Mən burada nə dərd ilə ölmüşəm  

 

 

Min doqquz yüz iyirmi birinci ilin qışı Qarabağa o biri illərdəkindən sərt gəlmisdi. Yollar buz bağlamış, gediş-gəliş çətinləşmisdi. Soyuq qılınc kimi kəsir, adamın iliyinə işləyirdi. Bu şaxtalı, boranlı gündə daşlı-kəsəkli kəsə yolla Şuşadan Malıbəyliyə bir atlı şütüyürdü. O, atını tez-tez dəhmərləyərək Bakıdan Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun göndərdiyi məktubu nəyin bahasına olursa-olsun, ünvanına vaxtında çatdırmağa tələsirdi. Nəhayət, atlı dizə çıxan qarı yara-yara səhər tezdən çətinliklə Malıbəyliyə çataraq atını birbaşa hələ neçə il əvvəl şəxsən tanıdığı İsfəndiyargilin qapısına sürdü. Həyət darvazasını döyəcləyərək ev yiyəsini hayladı. Səsə İsfəndiyar özü çıxdı. Salam-kəlamdan sonra qonağı evə dəvət elədi Ancaq atlı təcili geri qayıdacağını bildirib, surqutlu üçkünc məktubu ona verdi. İsfəndiyar məktubu tələm-tələsik açıb, oxumağa basladı. Doktor Nərimanov xahiş edirdi ki, o, bu gün hökmən Şuşa qalasında olmalı, Qarabağ zəhmətkeşlərinə konsert vermək üçün Bakıdan - Xalq Maarif Komissarlığı tərəfindən göndərilmiş bir neçə nəfərlik aktyor truppasını qarşılamalı və artistləri bələdçi kimi lazımi yerlərə aparmalıdır.

İsfəndiyar məktubu oxuyub, başa çatandan sonra dərhal həyətə bağlanmış kəhər atını yəhərlədi və təcili iş dalınca getdiyini evlərinə bildirib, Şuşadan gələn atlı ilə birlikdə yola düzəldi. Yol boyu o, öz böyük dostu, xeyirxahı, yolgöstərəni Nəriman Nərimanovu minnətdarlıqla xatırladı, doktorun onu unutmadığına görə bir fərəh, qürur hissi keçirdi...

İsfəndiyar Nəriman Nərimanovun adını hələ kənddəki rus-tatar məktəbində oxuyan zaman sevimli müəllimi Məmməd bəy Qarayevdən eşitmişdi. Məmməd müəllim şəxsən yaxından tanıdığı öz böyük həmkarı, millətinin bu şanlı oğlu haqqında, el yolunda fədakarlıqla çalışması, yazdığı əsərləri barədə tez-tez şagirdlərinə danışır, dərs dediyi uşaqları da milli və vətənpərvərlik ruhunda böyüdür, Nəriman Nərimanov kimi xalqını, millətini sevməyə çağırırdı. İsfəndiyarın yaxşı yadındaydı. Bir dəfə məktəbdə şagirdlərin iştirakı ilə doktor Nərimanovun əsərlərindən səhnəciklər də göstərilmişdi. Məmməd müəllim təskil elədiyi bu gecədə dramaturq və pedaqoq barədə daha geniş danısmış, onun dram əsərlərini təhlil etmişdi. Elə o vaxtdan da bütün şagirdlərdə olduğu kimi, İsfəndiyarda da bu şəxsiyyətə və teatr sənətinə böyük məhəbbət və sevgi yaranmışdı.

İsfəndiyargil artıq Şuşa həbsxanasının yaxınlığına çatmışdılar. O, atının cilovunu bir anlığa çəkdi, geri çönüb, qayanın döşünə məğrur bir qartal kimi "qonmuş" doğma kəndinə tamaşa elədi. Elə bil ürəyinə dammışdı ki, o, Malıbəylini sonuncu dəfə görür. Onu tərk etməyən xatirələr işığında uşaqlıq, gənclik illəri gəlib gözləri önündən boylandı. Yenə də məktəb illəri yadına düşdü. Onda 1909-cu ilin payızı idi. Novoçerkassk Politexnik İnstitutunun tələbəsi, şuşalı Mirhəsən Vəzirovun nəfinə Malıbəylidə teatr tamaşası göstərilirdi. O da bu xeyirxah tədbirdə iştirak edirdi. Müəllimlər, kənd əhli, hətta məktəb şagirdləri maddi çətinlik çəkən tələbəyə kömək əlini uzatmaq üçün ianə toplayırdılar. İsfəndiyar da "kasıbın olanından" - deyib iyirmi qəpik pul vermişdi. Bir neçə gündən sonra Tiflisdə çıxan "Zaqafqaziya" qəzetində tədbir iştirakçıları sırasında atası Hacı Məmməd kişiylə birlikdə İsfəndiyarın da adı çəkilmişdi. İsfəndiyar da bu xatırlamadan daha da ruhlanmış və kənd səhnəsində oynanılan bütün tamaşalarda fəal iştirak etməyə başlamısdı...

Məmməd Qarayevin vaxtı ilə özünün də oxuduğu Zaqafqaziya (Qori) Müəllimlər Seminariyası, bu təhsil ocağının Azərbaycan maarifinin inkişafı yolunda rolu, oranı bitirən məzunların xalqına, elinə-obasına xidmətləri barədə söhbətləri İsfəndiyarın da qəlbində Qoridə oxumaq, müəllim olmaq arzusu oyatmışdı. Ona görə də kənd məktəbini qurtarandan sonra Məmməd müəllimin xeyir-duası ilə seminariyaya qəbul imtahanları vermək üçün məktəb yoldasları Əhəd, Yusif və İsgəndərlə birlikdə Qori şəhərinə yola düşmüş, dördü də imtahanları uğurla verib, seminariyaya daxil olmuşdu.

Təhsil illərində İsfəndiyar əla oxumaqla bərabər, seminariyada müxtəlif tədbirlərdə, müsamirələrdə, gecələrdə fəal iştirak eləyir, get-gedə dünyagörüşü formalaşır, milli azadlıq ideyaları qanına, canına hopurdu... Quş qanadlı beşillik təhsil həyatı artıq geridə qalmışdı. O, böyük həvəslə xalqın balalarını maarifləndirməyə tələsirdi. Lakin on yeddinci ilin Fevral Burjua Demokratik inqilabı, Rusiyada, onun ardınca isə Qafqazda baslanan siyasi hərc-mərclik gənc müəllimə təyinat yerinə getməyə imkan vermədi. Ona görə də o, həmin vaxtlar siyasi hadisələrin mərkəzinə çevrilən Bakıya üz tutdu. Çoxdan görmək istədiyi Nəriman Nərimanovla tanış oldu. Aralarında xeyli yaş fərqi olmasına baxmayaraq, onlar tezliklə dostlaşdılar. İsfəndiyar doktorun fəhlələr və ziyalılar qarşısındakı çıxışlarına dəfələrlə qulaq asdı, onunla birlikdə fəhlə yığıncaqlarında iştirak elədi...

Oktyabr çevrilişi baş verəndən bir neçə ay sonra isə İsfəndiyar gələcək fəaliyyətini davam etdirmək üçün Nəriman Nərimanovun tövsiyəsi ilə Gəncəyə getdi. Artıq həmin vaxt Gəncədə Azərbaycan Demokratik Respublikası qurulmuşdu. İsfəndiyar da, onun sifarişilə Qarabağdan Gəncəyə gələn məktəb və seminariya yoldaşları Əhədlə İsgəndər də yenicə yaranmış respublikanın milli ordusuna götürüldülər. Seminariya təhsilləri olduğu üçün onlara hərbi rütbə verib, Xan kəndindəki polka göndərdilər. Bu vaxt Qarabağda vəziyyət son dərəcə kəskinləşmişdi. Bir yandan ermənilər və bolşeviklər, bir yandan isə ingilislər və almanlar hakimiyyəti ələ almağa çalışırdılar. Bu ağır vaxtlarda İsfəndiyar və yoldaşları kəndbəkənd gəzərək vətənini, millətini sevən gəncləri milli orduya cəlb edir, onları yadellilərə qarşı mübarizəyə səsləyirdilər. Bir neçə ay ərzində bu zabitlər təbliğat aparmaqla Malıbəyli, Quşçular, Xocalı, Gülablı, Xəlifəli, Kosalar, Kərgicahan və sair ətraf kəndlərdən yüzlərlə gənci milli ordu sıralarına səfərbərliyə ala bildilər. Onlar gənc əsgərlərə hərbi təlim keçir, tüfəng atmağı, döyüş qaydalarını öyrədirdilər. Məhz bu cür qeyrətli vətənpərvər oğulların sayəsində Qarabağdakı milli ordunun sıraları xeyli möhkəmlənmiş, döyüşçülərin sayı artmışdı.

İsfəndiyar iki ilə yaxın milli ordunun Xan kəndindəki polkunda rota komandiri vəzifəsində qulluqda oldu. Bu müddət ərzində o, dəfələrlə ermənilərə qarşı döyüşlərdə iştirak elədi. Xüsusilə, Laçın, Qubadlı, Gorus istiqamətində hücuma keçən daşnak quldur dəstələrinin qarşısının alınmasında şəxsi igidlik nümunələri göstərdi. 1918-ci ilin iyulunda tayqulaq Andronikin başçılıq etdiyi erməni milli birləşmələri Zəngəzur qəzasının ərazisini işğal edərək Şuşa istiqamətində irəliləyirdilər. Artıq onlar Əsgəran yolunu da bağlamış, azərbaycanlılar yaşayan kəndləri mühasirəyə almışdılar. Sentyabr ayında Azərbaycan ordusu erməni qoşunlarını Qarabağın dağlıq hissəsindən və Zəngəzurdan sıxışdırıb çıxarmaq üçün əmr aldı. Bu əməliyyatlarda İsfəndiyar Hacıyevin rotası da iştirak edirdi. Qızğın döyüşlərin birində Azərbaycan ordusunun bir neçə topu Zabux dərəsində qalmışdı. Ermənilərin bu topları ələ keçirmək təhlükəsi vardı. Topları xilas etmək üçün həmin yerləri beş barmağı kimi tanıyan İsfəndiyara qərargahdan xüsusi tapşırıq verildi: Nəyin bahasına olursa-olsun, toplar xilas edilib, geri gətirilməlidir. Gənc zabit böyük riskə gedərək gecə saat üç-dörd radələrində heç bir itki vermədən həmin topları salamat dərədən çıxarıb, qərargaha gətirdi. Bu igidliyinə görə İsfəndiyar komandanlıq tərəfindən mükafatlandırıldı.

İsfəndiyar Hacıyev

1920-ci ilin may ayında Xl Qızıl Ordu hissələri Qarabağa daxil oldu. Milli ordunun əsgər və zabitləri pərən-pərən düşərək hərəsi bir tərəfə dağıldı. Bəziləri Arazı o taya adladı, bəziləri isə həbs olunub, güllələnməyə məhkum edildi. İsfəndiyarı isə Gəncədə haqladılar, güllələmək üçün Bakıya göndərdilər. El-obasını, torpağını, millətini sevən bu gənc zabitin günahı isə minlərlə başqaları kimi "millətçi təskilat"ın üzvü olması və erməni daşnaklarına qarşı mübarizə aparması idi. Lakin xoş bir təsadüf, necə deyərlər, onun qanını satın aldı, məsul vəzifədə işləyən həmyerlisi Məmmədxan Məmmədxanovla tanış çıxması İsfəndiyarı ölümün caynağından qopardı. Və onun köməyi ilə həbsdən və ölüm cəzasından azad olundu...

Elə həmin il oktyabrın 10-da Nəriman Nərimanov Şuşaya gələndə İsfəndiyar da bir neçə gün doktoru müşayiət edən dəstənin tərkibində olmuş, onun təhlükəsizliyini təmin edərək sağ-salamat Bakıya yola salmışdı...

Gözlərinin qarşısından gəlib-keçən bu ağrılı-acılı anlar İsfəndiyarı yenidən xəyala daldırdı. "Bütün zəhmətimiz puç oldu, müstəqilliyimiz əldən getdi! Ancaq neynəmək olar?! Zəmanə belə gətirdi!" - deyə fikirləşdi. Bu yolda həlak olmuş, itkin düşmüş silahdaşlarını xatırladı... Elə bil yuxu görürdü. Qəflətən ayılıbmış kimi "birdən qonaqlar gəlib çıxmış olar!" - deyə sonuncu dəfə uzaqda görünən kəndinə baxıb, yol yoldaşı ilə bərabər, atını şəhərə tərəf sürdü. "Gəncə qapısı"ndan keçib, "Bazarbaşı meydanı"na çıxdı. Atının yüyənini meydandakı ağacların birinə keçirib, qonaqlarını gözləməyə başladı. Günortadan xeyli keçmiş qonaqlar onlar üçün sifariş edilmiş faytonda gəlib-çıxdılar. İsfəndiyar cəld onların qarşısına yeriyib, özünü təqdim elədi, bildirdi ki, dok-tor Nərimanovun dediyi adam odur və bütün qastrol boyu bələdçi kimi onları müşayiət edəcək. Qonaqlar - Bakı səhnəsinin məşhur artistləri Əbülhəsən Anaplı və Mirpaşa Sadıqov özlərini təqdim elədilər. Qarabağda vəziyyət sabit olmadığından aktyorları hərbi məktəbin üç kursantı - zabit Əbdülhəmid Yusifxanov, yunkerlər Mirəhməd Mirhəsənov və Möhsün (Rza) Əsgərov müşayiət edirdi.

Nahardan sonra dincəlmək üçün qonaqlar yerbəyer edildi, sabahdan kəndlərə çıxmaq planlaşdırıldı. İlk səfər Şuşa yaxınlığındakı ermənilər yaşayan Keşiş kəndinə oldu. Birinci olaraq bu kəndi seçməkdə məqsəd yaxınlarda daşqından zərər çəkmiş yerli əhaliyə maddi yardım göstərmək, yeni qurulmuş fəhləkəndli hökumətinin qısa müddətdə əldə elədiyi nailiyyətləri və iki xalq arasında dostluq və əməkdaşlıq ideyalarını təbliğ etmək idi. Amma İsfəndiyar erməni nankorluğuna, erməni etibarsızlığına yaxşı bələd olduğu üçün hər ehtimala qarşı, Şuşa cəza batalyonunun əsgərləri - Teymur Əliyevi, Məhərrəm İsgəndərlini və kursant Teymur Hüseynovu da özüylə götürdü. Adyutantı Yusif Paşayev də onlarla getmişdi.

1921-ci il fevralın 13-də İsfəndiyar Hacıyevin başçılığı ilə Şuşadan çıxan təşviqatçı dəstəsi axşam saat 6-da Keşiş kəndinə varid oldu. Kilsə zəngi çalındı. Kəndlərinə qonaq gələcəyini qabaqcadan bilən sakinlər kilsənin ətrafına toplaşdılar. Təşviqatçılar burda mitinq təşkil etməli, gəlişlərinin məqsədini kənd əhlinə bildirməli və yaxından tanış olub, bir-biriləri ilə ünsiyyət qurmalı idilər. Lakin həmin gün neft olmadığı üçün lampalar yanmırdı və ona görə də qaranlıqda mitinq baş tutmadı. Tədbir növbəti günə keçirildi. Əvvəlcədən planlaşdırıldığı kimi kənd keşişi Şamir Sərkisoviç Məlikallahverdov qonaqları evinə dəvət elədi. Şam yeməyi zamanı ev sahibi təzə hökumətin və Azərbaycan xalqının sağlığına badələr qaldırdı, onların dost və qardaş olduğunu dönə-dönə xatırlatdı, buna aid misallar da çəkdi. Sonra bu "dostluğ"u və "qardaşlığ"ı davam etdirəcəklərini xüsusi vurğuladı, özünü "beynəlmiləl din xadimi" adlandırdı. Boğazdan yuxarı deyilən növbəti sağlıqlar da bu mövzu barəsində oldu. Məclis boyunca ev sahibinin bir neçə dəfə durub, o biri otağa keçdiyi, oğlu ilə öz dillərində nə barədəsə danışdığı qonaqların gözündən yayınmadı. Ancaq ağıllarına başqa bir şey gətirmədilər. Qonaqların qarşısında dəridən-qabıqdan çıxan keşiş gecəni burda qalmağı onlardan təkidlə xahiş elədi, razılıqlarını alandan sonra yatmaq üçün onlara ikimərtəbəli evinin üst mərtəbəsindəki geniş zalında yer düzəltdilər. Yorğun-arğın qonaqlar başlarını atıb yatdılar. Onlar yuxuya keçən kimi Samson atasının göstərişi ilə gizlicə evdən çıxıb, kəndin kənarındakı meşədə marıqda duran quldur daşnak dəstəsinin başçısı Tevanın qərargahına tələsdi...

Rza Daranlı və Əbdülhəsən Anaplı. 1919

Tevan Arakelyants Antanta dövlətlərinin Qarabağda agenti kimi Fransa və İngiltərə hakim dairələrinin göstərişlərini yerinə yetirirdi. O, daşnaklardan ibarət üç yüz nəfərlik silahlı quldur dəstəsi düzəldərək dinc vətəndaşlar arasında fitnə-fəsad törədir, əhalini qorxuya salaraq müxtəlif yollarla özünün dəstəsinə götürür, onları qətllərə və qarətlərə təhrik edirdi. Bu vasitələrlə də o, sovet hakimiyyətini devirmək üçün hər əmələ əl atırdı.

Səhər açılmaq üzrə idi. Saat beş-altı radələrində qəflətən kəndin küçələrində vəhşi "ura" səsləri ilə müşayiət olunan atəş səslərindən daş kimi yuxuya gedən qonaqlar yerlərindən dik atıldılar. Əcaib-qəraib bağırtılar artıq keşişin evinin dörd tərəfində də eşidilməyə başladı və onlar Şamirin evini mühasirəyə aldılar. Sən demə, bu qara keşiş oğlundan Tevana xəbər göndərib ki, əlimizə yaxşı "ov" keçib, fürsəti fövtə vermək olmaz. Bu xəbəri alan kimi tevançılar dərhal hücum çəkib, kəndə girib. "Gör sizin başınıza nə oyun açacağıq!" - sözlərini eşidən İsfəndiyar cəld yoldaşlarına evdən çıxmağı əmr elədi. Adyutantını birtəhər aradan çıxarıb, kömək dalınca Şuşaya göndərdi. Özü və digər yoldaşları da evi tərk edərək müxtəlif səmtlərə üz tutdular. İt kimi pusquda duran tevançılar isə onları gülləyə basıb, hamısını öldürdülər. Yalnız Rza Əsgərovu güllə tutmadı və o, geri keşişin evinə qayıtdı. Ev sahibinə yoldaşlarının hamısının öldürüldüyünü deyib, xahiş elədi ki, onu gizlətsin, tevançıların əlinə verməsin. Üstəlik, zərərçəkən keşişkəndlilər üçün gətirdikləri 350 manatı da ona verdi. Tevançılar isə kiminsə sağ qalacağını fikirləşib, ev-ev gəzərək onları ələ verməyi camaatdan tələb edirdilər. Elə bu vaxt dörd tevançı quldur keşişin evinə girdi. Rzanın xahişinə məhəl qoymayan Şamir onu tevançılara təslim elədi və quldur dəstəsinin komandiri Ağacan Rzanı güllələdi.

Bir azdan kənd adamları öldürülənləri basdırmaq məqsədi ilə meyitləri yığmağa başladılar. Lakin tevançılar buna yol vermir, onları itlərə yem eləmək istəyirdilər. Şmavon adlı birisi qılıncını siyirib, irəli atıldı və meyitləri şaqqalamağa başladı. Digər silahlı daşnaklar da onun bu qansız və vəhşi hərəkətini təkrarladılar. Ürəkləri soyumayan qəddar və qaniçən bu vəhşilər öldürdüklərini dəhşətli dərəcədə eybəcər hala saldılar, meyitlərin əllərini, ayaqlarını kəsdilər, başlarını bədənlərindən ayırdılar, dillərini çəkib yerindən qopartdılar, mədələrini yararaq içalatlarını çıxarıb çölə tökdülər və sair və ilaxır.

Doqquz nəfəri qətlə yetirən tevançılar kəndi tərk etdilər. Onlar gedəndən sonra yerli əhali meyitləri basdıra bildi.

Hadisədən xəbər tutan Şuşadakı 250-ci polkun cəza batalyonunun əsgərləri dərhal özlərini Keşiş kəndinə çatdırdılar. Polk komandiri Voyçixovski həlak olanların aqibətini öyrənib-bilmək üçün yerli sakinləri bir yerə topladı, bu hadisənin törədilməsində şübhə doğuranları tutmağı əmr elədi. 42 şübhəli daşnak həbs olundu. Əvvəlcə onlar heç nəyi boyunlarına almaq istəmirdilər. Lakin xislətlərində anadangəlmə satqınlıq olan ermənilər meyitlərin harda basdırılmasının yerini dedilər. Cəza batalyonunun əsgərləri torpağı qazıyıb meyitləri çıxartdılar və meyitlərlə birlikdə həmin 42 nəfəri də Şuşaya gətirdilər.

İsfəndiyar Hacıyevə nişanlısının bağışladığı tikmə

...Həbs olunanları Gəncə qapısından sola döndərib, həbsxanaya sarı apardılar və yarı yolda qəzəbli izdihamla qarşılaşdılar. Xüsusi təyinatlı dəstənin komandiri Əhməd Əhmədovun və dustaqları aparan silahlı əsgərlərin göstərdikləri səylərə baxmayaraq, onlar hücum çəkib, caniləri əzişdirməyə başladılar... Ermənilərdən cəmi yeddi nəfəri sağ qaldı, onlar da lazaretə aparıldı.

Yazıya bir neçə haşiyə əlavə etmək istəyirəm.

...1977-ci ildə İsfəndiyar Hacıyevin adyutantı olmuş Yusif Paşayevin hal-hazırda sağ-salamat olduğunu bilib, dərhal onun yaşadığı Ağdam şəhərinə yollandım. Artıq doxsan yaşını haqlamış bu ahıl kişi ilə görüşdüm. Kim olduğumu biləndən sonra mənim suallarıma cavab verməyə başladı. İlkin olaraq bildirdi ki, sağ qalmasında komandiri və həmkəndlisi İsfəndiyar (onu qısaca olaraq "İspən" də çağırırdılar) Hacıyevə borcludur. Əlavə elədi ki, həmin gün o, səhər tezdən məni yuxudan durğuzub, atlara yem verməyi tapşırdı. Elə bu vaxt atışma səsləri eşidilərkən İsfəndiyar sanki nə olacağını duyubmuş kimi məni kömək dalınca Şuşaya göndərdi. Və mən də onun sayəsində gördüyün kimi sağ qalmışam.

...Erməni vəhşilərini camaat cəzalandırarkən bu hadisəni öz gözləri ilə görmüş Surxay Rzayev mənə danışırdı: "Uşaq idim, on bir yaşım vardı. Bir gün səhər tezdən kimsə bizə gəlib, o vaxt Şuşa həbsxanasının rəisi olan atam Məşədi Abbas Rzayevə həyəcanla nəsə dedi. Atam cəld durub, onunla getdi və mən də atamın xəbəri olmadan onun arxasınca qaçdım. Və yolda baş verənlərə gizlicə tamaşa eləməyə başladım. Ordakı mənzərəni görəndə dəhşətdən, az qala, ağlımı itirmişdim. Xalqın erməniləri necə cəzalandırdığını gördüm. Birdən atam məni görüb, ordan çıxıb-getməyimi tapşırdı. Bununla belə, mən o murdar məxluqların ölüm səhnəsinin şahidi oldum".

İsfəndiyar Hacıyevin bacısı oğlu Vaqif Şirinov dayısı haqqında mənə danışarkən deyirdi: "Dayımı və onun digər yoldaşlarını öldürən daşnaklar Şuşaya gətirilərkən anam Əminə də o izdihamın içərisində olub və ermənilərin qanını ovuclayıb, "oxqay" - deyə-deyə içirmiş".

...Televiziya verilişlərinin birində məşhur aktyorumuz Ağasadıq Gəraybəylidən eşitdim ki, Qarabağa qastrol səfərinə çıxan həmin o artistlərin arasında o da olub. Və mən bu hadisə ilə bağlı tədqiqat işləri apararkən Ağasadıq müəllimlə təsadüfən rastlaşdım. 1977-ci, ya da 1978-ci ildə rejissor Mehdi Məmmədovun M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında yeni quruluşda tamaşaya qoyduğu S.Vurğunun "İnsan" pyesinin premyerasında bu böyük aktyoru gördüm və fürsəti fövtə vermədim. Tamaşa başa çatandan sonra teatrın qarşısında ona yaxınlaşdım. Salamlaşıb, kim olduğumu dedim və bir neçə sualıma cavab verməsini xahiş elədim. O, razı olduğunu bildirdi və biz Hüsü Hacıyev küçəsində söhbət eləyə-eləyə birgə addımlamağa başladıq. Və mən çəkinə-çəkinə: - Siz də Bakıdan Qarabağa gedən həmin teatr truppasında olmusunuz, - deyəndə o, sözümü kəsib, gülə-gülə: - Düz deyirsən, bala, nə soruşacağını bilirəm. Ağdamda bizi Şuşaya gedən aktyorlardan ayırıb, Abbas Mirzə Şərifzadənin rəhbərliyi ilə Qarabağın başqa kəndlərinə göndərdilər. Deyəsən, anam məni namaz üstə doğub. Ona görə mən də, digər yoldaşlarım da salamat qaldıq.

Qısa söhbətimiz elə burdaca qurtardı və sağollaşıb, ondan ayrıldım.

...Aktyorların və kursantların cəsədləri Bakıya gətirildi. Dəfn komissiyası yaradıldı. Sədr Abbas Mirzə Şərifzadə, katib Hacağa Abbasov, xəzinədar Əlabbas Rzayev təyin olundu, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Sidqi Ruhulla, Murad Muradov və başqaları üzv seçildilər. Qəzetlər aktyorlar barəsində nekroloqlar dərc elədi. "Kommunist" qəzeti 25 fevral 1921-ci il tarixli nömrəsində "Şəhidlərin dəfni" adlı məqaləsində bu təntənəli mərasim haqqında yazırdı:

"Qarabağda inqilab uğrunda facianə bir surətdə şəhid olan artistlərdən Əbülhəsən Anaplı ilə Mirpaşa Sadıqovu və zabitlərdən Əbdülhəmid Yusifxanov, yunkerlərdən Mirəhməd Mirhəsənov ilə Möhsün (Rza) Əsgərov yoldaşları dəfn etdilər. Əvvəlcə bu beş cənazə böyük izdihamla Təzəpir məscidindən qaldırılıb, dövlət teatrı qarşısına gətirildi. Teatr qarşısında aktyorlar tərəfindən, fəhlə klubundan, Rusiya teatr dəstəsindən, yəhudi artistlərindən, "Satiragit" teatrından nümayəndələr yanıqlı və atəşin nitqlər söylədilər. Sonra cənazələr "Rabis" qarşısında saxlanıb, "Rabis" nümayəndəsi ilə Gəncə artistləri nümayəndəsi danışdılar.

Ordan cənazələr maarif xalq komissarlığı qarşısına gətirildi. Burda maarif xalq komissarı yoldaş Dadaş Bünyadzadə, maarif xadimləri ittifaqı tərəfindən Müslüm bəy Maqomayev nitq söylədilər. Hərbiyyə məktəbi qarşısında yoldaş Mirzə Davud Hüseynov, Cəbiyev və hərbiyyə məktəbi tərəfindən Kənan yoldaşlar əlvida dedilər.

Ordan cənazələr Azərbaycan İnqilab Komitəsi qarşısına gətirildi. Burda yoldaş Nərimanov atəşin və mənalı bir nitq söylədikdən sonra Azərbaycan Kommunist Firqəsinin Mərkəzi Komitəsi qarşısında yoldaş Mirzə Davud Hüseynov Mərkəzi Komitə tərəfindən danışdı. Ordan Bakı İcraiyyə Komitəsi qarşısına gətirilib, burda Bakı Şurası tərəfindən Mirbəşir Qasımov və şəhərimizdə davam edən füqəra komitələri qurultayı tərəfindən bir nəfər nümayəndə axırıncı əlvida nitqləri söylədilər! Sonra cənazələr qaldırılıb, qara torpaqlara tapşırılmaq üçün qəbiristana aparıldı.

Mərasimi dəfndə bütün xalq komissarları, hərbiyyə nümayəndələri, artistlər, füqara komitələri, qurultayın bütün nümayəndələri isbati vücud edirdilər. Bunlardan başqa, şəhər əhalisi dəxi qəmlərə şərik olub, mərasimi dəfndə iştirak edirdi".

İsfəndiyar Hacıyev isə Şuşanın "Mirfəseh qəbiristanlığı"nda dəfn olundu. "Cıdır düzü"ndə - şəhərin fəxri qəbiristanlığında başdaşı üzərində aşağıdakı şeir parçası həkk olundu:

 

Qadir Allah, qədrini mən bilmişəm,

Baş götürüb, dərgahına gəlmişəm.

Qoy bu daşı oxuyanlar bilsinlər,

Mən burada nə dərd ilə ölmüşəm.

 

1921-ci il aprelin 2-də Azərbaycan İnqilab Tribunalının Səyyar Sessiyasında erməni daşnaklarına mizan-tərəzi quruldu, onların cinayət işinə baxıldı. Səyyar Sessiyanın 4 aprel 1921-ci il tarixli məhkəmə iclasında əmlakları müsadirə olunmaqla canilər Şamir Məlikallahverdov, Ambarsum Petrosov, Arşak Arakelov, Akop Arzumanov, Samson Məlikallahverdov layiq olduqları ən ağır cəzaya - güllələnməyə məhkum edildilər (Azərbaycan Respublikası Dövlət Arxiv İdarəsi. Dövlət arxivi. Fond 1775, siyahı 2, saxlama vahidi 400.1).

 

Vasif QULİYEV

525-ci qəzet .- 2024.- 10 oktyabr(№185).-S.10-11.