykəlinin ucaldılmasına
mühüm ədəbiyyat və mədəniyyət hadisəsi olmaqla yanaşı, həm də Qərbi
Azərbaycana qayıdış konsepsiyasının həyata
keçirilməsi sahəsində əhəmiyyətli
addım kimi də yüksək qiymət vermişdir:
"Bildiyimiz kimi, Aşıq Ələsgər ömrü
boyu Azərbaycanın qədim torpağı olan Göyçə
mahalında yaşamış, yaratmışdır, uzun
ömür yaşamışdır və ömrünün
son illərində öz doğma torpaqlarını tərk etməyə
məcbur olmuşdur. O vaxt onun 97 yaşı var idi. 1918-ci ildə
erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə
məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların
öz qədim torpaqlarından - Qərbi Azərbaycandan birinci
deportasiyası idi. Aşıq Ələsgər ailəsi ilə
birlikdə qonşu Kəlbəcər rayonuna
köçmüşdür. ...Amma onun Vətən sevdiyi,
torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə
baxmayaraq, o, təqribən üç il sonra öz doğma
Ağkilsə kəndinə qayıtmış və bir
neçə ildən sonra orada vəfat etmişdir".
Məlum olduğu kimi, Aşıq Ələsgərin
şeirlərində Göyçə mahalının azərbaycanlıların
dədə-baba torpaqları olmasına dair əhəmiyyətli
fikirlər vardır. "Adım Ələsgərdi,
Göyçə mahalım", yaxud "Adım Ələsgərdi,
əslim göyçəli" - deyən böyük sənətkar
əslinin-nəslinin də Göyçə mahalında
yaşadığını bəyan etməklə bu ərazilərin
qədim Azərbaycan torpağını olduğunu diqqətə
çatdırır. Aşıq Ələsgərin şeirlərində
Göyçə mahalının "bahar vaxtı yaz
ayları gələndə, süsənli-sünbüllü,
...xəstə üçün təpəsində qar olan,
çeşməsindən abi-həyat car olan",
"möhnəti-məlalı dağıdan" əzəmətli
dağları ilhamla tərənnüm olunmuşdur. Ustad
aşıq Göyçə mahalını
sazın-sözün də əsas ilham mənbələrindən
biri olduğunu deməklə, Göyçə ədəbi
mühitinin də çoxəsrlik ənənələrə
malik olduğunu bəyan etmişdir. Bununla belə, Azərbaycan
ədəbiyyatşünaslıq elminin, xüsusən
folklorşünasların diqqət yetirdikləri bu təbiət
motivləri Prezident İlham Əliyevin qiymətləndirməsindəki
real siyasi çalarların işığında yenidən təhlil
edilərək, özünün ictimai məzmunlu obyektiv elmi
qiymətini almalıdır. Sovet dövründə, "beynəlmillətçi"
ideoloji mühitdə, "erməni məsələsinin"
Kreml tərəfindən müdafiə edilməsi şəraitində
Aşıq Ələsgərin Kəlbəcər səfərindən
yalnız qohumluq əlaqələri mənasında söz
açılması o zamanın reallığını əks
etdirirdi. Dövlət başçımızın
Aşıq Ələsgərin həyatı və
yaradıcılığın səciyyəvi
detallarının ictimai-siyasi mahiyyətini açıb
göstərməsi ustad sənətkarın ədəbi irsinə
münasibətdə humanitar və ictimai elmlərin də dərinliklərə
doğru inkişaf etdirilməsini tələb edir.
Bu zəmində Aşıq Ələsgərin səfərlərini
əks etdirən dastan-rəvayətlərindəki hadisələr
və simalar da yenidən təhlil edilib, senzurasız
dövrün yaratdığı yeni imkanlar hesabına obyektiv
elmi mövqedən dəyərləndirilməlidir. İndi
Aşıq Ələsgərin nəsil şəcərəsi,
dostları və əleyhdarları, ailə münasibətləri
haqqında gerçək elmi söz deməyin tam
zamanıdır. Bütün bunlar Aşıq Ələsgərin
tərcümeyi-halının yenidən və elmi əsaslarla
yazılmasını tələb edir. Bundan başqa, hesab
edirik ki, Aşıq Ələsgərin dinə münasibəti,
din xadimləri ilə əlaqələri də yenidən
araşdırılmalıdır. Dünyəvi şairin səfərlərindəki
bəzi ehyamlar və tənqidi notlar heç də onun ateist
olmasını deməyə əsas vermir. Eyni zamanda, şeirlərindəki
bəzi rəmzlərə və dini yönlü adlara və
motivlərə istinad edərək haqq
aşığını mömin bir dindar kimi qələmə
vermək də doğru elmi yanaşma sayıla bilməz. Bu
baxımdan Aşıq Ələsgərin ictimai
baxışları və fəlsəfi görüşləri
məsələsinə yenidən qayıtmağa ehtiyac
vardır.
Aşıq Ələsgər lirikasının
obrazlığı baxımından Azərbaycan aşıq
poeziyasının Məhəmməd Füzulisidir. Məhəmməd
Füzuli Azərbaycan və Şərq klassik
poeziyasının inkişafında hansı rola və xidmətlərə
malikdirsə, Dədə Ələsgər də Azərbaycan-Türk
aşıq ədəbiyyatında eyni mövqeyə və təsir
imkanlarına malikdir. Azərbaycanın baş Ozanı Dədə
Qorquddan sonra müstəqillik dövrü ustad
aşıqlarımıza qədər Azıq Ələsgərdən
uca zirvə yoxdur. Ələsgər aşıq ədəbiyyatının
nizamnaməsinin yaratmış mütəfəkkir
aşıqdır. Aşıq Ələsgərin ən
yaxşı qoşmaları, gəraylıları Azərbaycan
aşıq ədəbiyyatının şedevrləridir.
Qafqazda məşhur olan Aşıq Ələsgərin
Türkiyədə və İranda da davamçıları və
pərəstişkarları vardır.
Aşıq Ələsgər sənətində
realizmdən yetərincə yazılmışdır. Zatən
aşıq sənəti əsasən realist ədəbiyyat nümunəsidir.
"Aşıq gördüyünü
çağırar" - kimi müdrik kəlam aşıq ədəbiyyatının
realist üslubda kökləndiyi və inkişaf etdiyini
nümayiş etdirir. Xalq yazıçısı, akademik Mirzə
İbrahimovun "Aşıq ədəbiyyatında
realizm" kitabı bu həqiqəti elmi cəhətdən
obyektiv şəkildə əks etdirir. Aşıq Ələsgər
də sözün həqiqi mənasında realist sənətkardır.
Bununla belə, Aşıq Ələsgərin şeirləri və
eləcə də digər aşıqlarımızın
yaradıcılığı romantik düşüncələrlə
zəngin xəzinədir. Hətta Aşıq Ələsgərin
dağlar və yaylaq şeirlərində də romantik
düşüncələr öz əksini
tapmışdır:
Keçər ellər, düşər səndən
aralı,
Firqətində gül-nərgizlər saralı,
Ələsgər Məcnun tək yardan aralı,
Gəzər səndə dərdli-nalalı dağlar.
Əlbəttə, bu məqamda Aşıq Ələsgərin
yaradıcılığında romantizm
axtarılmamalıdır. Romantizm ədəbi cərəyanı
ilə romantik düşüncəni və ya romantik tərənnümü
heç cür eyniləşdirmək olmaz. Ümumiyyətlə,
aşıqlar hər hansı ədəbi cərəyanın
deyil, ümumxalq məclislərinin, el-oba cəmiyyətinin təmsilçiləridirlər.
Ancaq onların da yaradıcı insan olaraq qayğısı,
ağrısı, doğrusu olduğu kimi arzusu, niyyəti, gələcəyə
baxışları da vardır. Aşıq Ələsgər
sənətindəki romantik notlar onun
yaradıcılığının realist mahiyyətinin daxili
zənginliyinin poetik ifadəsidir. Bu mənada Aşıq
Ələsgərin romantizmindən yox, şeirlərindəki
romantikadan bəhs etmək aşığın
yaradıcılığının cazibədarlığını
və əlvanlığını göstərmək
baxımından əhəmiyyətlidir.
Aşıq Ələsgərin heykəlinin
ucaldılması bu böyük el sənətkarının
şəxsiyyətinə və sənətinə ümumxalq
mənbələrinin ifadəsidir. Aşıq Ələsgərin
Göyçə mahalının Ağkilsə kəndindəki
məzarüstü abidəsinin ermənilər tərəfindən
vəhşicəsinə dağıdılması isə
vandalların mənfur xislətinin daha bir təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Bakıda Aşıq Ələsgərin heykəlinin açılışı
mərasimindəki nitqində də vandallığın,
dağıdıcılığın, bədxahlığın
ermənilərin yaramaz niyyətlərinin, qeyri-insani
xüsusiyyətlərinin göstəricisi olduğu konkret
faktlarla və Qarabağda törədilmiş vandalizm hadisələri
ilə əlaqəli şəkildə diqqətə
çatdırılmışdır: "Hamımız
yaxşı bilirik ki, 1970-ci illərdə Ulu öndərin təşəbbüsü
ilə Aşıq Ələsgərin 150 illik yubileyi qeyd
edilmişdir... Bu yubiley münasibətilə doğma
Ağkilsə kəndində onun abidəsi
ucaldılmışdır. Xalqımız deportasiyanın
üçüncü dalğasına məruz qalanda
(1988-1990-cı illərdə - İ.H.) erməni vandalları
onun abidəsini dağıtmışdılar. Necə ki, indi
biz hamımız bunu görürük. Qarabağda, Şərqi
Zəngəzurda bizim tarixi abidələrimiz, görkəmli
şəxsiyyətlərin abidələri, məscidlərimiz,
qəbiristanlıqlarımız erməni vandalları tərəfindən
dağıdılmışdı. Bu praktika yeni deyil, əsrlər
boyu dünyanın gözü qarşısında bizə
qarşı bu ədalətsizlik, bu vəhşilik törədilirdi".
Bir neçə kəlmə də Aşıq Ələsgərin
Bakı şəhərində ucaldılan heykəli
haqqında fikirlərimi ifadə etmək istəyirəm. Hesab
edirəm ki, Bakı şəhərində Aşıq Ələsgərə
ucaldılan heykəl bu böyük sənətkarın
gerçək obrazının canlı ifadəsidir.
Aşığın qəbul edilmiş zahiri görünüşü
də, şeirlərindən öyrəndiyimiz daxili aləmi də
Aşıq Ələsgərin heykəlində ana xətləri
ilə öz əksini tapmışdır. Nəzərə
almaq lazımdır ki, fotodan fərqli olaraq heykəldə daha
çox sənətkar üçün ən çox səciyyəvi
olan xüsusiyyətlərin əks etdirilməsinə xüsusi
diqqət yetirilməlidir. Fikrimcə, Xalq rəssamı Natiq
Əliyev Aşıq Ələsgərin tərcümeyi-halını,
ömür və sənət yolunu, yaradıcılıq
dünyasını yaxşı öyrənmiş və
yaratdığı heykəldə bacarıqla
canlandırmışdır. Heykəlin qranit postamentinin qaya
parçası görüntüsündə təqdim edilməsi
Aşıq Ələsgərin heykəlinə təbiilik,
xalqa və doğma torpağa bağlılıq ruhu gətirmişdir.
Heykəldə Aşıq Ələsgər sənətinin
realizmi ilə romantikası vəhdətdə ifadə
olunmuşdur. Aşıq Ələsgərin heykəldəki
qürurlu qaməti, şax duruşu onun həyatdakı və
xarakterindəki gerçək əyilməz ruhunu, dillənən
telli sazı ilə qəlbində çağlayan romantik
arzularını, düşüncələrini mənalandırır.
Xalq rəssamı Natiq Əliyev ümumiləşdirilmiş
aşıq obrazı yox, özünəməxsus saz-söz
dünyası olan ustad Aşıq Ələsgərin
obrazını yaratmağa müvəffəq ola bilmişdir.
Heykəl üçün seçilmiş iki yolun
qovşağı Aşıq Ələsgərin heykəlinin
tamaşaçılarını artırmaqdan başqa,
Göyçə mahalı ilə Kəlbəcər
arasında qalan Aşıq Ələsgərin doğma Vətənin
bütövlüyü mənasında ölkəmizin
paytaxtı Bakıda arzularına qovuşduğunu əks
etdirir. Prezident İlham Əliyevin aşağıdakı
sözləri də Aşıq Ələsgər sənətinin
Azərbaycan xalqının böyük rəğbətini və
məhəbbətini qazanmasına verilmiş siyasi qiymətin
ifadəsi kimi əhəmiyyətlidir. "Onun (Aşıq
Ələsgərin - İ.H.) yaradıcılığı Azərbaycan
xalqının ürəyində böyük bir iz
buraxmışdır ki, 200 il keçəndən sonra yenə
də o görkəmli şəxsiyyət, vətənpərvər
insan öz xalqını, Vətənini sevən insan kimi
xalqımızın yaddaşında yer tutub. Əlbəttə,
biz onun simasında xalqımızın yüksək ruhunu görürük".
Xalq rəssamı Natiq Əliyevin ucatdığı
Aşıq Ələsgər heykəli cənab Prezidentin bəyan
etdiyi görkəmli el sənətkarının yüksək
vətənpərvərlik ruhunun tuncdan və qranitdən
yoğrulmuş diqqətəlayiq abidəsidir. Aşıq
Ələsgərin heykəlinin Bakıda ucaldılması da
Prezident İlham Əliyevin dediyi kimi, "Qarabağ və
Şərqi Zəngəzura qayıdan
soydaşlarımızın əyilməz ruhunun" əyani
ifadəsidir. Möhtərəm Prezidentimiz kimi xalqımız
da əmindir ki, eyni ibrətamiz mənzərə Qərbi Azərbaycana
qayıdış dövründə də canlanacaqdır.
Aşıq Ələsgərin Bakı şəhərindəki
heykəli xalqımızın bu böyük sənətkarın
ölməz sənətinə və ustad
aşığın isə sözün geniş mənasında
doğma vətəninə, ölkəsinə
qayıdışının əməli ifadəsidir.
Aşıq Ələsgərin Bakı şəhərindəki
heykəli Qərbi Azərbaycana qayıdışın da paroludur.
Bu heykəl Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Qərbi Azərbaycana qayıdış
konsepsiyasının reallığıdır. Aşıq
Ələsgərin heykəli Azərbaycan heykəltaraşlıq
sənətinin yaddaqalan hadisəsidir.
7 oktyabr 2024-cü il
İsa HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti, akademik
525-ci qəzet .- 2024.- 9 oktyabr(№184).-S.8;9.