Fraqmentlər  

 

 

"GÜLƏBƏTİN"

 

Borcum var sənə, "Güləbətin". Böyük borcum. Saf, dumduru suyundan içib axı mənim yeddi arxa dönənim. Atam, anam, babalarım, nənələrim. Əsirgəməmisən suyunu kimsədən. Elə mənim özümdən də. Bal, şərbət sanmışıq sənin suyunu. Kəndimizə ən yaxın olan sərin sulu tək bulaqsan axı, "Güləbətin". Kimlər yayın cırhacırında sərin bumbuz suyundan dadıb "oxqay" deməyib!

Öz görkəminlə uzaqdan, lap uzaqdan diqqət çəkmisən həmişə. Neçə-neçə cığırlar gəlib birləşib sənin önündə. Əcdadımın da ləpir izləri var bu cığırlarda. Adınla bağlı elə xoş xatirələrim var ki! Bir deyil, beş deyil onlar. Hər dəfə ziyarətinə gələndə birər-birər çözələnir onlar. İxtiyarsız dolur gözlərim. Babalarımı, nənələrimi, o zamanın azman kişilərini, nurlu ağbirçəklərini xatırlayıram. Tay-tuşlarım da yada düşür...

"Güləbətin", indi qocalmısan elə bil sən də. Arxandakı qoşa iydələr də yoxdu indi. Çürüyüb üstündəki taxta-qumtarların da. Qərarlıyam, kömək edəcəyəm sənə. Qoymayacağam babalarımın səndəki izləri itib-batsın. Necə vardınsa, eləcə bərpa edəcəyəm səni. Əllərimlə sığal çəkəcəyəm torpağına, daşına. Gözəlləşdirəcəyəm. Onların ruhlarının dilədiyi kimi. Buna əmin, arxayın ol, "Güləbətin".

 

19.06.2024         

 

 

 

ÖZÜNÜREKLAM

 

Dinləmir ətrafın iradlarını bu - öz ucuz sözləri, hərəkətləri ilə diqqət çəkməyi üstün tutan adam. Elə yaxşı da bacarır bu işi. Ağıl-kamal işi deyil axı bu. Ağılsızlığınsa həddi-hüdudu yoxdur. Tapır hər dəfə yeni nəsə. Çoxlarının ağlına gəlməyəni. Qurur onun reklamını. Deməli, elə özünün reklamını. Bəli, özünüreklamdır bu.

Hay-küylə diqqət çəkir özünə. Tanınır qeyri-adi hoqqalarla. Düşüncəsinə görə, guya "özünəməxsusluqa, orijinallıqla". Başqalarına görəsə hədd-sərhəd bilməyən mənasızlıqlarla. Bəli, hədd, sərhəd bilməyən. Mübahisələrə girir özünün haqlı olmasını sübut etməkçün. Susdura da bilir qarşısındakıları. Kimliyindən asılı olmayaraq. Axı abır-həya gözləmir. Müsahibləri isə "yaxşısı budur, boş verək"lə tez-tələsik bitirirlər "söhbət"i. O isə məhəl qoymur ətrafdakıların fikrinə. Amma ondan razı qalan da var. Bir nəfər. Elə özü.

 

23.06.2024   

 

NARAZILIQ

 

Narazıdır ətrafındakı hər kəsdən. Birinin danışığı xoşuna gəlmir, digərinin səsinin tonu. Kimlərinsə baxışları əsəbiləşdirir onu, kimlərinsə üz ifadələrindən darılır. Yeriş-duruşundan, ədasından da incik düşdükləri olur. Bəzilərinin həddən artıq səbrliliyini, bəzilərinin çılğınlığını bəyənmir. Dərkinə, düşüncəsinə lağ elədikləri də az deyil. Eləcə də, əməllərinə, gördükləri işlərə də. Alimə də irad tutur, şairə, bəstəkara, rəssama, memara da. Hamıya, hamıya, hamıya! Uğurları ilə seçilənlərsə sanki gözünün düşmənidir.

Hərdən göylərə də əl uzadır. Dünyanın nizamının düzgün olmadığından bəhs edir özünü "aqillərin aqili" hesab edən bu adam. Mən isə ondan narazıyam: hamıdan narazı olduğuna görə.

 

22.06.2024         

 

 

 

CILIZ ADAM

 

Özünün ucuz şöhrətpərəstliyinin qurbanına çevirib bütün ətrafını. Üstün göstərmək istəyir özünü hər kəsdən. Yaxınlarını da buna təşviq edir. Bütün gördüyü, daha doğrusu, götürdüyü işlərdə hər bir addımına təmtəraq qatır, bər-bəzək vurur. Çoxlarında ikrah hissi doğuran təmtəraq, bər-bəzək. Unudub tamam keçmişini. Guya kübar olub, yuxarı təbəqə adamıymış. Usanmır, yorulmur beləliyindən. Ətrafınısa usandırır, yorur. Dediyi olmalıdır həmişə, ağlından keçən, haradasa gördüyü, müşahidə etdiyi nə varsa, gerçəyə çevrilməlidir.

Yekəxanalığa vərdiş edib. Doğmalarının da xeylisinə yükləyə bilib bu xəstə əhvalı. Öz "davamçılar"ını yetişdirir. Heyfi gəlmir havayı xərclədiyi pula, vaxta, gücə.

Xırda bir xeyirxah işə də qüvvə sərf etmir. Aşağıda görmək istəyir axı hər kəsi. Zövq alır bu tamaşadan, "baxın, görün mən hardayam"ı ilə cılız görünür, çox cılız. Günbəgün cılızlaşır adam.

30.06.2024     

 

 

TAMAH

 

Doyub-dolanmır. Məndə olanın yüz qatı onda olsa da, gözünü yığmır. Nə yollasa məndən qoparmaq istəyir bircə dənə olanımı, alıb özünün o yüz qatına qoşmaq istəyir. Elçi düşüb bu işdən ötrü mənə. Mətləbə uzaqdan başlayır, xeyirxahlıqdan, bir-birinin işinə yaramaqdan bəhs edir. Səbirlə dinləyirəm onu. Nəhayət, istəyini bildirir. Nə cavab verəcəyimi bilmirəm. "Axı ondan səndə çoxdan da çox var" - deyirəm. O isə: "Bilirsən, mən sırf bu işlə məşğulam. Sənsə o bir dənə ilə neyləyəcəksən ki?!" - deyir. Susuram. Gözləyir, ürək üzüntüsü ilə gözləyir. Sanki böyük tale məsələsi həll olunur. Yazıq, məzlum nəzərlərlə baxır üzümə. "Hə, hələlik ondan istifadə etmirəm. Ancaq gələcəkdə, yəqin ki, lazımım olacaq" - sözlərimdən sonra sustalır xeyli. Gözlərinin işığı azalır. Gözləyirəm onun "gələcəkdə lazım olsa, qaytararam" deməsini. Ürək eləmir bunu deməyə. Görünür, mənim olanı alsa, bir vaxt geri qaytaracağını deməyə ürəyi gəlmir. Qətiləşir qərarım: Vermərəm o bir dənə olanımı! Özümə heç vaxt lazım olmasa da, onu sənə vermərəm!

 

29.06.2024   

 

Nəcməddin MÜRVƏTOV

525-ci qəzet .- 2024.- 11 oktyabr(¹186).-S.15.