Azadlığı işğaldan qurtarmaq  

 

Bakı paytaxtdır və yəqin ona görə də havası-suyu, dalanı-küçəsi, gündüzü-gecəsi adama fərqli gəlir. Mənim üçün də fərqlidir Bakı. Bakı kəndlərinin isə bir başqa özəlliyi var. Elə insanlarının da.

Ağaəmi Heybətov da fərqli idi - şirindil, diqqətcil, savadlı, qayğıkeş, ədəb-ərkanlı. 1993-cü il  iyunun 6-da Bakıda dünyaya göz açan Ağaəmi Heybətovlar ailəsinin sonbeşiyi, Kamalə və Həliməxanımın yeganə qardaşı idi. 2000-2011-ci illərdə Buzovnadakı Birinci Qarabağ savaşının şəhidi Əfqan Əliyevin adını daşıyan 125 nömrəli tam orta məktəbdə oxumuşdu. Şagird kimi həmişə fərqlənmiş, birincilərdən olmuşdu. Dərs əlaçısı kimi şəkli şərəf lövhəsində idi.

Məktəb yoldaşları onun haqqında elə danışdılar ki, Ağaəminin gülər üzü canlandı gözlərim önündə. Onu gah lövhə önündə, gah futbol oynayanda, gah sinif yoldaşları ilə deyib-gülən gördüm elə bil.

İdmanı sevər, müxtəlif idman növləri ilə məşğul olarmış. Ən çox da futbola maraq göstərərmiş. Məktəbli ikən qatıldığı futbol yarışlarında da fərqlənibmiş, fəxri fərmanlar alıbmış.

Dərs əlaçısı olan, iştirak etdiyi bütün bilik yarışmalarında fərqlənən, diplomlara, Fəxri fərmanlara layiq görülən bu idmançı oğlan həm də musiqi vurğunu imiş. Buzovnadakı 4 nömrəli Uşaq İncəsənət məktəbində qarmon ixtisasına yiyələnibmiş.

Orta təhsilini 2011-ci ildə əla qiymətlərlə başa vuran Ağaəmi həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi olur, Türk Dünyası işlətmə fakütəsində Turizm və otelçilik ixtisasına yiyələnir. Tələbə ikən istehsalat təcrübəsi keçdiyi Qafqaz Resort Otel tərəfindən xüsusi sertifikat alır. Məsuliyyəti, mədəniyyəti, savadı ilə ali təhsil aldığı illərdə müəllimlərinin və tələbə yoldaşlarının sevimlisinə çevrilir Ağaəmi.

Tələbəlik illərinin dostu Xanbala Cənnətov: "İlk gündən aramızda səmimi münasibət yarandı və bu münasibət dostluğa çevrildi. Onunla hər mövzuda söhbət edə, istənilən problemini bölüşə bilirdin. İti zəkası vardı. Ən çətin anda belə sevinc yaşada bilirdi. Söz tapmıram onun kimliyini ifadə edim. Nöqsansızdı. Əsl dost idi".

Kamran Kərimli isə bunları dedi: "Ağaəmi kimi adamlara "şəxsiyyət" deyirik. Səliqəsi, ölçülü-biçili hərəkətləri, sözü-söhbəti ilə indi də gözlərimin qarşısındadır. Çox məntiqli və istedadlı idi. Birlikdə keçib tələbəlik illərimiz və dostluğumuz sonra da davam edib. Hər yay Buzovnaya gedərdik, Ağanın qonağı olardıq.

2015-ci ildə Ağa universiteti bitirib həqiqi hərbi xidmətə yollandı. Həqiqi hərbi xidmətini Gəncədə atıcı kimi başa vurdu. Komandiri və dostları arasında böyük hörmət qazanan Ağaya "əmi" deyirdilər".

Ağaəmi Heybətov ailəsinə həmişə sevinc yaşadıb. Atası Elçin bəyin dediklərindən: "Atamın adını qoymuşdum. Atam deyirdim. Babasının adını ləyaqətlə daşıyırdı. Həmişə haqqında ancaq tərif eşidirdim. Harda olsa, seçilirdi. Vətənini, torpağını da çox sevirdi. Oğlum elə bil torpaq üçün yaranmışdı. Özü istədiyi kimi torpağına da qovuşdu. Aprel döyüşləri zamanı da döyüşlərə qatılmaq istəmişdi. İkinci Qarabağ savaşına da könüllü yazılmışdı. Elə bildim ki, səfərbərlikdir, amma özü könüllü yazılıbmış. Özüm yola saldım onu. Hərbi Komissarlıqda şəkil çəkdirdik. Son şəklimiz oldu oğlumla".

Ağaəmi 2018-2019-cu illərdə Veysəloğlu MMC-də, 2019-cu ildən isə Müdafiə Sənaye Nazirliyinin "Şərq" İstehsalat Birliyi "İqlim elmi-istehsalat müəssisəsi"ndə işləyib. İş yoldaşları onu sevgi dolu bir insan kimi xatırlayır: Çox işıqlı idi. Gülərüzlü idi. Kimsəni incitməzdi. Hamının qayğısına qalardı. İnsanları sevərdi. Bir də vətənini çox sevərdi.

"Dadlı yeməkləri çox sevərdi" - bu sözləri isə qardaşından danışan Həliməxanım dedi: "Bacı" deyəndə bilirdim ki, nəsə bir istəyi var. Onun hər arzusunu yerinə yetirərdik. Əziz-xələfimiz idi. Çox sevimli idi. Torpağına çox bağlıydı qardaşım. İyul hadisələrində çox sarsıldı. O gülümsər gözlərinin dərinliyində bir kədər vardı. Torpaqlarımızın işğalda olması ilə barışa bilmirdi. Tarix yazılmışdı - qara tarixlər, işğal günləri. Tarixi yenidən yazdılar oğullarımız. İnanıram ki, tək qardaşım deyil, bu zəfər tarixini yazanların heç biri unudulmayacaq. Özü də çox şirindil, mehriban idi Ağaəmi. Yaşına görə çox hörmətli idi. Ona  "Ağa" deyərdilər".

O, həmişə bir gün bu qara tarixləri siləcəyimizə, qələbəyə inanıb. 2020-ci il iyul hadisələri zamanı rahatlıq tapmayan ərənimiz yaxınlarına "Biz torpaqlarımızı azad edəcəyik, qalib olacağıq" deyib. 21 sentyabrda status yazıb: "Biz döyüşə hazırıq". Torpaqlarımızın işğalda olması ilə barışmayan Ağaəmi Heybətov savaş başlayan kimi uşaqlıq dostu, sinif yoldaşı Vüsal Salamovla birlikdə könüllü olaraq döyüşlərə yollanıb.

Döyüş yoldaşı Asəf Məmmədli: "İgidlik nümunəsi soruşsanız, Ağaəmi deyərəm. Qorxmaz bir döyüşçü nümunə göstərmək lazım gəlsə, Ağaəmi deyərəm. Müharibə idi, elə anlar olurdu, sağ qalmağa gümanımız qalmırdı, ölümü gözə alırdıq, geri çəkilmirdik. Belə anlarda səsi belə ruh yüksəkliyi yaradırdı. "Bu silahları biz istehsal edirik. Biz bu silahlarla ancaq qalib olmalıyıq" deyirdi. Səsində o qədər böyük inam vardı ki… Sərrast atıcı idi. Bizi nə qədər çətin vəziyyətdən xilas eləmişdi. Neçə yaralıya kömək olmuşdu. Əvəzsiz insan idi".

Mehrab İsgəndərlinin söylədikləri: "Bəzən çoxu çantasını yüngülləşdirir. O heç vaxt belə etməzdi. Ehtiyatlı idi. Yemək ehtiyatı belə olardı. Çox qayğıkeş idi Ağa. Hamıdan öndə gedirdi döyüşlərə. Bir zərrə qorxusu yox idi. Qorxmazlığın, cəsurluğun özü idi. Oktyabrın 5-də çətin döyüşə başlamalıydıq. Paltarlarını, çəkmələrini təmizlədiyini gördüm. "Neynirsən" - deyə soruşdum. "Qaqam, ürəyimə damıb ki, tezliklə evə gedəcəyəm". "Ağa, başına dönüm, döyüş gedir" - dedim. "Mən oktyabrın 18-nə kimi evə gedəcəyəm. Biz qalib gələcəyik". Bayraq vardı yanında, onu mənə verdi, "sizdən əvvəl gedəcəyəm evə, şəhid olsam, bayrağı bizimkilərə verərsən" - deyib gülümsədi. O təbəssüm gözlərim önündən getmir".

Ağaəmi yalan danışmazdı heç zaman. Döyüş yoldaşı Mehraba da həqiqəti söyləmişdi. Oktyabrın 16-da Goranboy-Tərtər istiqamətində gedən çətin döyüşdə şəhid oldu. Bu döyüşdə də Mehraba "Özümü gözəl yerdə, xoşbəxt görürəm. Kişi kimi torpaq azadlığı üçün ölmək hamıya nəsib olmur" - deyib...

Ağaəmi Heybətov oktyabrın 25-də Buzovna qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Azərbaycan İqtisad Universitetində şəhid məzunların xatirəsinə ucalan Memorial xatirə kompleksindən bizə gülümsəyir Ağaəmi Heybətov. İşlədiyi Müdafiə Sənaye Nazirliyinin "Şərq" İB-nin İqlim Elmi-İstehsalat Müəssisəsində xatirə guşəsi yaradılıb. Məktəblərdə onun adını daşıyan siniflər var...

Qəhrəmanımızın 4 yaşlı bacısı qızı Mələk deyir ki, dayım Qarabağı mənə verib getdi.

...Ağaəmi Heybətovun işdən geriçağırışı varmış. Yəni istəsə, savaşa heç getməyə də bilərmiş. Amma vətən torpaqlarının işğaldan azad olması onun ali arzusu imiş, "Azadlıq uğruna öldü var, döndü yoxdur" - deyirmiş.  Nə qədər haqlıdır. Vətən torpaqlarının azadlığını işğaldan qurtarmaqdan böyük xoşbəxtlik ola bilərmi?!

 

Kamalə ABİYEVA

525-ci qəzet .- 2024.- 10 oktyabr(№185).-S.14.