“Fərhad Bədəlbəyli. Musiqiyə səyahət” - təqdimatdan qeydlər

 

Bu il oktyabrın 2-dən 8-dək Bakı Ekspo Mərkəzində keçirilən və dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş X Bakı Beynəlxalq Kitab Sərgisi ölkənin mədəni həyatında əlamətdar tədbirə çevrildi. Bu sərgi çərçivəsində oktyabrın 7-də görkəmli musiqi xadimi, professor Tərlan Seyidovun dünya şöhrətli pianoçu, Xalq artisti, professor Fərhad Bədəlbəylinin həyat və yaradıcılığına həsr etdiyi “Fərhad Bədəlbəyli. Musiqiyə səyahət” kitabının ikinci cildinin təqdimatı keçirildi.

Kitabın birinci cildi 2022-ci ilin 5 oktyabrında Bakı Ekspo Mərkəzində nəşrin müəllifi Tərlan Seyidovun öz iştirakı ilə təqdim olunmuşdu. Həmin tədbirdə onun öz sənət dostu və sirdaşı Fərhad Bədəlbəyli haqqında söylədiyi fikirlər olduqca təsirli idi. İki sənət fədaisinin uzun illər davam edən işbirliyinin nəticəsi olaraq Azərbaycan musiqi elm və mədəniyyəti sahəsində bir çox innovativ layihələrə imza atılıb.

Kitabın təqdimatı qiraətsevərlər tərəfindən xüsusi şövqlə qarşılandı. Vurğulamaq gərəkdir ki, maraqlı məqamlarla yadda qalan tədbirdə iştirak edən qonaqlar arasında görkəmli elm və mədəniyyət xadimləri, BMA-nın professor və müəllim heyəti vardı.

Tədbirdə ilk söz vaxtilə uzun zaman Tərlan Seyidovla çiyin-çiyinə çalışmış BMA-nın İxtisas musiqi məktəb-studiyasının direktoru, dosent Sevda Məmmədovaya verildi. S.Məmmədova professor T.Seyidovla birlikdə kitab üzərindəki iş prosesi ilə bağlı isti xatirələrini bölüşdü.

BMA-nın “Humanitar elmlər” kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru Tərlan Quliyev çıxış edərək Füzulidən sitat gətirdi, “eşq” sözünün bizim həyatımıza nə kimi təsiri olmasından danışdı. T.Quliyev kitabın yazılmasını da məhz “eşq” məhfumu ilə əlaqələndirərək, vətənə, insana və ətraf mühitə olan istək duyğusunun zəruri əhəmiyyətini vurğuladı. T.Quliyev kitabın baş qəhrəmanı Fərhad Bədəlbəylinin Azərbaycan mədəniyyətinin sütunları olmuş Hacıbəyovlar, Əliverdibəyovlar və Bədəlbəylilər nəslinin layiqli ardıcıllarından olduğunu xatırlatdı.

BMA-nın iki tələbəsi – “Nəfəs və zərb alətləri” kafedrasının IV kurs tələbəsi Rüfət Məmmədov (klarnet) Bela Kovaçın “Kodaly” və violin ixtisası üzrə III kurs tələbəsi Kənan Məmmədzadə Azərbaycanın görkəmli bəstəkarı Azəf Zeynallının “Muğamsayağı” əsərlərini ifa edərək dinləyicilər tərəfindən alqışla qarşılandılar.

Təqdim olunan nəşrin redaktorlarından BMA-nın İxtisas musiqi məktəb-studiyasının elmi işləri üzrə direktor müavini Aytən Baxşiyeva öz fikir və düşüncələrini paylaşdı. O, kitabın ərsəyə gəlməsində böyük zəhməti olmuş Tərlan Seyidovun (kitabın tərtibçisi) və Elmira Mustafayevanın (baş redaktor) haqq dünyasına qovuşmalarının doğurduğu üzüntünü də dilə gətirdi. A.Baxşiyeva tanınmış simaların Fərhad Bədəlbəyli haqqında düşüncələrinin, həmçinin görkəmli musiqi xadiminin həyat və yaradıcılığını əks etdirən, mətbuatda işıq üzü görmüş müxtəlif mətnlərin nəşrdə yer aldığını bildirdi.

Kitabda Fərhad Bədəlbəylinin müasir musiqi mədəniyyətimizin dünya arenasına çıxışı, Azərbaycanın görkəmli musiqi xadimləri – respublikamızın tanınmış pianoçuları Kövkəb Səfərəliyeva, Elmira Nəzirova, Tərlan Seyidov, vokal sənətinin önəmli siması Fidan Qasımova və digər peşəkar musiqiçilərimiz haqqında fikirlər də əks olunub. Hərtərəfli istedada malik Fərhad Bədəlbəylinin şeirləri də bu kitabda çap olunaraq nəşrin mahiyyətinə rəngarənglilik qatıb.

Maraqlı anlarla dolu tədbirdə çıxış edən Xalq artisti Fərhad Bədəlbəyli nəşrin ərsəyə gəlməsi və təqdimatın hazırlanmasında əməyi keçənlərə təşəkkürünü bildirdi. F.Bədəlbəyli kövrək notlara köklənərək əziz dostu Tərlan Seyidovu yad etdi və onu sözün əsl mənasında Müəllim adlandırdı. O, T.Seyidovun yaratdığı və ölümünədək rəhbəri olduğu musiqi məktəb-studiyasına xüsusi rəğbətini ifadə etdi. F.Bədəlbəyli daha sonra dedi: “Xatirələrim olduqca çoxdur, Azərbaycanın bir çox ziyalıları ilə ünsiyyətdə olmuşam. Onlarla keçən söhbətlərimizin hər biri bir tarixdir. Məhz buna görə bu nəşrin davamı kimi 3-cü cildin çap olunmasını çox istəyərdim...”

“Şərq-Qərb” nəşriyyatının direktoru Sevil İsmayılova və baş redaktoru, dosent Nərgiz Cabbarlı kitab üzərində işlərindən, gələcək əməkdaşlıq təklif və arzularından söz açdılar.

Ü.Hacıbəyli adına BMA-nın elmi və yaradıcılıq işləri üzrə prorektoru, professor Gülnaz Abdullazadə, BMA-nın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Yeganə Axundovanın düşündürücü sual və xatirələri də maraqla dinlənildi.

 

Şəfəq Hacıyeva,

Üzeyir Hacıbəyli adına BMA-nın İxtisas musiqi məktəb-studiyasının böyük elmi işçisi, musiqişünas

525-ci qəzet .- 2024.- 11 oktyabr(¹186).-S.9.