"COP29-un uğurla
keçməsi üçün misilsiz şərait
yaradılır"
"BU BÖYÜK TƏDBİR AZƏRBAYCAN
İQTİSADİYYATININ DAHA DA İNKİŞAFI BAXIMINDAN
ƏHƏMİYYƏTLİ FÜRSƏT OLACAQ"
Noyabrın 11-22-də Bakıda keçiriləcək
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasına Tərəf Dövlətlərin 29-cu
Konfransının (COP29) bir sıra iqlim dəyişikliyi məsələlərini
müzakirə etmək və danışıqlar aparmaq
üçün dünya liderlərini, hökumət rəsmilərini,
alimləri, QHT-ləri və digər maraqlı tərəfləri
bir araya gətirən böyük tədbir olacaq. BMT-nin
İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı
1995-ci ildən hər il keçirilir. Bu tədbirin
keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi
ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir.
1990-cı illərin ortalarından başlayaraq sözügedən
konfrans çərçivəsində inkişaf etmiş
ölkələrdə istixana qazlarının atmosferə
tullantılarının məhdudlaşdırılması ilə
bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən
Kioto Protokolu müzakirə olunub. 2011-2015-ci illərdə
keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə
mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd
hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə
qəbul olunub.
Oktyabrın 9-da COP29 qlobal iqlim konfransı sədrliyi
uyğunlaşma, iqlim dəyişikliyinin
qarşısının alınması və 6-cı Maddə
üzrə nazirliklər nümayəndələrinin təyin
olunması elan edilib. Nümayəndələrin təyin edilməsi
BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin
İlkin Konfransında (Pre-Cop29) bu mövzular üzrə siyasi
məsləhətləşmələr çərçivəsində
tərəflərə yol göstərməyə və məlumat
verməyə kömək etmək məqsədi
daşıyır: "COP29 nazirlik nümayəndələri
konfrans ərəfəsində qarşılıqlı siyasi əlaqələrin
gücləndirilməsində, həmçinin COP29 sədrliyinin
əsas prioritetlərinin qlobal siyasi gündəmdə yüksəldilməsində
mühüm rol oynayır".
İrlandiyanın ətraf mühit, iqlim, rabitə və
nəqliyyat naziri İmon Rayan və Kosta-Rikanın ətraf
mühit və energetika naziri Frants Tattenbah iqlim
uyğunlaşmaları üzrə nümayəndələr təyin
ediliblər.
Norveçin iqlim ətraf mühit naziri Tore O.Sandvik və
Cənubi Afrikanın meşə təsərrüfatı,
balıqçılıq və ətraf mühit naziri Dion
Trevers Corc iqlim dəyişikliyinin təsirlərinin
azaldılması üzrə nümayəndələr təyin
edilib.
Sinqapurun dayanıqlı inkişaf və ətraf
mühit naziri Qreys Fu Hay Yen və Yeni Zelandiyanın iqlim dəyişikliyi
məsələləri üzrə naziri Saymon Uotts Paris
Sazişinin 6-cı Maddəsi üzrə nümayəndə təyin
ediliblər. Nümayəndələr COP29 çərçivəsində
tərəflərə 6-cı Maddənin həyata
keçirilməsində kömək etmək
üçün siyasi məsləhətlər verəcəklər.
Bundan əlavə, Avstraliyanın iqlim dəyişikliyi
və energetika məsələləri üzrə naziri Kris
Bouen və Misirin iqlim dəyişikliyinin təsirlərin
azaldılması məsələləri üzrə naziri
Yasmin Fuad iqlim maliyyəsi sahəsində "Yeni Kollektiv Kəmiyyət
Hədəfi" (NCQG) məsələlərində nümayəndə
təyin ediliblər.
İtaliyanın iqlim dəyişikliyi məsələləri
üzrə xüsusi elçisi Françesko Karvaro,
Qazaxıstan Respublikası Prezidentinin müşaviri və beynəlxalq
ekoloji əməkdaşlıq məsələləri üzrə
xüsusi nümayəndəsi Zülfiyyə Süleymanova
şəffaflıq məsələləri üzrə
nümayəndə təyin ediliblər.
"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə
İctimai Birliyinin sədri Elman Cəfərli deyir ki, Azərbaycan
2015-ci ildə imzalanmış Paris sazişinə uyğun
olaraq istixana qazlarının emissiyasının
azaldılmasını öhdəsinə götürüb.
2050-ci ilə qədər 40 faizə qədər
azaldılması Azərbaycanın götürdüyü
öhdəliklər sırasındadır: "2024-cü il Azərbaycanın
yaşıl iqlim gündəliyi çox zəngindir. Azərbaycanda
bu il yaşıl dünya naminə həmrəylik ili elan
edilib. Bütün ölkədə yaşıllaşdırma
işləri aparılıb. Qarabağ və Şərqi Zəngəzurun
işğaldan azad edilmiş və minadan təmizlənmiş
bölgələrində böyük tikinti-quruculuq işləri
aparılır, "Böyük Qayıdış" layihəsi
həyata keçirilir. Bu, yaşıl enerjiyə əsaslanır,
yenidənqurma və bərpa işləri bərpa olunan enerji əsasında
həyata keçirilir. Məsələn, Şərqi Zəngəzurda
yaşıl texnologiyalara əsaslanan infrastruktur
yaradılıb. Ağalı kəndində yağış
kanalizasiya suları ayrıca toplanır, evlər günəş
batareyaları ilə qızdırılır, enerji təminatı
bərpa olunan enerji əsasında həyata keçirilir. Eləcə
də Qarabağda aparılan bərpa-quruculuq işləri
yaşıl texnologiyalara əsaslanır. Xəzərin Azərbaycan
sektorunda və quruda günəş və külək enerji
potensialı zəngindir. Bundan istifadə istiqamətində
ciddi addımlar atılıb, layihələr həyata
keçirilib. Onlardan biri Qaradağda, Cənubi Qafqazın ən
böyük günəş enerjisi stansiyasıdır. Azərbaycanda
təxminən bir aydan sonra BMT-nin iqlim dəyişikliyi üzrə
tərəflər konfransının 39-cu toplantısı
keçiriləcək. Ona hazırlıq istiqamətində
ciddi addımlar atılıb. Azərbaycan bundan öncəki
COP toplantılarında keçirilən Səudiyyə Ərəbistanı
ilə ciddi əməkdaşlıq edir. Təşkilat komitəsi
artıq fəaliyyətdədir. Hesab edirəm ki,
hazırlıq yüksək səviyyədədir. Hər halda
toplantıların keçiriləcəyi ərazidə
aparılan müşahidələr də onu göstərir
ki, hazırlıqlar yüksək səviyyədə davam edir.
Azərbaycan bu tədbiri bundan əvvəlki beynəlxalq
nüfuzlu tədbirlər kimi yüksək səviyyədə
həyata keçirə biləcək. Bundan əvvəl Azərbaycanda
İslam oyunları, Avropa oyunları keçirilib. Biz bu
toplantıları uğurla yekunlaşdırmışıq.
COP29-un ictimai şüurda buraxacağı təsirlər
çox olacaq. Yəqin ki, bu toplantıdan sonra Bakıda və
digər iri şəhərlərdə yaşıl nəqliyyata
daha çox üstünlük veriləcək. Bərpa olunan
enerji resurslarının istifadəsi, alternativ enerjiyə
keçid istiqamətində ciddi addımların
müşahidə olunacağını gözləmək
mümkündür. Bu baxımdan COP29 Azərbaycan
üçün əhəmiyyətli tədbir olacaq.
İnsanlarımızın ictimai şüuru, ətraf
mühitə münasibəti dəyişəcək.
Yaşıl nəqliyyata keçid istiqamətində
addımlar atılacaq".
E.Cəfərlinin dediyinə görə, Azərbaycan
üçün böyük əhəmiyyəti var. COP29-un
keçirilməsi Azərbaycanın qlobal iqlim siyasətində
mühüm rol oynamaq və öhdəliklərini yerinə
yetirmək üçün əhəmiyyətli fürsət
olacaq. Bu tədbir zamanı iqlim dəyişikləri ilə
mübarizə sahəsində qabaqcıl təcrübələr
və yeni texnologiyalar təqdim ediləcək. Eyni zamanda yerli
icmaların və qeyri-hökumət təşkilatlarının
iştirakı təşviq ediləcək. Turizm sektoru canlanacaq,
çünki ölkəyə 80 minə yaxın xarici turistin
gələcəyi gözlənilir. Dövlət
başçıları Bakıya təşrif buyuracaqlar. Azərbaycanın
xidmət sektorunda canlanma yaranacaq. Yerli müəssisələrin
fəaliyyəti aktivləşəcək. Həm də bu tədbir
yeni investisiyaların və texnologiyaların cəlb
olunmasına şərait yaradacaq. Yaşıl iqtisadiyyatın
inkişafını təşviq edəcək: "Azərbaycan
son 20 ildə əldə etdiyi sosial-iqtisadi uğurları
qonaqların diqqətinə çatdıracaq. Azərbaycanın
yeraltı və yerüstü sərvətləri, zəngin mədəni
irsi təşviq olunacaq. On gündən bir az artıq müddət
ərzində Azərbaycan dünyanın aparıcı
kütləvi informasiya vasitələrinin diqqət mərkəzində
olacaq. Bu da ölkəmizin tanınması baxımından
böyük rol oynayır. COP29 ictimai şüurda da ciddi dəyişikliyə
səbəb olacaq. Bu toplantıları keçirməkdə məqsəd
dünyanın diqqətini qlobal iqlim dəyişikliklərinin
fəsadlarına yönləndirməkdir. Artıq qlobal iqlim dəyişikliyinin
fəsadları qlobal istiləşmənin nəticələri
gözlə görünən səviyyədədir.
Daşqınlar, sellər, mövsümlərin yerini dəyişməsini
hər kəs müşahidə edir. Bu da karbon
emissiyasının artması ilə bağlıdır.
Dünyanın beyin mərkəzləri belə nəticəyə
gəliblər ki, karbon emissiyasının azaldılması
lazımdır. Gələcək nəsillərə
yaşanılan dünya buraxmağımız
üçün bu addımları atmalıyıq. COP29 Azərbaycanın
beynəlxalq aləmdə nüfuzunu artıracaq. Diplomatik
mövqeyini gücləndirəcək. Azərbaycana yeni
müttəfiqlər qazandıracaq. Azərbaycan koronavirus
dövründə də onlarla dövlətə milyonlarla
dollar həcmində humanitar vaksin yardımı göstərib.
COP29-da da zəif inkişaf etmiş dövlətlərin iqlim
uyğunlaşması istiqamətində həmin dövlətlərə
yardım etməsi üçün xüsusi fondun
yaradılmasına görə Azərbaycanın təşəbbüslə
çıxış edəcəyi gözlənilir".
Millət vəkili Sadiq
Qurbanlı bildirib ki, COP29 tədbiri Azərbaycan
üçün yeni imkanlar yaradacaq, ölkəmizin
nüfuzunu artıracaq. Onun sözlərinə görə, bu
tədbir bizim üçün iqlim dəyişikliyi üzrə
lider ölkələrdən biri olmağımıza səbəb
olacaq: "Bu tədbir dünyanın diqqətini Azərbaycana
yönəldəcək. Razılaşmaya əsasən, öz
məsuliyyətimizi yerinə yetirməyimiz göstərilir.
Azərbaycan tədbirin təhlükəsiz keçirilməsi
üçün cavabdehdir. İştirakçılar beynəlxalq
media, rəsmi nümayəndələr iştirak edəcəklər.
Ekoloji davamlılıq və təbii sərvətlərin zərər
görməməsi üçün hökumət mənfi təsirlərin
qarşısını almaq üçün bu tədbiri təşkil
edəcək, ətaf mühitin qorunması istiqamətində
dəstək verəcək. Azərbaycan höküməti
COP29 tədbirindən qeydiyyatdan keçmiş şəxslər
üçün xüsusi viza təklif edir. Konfrans
iştirakçıları üçün münasib otellər,
xüsusi güzəştlər təşkil olunacaq. COP29-un
Azərbaycanda təşkili, uğurla keçməsi
üçün misilsiz şərait yaradılır. Eyni
zamanda bu tədbir Azərbaycan iqtisadiyyatının daha da
inkişafına müsbət təsir baxımından əhəmiyyətli
fürsət olacaq".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2024.- 11 oktyabr(№186).-S.11.