Ayrılanlar
Hekayə
Uşaqlardan soruşanda "kimin balasısan",
hamısı cavab verir: "Ata və anamın". "Kimi
daha çox sevirsən" soruşanda cavab verirlər:
"Atamı da, anamı da". Bu cavab ata və anası ilə
bir yerdə yaşayan uşaqlarındır. Ayrılan valideynlərin
balaları hər şeylərini onlar arasında bölməyə
məcburdurlar. Çünki artıq bir yerdə
yaşamırlar. Onların hər nəyi olubsa,
bölünüb...
Bu gün içəri girən kimi müəllim
soruşdu: "Səid, niyə bu soyuqda papaqsız gəlmisən?"
Səid susdu. Müəllim davam etdi: "Keçən
dəfə kitabını qoyub gəlmişdin, valideyninə
şikayət edəcəm".
Səid yenə susdu. Başını aşağı
salıb gözaltı sağ-soluna boylandı.
Çalışdı ki, sinif yoldaşlarının
üzünə baxmasın. Fikirləşdi: "Kaş
heç kim atam, anam barədə heç nə deməyə".
Valideynləri ayrılmışdılar. Çənəsi
get-gedə sinəsinə yaxınlaşırdı, ona elə
gəldi ki, nəfəsi kəsiləcək.
Müəllim istədiyi cavabı ala bilmədi.
Gözləri üzünün çərçivəsindən
irəli getdi deyə bütün ifadəsini dəyişdi.
Onun da nəfəsi tıncıxdı. Amma müəllimin
çənəsi aşağı yox, yuxarı yönəldi,
qaşları da. Elə bil kimsə marionet-kuklanın
mimikalarını idarə edirdi. Nəhayət, dilləndi:
"Səid, keç otur, sənə nə deyim?"
Səid qıpqırmızı köynəyinin qolu ilə
eyni rəngə düşmüş üzünün tərini
sildi. "Bircə dərs tez qurtarsaydı" deyə fikirləşdi.
Onun on üç yaşı tamam olmuş, on dörd
yaşına təzəcə keçmişdi. Çənəsi
sinəsində keçib yerinə əyləşdi.
Üç gün əvvəl atasıgildə
qalmışdı. On üç yaşlı uşaq haqda adətən
"evlərində qalmışdı" deyərlər. Səidin
ata-anası da ayrılmışdı, evləri də. Çətin
olanı o idi ki, indi evləri əvəzinə
"anasıgil" və "atasıgil" vardı. Hər
evdə ancaq bir doğmasını görürdü. Ürəyində
ikisinə də bir istəyi olmasına baxmayaraq, onların hər
şeyi çatlayıb bölünmüşdü. Tətildə
atasıgilə gedib qalanda, hava dəyişərdisə, nəyinisə
orda unudardı. Bəlkə də, bilərəkdən qoyub
qalardı. Eynən qəlbindəki bölünmüş
sevgi kimi. Anasıgildən atasıgilə gələndə də,
atasıgildən anasıgilə qayıdanda da olanları bircə-bircə
götür-qoy edirdi ki, hansına nəyi desin, nəyi
danışmasın. Bu vəziyyətdə adamın yadına
kitab, papaq düşər? Yaddaşında o qədər
yüklənmə vardı ki, bəzən kompüterə həsəd
aparırdı. Onun işi mənimkindən asandır:
"Artıq məlumatları sil getsin, vəssalam". Get-gedə
qəlbindəki, beynindəki yük artdıqca artırdı.
Sonra da anam atama şikayət edir ki, Səid çox əsəbidir,
çünki telefonda çox olur. Görəsən,
onları da ata-anası arasında bölsəydilər və
onlar da qəlbindəkini heç kəslə
bölüşmək istəməsəydi, telefondan başqa
özlərinə kimi dost seçərdilər? Axı telefon
yeganə dostdur ki, öz sirrini özün açmasan,
heç vaxt açmaz.
Bunları fikirləşə-fikirləşə bir də
gördü ki, uşaqlar "yes" deyə sevincək
çantalarını yığırlar.
Evlərinə çatıb qapını özü
açdı. Anası işdə idi. İçəri
keçdi. Yeməyi çox sevirdi. Amma özü
qızdırıb yeyəcəyi boyat xörəyi sevmirdi.
Başqa əlacı yox idi. Birdən fikirləşdi: "Niyə
ki, zəng vurum, anam dönər sifariş etsin, işləyir
də. Mən evdə anasız, isti xörəksiz
qalmışam. Zəng elədi. Cavab gəlmədi. İndi də
atasını fikirləşdi: "Onun hər şeyi var, o
biri oğlu anasının isti xörəyini yeyir, zəng
edim, mənə dönər sifariş etsin".
Atasının telefonundan da cavab gəlmədi. Mesaj səsi
gəldi. Tez boylanıb oxudu: "Nə olub Səid?"
Cavab yazdı: "Ata, mənə dönər
sifariş edə bilərsən?"
Telefonun ekranına baxanda elə bildi atasının
hirsli üzünü gördü. Növbəti mesajı
oxudu: "Anan niyə səni yeməksiz qoyub, alimenti neyniyir bəs?"
Səidin nəfəsi yenə daraldı: "Ata,
dönəri mən istəyirəm, o yox". "Anam"
deməyə ehtiyat elədiyi üçün "o" dedi.
Ekrana cavab gəldi: "Yaxşı, ünvanınızı
dəqiq yaz, sifarişinizi çatdırsınlar".
Səid: "Ata, mümkünsə keçən həftə
sizdə papağım qalıb, onu..." Sözü içi
kimi yarımçıq qaldı. Səs kəsildi.
İçindəki suallar kimi telefonun da cavabı gəlmədi.
Fikirləşdi: "Atam, ünvanımızı dəqiq
bilmir". Yavaş-yavaş dizi qatlandı, yerə
çökdü. Otaqdakı açılmayan balaca divana
baxdı, baxdı və hıçqırmağa
başladı. Get-gedə dayanmaq istəyən, bölünən
nəfəsi açıldı. Elə bil içindən
gözlərinə doğru bir kiçik fəvvarə
qalxıb ordan aşağı axmağa başladı. Göz
yaşı bitəndə hər iki ovcu ilə
üzünü sildi. Elə bil əl-üzünü yudu.
Yataq otağına keçib anasının biradamlıq
çarpayısının üstünə
yıxıldı. "Ana, ay ana bilirdiz ki, belə olacaq, niyə
məni öz balanız elədiz? Heç əvvədən
birləşməyəydiz də, məni niyə aranızda
böldüz? İndi nə səninəm, nə də
atamın..." Səidi çox ağır yuxu apardı.
Apardı ki, o biri aləmdə dərdinin çarəsini
tapsın.
Anası qapını açarla astaca açıb
içəri girdi. Qapının çölündə paketdəki
dönəri pişik didib tökmüşdü. İçəridə
isə bişirdiyi xörək necə var eləcə
qalmışdı.
Yavaşca yataq otağına girdi. Balası
üstü açıq yuxulamışdı. Yastığa əl
vurdu. Nəm idi. Sakitcə o biri otaqdan Səidin yorğanını
gətirib balasının böyrünə qısıldı.
Yorğanın çox hissəsini Səidin üstünə
örtdü. İkisinin də bölünmüş istəkləri
bir çarpayıda uyudu. Ancaq səhərə kimi.
17.12.2023
Almaz XANLAROVA
525-ci qəzet .- 2024.- 11 oktyabr(№186).-S.15.