DAŞ OLMASAYDI

 

Bəlkə də, itərdin dumanda, çəndə

Gözüm gözlərinə tuş olmasaydı.

Bəlkə də, açmazdı yanağında gül,

Kirpiyin ucunda yaş olmasaydı.

 

Necə abad etdim viranda səni,

Ürəyim axtarıb soranda səni.

Bəlkə, unudardım bir anda səni,

Mənə həsrətin də xoş olmasaydı.

 

 

Daşdır kitabəsi zamanın, əsrin,

Daşdır dəbilqəsi qalanın, qəsrin.

Hara həkk olardı gül adın, rəsmin -

Elşənin ürəyi daş olmasaydı?

 

  Elşən ƏZİM

525-ci qəzet .- 2024.- 10 oktyabr(№185).-S.15.