"Mavi sular mavi gözlü gözəl
olar..."
FAİQ BALABƏYLİNİN POEZİYASI HAQQINDA
QEYDLƏR
Şeir səmimiyyətdən doğur. Şair
özü olanda, özünə qayıdanda şeir yaranır.
Şair ömrü narahat bir ömürdür. Daim
axtarışda, daim bir yenilik, daim yanğı, sevinc, kədər
içində keçən ömür. Xalq şairi Nəbi
Xəzri demişkən: "Yazmasan - narahat... Yazsan -
narahat..." Şair dərd, kədər hopdurucusu, sevinc, fərəh
bölücüsüdür. Özündən çox,
başqaları üçün yaşayan, düşünən,
yanandır. Şairin böyüklüyü, şeirin gözəlliyi
də elə ondadır.
Bir şair ömründən, bir şeir, sənət
dünyasından danışmaq, misra-misra yaddaşımı
vərəqləyib, şeirlərin işığında bir
anlıq xatirə cığırından dünənimə
boylanmaq istəyirəm. Haqqında söhbət açmaq istədiyim
dənizçi-şair Faiq Balabəyli mənim şagirdim
olub, orta məktəbdə, doğma kəndimizdə tarix
müəllimi olmuşam. Faiqin
yaradıcılığında xoşa gələn cəhətlərdən
biri odur ki, sevdiyi, könül bağladığı, qoynunda
gəzib-dolaşdığı yer-yurd adlarını (Xamrava,
Bazı düzü, Qarayarçay və s.) şeiriyyətə
gətirir. Sevdiyi kimi, oyalanan xatirələr
işığında oxucusuna da sevdirməyi bacarır.
İnsan harda doğulubsa, o yerləri heç vaxt unutmur,
yaddaşına yazıb, xatirə aynasında həmişə
o yerləri dolaşır. Yaradıcı insan xatirələrə
dalanda həzin, kövrək duyğuların ovsununa
düşür, sehrinə bələnir. Şair özü
olanda səmimiyyəti də inama, əqidəyə söykənir.
Səmimiyyət dolu şeirlər isə hər an doğulmur.
Doğuldusa, hafizələrə, yaddaşlara
köçür, dillərdə, dodaqlarda dolaşır.
Faiqin ömrünün 40 ildən çoxu dənizlə
bağlıdır. Onun şeirlərini oxuyanda hərdən
içimdə bir sual dolaşır: Dəniz sevgisi onda bu qədər
hardandır? Axı doğulduğu kəndin, rayonun dənizlə
yaxınlığı, bağlılığı yoxdur
axı?! Ancaq müsahibələrindən birində o, "Məni
dənizə ədəbiyyat gətirib" - deyir. Bəli,
ötən əsrin 70-ci illərində sanki hamı bədii ədəbiyyat
acı idi. İndiki kimi, onda hələ kitabın kitabı
bağlanmamışdı. Hər təzə çıxan bədii
əsərdən hamı xəbər tutur, oxuyur, hətta,
yeri gələndə müzakirə də edirdilər. Buna
görə, Faiqin müsahibələrindən birində
"məni dənizə ədəbiyyat gətirib" deməsi,
heç də təsadüfi, bəlağət xatirinə
deyilmiş söz deyil. O da çoxları kimi mütaliə həvəskarı
idi. Bir az da, qaynarlığı, dəcəlliyi var idi. Nə
gizlədim, dərsi oxumadığı, ya zəif öyrəndiyi
günlərdə danladığım hallar da olmuşdu. Ancaq
üzündə təbəssüm əskik olmazdı.
İçində "sabah yaxşı oxuyacam"
inamını da gəzdirərdi. Ancaq sən demə, bu
sarışın şagirdimin içində
yaşatdığı dəniz sevgisi elə o vaxtlar bəyaz
yaylıqlar kimi yellənib onu arzularının dalıyca
çağırırmış.
Dəniz təmizlik, gözəllik, saflıq, həm də
qorxu, fəlakət mənbəyidir. Hər kəsin içində
dənizi görmək, onun bir udumluq havasının həsrəti
var. Kim bilir, bəlkə buna görə hamı ona sarı can
atır. Elə ümman sevdalı Faiqi də dənizsiz təsəvvür
etmək çətindir. Dəniz onun üçün hər
şeydir. Dəniz iş yeri, çörək yeridir. Yediyi
çörəyə də dəniz nəfəsi, dəniz
sevgisi qatır. Dəniz həm də onun yaradıcılıq
masası, ilham mənbəyi, çətinə düşəndə
məsləhət, düşüncə, fikir ortağıdır.
Xəyalının çapar yeri, ilhamının kükrəyən,
bulaq kimi çağlayan, ürəyindəki
ağrı-acılara məlhəm yeridir. Dəniz onun
üçün sirdir, müəmmadır, həyatla,
ölüm arasında, sanki bir sınaq meydanıdır. Dənizin
gözləri dolanda uşaq kimi kövrəlib ağlaması,
gecələr gümüşü ay işığına
baş qoyub şirin-şirin mürgüləməsi, səhər
dan yeri söküləndə üfüqdə günəşi
salamlayıb, fəcrin qızılı-çəhrayı
tellərindən nazlanıb saçlarını daraması
var. Dəniz, bəlkə də, Allahın insanlara verdiyi,
göndərdiyi yaşamaq eşqidir. Faiqi Faiq eləyən də,
bəlkə elə bu eşqdir, dənizə
vurğunluğudur.
Mavi sular mavi gözlü gözəl olar,
Naz eləyər dənizçiyə,
Mənim üçün əziz olub,
Heç bilmirəm, dəniz niyə?!
- deyən dənizçi-kapitan, şair də bu məhəbbətin,
vurğunluğun sirrinə cavab tapmağa
çalışır. Bəzən də uşaq kimi kövrəlib:
Yamyaşıldı duzlu suyun köynəyi,
Qayaların üzü cızıq-cızıqdı.
Gəmiləri üzüb gedib, göynəyir,
Bu dənizin limanları yazıqdı...
- pıçıldayıb gördüyü mənzərəni
unuda bilmir. İçində xəfif bir duyğu mehi əsib
keçir. Sanki içində həzin bir duyğu dil olub
danışır. Görən gəmiləri gəlib sinəsinə
baş qoyacaqmı bu limanların? Yoxsa limanların gözləri
yol çəkəcək, kim bilir bəlkə də o qədər
yol çəkəcək ki, gözlərinin tovu da azalıb,
işığı hicran, həsrət yağışına
dönüb bulud kimi
boşalacaq.
Faiqin əksər şeirlərində sanki dənizin
nəfəsi, ruhu var. Elə bil ki, dənizə də
canlı bir varlıq kimi baxır. Nədən yazırsa
yazsın, yenə də dəniz nəğməsinə
baş qoyur, qəlbinin dərinliyindən qopub gələn pıçıltılarına ən
təmiz ümman ətrini də qatıb oxucularına təmizlik,
gözəllik ərmağan edir. Şair elə bil ki, dənizlə
danışır, onun ürəyinə yol tapıb ürəyində
yaşayır. Bəlkə buna görə dəniz ürəklidir
o. Onun da həlim, sakit, ipək kimi yupyumşaq xasiyyəti, elə
dəniz boyda Vətən, el sevgisi var. Şeirlərində
misra-misra axıb gələn ilhamın işığı da
sanki dənizin bağrından qopub gələn
işıqdır, hərarətdir.
Dəniz çirkabı sevməz, dartınar,
çırpınar, atar qoynundan o çirkabı. Faiqin
şeirlərində də elə dəniz kimi naqisliklərə
üsyankarlıq, qəzəb var. O da cəmiyyətin
içindəki eybəcərlikləri görür, laqeydlik,
biganəlik içində boğulan insanların dərdinə
əlac, şərik olmağa can atır. Məramı odur ki,
şair, ziyalı mübariz olsun gərək. Öz dərdinə
yanmayan, başqalarının dərdini nə bilər
axı?! İnsan dərd, kədər, sevinc, fərəh
daşıyıcısıdır. Sevincindən pay verməyən
kədərlə qucaqlaşar.
Şair özü ilə tək-tənha qalanda xəyallar
qoynunda çırpınar. Dəniz həm də Faiq
üçün tənhalıq, özünə
qayıdış yeridir. Onun hər əmək səfəri
limanlardan ayrılıq, hicran, həsrət səfəridir.
Liman uzaqlarda qalan həsrət yeridir, bir də gəmilər
kimi o yerlərə qayıdacaqmı ümidinə bələnmiş
inam, güman şirinliyidir.
Faiq Balabəyli Bakının başını qara
buludlar alanda, işğalçı rus əsgərləri
Bakıda at oynadanda, pozulmuş haqqını tələb edən
dinc əhalini qanına qəltan edəndə dənizdən
dünyaya hayqıran bir vətənpərvər övlad idi.
Onda gülləyə də tuş gələ bilərdi, həyatı
vəhşi sarıqulaqların qəzəbində
alışıb yana bilərdi. Ancaq hamı kimi o da qorxu nə
olduğunu bilmədi. Bütün varlığıyla qəzəbini,
etirazını bildirdi. Onun "Bakı buxtası-20
yanvar", "Dənizçilərimiz Vətən
müharibəsində" kitablarında o günlərin
iztirabları, ağrı-acıları səmimiyyətlə
işıqlandırılıb.
Faiq Balabəyli bu gün ömrünün müdriklik
çağını yaşayır. İnanıram ki, bundan
sonra da gözəl əsərlərlə öz
oxucularını sevindirəcək.
Əzizağa ELSEVƏR
Tarixçi-alim, yazıçı
525-ci qəzet .- 2024.- 11 oktyabr(№186).-S.13.