Böyük
Qayıdış üçün mühüm şərtlər:
istehlak və biznes mühiti
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində
çox geniş miqyaslı və sürətli quruculuq
işləri aparılır. Quruculuq işlərinin birinci mərhələsində
zəruri infrastruktur layihələri həyata keçirilib:
yollar çəkilib, evlər tikilib, tunellər, kommunal xidmətlərin
təşkili, rabitə xidmətlərinin təşkili və
sair həyata keçirilib. Təkcə 2023-cü ildə
Qarabağ iqtisadi rayonuna 2 milyard 254 milyon 400 min manat məbləğində
investisiya qoyulub. Şərqi Zəngəzura isə 2023-cü
il ərzində 4 milyard 11 milyon investisiya qoyulub. Bu vəsaitin
böyük hissəsi məhz infrastruktur layihələrinin, həm
də evlərin tikintisi, məskunlaşmanın təmin
olunması, iqtisadi dillə desək, işçi qüvvəsinin
formalaşmasına xidmət edir. Çünki məskunlaşan
əhali həm də gələcəkdə işçi
qüvvəsidir.
İqtisadçı-ekspert Elman Sadıqovun dediyinə
görə, məskunlaşan əhali orada gələcək
üçün istehlakçıdır. Əhali, istehlak
olmasa, əlbəttə ki, yollar, biznes heç kimə
lazım olmaz. Nəticə etibarilə həm evlərin tikilməsi,
əhalinin köçürülməsi "Böyük
Qayıdış" dövlət proqramının yerinə
yetirilməsi vacib bir istiqamətdir, digər tərəfdən
isə infrastruktur layihələrinin həyata keçirilməsi
vacib istiqamətdir. Bu da gələcəkdə həm də biznesin
təşəkkül tapmasına dəstək olacaq.
Çünki yollar, kommunal, rabitə xidmətləri,
infrastruktur layihələri olmasa, həmin bölgədə
biznes də olmaz.
Onun sözlərinə görə, növbəti mərhələ
isə sürətli şəkildə biznesə keçiddir:
"Bu mərhələdə fabrik, zavodların, emal müəssisələrinin
tikilməsi, qurulmasıdır ki, bu da müəyyən dərəcədə
bir çağırışdır. Çünki burada
köçürülən əhalinin sürətli şəkildə
həm də işlə təmin olunması məsələsi
var. İkinci məsələ isə orada biznes dövriyyəsinin
sürətli şəkildə yaranması məsələsi
var ki, məskunlaşma daha sürətli olsun. Bu da çox
önəmli məsələdir. Üçüncü məsələ
də oraya qoyulan vəsaitlərin bir müddətdən sonra
dövlət büdcəsinə müəyyən yollarla geri
qaytarılmasıdır. Əlbəttə, hazırda qoyulan vəsaitlərin
müəyyən hissəsi dövlət büdcəsinə,
orada işləyən şirkətlərin mənfəət
vergisi, işləyən sakinlərin gəlir vergiləri
şəklində, Dövlət Sosial Müdafiə Fonduna
ödənişləri şəklində geri müəyyən
dərəcədə qayıtması təmin olunur.
Xüsusilə, yerli istehsal olunan tikinti materialları məsələsi,
dövriyyənin artması, həmin materialları istehsal edən
müəssisələrin gəlirlərinin, mənfəət
vergisinin artması dövlət büdcəsinə
artımları təmin edən əsas amillərdir. Amma
düşünürəm ki, ən əsas artım, gözlənilən
inkişaf biznes və iqtisadiyyat sahəsində olacaq. Burada
turizm sahəsi çox önəmlidir. Kənd təsərrüfatı
sahəsində təkcə əkin-biçin deyil, həm də
emal müəssisələrinin formalaşması, konserv
zavodları buraya aiddir. Söhbət şərabçılıqdan
gedirsə, xüsusilə Zəngilan və Füzulidə
üzümçülük vaxtı ilə çox
yaxşı olub. Oranın üzümünün özünəməxsus
dadı var. Ağdam konyakının vaxtilə böyük
nüfuzu olub, brend kimi tanınıb. Biz yavaş-yavaş
biznes mərhələsinə keçirik. Biznes mərhələsində
isə dövlətin rolu azalır. Çünki dövlətin
əsas vəzifələri infrastruktur layihələrinin tikilməsi,
orada infrastrukturun formalaşdırılmasıdır. Biznes məsələsində
isə dövlət birbaşa iştirakçıdan tənzimləyici
iştirakçıya çevrilir. Tənzimləyici
iştirakçı dedikdə oraya cəlb olunan
investorların, iş adamlarının oradakı biznes
mühiti çərçivəsində fəaliyyətinin təmin
olunmasıdır. Burada ən önəmli məsələlərdən
biri növbəti mərhələlərdə Qarabağ və
Şərqi Zəngəzur iqtisadi rayonlarındakı biznesin
inkişafının, oranın tanınması, turizm cəlbi
və sair ölkəmizin də digər turistik bölgələrinə
təsiri gözlənilir. Yaxud da əksinə, ölkəmizin
digər turistik bölgələrinə gələn şəxslərin
Qarabağ və Şərqi Zəngəzura turlarının,
yaxud onların oralara getməsinin təmin olunması da
növbəti mərhələnin əsas məsələlərindən
biri olacaq.
Bir turist bir ölkəyə getdikdə orada maksimum
şəkildə həmin ölkənin görməli yerlərini
görməyə çalışır ki, bunun təmin
olunması və Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarının da buraya cəlb olunması önəmlidir.
Nəticə etibarilə həm Şərqi Zəngəzur,
Qarabağa, həm də ölkəmizin digər bölgələrinə
müsbət təsiri gözlənilir".
Millət vəkili Ceyhun Məmmədovun sözlərinə
əsasən, hazırda Azərbaycan xalqı böyük
qayıdış dövrünü yaşayır. Prezident
İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad
olunan ərazilərdə böyük bərpa və quruculuq
işləri sürətlə həyata keçirilir.
İşğaldan azad olunduqdan sonra qısa müddətdə
bu ərazilər minalardan təmizlənib, elektrik və su təchizatı
yüksək səviyyədə həyata keçirilib, dəmir
və avtomobil yollarının çəkilişinə
başlanılıb.
Onun sözlərinə görə, Prezident İlham
Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu ərazilərə
davamlı səfərlər edərək burada həyata
keçirilən layihələrlə yaxından tanış
olur, prosesi bilavasitə xüsusi diqqət və nəzarətində
saxlayır: "30 il idi ki, insanlarımız səbirsizliklə
bu günü gözləyirdilər. Nəhayət, həmin
gün yetişdi. Artıq yaxın vaxtlarda insanlarımız
öz doğma yurdlarına köçəcək, bu yerlərdə
həyat yenidən öz axarına qayıdacaq. Bu hisslər təsvir
olunmazdır. Burada önəmli məsələlərdən
biri də yaşayış binalarının inşası ilə
yanaşı, yeni zavod və fabriklərin təməlinin
qoyulmasıdır. Qarşıda duran mühüm məsələlərdən
biri işğaldan azad olunmuş ərazilərdə yeni
iş yerlərinin yaradılmasıdır. Respublikanın
müxtəlif bölgələrində məskunlaşan
insanlarımız hazırda müxtəlif qurumlarda
çalışırlar. Onların öz doğma yurdlarına
qayıdan zaman işlə təmin olunması çox önəmlidir.
Ona görə bütün işlər paralel
aparılır".
Millət vəkili vurğulayıb ki, Azərbaycan
dövləti ərazi bütövlüyünü bərpa
etdikdən dərhal sonra azad edilmiş ərazilərdə
quruculuq işlərinə başlayıb və bu proses hazırda
da geniş miqyasda davam edir. Təbii ki, bu da Azərbaycan
dövlətinin iqtisadi gücündən və həmin əraziləri
bərpa etmək niyyətindən, qətiyyətindən xəbər
verir. Eyni zamanda bu mühüm tədbirlərin həyata
keçirilməsi həmin ərazilərdən 30 il məcburi
köçkün həyatına məhkum olunmuş
insanların doğma yurd-yuvalarına qovuşması ilə
bağlı ümidlərini artırır.
İqtisadçı-ekspert Pərviz Heydərov qeyd
edib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə
qayıdan əhalinin məşğulluq səviyyəsinin
yüksəldilməsi qayıdış prosesinin effektivliyini əhəmiyyətli
dərəcədə artıracaq: "Bildiyimiz kimi, artıq əhalinin
doğma yurd yuvasına qayıdışına start verilib. Zəngilan
rayonunda "ağıllı kənd" konsepsiyası əsasında
yenidən salınmış Ağalı kəndinə əhalinin
köçürülməsi davam edir. 2026-cı ilə kimi
isə Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan,
Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər
və Xocalı rayonlarına 34 500 ailəni köçürmək
nəzərdə tutulur. Məcburi köçkünlərin
daimi yaşayış yerlərinə
qayıdışını effektiv həyata keçirmək
üçün onların məşğulluq
imkanlarını artırılmaq mühüm əhəmiyyət
kəsb edir. "Böyük Qayıdışa dair I Dövlət
Proqramı"nda bu məsələyə xüsusi önəm
verilib. Proqramdakı Tədbirlər Planına görə,
onların məşğulluq imkanları qiymətləndiriləcək
və qeydiyyatı aparılacaq, həmin şəxslər
üçün fərdi məşğulluq proqramları tərtib
olunacaq. Eyni zamanda iqtisadiyyatın tələbatına uyğun
qısamüddətli ixtisasartırma təhsil proqramları təşkil
olunacaq. Min nəfər qısamüddətli ixtisas atrırma,
5 min nəfər isə qısamüddətli təlim
proqramlarına cəlb ediləcək. Digər tərəfdən
ərazilərdə işçi qüvvəsinə tələbat
müəyyən ediləcək, işəgötürənlərin
işçi qüvvəsinə, işsizlərin iş yerlərinə
çıxışı üçün səmərəli
mexanizm yaradılacaq. Ərazilərdə
sahibkarlığın inkişafı, əlverişli biznes
mühitinin yaradılması üçün güzəştli
kreditlərin verilməsi nəzərdə tutulur. Bunlar isə
regionda məşğulluğu maksimal səviyyədə təmin
edəcək".
Ekspert hesab edir ki, ərazilərin iqtisadi
inkişafını sürətləndirmək
üçün özəl investisiyaların cəlb
olunmasına ciddi ehtiyac var: "Bu gün investorların 70
faizi gözləmə mövqeyindədir. Bölgəyə gələcək
istər yerli, istərsə də xarici investorlar ilk növbədə
yatırımlarının qorunduğuna əmin
olmalıdırlar. Bura həm təhlükəsizliklə, həm
də qanunvericiliklə bağlı məqamlar daxildir.
İşğaldan azad edilmiş ərazilərdə
çoxsaylı minalar, partlamamış hərbi sursatlar, tərkibində
partlayıcı olan qurğular və digər partlayıcı
qalıqlar mövcuddur. Bu mənada təhlükəsizliyin təmin
olunmasının ilkin şərti ərazilərin minalardan təmizlənməsidir.
Bütün bu məqamlar Proqramda öz əksini tapıb. Belə
ki, yaxın üç ildə 215 min hektar, 2026-cı ilə
kimi isə ümumilikdə 280 min hektar ərazilər minalardan
təmizlənəcək. Həmin dövr ərzində
bölgəyə yatırılan investisiyaların
sığortalanması mexanizmlərinin yaradılması nəzərdə
tutulur. Eyni zamanda xarici ölkələrdəki ticarət
nümayəndəlikləri vasitəsilə regionun
imkanları barədə marketinq tədbirləri keçiriləcək
və müvafiq təşviqedici elektron platforma vasitəsilə
investisiyaların təşviqi aparılacaq. Qeyd olunanların
və proqramda əksini tapan digər tədbirlərin
reallaşması nəticəsində biz yaxın gələcəkdə
bu bölgəyə böyük məbləğdə özəl
investisiyaların yatırılacağına şahid
olacağıq".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2024.- 10 oktyabr(№185).-S.13.