GMO mədəniyyətlər
Qismət Rüstəmov, şair:
- Ədəbiyyat üzrə Nobel mükafatını
kim alacaq? Təxminimi yox, arzumu deyə bilərəm. Adı
keçən namizədlər içində Etvuddan da,
Kartareskudan da, Coys Kerol Outsdan da, Ulitskayadan da bir neçə
kitab oxumuşam, bəzilərindən tərcümə də
etmişəm, ancaq bizim mühit üçün adı
tanış olmayan avstraliyalı yazıçı Cerald
Myorneynin (Gerald Murnane) almasını daha çox istərdim.
Ədəbiyyatın bu sakit dahisini iki-üç il öncə
Türkiyədən aldığım bir jurnaldakı revyudan
tanımışam. Türkcə bir neçə
yığcam kitabı çıxıb, bənzərsiz poetik
üslubu var.
Osman Gündüz, Azərbaycan İnternet Forumunun
prezidenti:
- Səmimi deyim, analitikası güclü olan, data
yönümlü açıqlamaları olan nazirlər
içərisində ölkədə ilk yerdə Emin
Əmrullayevdir.
O, həm də özünün məsul olduğu təhsil
və elm sahəsi üzrə neqativləri qeyd etməkdə
də öncül yerdədir. Əlində böyük data
var, həm də bu data emal olunmuş vəziyyətdədir, konkret nəticələr
çıxarmağa, istənilən bir ümumiləşdirmə
aparmağa və qərarlar qəbul etməyə imkan verən
bir vəziyyətdədir.
Hiss olunur ki, hər çıxışından
öncə bu datadan yetərincə bəhrələnir.
Xatırlayıram ki, nazir əvvəllər də
Nazirlikdə statistika yönümlü şöbəyə rəhbərlik
edirdi.
Data yönümlü çıxışlar, real rəqəmlərə
və təhlilə söykənən açıqlamalar da adətən
"ütülü", hamının "həzm edəcəyi"
vəziyyətdə olmur.
Son illərdə müəyyən uğurlarla
yanaşı, təhsil və elm sektorunda xeyli problemlər də
olduğundan, cəmiyyətin hər bir üzvü də təhsil
ilə əlaqəli olduğundan nazirin
çıxışlarını həzm etmək elə də
asan olmur.
Odur ki, hər dəfə onun
çıxışlarından sonra müzakirələr
qaçılmaz olur.
Bəzən rəqiblərinin, müəyyən
qrupların bundan sui istifadəyə cəhdlər etməsi də
müşahidə olunur.
Ötən gün Emin müəllimin "Tərəfdaşlıqdan
Tərəqqiyə" mövzusunda Təhsilin
İnkişafı Forumundakı çıxışı da
maraqlıydı.
Belə anladım ki, ali təhsil müəssisələrində,
bütövlükdə ali təhsil sistemində dəyişikliklər
olacaq.
Asif Nərimanlı, jurnalist:
- Putin Əliyevlə Paşinyanın üçtərəfli
görüşünü təşkil edə bilməyib.
Halbuki MDB dövlət başçılarının Moskva
sammiti Rusiya üçün növbətçi xarakterli olsa
belə, görüşün keçirilməsi və
Bakı-İrəvan danışıqlarındakı vasitəçilik
mübarizəsində irəli çıxması
üçün yaxşı fürsət idi.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov
bildirib ki, "üçtərəfli görüşlə
bağlı fikir bəziləri tərəfindən dəstəklənmir".
Böyük ehtimalla, Uşakovun dediyi "bəziləri"
Ermənistandır. Rəsmi Bakı hələ Putinin Azərbaycana
səfəri ərəfəsində danışıqların
Moskvada davam etdirilməsinə razı olduğunu bəyan
etmişdi, rəsmi İrəvan isə bundan imtina etdi.
Çünki Moskva masasında kommunikasiyanın
açılması - Zəngəzur dəhlizi Azərbaycan və
Rusiyanın gündəliyi uyğundur. Və mümkün
üçtərəfli görüşdə İrəvan təzyiq
altında qalacaqdı. İstisna deyil ki, Rusiya ondan uzaqlaşan
Ermənistanın MDB iclasında iştirakını mövcud
vəziyyətdə irəliyə doğru addım hesab edərək,
üçtərəfli görüş üçün
Paşinyana təzyiq etməyib.
Hərçənd Kremlin sözçüsü Dmitri
Peskov Putinin Əliyev və Paşinyanla ikitərəfli
görüşdə Zəngəzur dəhlizi məsələsini
müzakirə etdiyini açıqlayıb. Putinə
"sülhün kəsişməsi" layihəsi ilə
bağlı broşür təqdim edən Paşinyan isə
yenidən Zəngəzur dəhlizinə qarşı
çıxıb. Dəhliz ətrafında intriqalar davam edir və
mövqelər arasındakı ziddiyyətlər göstərir
ki, regional kommunikasiyanın açılması perspektivi
getdikcə çətinləşir.
Fərid Pərdəşünas, texnobloger:
- Ötən həftə Azərbaycan Dəmir
Yollarının dəvəti ilə qurumun rəqəmsallaşma
mövzusunda olan ictimaiyyət nümayəndələri ilə
toplantısında iştirak etdim. Diqqətimi çəkən
bəzi məqamları sizinlə bölüşmək istəyirəm:
* ADY Asiya İnkişaf Bankından 47 milyon dollarlıq
kredit alıb və bu vəsait nəhəng rəqəmsallaşma
planının icrası üçün xərclənəcək.
Xüsusilə bu işdə Azərbaycanın nəqliyyat dəhlizlərindən
yük daşımalarında effektiv istifadəsi planlanır.
Eləcə də vəsaitin bir hissəsi Dəmir
Yollarında infrastrukturun tam rəqəmsallaşması, kadr
hazırlığı, texnoloji infrastrukturun təkmilləşdirilməsinə
yönələcək.
* Azərbaycan Dəmir Yolları nəhayət ki,
ölkədaxili gedişlərdə dinamik qiymət siyasətinə
keçid edir. Səhv etmirəmsə, 1 noyabrdan tətbiq
olunacaq. Bu isə o deməkdir ki, gedişləri əvvəlcədən
almaqla daha aşağı qiymətə bilet əldə etmək
mümkün olacaq. Beynəlxalq təcrübədə sıx
gördüyüm bir detaldır. Yaxşı endirimlər
olsa, uğurlu olacağına inanıram. İlkin rəqəmlərin
15%-ə qədər olduğu deyilir. Düşünürəm,
bunu 30%-ə qədər qaldırmaq lazımdır.
* Sərnişin daşınması sahəsində
olan yeniliklərdən biri qatar və stansiyalarda ödənişsiz
Wi-Fi xidmətinin istifadəyə verilməsidir. Sərnişinlər
Bakı, Koroğlu, Bakıxanov, Sabunçu,
Pirşağı, Sumqayıt, Goran, Gəncə, Ağstafa və
Qəbələ stansiyalarında bu xidmətdən yararlana biləcək.
Əlavə olaraq qatarlar da internetlə təchiz olunur.
* Şirkət, həmçinin insan kapitalına sərmayə
yatıraraq əməkdaşlarının peşəkar
inkişafını da dəstəkləyir. Bu istiqamətdə
rəqəmsal iş mühiti yaradılıb, lazım olan
bütün texniki vasitələr ilə təminatı həyata
keçirilib.
Ümumilikdə, ADY-nin bu kimi ictimai dinləmələr
təşkil etməsini və planlarını ictimaiyyətlə
bölüşməsi üçün atdığı
addımları uğurlu hesab edirəm. Görüşdə
ADY üçün iradlar və təkliflər də səsləndirdik.
Ümumiyyətlə, bu qurumun inkişafı yük
daşımaları sahəsində ölkəyə gəlir
gətirəcək, Azərbaycanı regionda önəmli haba
çevirəcək. Sərnişin daşımaları sahəsində
isə şəhərin yükünü azaldacaq,
sıxlığı aradan qaldıracaq. Plan göstərir ki,
ciddi bir iş var ortada və 2027-ci ilə qədər ciddi irəliləyiş
əldə olunmalıdır.
Qarşıdan gələn 13 oktyabr dəmiryolçuların
peşə bayramı münasibətilə də indidən hər
bir əməkçi dəmiryolçunu təbrik edirəm.
Elxan Şahinoğlu, politoloq:
- Ukrayna prezidenti Volodimir Zelenskinin "döyüş
meydanındakı vəziyyət ən geci 2025-ci ilə qədər
Ukraynada müharibəyə son qoymaq üçün
addımlar atılması üçün imkan yaradır"
optimizminin nəyə əsaslandığını söyləmək
çətindir. Zelenski oktyabr, noyabr və dekabr aylarında hər
şeyin sülhə və davamlı sabitliyə doğru
aparmaq şansının olduğunu bildirib. Doğrusu,
döyüş meydanındakı vəziyyəti nəzərə
alaraq Ukrayna üçün hər şeyin yaxın zamanda
müsbət həll olunacağını söyləmək
çətindir, əksinə, Rusiya Donbasda işğal ərazisini
genişləndirməkdə davam edir. Ukrayna ordusunun avqustun əvvəlində
Rusiya ərazisinə müdaxiləsi müsbət qiymətləndirilsə
də, bu hələ ki, müharibənin gedişini
Ukraynanın xeyrinə dəyişməyib. Ukrayna ordusu
müqavimətini davam etdirir, döyüş bölgəsində
nə mümkündürsə edir, ancaq ordunun işğal
altındakı əraziləri yaxın aylarda geri qaytarmaq
üçün daha çox canlı qüvvəyə və
hərbi texnikaya ehtiyacı var. Rusiyanın müharibədə
gündəlik itkiləri min nəfəri keçir, yüzlərlə
hərbi texnikası da vurulur, buna baxmayaraq, Rusiya ölənlərin
yerinə yenilərini göndərir, hərbi texnikası da
zavodlardan birbaşa cəbhə bölgəsinə göndərilir.
Ukrayna isə canlı qüvvə və hərbi texnika
sarıdan çətinliklərlə üzləşib.
Zelenskinin Ukrayna ilə bağlı ikinci Sülh Sammitinə
olan ümidləri də özünü doğrultmaya bilər.
İyunun 15-də İsveçrədə keçirilən
birinci sammitin Ukrayna üçün böyük faydası
olmadı. Qərb ölkələrində müharibədən
yorğunluq özünü büruzə verir, bu amil də
Ukraynanın əleyhinə işləyir. Odur ki, Ukrayna istədiyi
nəticəni sammitlərdə deyil, döyüş
meydanında - əks-həmlə ilə əldə edə bilər.
Aqşin Yenisey, şair:
- Hər üç ailədən birində baba ilə
nəvənin eyni ad daşıdığı cəmiyyətimizdə
atalar-oğullar problemi nəzəri məsələdir.
Praktikada bu problem həllini tapıb: oğul öz
övladına atasının adını qoyaraq atasını
yenidən dünyada canlandırır, bununla da ona olan bioloji
borcunu ödəmiş olur.
Bu üsul gizli olaraq öləri olanı canlı tutma
niyyətindən doğur. Eynisi dəyərlər,
anlayışlar aləmində də baş verir. Hər bir
yeni düşüncəmiz öz borcunu ödəmək
üçün özündən əvvəlkini yenidən
yaradır.
Beləliklə, mədəniyyətimiz təbii yolla təkrarlanan
sabitliyini qoruyub saxlayır.
Qərb mədəniyyətinin genini dəyişən
lüteranizm, modernizm kimi hərəkatlar Şərqdə
baş verə bilməz. Bunu "oğlum olsun, atamın adını
qoyacağam" əhdiylə əlinə tüpürüb
yorğanı başına çəkən xalq istəməz.
İnkişaf etmiş bütün xalqlar mədəniyyətinin
genini dəyişmiş xalqlardır, can
atdığımız mədəniyyətlər GMO mədəniyyətlərdir.
Nigar Sabirqızı, jurnalist:
- Həyat yoldaşını və 8 aylıq körpəsini
qətlə yetirən "kişinin" son sözünə
baxdım. Deyir, mənə 4 nəfər şahid
lazımdır ki, xəyanəti təsdiqləsin. Allahın
da yanına gedəndə deyim ki, xəyanəti sübuta
yetirdim. Belə insanların olduğu cəmiyyətdə
yaşamaq doğrudan təhlükəlidir.
Vicdansızlıqları azmış kimi, Allahı öz
çirkin əməllərinə alət etməkdən də
qorxmurlar. Bu "adam" düşünür ki,
arvadını xəyanətə görə
öldürdüyü üçün Allah bunu
bağışlayacaq. Yaxşı səbəb tapıblar
özlərinə - xəyanət. Arvadını öldürənlərin
hamısı xəyanət səbəbini gətirir. Demirlər
ki, psixi xəstəyik, dini fanatikik, deyirlər ki, arvadım xəyanət
edib. Birincisi, mən bu xəyanət iddialarının əksəriyyətinə
inanmıram. Ya narkotik, ya da radikal dinçilik bunların
başını xarab edib. Bunlara ömürlük həbs cəzası
belə azdır. İkincisi, yaxşı kişi olsaydın,
arvadın da xəyanət etməzdi. Əsla xəyanətə
haqq qazandırmıram. Amma kişi və ya qadın xəyanət
edirsə, bunun bir səbəbini də digər şəxsdə
axtarmaq lazımdır. Dilinizi qadını şərləməkdən,
əlinizi də qadına qaldırmaqdan çəkin. Nə
kişilik belə olur, nə də dinçilik.
525-ci qəzet .- 2024.- 11 oktyabr(№186).-S.10.