Müasir Azərbaycan şərqşünaslığında
professor Mehdi Kazımovun rolu
Bu yaxınlarda görkəmli İranşünas alim,
professor Mehdi Kazımovun 70 yaşı tamam olmuşdur. O, ədəbiyyat,
müqayisəli ədəbiyyatşünaslıq,
nizamişünaslıq və mənbəşünaslıq
sahələrində tanınmış və aparıcı
mütəxəssislərdəndir. Orta əsrlər
yaradıcılıq üslubunun normativlik və
yaradıcılıq fərdiyyəti nisbətinin, şərq
ədəbiyyatının janr sisteminin, poetikanın fundamental
problemlərinin araşdırılmasında alimin xidmətləri
təqdirəlayiqdir. O, nəinki İranın, eləcə də
Azərbaycan, Hindistan, Əfqanıstan və digər ölkələrin
şair və mütəfəkkirlərinin
yaradıcılığı ilə məşğul olub.
Camali Təbrizi, Ruhuləmin Şəhristani, Əhməd
Dehdar və başqalarının adı və əsərləri
ilk dəfə elmi ictimaiyyətə məhz onun tərəfindən
tanıdılıb.
Mehdi Davud oğlu Kazımov 1954-cü ildə Bakı
şəhərində doğulub, 1971-ci ildə Azərbaycan
Dövlət Universiteti (hazırkı Bakı Dövlət
Universiteti) Şərqşünaslıq fakültəsinin fars
şöbəsinə daxil olub, 1976-77-ci illərdə mütərcim
kimi İranda işləyib. 1977-ci ildə ali təhsilini
başa vurduqdan sonra 11 il ərzində
Azərbaycan Milli Elmlər Akademiyasında əvvəlcə
ictimai elmlər üzrə Elmi informasiya mərkəzində və
sonralar Şərqşünaslıq İnstitutunda kiçik
elmi işçi, elmi katib, böyük elmi işçi vəzifələrində
çalışıb. 1981-ci ildə filologiya üzrə
namizədlik, 1990-cı ildə isə doktorluq dissertasiyası
müdafiə edib.
1988-ci ildən Bakı Dövlət Universitetinin Şərqşünaslıq
fakültəsində pedaqoji fəaliyyətə
başlayıb. 1994-cü ildən professordur. Hal-hazırda Orta
Şərq dilləri və ədəbiyyatı
kafedrasının müdiridir. Eyni zamanda o, AMEA Şərqşünaslıq
İnstitutunun "Mənbəşünaslıq,
yazılı abidələrin tədqiqi və nəşri"
şöbəsinin müdiridir.
Müqayisəli ədəbiyyatşünaslıq sahəsində
farsdilli ədəbiyyatın bir sıra janr formalarının
tipologiyasının aşkarlanmasında prof. Mehdi Kazımovun
da səyləri az olmayıb. Bununla yanaşı, ədəbiyyatların
qarşılıqlı təsiri və əlaqələri,
bir şairin yaradıcılığının bütöv
bir epoxaya və sonrakı şairlər nəslinə təsiri
məsələlərini də nəzərdən
keçirib. Həmçinin bir sıra məşhur süjetlərin
genezisi onun tərəfindən izlənilib, bədii vasitələrin
istifadəsində, eləcə də müəlliflərin
şəxsi üslublarında oxşar və fərqli cəhətlər
müəyyənləşdirilib.
Nizamişünaslıq problemləri prof.
M.D.Kazımovun xüsusi elmi maraq dairəsini təşkil edir.
Böyük Azərbaycan şairi Nizaminin, eləcə də
onun çoxsaylı ardıcıllarının
yaradıcılığı alim tərəfindən tədqiq
edilib. Nizaminin rolu Şərq ədəbiyyatı və mədəniyyətində
geniş tarixi və bədii mühitdə göstərilib.
Nizami poetik məktəbinin məsələləri xüsusi
qeyd olunub, nəzirə kimi hadisənin məziyyətləri,
onun bədii-estetik və fəlsəfi əsasları öyrənilib.
Mehdi müəllimin "Nizaminin "Həft peykəri"i
və XIV-XVI əsrlərin farsdilli ədəbiyyatda nəzirə
ənənəsi" adlı ilk monoqrafiyası 1987-ci ildə
işıq üzü görüb. Kitabda Nizaminin "Yeddi
gözəl" poeması poetikanın bir sıra problemləri
aspektindən araşdırılır, əsərin janr
sinkretikliyi, məkan-zaman münasibəti, özünəməxsusluğu,
fəlsəfi, bədii-estetik əhəmiyyəti öyrənilir,
buradakı süjetlərin sonrakı XIV-XVI əsrlərdəki
transformasiyası izlənilir. "Yeddi gözəl"
Nizaminin "Xəmsə"sində ən orijinal poemalardan
biridir və bir çox Şərq xalqlarının mədəniyyət
və ənənələri ilə bağlıdır. Bununla
yanaşı, prof. Kazımov Əmir Xosrov Dəhləvi,
Abdullah Hatifi, Əbdi bəy Şirazi, Fani Kəşmiri və
s. bu kimi Nizami ardıcıllarının əsərlərinin
təhlili zamanı bədii "cavab"ın xarakterik cizgilərini
üzə çıxarır, Şərqdə poetik təqlidin
yayılması, janr formasının təkamülü, ifadə
vasitələrinin genişliyi məsələlərinə
toxunur.
Prof. M.D.Kazımovun 1991-ci ildə çapdan
çıxmış "Nizaminin ardıcılları"
adlı növbəti monoqrafiyası bu kitabın məntiqi
davamıdır. Əgər birinci kitabda ədəbiyyat
tarixinin problemləri araşdırılırdısa, ikincisi
orta əsrlərdə farsdilli regionda ədəbi təqlid
kimi təzahürün nəzəri məsələlərinə
həsr olunub. Nizaminin "Xəmsə"si Şərqdə
bütün ədəbi inkişaf prosesinə böyük təsir
göstərib. Şərqin müxtəlif yerlərində və
ayrı-ayrı dillərdə dahi Azərbaycan şairinin
poemalarına yüzlərlə təqlidlər yazılıb.
Orta əsrlər Azərbaycan, fars-tacik, hind ədəbiyyatı
nümayəndələrinin -Camali, Əşrəf
Marağayi, Hatifi, Cami, Əhməd Dehdar və
başqalarının əsərlərini araşdırarkən
alim nəzirənin fəlsəfi-estetik əsasını, onun
spesifikasını işıqlandırır, şairlərin
yaradıcı fərdiyyətini üzə
çıxarır.
Qeyd olunmalıdır ki, tədqiqat işinin
materialı başlıca olaraq əlyazma nüsxələrinə,
o cümlədən, unikal mənbələrə əsaslanır.
Onlardan biri Mehdi müəllimin 1998-ci ildə çapdan
çıxmış "Camali Təbrizinin poetik irsi"
kitabının əsasını təşkil edir. Kitabın
tarixçəsi maraqlıdır. Prof. M.D.Kazımov 1980-ci illərin
sonunda İngiltərədə elmi ezamiyyətdə olmuş və
Londonda İndia Offis kitabxanasında işləmişdi. Bu
kitabxananın əlyazma kataloqunun naşiri Q.Ete Camalinin "Xəmsə"si
kimi onlardan birinin adına işarə edib. Amma Mehdi müəllimə
əlyazmanın müəllifinin Təbriz əsilli Azərbaycan
şairi Camalinin olduğunu müəyyənləşdirmək
müyəssər olub. Bu fakt artıq
özü-özlüyündə Azərbaycan ədəbiyyatının
öyrənilməsi nöqteyi-nəzərindən prinsipal əhəmiyyət
daşıyır. Əlyazmanın dəyəri həm də
ona görə yüksəkdir ki, o, yalnız bir siyahıda və
təkcə bu kitabxanada qorunur. Prof. M.D.Kazımov bu əlyazmanın
əsasında şairin tərcümeyi-halının
başlıca mərhələlərini bərpa edir, onun məsnəvilərinin
ideya-tematik və bədii xüsusiyyətlərinin təhlilini
aparır. Kitabda həmçinin Camalinin "Yeddi taxt-tac"
poemasının faksimilesi verilib.
Camali Təbrizi Nizami poetik məktəbi, epik
poeziyanın parlaq nümayəndələrindən biridir.
Prof. M.D.Kazımovun səyi nəticəsində onun adı ilk
dəfə elmi dövriyyəyə gətirilmiş,
yaradıcılığının öyrənilməsi isə
orta əsrlər farsdilli Azərbaycan ədəbiyyatının
daha təkmil təsvirinin yaradılmasında irəli
atılmış ciddi bir addım olub. Özünəməxsus
zəngin ənənələrə malik olmaqla yanaşı,
o, eyni zamanda bədii nailiyyətlər və görkəmli ədiblərlə
seçilən digər regionların farsdilli ədəbiyyatı
ilə də yaxından maraqlanıb. Onlardan daha parlaq
simaların xarakteristikası prof. M.D.Kazımovun "Farsdilli ədəbiyyatın
yeddi əsri" kitabında təqdim olunub. Əsərdə
Rudəkidən başlayaraq Vəhşi Bafqiyə qədər
iyirmi üç orta əsrlər şairi,
yazıçısı, mütəfəkkiri haqqında məlumatlar
verilir. Onların seçimi hər şeydən əvvəl
farsdilli ədəbiyyatın formalaşması və
inkişafında rolu, Şərq mədəniyyətində,
fəlsəfi-dini təfəkküründə tutduqları
yer, həmçinin məşhurluq və avtoriteti ilə
şərtlənib. Firdovsi, Xəyyam, Sədi, Rumi, Hafiz, Cami və
digər belə korifeylərin şöhrəti bütün
Şərqin hüdudlarını aşıb, onların əsərləri
ilə haqlı olaraq, dünya ədəbiyyatı xəzinəsinə
daxil olub. Materialın zaman çərşivəsi X-XVI əsrləri
əhatə edir. Bu elə bir dövrdür ki, farsdilli bölgənin
ədəbiyyatı haqqında vahid bir hadisə kimi
danışmaq olar.
Professor Mehdi Kazımov Orta əsrlər ədəbiyyatına
diqqət yetirərək, tədqiqat işinin zəruri səriştələrinə,
böyük təcrübə və dərin biliyə malik
olan peşəkar alim kimi digər dövrləri də diqqətdən
kənar qoymur. Onu müasir fars ədəbiyyatı, xüsusilə
İran poeziyasında baş verən proseslər də
maraqlandırır. 2006-cı ildə nəşr etdirdiyi
növbəti monoqrafiyasında alim XX əsrin son otuz ilini
araşdırır.
Demək lazımdır ki, klassik dövrdən fərqli
olaraq, İranın müasir ədəbiyyatı çox zəif
öyrənilib, İslam inqilabından sonrakı mərhələsi
isə, demək olar, işıqlandırılmayıb. Bu
dövrün aparıcı şairlərinin
yaradıcılığı haqqında məlumat yoxdur,
onların əsərləri geniş oxucu kütləsinə
məlum deyil. Buna görə də, prof. M.D.Kazımovun
kitabı bu istiqamətdə birinci və əhəmiyyətli
təşəbbüs sayılır. Əsərdə
1970-1990-cı illər poeziyasının aparıcı
tendensiyalarının işıqlandırılması ilə
yanaşı, Əli Musəvi Gərmarudi, Nüsrət Rəhmani,
Söhrap Sepehri, Məhəmməd Əli Sepanlu, Huşəng
İbtihac, Qeysər Əminpur, Əli Rza Qəzve və
başqa bu kimi ustadların həyat və
yaradıcılığı araşdırılır. Bu
müəlliflərin yaradıcılığı XX əsrin
sonunda İranda yaranmış mədəni-tarixi mühit
fonunda öyrənilir, hakim ideoloji şəraitə baxmayaraq,
onların əsərlərinin ümumbəşəri dəyəri
vurğulanır. Qeyd etmək lazımdır ki, kitab təkcə
nəzəri əhəmiyyətə malik deyil, ali təhsil
müəssisələri, o cümlədən Bakı Dövlət
Universitetində müasir fars ədəbiyyatı tarixi kursunun
tədrisinin əsasını formalaşdırır.
Sözügedən kursun təkmilləşdirilməsi,
eləcə də farsdilli ədəbiyyatın nəzəri əsaslarının
gələcək tədqiqatları üçün Mehdi
müəllimin 2019-cu ildə nəşr olunmuş daha bir
fundamental monoqrafiyası xüsusi əhəmiyyət
daşıyır. Kitab "XVI-XVII əsrlərin farsdilli
poeziyası" adlanır və farsdilli ədəbiyyatın
nisbətən az öyrənilmiş dövrlərindən
birinə həsr edilmişdir. Burada poeziyanın bəzi cəhətləri
tədqiq edilməklə yanaşı, onun aparıcı
nümayəndələrinin, o cümlədən, Saib Təbrizi,
Ürfi Şirazi, Möhtəşəm Kaşani, Talib Amuli, Nəziri
Nişapuri və başqalarının
yaradıcılığı hərtərəfli öyrənilir.
Monoqrafiyada konkret müəllifin ədəbi irsinin təhlili
ilə yanaşı, XVI-XVII əsrlər poeziyasının
ideya-tematik əsasları, onun janr özəllikləri, bədii
xüsusiyyətləri üzə çıxarılır,
dövrün İran və Hindistanda tarixi vəziyyəti və
ədəbi mühiti işıqlandırılır.
Professor M.D.Kazımov ədəbiyyatşünaslıq
məsələləri ilə yanaşı,
tarixşünaslıqla da məşğul olur. XIII-XIV əsrlərin
bir sıra tarixi əsərlərinin, o cümlədən, Azərbaycan
tarixçisi Əbu Bəkr əl-Kutbi əl-Əhərinin
"Tarixe-şeyx Üveys", məşhur
tarixçi,coğrafiyaşünas və ictimai xadim Həmdullah
Mustoufi Qəzvininin "Zeyle-tarixe-qozide"
("Seçilmiş tarixə əlavə") və onun
oğlu Zeynəddinin "Zeyle-tarixe-qozide"nin fars dilindən
tərcümələri müəllifin qələminin məhsuludur.Bütün
tərcümələr birbaşa əlyazma mənbələrindən
edilib. Onlarda XII-XIV əsrlərdə Azərbaycan və
İranda baş vermiş hadisələrlə bağlı
çoxlu yeni, maraqlı faktlar vardır və onların əhəmiyyəti
həmin dövrün öyrənilməsinin ilk mənbələri
kimi kifayət qədər yüksəkdir.
Əlyazmalarda tarixi faktlar gətirilir, Hülakülər
dövlətinin tənəzzülü, Cəlarilər
dövlətinin yaranması təhkiyə olunur, Malik
Əşrəfin əmirliyi dövründən Azərbaycana
Teymurun ikinci yürüşünə kimi feodal çəkişmələri
və toqquşmaları əks olunur, bir çox hadisələrin,
o cümlədən, 1385-1392-ci illərdə Təbrizə 18
hücumun maraqlı təfsilatı verilir.
Tarixçilər öz əsərlərində bu tərcümələrə
artıq dəfələrlə istinad edib, Azərbaycan və
İranın orta əsrlər tarixinin
araşdırılmasında onlardan mənbə kimi bəhrələniblər.
Hər üç tərcümədə mənbəşünaslıq
əsərlərində qəbul olunduğu kimi ön söz
və geniş şərhlər mövcuddur.
Prof. Mehdi Kazımovun tədqiqat fəaliyyətindən
danışarkən iki mühüm məqamı qeyd etmək
istərdik: birincisi, onun dünyagörüşü, elmi
maraqlarının genişliyi, ikincisi, bir alim kimi qeyri-adi
iş bacarığı vəməhsuldarlığı.
Mütəxəssislər tədqiqatın bir sahəsindən
digərinə keçidin nə qədər çətin
olduğunu bilirlər. Mehdi müəllim isə orta əsrlər
və yeni dövr problemləri, Azərbaycanla yanaşı,
bir sıra Şərq ədəbiyyatı,
nizamişünaslıq, mənbəşünaslıqla eyni
zamanda asanlıqla məşğul olur ki, onun 14 kitab və
160-dan çox (o cümlədən, 15-i xaricdə) məqaləsi
buna sübutdur.
Son dövrlərdə Mehdi müəllim sufi ədəbiyyatı,
Şərqin ən geniş dini-mistik cərəyanlarından
biri olan sufizmi intensiv şəkildə öyrənir. Hələ
2001-ci ildə onun "Sufi təfəkkürü tarixindən"
adlı kitabı çap olunub ki, bura XI-XIII əsrlərdə
yaranmış üç sufi əsərin - Abudllah
Ənsarinin "Minacat", Nəcməddin Razinin "Eşq
və əql", Fəxrəddin İraqinin "Ləməat"
("Parıltılar") əsərlərinin tərcümələri
daxildir. Bu əsərlər sufi təfəkkürünün
nəzəri xarakteri və bədii təcəssümünə
təsir göstərərək, onun inkişaf tarixində iz
buraxıb, həmçinin mistik təlim çərçivəsində
ayrı-ayrı görüşlərin öyrənilməsi və
izahı, emossional müəyyənliyin ötürülməsinin
mühüm mənbələri olub.
Prof. M.D.Kazımovun 2010 və 2014-cü illərdə
iki mühüm farsdilli mənbəni tərcümə etməsi
xüsusi qeyd olunmalıdır: Məhəmməd bin Münəvvərin
"Əsrar ət-tövhid fi məqamat əş-şeyx
Əbu Səid" ("Şeyx Əbu Səidi məqamlarında
tövhidin sirləri") və Nəcməddin Razinin
"Mirsad əl-ibad min əl-məbdə iləl-məad"
("Allah bəndələrinin başlanğıcdan
qayıdışa yolu").
"Əsrar ət-tövhid" orta əsr farsdilli
sufi nəsrinin parlaq nümunələrindən biridir. Kitabda
sufizmin bəzi konseptual məqamları, dini-fəlsəfi
aspektləri ilə yanaşı, sufi mühitinin məişət,
əxlaq və ənənələri əks olunur, çoxlu
tarixi şəxsiyyətlər, o cümlədən, alim,
filosof, mistik, sufi şeyxləri və başqaları
haqqında məlumat verilir. Burada xüsusilə Azərbaycan
mütəfəkkiri, sufi şeyxi və hədis bilicisi, həyatı
haqqında indiyə kimi demək olar ki, heç nə məlum
olmayan Baba Kuhi haqqında maraqlı faktlar vardır. Kitab
oxucularda elə böyük maraq yaratdı ki, eyni ildə
ikinci nəşri çap olundu və o, təkcə Azərbaycanda
deyil, Rusiya, İran, Tacikistan və Türkmənistanda da
tanındı.
Nəcməddin Razinin "Mirsad əl-ibad" təzkirəsi,
ən məşhur və ciddi əsərlərindən
biridir. 1223-cü ildə qələmə alınmış bu
kitab tezliklə ümumilikdə savadlı dairələrdə
şöhrət qazanır. Beş fəsil və qırx hissədən
ibarət əsərdə Nəcməddinin dünyanın
yaranışı haqqında baxışları bəyan
olunur, dünyada insanın yeri və təyinatı müəyyənləşdirilir,
hakim siniflərdən tutmuş əkinçilik və sənətkarlıqla
məşğul olan insanlara qədər müxtəlif ictimai
təbəqələrin əxlaqı, davranışı və
təmayüllərindən danışılır. Prof.
M.D.Kazımov hər iki kitabın müfəssəl ön
sözündə dövrün mədəni və tarixi həyatına
nəzər salır, müxtəlif mənbələrdə səpələnmiş
faktlar əsasında müəlliflərin tərcümeyi-halını
bərpa edir, əsərlərin xüsusiyyətlərinu
üzə çıxarır.
Fars dilini gözəl bilən, mənbələrdən
istifadə etmək səviyyəsində ərəb dilinə
yiyələnən, Şərqin tarix və mədəniyyətindən
tutmuş, sufizmə qədər ən müxtəlif sahələrdə
geniş savada malik olan prof. M.D.Kazımov bu işi yüksək
elmi səriştə ilə icra edib.
Prof.M.Kazımov son illərdə apardığı
araşdırmalar sırasında
Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar
2021-ci ildə ingilis dilində çapdan
çıxmış "Nizaminin "Xəmsə"si və
farsdilli ədəbiyyat" adlı kitabını xüsusi
qeyd etmək lazımdır. Kitabda Nizami poemalarının
Şərq ədəbiyyatına təsiri poetikanın bəzi
problemləri çərçivəsində izlənilir. Bu əsər
ingilisdilli oxucular üçün nəzərdə tutulub və
böyük Azərbaycan şairinin
yaradıcılığının ilk növbədə Avropa
və Amerikada populyarlaşdırılmasına kömək edəcəyinə
şübhə yoxdur.
Mehdi müəllim səriştəli və təcrübəli
pedaqoqdur, uzun illərdir ki, Orta Şərq dilləri və ədəbiyyatı
kafedrasına rəhbərlik edir, bakalavriat və magistratura
pillələrində təhsil alan tələbələrə
mühazirələr oxuyur, vaxtilə dərs dediyi tələbələri
hal-hazırda elm, tədris, diplomatiya və digər sahələrdə
fəaliyyət göstərirlər.
Onun çoxillik tədqiqatlarının nəticəsi
2023-cü ildə nəşr olunan "Ədəbi irsin
görünməyən tərəfləri"
kitabıdır. Buraya nizamişünaslıq, Azərbaycan ədəbiyyatı,
orta əsr farsdilli ədəbiyyat, tarixşünaslıq, təsəvvüf
və müasir ədəbiyyat problemlərinə dair
seçilmiş məqalələr daxil edilmişdir.
Prof. Mehdi Kazımov akademiklər Əbdülkərim
Əlizadə, Ziya Bünyadov, Vasim Məmmədəliyev,
professorlar Aida İmanquliyeva, Rüstəm Əliyev, Mübariz
Əlizadə kimi klassik Azərbaycan şərqşünaslığı
məktəbi nümayəndələrinin ənənələrini
layiqincə davam etdirir. O, həm akademik mühitdə, həm
də professor-müəllim heyəti və tələbələr
arasında böyük hörmətə malikdir.
Prof. M.D.Kazımov dəfələrlə Rusiya,
Türkiyə, İran, Şimali Kipr, keçmiş
SSRİ-nin Şərqşünaslıq mərkəzlərində
beynəlxalq konfrans və simpoziumlarında iştirak edib. O,
Amerika, İngiltərə, İran universitetlərində
mühazirələr demiş, uzun müddət Avropa və
Şərq ölkələrinin kitabxana və əlyazma mərkəzlərində
işləmişdir. 1994-cü ildə ABŞ-ın Sietel
şəhərində Vaşinqton universitetində təcrübə
keçib, elm və təhsil sahəsində xidmətlərinə
görə 2009-cu ildə "Tərəqqi" medalı,
2023-cü ildə "Azərbaycan Respublikası Qabaqcıl təhsil
işçisi" döş nişanı ilə təltif
edilmişdir.
70 illik yubileyi münasibəti ilə dəyərli
alim həmkarımızı səmimi qəlbdən təbrik
edir, ona möhkəm cansağlığı, xoşbəxtlik
və elmi-pedaqoji fəaliyyətində yeni
yaradıcılıq uğurları arzulayırıq.
Elxan ƏZİZOV
Əməkdar müəllim, professor
525-ci qəzet .- 2024.- 11 oktyabr(№186).-S.12;13.