"Ötən
günə gün çatmaz..."
ONDA HƏLƏ YAZ İDİ...
...Fakültəmizdə başda kinostudiyanın direktoru Cəmil
Əlibəyov olmaqla bir qrup kino xadimi ilə görüş
keçirilirdi. Görüşdə Cəmil Əlibəyovla
birlikdə kinorejissor Tofiq Tağızadə, aktyor Rasim Balayev,
şair Ramiz Rövşən, aktyor Həsənağa Turabov,
fakültəmizin o vaxtkı dekanı Tofiq Rüstəmov,
müəllimlərimiz Nurəddin Babayev, Qulu Xəlilov, Famil
Mehdi və başqaları iştirak edirdilər. Çox
maraqlı, səmimi, zarafat və atmacalarla zəngin bir
görüş oldu. Ramiz Rövşənə iki gözəl şeir oxutdurduq, Tofiq Tağızadə
“Dədə Qorqud”, Rasim Balayev “Babək” və “Nəsimi” filmləri
ilə bağlı verdiyimiz “köntöy” sualları
cavablandırdılar, tələbələrdən bir
neçəsi, o cümlədən 1-ci kurs tələbəsi
olan mən müxtəlif movzularda çıxışlar
etdik və təvazökarlıqdan uzaq olsa da deyim ki, bildiyimə,
eşitdiyimə görə mənim
çıxışım hamının xoşuna gəldi.
Amma o görüş daha çox iki epizodu ilə yadımda
qalib. Birincisi, tələbələrdən birinin (təbii ki
adını deməyəcəm) çıxışı ilə
bağlı idi. O, “ Babək” filmi ilə bağlı fikirlərini
bölüşəndə belə bir cümlə işlətdi
ki, “filmin çəkilişləri ərəfəsində bu
rolu oynayan Rasim Balayev gərək bir az kökəldiləydi”
(necə deyib eləcə də yazıram).
Təbii ki, bu irad səslənəndən sonra
yığışdığımız mətbuat tarixi
kabinetinin pəncərə şüşələri bomba kimi
partlayan gülüşün dalğasından əməli-başlı
və uzun müddətə silkələndi (deyəsən,
soldakı şəkil də elə bu məqamda çəkilmişdi).
Gülüb qurtarandan və pəncərələrin
şüşələri sakitləşəndən sonra Cəmil
Əlibəyov gülməkdən yaşarmış gözlərini
cib dəsmalı ilə silə-silə dedi:
- Rəhmətliyin oğlu, kinostudiya kökəltmə
məntəqəsi deyil ki, aktyorları kökəltməklə
məşğul olsun! Biz heç Rasimin
arıqlamağının qarşısını ala bilmirdik,
qalmışdı kökəltməyimiz. Yazıq az qala 10
kiloluq dəmir geyimin içində qılınc çalmaqdan
gözümüzün qabağında gündən-günə
şam kimi əriyirdi...
Növbəti gülüş dalğası isə
Qulu Xəlilovun çıxışı zamanı oldu. Qulu
müəllim özünəməxsus intonasiya və jestlərlə,
sinonim sözləri bir-birinə calaya-calaya və xüsusi bir
pafosla milli ruhda zəif filmlər çəkdiklərinə
görə kino işçilərini bir neçə dəfə
yerin deşiyini axtarmağa məcbur etdi, xüsusilə
"Koroğlu" filmini yıxıb-sürüdü, dedi
bir Koroğlunu ki, atın belinə zorla mindirirlər, ondan nə
gözləmək olar? Siz gərək milli filmlər çəkəsiniz,
o filmlərdən at kişnərtilərinin səsi gəlməlidir.
Cəmil müəllim cavab verəndə ki, belə əsərlər
yazılmırsa, biz necə çəkək, Qulu müəllimi
elə bil od götürdü:
- Necə yazılmır, ayə? (təbii ki, bu "ayə"
konkret Cəmil müəllimə yox, hamıya
ünvanlanmışdı). Lap yaxşı yazılır.
Götürün mənim "Qulun yaman kişnədi"
hekayəmi çəkin də... Hazır ssenaridir...
Bəlkə də hər şey bununla bitsəydi,
kabinetin pəncərələri də təzədən silkələnməyəcəkdi.
Amma Tofiq Rüstəmovun gülə-gülə, zarafatla
atdığı atmaca o şüşələrə yenə
də bir balaca zəhmət verdi:
- Demə qara qızın dərdi varmış ki...
Qulu müəllim, "mıs, mıs" deyincə, elə
birdəfəlik Mustafa denən də...
...Bizim belə xoşbəxt günlərimiz
vardı...
Kələntər lələ demişkən, hanı
o günlər?..
ÇAY SƏRGÜZƏŞTLƏRİMDƏN DAHA
BİR EPİZOD
Mən möhkəm çayxoram, yəni bu içkini
çox sevirəm və çay içmək mənim
üçün təkcə susuzluğu söndürmək
vasitəsi deyil, həm də bir ritualdır, sevdiyim məşğuliyyətdir.
Amma gənclik illərində mənlə çay
arasındakı bu sevginin miqyası o qədər böyük
idi ki, bu barədə məşhur filmdə deyildiyi kimi,
nağıllar qoşub, dastanlar bağlamaq olardı. Elə sizə
danışacağım əhvalat da bu nağıllardan,
dastanlardan biri üçün əla süjet ola bilər.
Tələbəlik illərində həftədə
bir dəfə "beşmərtəbə" tərəfdə
yerləşən köhnə hamamda hamamlanır, ordan
çıxandan sonra qan-tər içində evləri "9
yanvar" bağının yanındakı həyətdə
yerləşən bacımgilə gəlirdim ki, hamamda itirdiyim
litr-litr suyun yerini doldurum, necə deyərlər, həm
özümə gəlim, həm də bədənimin su
balansını taraz vəziyyətə gətirim - təbii
ki, təzə dəmlənmiş çayla. Bacım da həmişə
mənim çaya olan bu sonsuz məhəbbətimi yüksək
qiymətləndirir, evə daxil olan kimi dəmlədiyi ətirli
çayı bu məhəbbətə layiq bir səviyyədə
süfrəyə verirdi. Artıq 1-ci çaynik yarı
olanda ehtiyat çayniki də
çıxarıb "əziyyətə" salır və
bilirdi ki, mənim yanğımı söndürmək
üçün bu da son limit deyil, çox böyük
ehtimalla, 3-cü çaynik də olacaq...
Əlqərəz, mənim çayiçmə
ritualım bitənə qədər qız çay dəmləməkdən,
su qaynatmaqdan yorulurdu, mənsə çay içməkdən
yox.
Amma növbəti dəfə, məsələni
Zülümov demişkən, birdəfəlik və operativ həll
etmək üçün yeznəmin kəşf etdiyi üsul
bir gün də olsa bacımı bu əziyyətdən xilas
etdi.
Hadisə belə oldu.
Növbəti dəfə özümü qapıdan
içəri atanda bacımın bu dəfəki qeyri-adi
reaksiyasından dalağım sancdı. Yeznəm də evdə
idi. Fikirləşdim ki, yəqin nə isə söz olub aralarında
- kimin ailəsində söz olmur ki. Heç nə deməyib
mizin arxasına keçdim, nə edəcəyim barədə
özümə verdiyim suala cavab axtarmağa başladım,
lakin o cavabın heç olmasa ucuna-qulağına
çıxmaq üçün ipucu da tapmamışdım
ki, yeznəm ayağa qalxdı, qaz plitəsinin yanındakı
təxminən 3 litrlik çuqun qazanın hər 2 qulpundan
yapışıb gətirib düz qoydu mənim
qabağıma. Sonra gedib sanballı bir krujka da gətirdi və
üzünü mənə tutub təntənəli tərzdə
dedi
- Əliş, səni və bacını yersiz əziyyətdən
qurtarmaq üçün bu dəfə çayı mən
yeni metodla dəmləmişəm. Nuş olsun... -
sözünü qurtarıb qazanın qapağını
götürdü və məni təzə dəmlənmiş
bir qazan çayla təkbətək qoydu...
Təbii ki, bu situasiyanın necə, hansı ladda sona
çatacağı mənim cavab reaksiyamdan çox
asılı idi. Amma mən də mən idim - "Sağ ol,
yeznə, Allah canını sağ eləsin" - deyib
krujkanı götürərək çaya
"batırdım" və o vaxtadək Azərbaycanın
heç bir yerində rast gəlinməmiş çayiçmə
mərasimi başladı, nə başladı...
Krujka qazanın boş dibinə dəyəndə
üçümüzün də gülməkdən gözləri
yaşarmışdı...
Fikirləşirəm ki, yeznəmin bu zarafatı sayəsində
çayı krujka ilə qazandan içən ilk şəxs
kimi mənim Ginnesin rekordlar kitabına düşmək
haqqım var...
MƏKTƏB "FOLKLORU"NDAN SEÇMƏLƏR
Hamımız şagird olub məktəbdə
oxumuşuq və deməli, o illərin acılı-şirinli
günlərini bu və ya digər dərəcədə
dadmışıq. İnanmıram ki, yaddaşında o illərlə
bağlı şirin, dodaqqaçıran xatirələr
yaşamayan kimsə olsun.
Bu yazıda özümün və dostlarımın yaddaşına
hopmuş o xatirərdən bir neçəsini sizinlə
bölüşürəm. Təbii ki, konkret ünvanları
və adları bildirməmək şərtilə.
SÜDNAYA QAYMAĞA
Bir gün aşağı sinif şagirdlərindən
biri rus dilindən dərs deyən yaşlı kişi müəllimdən
soruşur:
- Müəllim, rus dilində südün
qaymağına nə deyirlər?
Müəllim görür ki, təkcə verilən
sual yox, vəziyyət də "ruscadır", cavab verməsə,
olan-qalan nüfuzunu da itirəcək. Vaxt qazanmaq
üçün deyir:
- Bala, dilimin ucundadır, bir az gözlə, yadıma
salıb deyəcəm.
Uşaq da, o biri şagirdlər də səbirsizliklə
gözləyirlər. Nəhayət, müəllim qəfildən
süvincək deyir:
- Bala, yadıma düşdü. Südün
qaymağlna rus dilində südnaya qaymağa deyirlər.
QAZLI SUYUN FORMULU
Kimya fənnindən dərs deyən və bir az da
gopçu olan kişi müəllimi bir dəfə dərsdə
özünü tərifləyərək deyir:
- Uşaqlar, sizə bir əhvalat danışacam,
görün müəlliminiz hələ 17 yaşı olanda
professorları öz cavabı ilə necə heyrətləndirib,
mat qoyub. Deməli, instituta qəbul imtahanında professor dedi
ki, bala, suyun formulunu yaz görüm. Mən dərhal yazdım
- H2O2. Müəllim qayıtdı ki, bala, H2O-nu bildik, bəs o
axırıncı 2 nədir? O dəqiqə cavab verdim ki,
müəllim, H2O adi suyun, H2O2 isə qazlı suyun formuludur.
Professor "Sənə halaldır, heç ağlıma gəlməmişdi.
Gərək bu mövzunu aspirantlarımdan birinə verim,
araşdırsın" - deyib beşimi yazdı.
DİREKTORUN HƏDƏSİ
Sentyabrda dərslər başlayandan az sonra məktəbin
direktoru tələb edir ki, yuxarı siniflərdə oxuyan
oğlanlar filan tarixdən etibarən məktəbə
başlarını qırxdırıb gəlməlidirlər.
Şagirdlərdən biri bu tələbə əməl eləmir.
Bundan xəbər tutan direktor 2-ci mərtəbədə yerləşən
sinfə gəlib soruşur:
- Başını qırxdırmaq istəməyən
kimdirsə dursun ayağa.
Şagird qalxır. Direktor onu təpədən
dırnağa qədər süzərək deyir:
- Cibimdəki partiya biletinə and olsun, irəli duraram,
geri duraram, sənə bir kəllə vuraram ki, ikinci mərtəbədən
kəlləmayallaq gedərsən yerə. Sağ qalmaq istəyirsənsə,
məktəbini (yəni çantanı) da götürüb rədd
ol.
QIZLARA XİTAB
Müəllim şagirdlərdən birini lövhəyə
çağırır ki, gəl dərsi danış.
Şagird çıxıb guya dərs danışır, əslində
isə xeyli zəvzəyib çıxışını
bitirir. Müəllim soruşur:
- Qurtardın?
Şagird deyir:
- Bəli.
Müəllim "Keç otur, iki alırsan" -
deyib ona yağlı iki yazır. Şagird deyir ki, niyə iki
yazırsınız, axı mən dərsi
danışdım. Müəllim də qayıdır ki, sən
heç nə danışmadın, sadəcə ağlına
gələnləri üyüdüb tökdün. Şagird
razılaşmır - o deyir, bu deyir,
bu deyir, o deyir. Səbir kasası daşan müəllim
axırda üzünü sinfə tutub deyir:
- Qızlar, xahiş edirəm, iki dəqiqəliyə
qulaqlarınızı əllərinizlə bərk-bərk
qapayın.
Qızlar deyiləni edirlər. Bundan sonra müəllim
üzünü həmin şagirdə tutub deyir:
- Ay sənin filankəsini filan edim, sən dərs
danışdın?!
"ZALIM UŞAĞI BALALADI"?
Dərs ili başa çatanda coğrafiya müəllimi
rəhbəri olduğu sinifin şagirdlərini Göy göl
tərəfə ekskursiyaya aparmaq fikrinə düşür.
Pullar yığılır, siyahı tutulur, deyilən vaxtda
şagirdləri aparacaq avtobus məktəbin
qarşısında hazır dayanır. Müəllim əlindəki
siyahı üzrə ekskursiyaya gedəcək 25 şagirdin hər
birinin ad və soyadını ucadan oxuduqca şagirdlər
bir-bir avtobusa daxil olub əyləşirlər. İşini
bitirən müəllim axırda məmnun halda avtobusa
qalxıb əminlik üçün uşaqları bir də
sayır və görür ki, içəridə 25 yox, 26
şagird var. Dilxor halda uşaqları yerə töküb
proseduru bir də təkrar edir. Amma yuxarı qalxıb salonda
uşaqları dübarə sayanda görür yenə salonda
25 yox, 26 şagird əyləşib. Əsəbiləşib
ucadan öz-özünə deyir:
- Başa düşmürəm ey, bu zalım
uşağı bir dəqiqənin içində balaladı?
Sən demə, başqa sinifdən ekskursiyaya getmək
istəyən şagird əvvəlcədən xəlvətcə
avtobusa minib sakitcə arxada oturubmuş ki, bəlkə bəxt
üzünə güldü...
Əlisəfdər Hüseynov
525-ci qəzet .- 2024.- 11 oktyabr(№186).-S.14.