İnsanlığın və alimliyin örnək təcəssümü

PROFESSOR NİZAMƏDDİN ŞƏMSİZADƏNİN 70 İLLİYİNƏ

 

Dünyada yollar çoxdur, yolların ən çətini, enişli-yoxuşlusu isə oxucu qəlbinə gedən yoldur. Bu müqəddəs qapıya gərək istedadla gedəsən. Çünki "İstedad olan yerdə böyük vətəndaşlıq, böyük də sənət nümunəsi yaranır (Elçin)". Belə istedadlı şəxslərdən biri də görkəmli tənqidçi, ədəbiyyatşünas, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadədir. Onun özü kimi yazıları da mənə çox doğmadır. 1978-ci ildə tanış olduğum, sonralar dostluq etdiyim Nizaməddinin 50 illik yubileyinə həsr etdiyim məqalədə yazmışdım: "Onun ömür yolu o qədər də asan olmayıb. Çətin günləri də olub, fərəhli-sevincli anları da. Bədxahları da olub, etibarsız dostları da. Lakin şəxsiyyətinə sadiq ziyalı özünə güvənərək inadkarlığı və prinsipiallığı ilə öz ləyaqətini və yüksək alim nüfuzunu qoruyub saxlaya bilib. İstedadı və zəhmətsevərliyi sayəsində N.Şəmsizadə 1982-ci ildə namizədlik, 1990-cı ildə isə doktorluq dissertasiyası müdafiə edib. Ciddi elmi axtarışların bəhrəsi olan bu tədqiqat əsərləri yüksək elmi-nəzəri əhəmiyyəti, fikir yeniliyi və dil sənətkarlığı ilə seçilir. Çağdaş ədəbiyyatşünaslıq elmində və ictimai fikrində onun elmi əsərləri xüsusi aktuallıq kəsb edir". Nizaməddinin 1986-cı ildə çapdan çıxmış ilk "Ədəbi mübahisələr" monoqrafiyasında Azərbaycan ədəbi tənqidinin ziddiyyətli 1920-30-cu illər mərhələsi ilk dəfə sistemli şəkildə tədqiq edilir, o dövrün B.Çobanzadə, Ə.Nazim, M.Quliyev, Ə.Abid, H.Zeynallı, M.K.Ələkbərli, A.Musaxanlı kimi görkəmli nümayəndələrinə ədəbi-tarixi bəraət verilir.

 O, demokratik proseslərin milli mahiyyətini ümumiləşdirərək "Unudulmuşlar haqqında uvertüra", "Ehkamlar dağılanda", "İtmiş nəslin ardınca", "Tariximizin Tağıyev mərhələsi", "Repressiyanın genologiyası, yaxud "yaddaşın qətli" və digər konseptual məqalələr yazıb.

N.Şəmsizadənin 1996-cı ildə çapdan çıxan "Azərbaycan ideologiyası" kitabında Azərbaycan ideologiyasının təşəkkül tarixi və təkamül mərhələləri araşdırılır. Akademik Bəkir Nəbiyevin fikrincə, "Azərbaycan ideologiyası" kitabı "cəmiyyətdə milli mənlik şüuru formalaşmasının, xalqda dövlətçilik hissinin güclənməsinə kömək edən bir əsər, vətən haqqında gələcək nəsillərə ünvanlanmış yaddaş məktubu - vətənnamədir".

Azərbaycan ədəbiyyatşünaslığının minillik bir dövrünü ümumtürk təfəkkürü məcrasında, ümummüsəlman mədəniyyəti kontekstində tarixiliyin təkamülü üzrə araşdıran N.Şəmsizadə fundamental monoqrafiyasını - "Azərbaycan ədəbiyyatşünaslığı"nı 1997-ci ildə çap etdirib. Əsərin elmi yeniliyi bununla bağlıdır ki, burada ilk dəfə Azərbaycan ədəbiyyatşünaslığının mərhələ təsnifi verilir, onların nəzəri-tarixi  xüsusiyyətləri müəyyənləşdirilir.

1981-ci ildə qələmə alınmış, fəqət müəyyən maneələrə görə 2003-cü ildə (23 ildən sonra) nəşr edilmiş "Əli Nazim" monoqrafiyası repressiya qurbanı olan görkəmli tənqidçi, tədqiqatçı və nəzəriyyəçi Ə.Nazimin taleyinə və ədəbi irsinə həsr olunub.

N.Şəmsizadənin "Tənqidin ədəbi prosesdə rolu" monoqrafiyası tənqidin nəzəri-metodoloji problemləri, tənqidçinin öz sözləri ilə desəm, "...çox nadir və mürəkkəb peşə olan tənqidçilik sənəti, tənqid elmi" haqqındadır.

Müəllif tədqiqatında göstərir ki, "tənqidçi şəxsiyyəti tənqid yaradıcılığının başlıca şərtidir. Ədəbi tənqidi əsərin əsas obrazı tənqidçinin öz şəxsiyyətidir". Onun fikir məkanının genişliyindəndir ki, mövzuyla ilgili söz sahibləri ilə dialoq qurur, polemika aparır. Mövzusundan asılı olmayaraq qələmə aldığı hər hansı məqalə və kitabda oxucuya yeni bir ədəbi və ya tarixi informasiya verir.

O, bir tənqidçi-ədəbiyyatşünas kimi ədəbiyyatı xalq taleyi, milli mənafelər mövqeyindən dəyərləndirir, ədəbiyyat nəzəriyyəçisi kimi tənqidin nəzəri arsenalına və ədəbi prosesdəki roluna tarixi kontekstdən yanaşır, nəzəriyyəni ədəbiyyata gətirən yox, ədəbiyyatın nəzəriyyəsini yaradan həssas alim kimi çıxış edir. Sözün nüfuzunu, elmin hörmətini artıran ədəbiyyat tənqidçisi milli-mənəvi yaddaşımıza əsl tənqidçi prinsipiallığı ilə, elmi məntiqlə cavab verir. Peşəkar tənqidçi və ədəbiyyatşünasın müxtəlif illərdə "Ədəbi mübahisələr", "Azərbaycan ideologiyası", "Azərbaycan ədəbiyyatşünaslığı", " Türk təfəkkürü məcrasında", "Hıçqıran gülüşlər", "Əli Nazim", "Tənqidin ədəbi prosesdə rolu", "Rejissor taleyi", "İstiqlal və ədəbiyyat", üçcildlik "Seçilmiş əsərləri", 200-dən artıq ədəbi-tənqidi, elmi-nəzəri və publisistik məqalələri çap olunub. Xalq yazıçısı Elçin N.Şəmsizadə haqqında yazır: "...tənqid ilə ədəbiyyatşünaslığın üzvi sintezi, vəhdəti barədə nəzəri ədəbiyyat xeyli çoxdur və düzünü deyim ki, bəzən bu mövzudakı mübahisələr mənə artıq, hətta mənasız görünür, ciddi-cəhdlə açıq qapının döyülməsinə bənzəyir. Gəlin, görək kimdir Nizaməddin Şəmsizadə? Tənqidçidir? Şübhəsiz. Bəs ədəbiyyatşünaslığı necə? O da şübhəsizdir. Və burada hansısa mübahisəyə, uzun-uzadı mövqe müdafiəsinə ehtiyac yoxdur. Budur, iki fundamental monoqrafiya (onların ikisini də mən ədəbiyyatşünaslığımızın və tənqidimizin ciddi uğurları hesab edirəm!): "Azərbaycan ədəbiyyatşünaslığı" və "Tənqidin ədəbi prosesdə rolu" - hər ikisinin də müəllifi Nizaməddindir".

N.Şəmsizadənin pedaqoji fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Yeri gəlmişkən, biz 25 ildən artıq Nizaməddinlə bir yerdə - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ləyaqətlə pedaqoji fəaliyyət göstərmişik.

Nizaməddin ən böyük kafedranın - "Ədəbiyyat və dillər" kafedrasının 16 il kafedra müdiri, mən isə "Sənətşünaslıq" kafedrasının dekanı vəzifəsində çalışmışıq.

Ümumiyyətlə, Nizaməddin Şəmsizadənin pedaqoji fəaliyyəti xüsusi bir yazının mövzusudur. O öz yaradıcılığında elmlə tədrisi, özü də həm filoloji, həm də mədəniyyət təhsilini səmərəli tərzdə birləşdirən maraqlı şəxsiyyətdir. O, tədris müəssisəsində Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi və əruz fənlərini tədris edirdi. Dünya pedaqoqlarının yekdil bir qənaəti var: "Yaxşı müəllim izah edir, əla müəllim nümunə göstərir, həqiqi müəllim isə həvəsləndirir və arxasınca aparır". Bu baxımdan Nizaməddin həqiqi müəllimdir. Öz tələbələrinə elmin sirlərini öyrədən N.Şəmsizadə müəllimlik peşəsindən xüsusi zövq alır. Nizaməddinin mühazirələri həmişə yüksək elmi səviyyəsi ilə fərqlənib. Onun dərslərinə yaradıcılıq kafedralarının müəllimləri də gələr və maraqla qulaq asardılar. O, xeyli sayda istedadlı gəncə yaxından köməklik edib, onlara elmi rəhbər olub. Elmi rəhbərliyi ilə onlarla gənc fəlsəfə doktoru, elmlər doktoru elmi dərəcəsi alıb.

Tənqidçilik, müəllimlik, kafedraya rəhbərlik, aspirant və dissertantlara elmi rəhbərlik, dissertasiya şuralarında iştirak, alim adı alanlara opponentlik, müxtəlif ədəbi məclislərdə məruzə və çıxışlar onun əsas fəaliyyət sahələrindən olub. Nizaməddinin çıxışlarındakı səmimiyyət, fikirlərini aydın, hər kəsin anlaya biləcəyi təhkiyə ilə ifadə etmək, bir tərəfdən onun çalışdığı sahəyə bütün incəliklərinə qədər bələd olduğunu göstərirsə, o biri tərəfdən müsbət təəssürat və rəğbət hissi oyadır. "İstedadımın əlli faizi nitqimdir" - deyən Nizaməddin müəllimin nitqinin gözəlliyi həm də səmimiyyətə söykənməsidir. Onun nitqinin obrazlı və ifadəli deyilişi həmişə cəlbedici və yaddaqalan olub. Azərbaycan şairi Saib Təbrizinin təbirincə desək, "Söz yalnız səmimi keyfiyyətlərə malik olduğu təqdirdə təsir edə bilər". N.Şəmsizadənin nümayiş etdirdiyi yüksək erudisiya, vətəndaşlıq nümunəsi, intellektual səviyyə, əzmkarlıq və elmi səriştə tədqiqatçılıq məharətinin məntiqi göstəricisidir.

O, bir sıra yazıçı və şairlərimizin kitablarının redaktoru olub və onlara ön söz yazıb. Görkəmli ədəbiyyatşünas alimlərin bir çoxunun kitabları Nizaməddinin elmi redaktəsi ilə nəşr edilib. Onun ayrı-ayrı sənət adamları və mədəniyyət xadimləri haqqında yazdığı portret yazıları elmi siqlətli və orijinaldır.

N.Şəmsizadə həmişə özünə ustad saydığı görkəmli ədəbiyyatşünas alimləri ehtiramla xatırlayır, onlar haqqında qədirşünaslıqla söz açır: "Mən akademik Məmməd Cəfərdən müstəqil və təmkinli olmağı, akademik Kamal Talıbzadədən türkçülüyü və ədəbiyyatı milli mənafelər baxımından təhlil etməyi, akademik Bəkir Nəbiyevdən dövlətçilik düşüncəsini, Əziz Mirəhmədovdan elmə ciddi yanaşmağı, prinsipiallığı, şair və alim Qasım Qasımzadədən sözü üzə deməyi, Abbas Zamanovdan vətəndaş cəsarətini, professor Qafar Kəndlidən alim təvazökarlığını, XX əsrin böyük mütəfəkkiri, elmi rəhbərim Yaşar Qarayevdən məntiqi düşünməyi və nəzəri-fəlsəfi mühakimə mədəniyyətini, poetik üslublu tənqid manerasını öyrənmişəm".

2016-2019-cu illər ömrünün ən təlatümlü illəri olub Nizaməddinin. Ağır əməliyyatlar keçirib. Səhhətindəki ciddi problemlərə baxmayaraq, elmə olan marağı və həvəsi səngimək bilmir, elmi yaradıcılığını inadla, inamla davam etdirir. Xəstə olduğu illərdə 6 kitabı çap olunub. Şair demiş:

 

Ayinəsi işdir kişinin, lafə baxılmaz,

Şəxsin görünər rütbeyi-əqli əsərində.

 

İnsanın fəaliyyətinin meyarı, göstəricisi onun işi əməlləridir. "İdrakın üfüqləri", "Roman və tarix", "Nəsimi və Füzuli" və s. kitabları N.Şəmsizadənin elmi ictimaiyyət qarşısında növbəti uğurlu hesabatı kimi diqqəti cəlb edir.

Nizaməddin Şəmsizadə bütöv şəxsiyyəti, insanlığı, etik-əxlaqi keyfiyyəti ilə işlədiyi kollektivin dərin hörmət və məhəbbətini qazanıb. Onun həyat kredosu xalqımıza, elmimizə və mədəniyyətimizə faydalı iş görməkdir. Professor N.Şəmsizadə 50 ilə yaxındır ki, ədəbiyyatşünaslıq və tənqid sahəsində qələm çalır. O, heç kimin maddi və mənəvi dəstəyi olmadan əsl ziyalı ömrü yaşayaraq gəlib indiki səviyyəsinə çatıb.

Öz əməyi, öz zəhməti onu ucaldıb. Yunan filosofu Sokrat yazır ki, "Əsl ziyalı öz elmi təfəkkürünü təsdiq edən, intellektini həyata və cəmiyyətə tətbiq etməyi bacaran, müdrikliyi ilə örnək ola bilən insanlardır". Nizaməddin şəxsiyyətinə sadiq ziyalıdır. O, çox etibarlı, sədaqətli insandır. 45 ildən artıqdır ki, onunla dostluq edirəm. Gündə olmasa da, günaşırı ünsiyyətimiz olur.

Əzizim Nizaməddin, sənin haqqında deyiləsi sözüm çoxdur... Davamını sağlıq olsun, növbəti doğum günlərində...

Sözündə bütövlük, iradəsində dönməzlik, ünsiyyətində səmimilik, insanlıqda və alimlikdə zirvələşən əziz qardaşım, 70 illiyini təbrik edirəm!  Sənə cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram!

 

Vəfa XANOĞLAN

Sənətşünaslıq üzrə elmlər doktoru, professor

525-ci qəzet .- 2024.- 10 oktyabr(№185).-S.12.