HALIYAM

 

Yüyəninə əl atsam da hər anın,

Nə ürəyin səsin duydum, nə qanın.

Necə deyim qana həris dünyanın,

Hər səmtindən, hər izindən halıyam?

 

Əllərimdən çıxdı əli ömrümün,

Cavanlıqmış “gəlhagəli” ömrümün...

Qürub çağlı səksəkəli ömrümün,

Öynəsindən, pəhrizindən halıyam.

 

 

Halallıqdı söz mülkündən dərdiyim,

Qismətimmiş... özgəsinə verdiyim.

Düz otuz il gözlərimlə gördüyüm

Cəhənnəmin hər üzündən halıyam!..

 

GƏLMİŞƏM

 

Bir qalam kösövəm-odam,

Bükülmüş qolam-qanadam.

Çoxlarına hələ yadam,

Bir az uzaqdan gəlmişəm.

 

Tapdansam da torpaq kimi,

Dözdüm hər dərdə dağ kimi...

Yaşıl üzlü yarpaq kimi

Kökdən-budaqdan gəlmişəm.

 

Kürün avazı-səsiyəm,

Xan Arazın bəstəsiyəm.

“Qarabağ şikəstəsi”yəm,

Dildən-dodaqdan gəlmişəm.

 

Bələd olsam da “arxına”,

Qarışmamışam axına.

Əslim bəllidir çoxuna,

Halal torpaqdan gəlmişəm.

 

Alnım açıqdır, üzüm ağ,

Nə astaram, nə də yamaq...

Söz mülkünə min il qabaq,

Ya da bayaqdan gəlmişəm.

 

 

Sevincli-qəmli yuvayam,

Nə cəngəm, nə də davayam.

Bir udum suyam, havayam

Saflaşıb Haqdan gəlmişəm.

 

İsmayıl MƏRCANLI İMANZADƏ

525-ci qəzet .- 2024.- 10 oktyabr(¹185).-S.15.