Kərkükün mənəvi
qızı
Qənirə
Paşayevanın xatirəsinə
Eyni atadan olmayan, eyni anadan doğulmayan bacın və
qardaşın ola bilər. İnsan həyatında bu cür
dostluqlar və münasibətlər mütləq
yaşanır. Təbiətimizdə mövcud olan sevgi və məhəbbət,
ortaq dil, din və mədənniyyət bizləri bir-birimizə
bağlayan önəmli ünsürlərdir.
Mənim həyatımın dönüm nöqtələrindən
biri azərbaycanlı ailəvi dostum, dəyərli bacım Qənirə
Paşayeva ilə tanışlığım olub. O, Kərkük
və Türkmaneli uğrunda gördüyü işlərlə
adını tarixə Kərkükün mənəvi
qızı kimi yazdırıb.
"Paşayev" soyadı 1960-cı illərdən
bəri bizə tanışdır. Qənirə xanımın
əmisi professor Qəzənfər Paşayev İraq
Türkman ədəbiyyatı və mədəniyyəti sahəsində
tanınmış bir şəxsiyyətdir. Həyatını
türkmanların folklor, ədəbiyyat və mədəniyyətinə
həsr etmiş bir Kərkük sevdalısıdır. Qənirə
xanımla onun sayəsində olan
tanışlığımız vəfatının son
gününə qədər davam etdi.
Tanışlıq
Qənirə Paşayeva ilə ilk dəfə 1995-ci
ildə İraqda Səddam Hüseyn dönəmində
keçirilən referendumunda
jurnalist kimi iştirak etdiyi zaman
qarşılaşmışdıq. Lakin siyasi səbəblərə
görə həmin vaxt yaxın münasibət qura bilməmişdik.
2001-ci ilin iyul ayında Bakıda Nizami Gəncəvi adına
Ədəbiyyat Muzeyində "İraq Türkman ədəbiyyatı
və mədəniyyəti" sərgisinin
açılışında əmisi professor Qəzənfər
Paşayev vasitəsiylə şəxsən tanış olduq.
O tarixdən vəfat etdiyi günə qədər ailəvi
dostluğumuz, tanışlığımız, iş
ortaqlığımız fasiləsiz davam etdi. Müxtəlif
tədbirlərdə tez-tez bir araya gələrdik. Bəzən
də özü Kərkük və Türk dünyası ilə
bağlı tədbirlər, layihələr təşkil edərək
bizi Bakıya dəvət edərdi.
Qənirə Paşayeva Azərbaycan mətbuatında
çalışdığı illərdə əmisindən
aldığı ilham və ondan öyrəndikləriylə
İraq türkmanlarıyla bağlı onlarla layihəyə rəhbərlik
etmişdi. Millət vəkili olduqdan sonra isə bizlərlə
daha yaxın əlaqələr quraraq Türkman məsələsini
başda Azərbaycan Milli Məclisi olmaqla, Türk
dünyasında və üzvü olduğu Avropa Şurası
Parlament Assambleyası İnsan Hüquqları Komissiyasında
rəsmi sənədlərlə müdafiə etmiş və
daim gündəmdə saxlamışdı.
Kitablarımın ön sözündə Qənirə
Paşayeva imzası
Azərbaycan türkcəsinə
uyğunlaşdırılan kitablarımın ön
sözü və giriş hissələri adətən
Paşayevlər ailəsi tərəfindən qələmə
alınıb. Qəzənfər Paşayev və Qənirə
Paşayevanın imzaları, demək olar ki, bütün
kitablarımda öz yerlərini tutub. Bundan başqa, bir
çox kitab və məqalədə Qənirə
xanımın mənimlə bağlı dediyi
düşüncələri, ürək sözləri də
yer alıb. Bu da Paşayevlər ailəsinin Kərkük,
Türkmaneli və şəxsimə nə qədər dəyər
verdiklərinin göstəricisidir. Azərbaycanda Qənirə
Paşayevanın imzasıyla işıq üzü görən
kitablarıma nümunə kimi "Kərkükdən səsləniş"
(2018), "Kərkükdə Türk
soyqırımları" (2023), "İraq Türkman poeziya
antologiyası-2" (2021) kitablarının adlarını
çəkmək olar.
Qarabağ-Kərkük Dayanışma Platformu
Qənirə xanım Paşayeva ilə gərgin ortaq
fəaliyyətimiz nəticəsində 2012-ci ilin İyun
ayında Qarabağ (Azərbaycan)-Kərkük (İraq)
Dayanışma Platformunu yaratdıq. Bu münasibətlə mərkəzi
Bakıda olan və millət vəkili Qənirə
Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq
Araşdırmaları İnstitutu" İctimai Birliyi tərəfindən
9-16 iyun 2012-ci il tarixlərində Azərbaycanın müxtəlif
bölgələrində "Azərbaycan-İraq Mədəni
Əlaqələrinin dünəni, bugünü və gələcəyi"
adlı bir sıra tədbirlər təşkil edildi. Bir həftə
boyunca davam edən tədbirə İraqdan nümayəndə
heyəti də gəlmişdi.
Azərbaycan və Ermənistan sərhədinə
yaxın bölgədə yerləşən Tovuz şəhərini
ziyarət edən İraq-Türkman nümayəndə heyəti
cəbhə xəttində Azərbaycan əsgərlərilə
görüşərək Milli Qurtuluş Gününü
birlikdə qeyd etdilər. Tədbirdə çıxış
edən heyət üzvləri Azərbaycan hərbçiləri
tərəfindən sevgiylə qarşılandılar.
Tovuza səfər
Azərbaycan parlamentinin Tovuz rayonundan millət vəkilləri
Qənirə Paşayeva ilə Nazim Məmmədovun dəvətilə
Tovuz rayonuna yola düşdük. Mənimlə birlikdə kərküklü
ifaçı Seyfəddin Çaxmaqçı ilə İran
İslam Respublikasının Azərbaycandakı səfiri
Əfşar Süleymani də var idi. Yol boyunca görməli
yerlərdən keçdik. Ceyrankeçməz
çayını və Mərəzəni ötüb
Şamaxıya çatdıq. Pir Sultan Baba türbəsində
fasilə verdik, türbəni ziyarət edib yenidən yola
düşdük. Ağsuda yolüstü aktyorlar - Rasim Balayev
və Mikayıl Mirzə ilə görüşdük. Sonra
Yevlaxa, oradan Şəmkirə keçdik. Bu qədər şəhər,
kənd, qəsəbə görməyimizə baxmayaraq, hələ
də Tovuza çatmamışıq deyə
öz-özümə düşünürdüm. Sən demə,
Tovuz Ermənistanla sərhəddə yerləşirmiş. Nəhayət,
Tovuza çatdıq.
Tovuz ziyarətimizin müsbət keçdiyinə
inanırdıq. İraq vətəndaşları olaraq iki millət
vəkili və bir səfir ilə bölgəyə səfərimizin
böyük bir önəm kəsb etdiyinin fərqində idik.
Qənirə bacımızın bizə bu fürsəti,
şəraiti yaratması daha da önəmli idi. Səfir ilə
birlikdə sərhədə 100 metr məsafədə yerləşən
bir kəndə getdik. Sərhəddəki Azərbaycan əsgərləri
bizə ermənilərin Azərbaycan kəndlərinə
hücumlarından danışdılar, evləri nişan
alıb silahlarla necə atəş açdıqlarını
göstərdilər. Yaşlı bir kənd sakinini
qaçırıb qulaqlarını kəsdikdən sonra geri
göndərdiklərinin şahidi olduq.
Xoyratdan Bayatıya sənədli filmi
Azərbaycan səfəri zamanı, Türkmaneli TV-nin
müxbiri, aparıcısı və produseri olaraq belə bir
yerə gəlib çəkiliş aparmadan geri
qayıtmağın mənim üçün düzgün bir
iş olmayacağını düşündüm. Bu gözəl
diyara gəlmişkən sərhədlərin o
tayındakı ata yurdumun gözəlliyinin və dərdlərinin
şahidi olub, bu anları ölümsüzləşdirmədən
geri dönmək mənim üçün böyük kədər
olardı. Qənirə bacıma düşüncələrimi
söylədim. Ertəsi gün mənə maşın, rəhbər
və operator təşkil etdi və biz Seyfəddin
Çaxmaqçı qardaşımla yola düşdük.
İki gün boyunca Azərbaycanın Qazax, Gəncə, Şəmkir,
Şamaxı, Ağsu, Ağdaş, Yevlax, Ağstafa kimi
bölgələrində çəkilişlər edərək
önəmli kadrları lentə aldıq və Azərbaycanla
bağlı sənədli film ərsəyə gətirdik. Ziyarət
etdiyimiz bu yerlərdə un dəyirmanları, xalça
emalatxanaları, muzeylər, evlər, təndirlər, şəhərlərin
giriş qapıları, sayları az olan məscidlər,
hamamlar, şəhid abidələri və məzarlar, ən
çox da aşıq məcliləri diqqətimizi çəkdi. Qazaxda Səməd Vurğunun təhsil
aldığı məktəbin muzey olması və
oturduğu partanın indi də qorunub-saxlanması bizə
sevinc bəxş etdi.
Muzey ziyarətimizdə bir hadisə xüsusi diqətimizi
çəkdi. 1961-ci ildən etibarən Bağdadda
işıq üzü görən və türkmanların səsi
olan "Qardaşlıq" dərgisi Qazaxda muzeydə sərgilənirdi.
Halbuki biz Türkmanlarda nə Kərkükdə, nə
Bağdadda, nə də başqa bir şəhərdə evlərimizdə
hansısa Azərbaycan şairinin kitabı olmazdı. Bu həm
yoxsulluqdan, həm də siyasi səbəblərdən irəli
gəlirdi. "Qardaşlıq" dərgisini Azərbaycanda
bir muzeydə tapmaq diqqətimizi çox cəlb etmişdi.
Azərbaycanı qarış-qarış gəzmək
bizdə sanki öz yurdumuzda gəzirmişik kimi bir hiss
oyatdı. Vaxt keçdikcə bu hissi anlamağa
başladım. Eyni kökdən, eyni soydan, eyni irqdən
olduğumuz üçün eyni duyğuları hiss edirdik.
Tovuzda Qənirə Paşayeva ilə müsahibə
Tovuzdan Bakıya yola düşməzdən əvvəl
millət vəkili Qənirə Paşayeva ilə bibisinin evində
bir saatlıq çəkiliş etmək imkanımız oldu.
İraq türkmanları ilə Azərbaycan arasındakı ədəbi-mədəni
əlaqələrdən, türkmanların bugünə qədər
məruz qaldıqları haqsızlıqlardan söhbət
açdıq. Qənirə Paşayeva hər zaman olduğu
kimi, İraq türkmanlarının yanında
olacağını, onları hər yerdə
könüllü təmsil edəcəyini, bu sevgini əmisi Qənirə
Paşayevadan öyrəndiyini dilə gətirdi. Bizə də
Tovuzu ziyarət etdiyimiz üçün minnətdarlığını
bildirdi.
Biz də həm öz adımızdan, həm də
nümayəndəsi olduğumuz türkman xalqı adından
Azərbaycan xalqına və Paşayev ailəsinə təşəkkür
edərək qatarla Tovuzdan Bakıya yola düşdük.
Qatarla bir gecə yol gəldikdən sonra Bakıya
çatdıq. Bu gözəl səyahətimiz boyunca Azərbaycanın
rayon və kəndlərində
qarşılaşdığım insanların eynilə
İraq türkmanları kimi sadə həyat
yaşadığı, əkinçilik və heyvandarlıqla
məşğul olduqları diqqətimdən qaçmadı.
Xalqın türkmanlar kimi səmimi və mehriban olduğunu,
bir fərqlərinin olmadığını müşahidə
etdim.
Səssiz ölümü
İnsan gündəlik həyatında hərdən
ölümü də ağlına gətirir. Lakin Qənirə
xanımın ölümü bir an belə
ağlımızın ucundan keçməzdi. Ancaq
ölüm haqdır. Buna deyəcək bir sözümüz
yoxdur. Qənirə xanımın xəstələndiyi
dövrdə onu sevənlər gecə-gündüz Allaha dua
edib şəfa dilədilər. Lakin Mövlam həyatda ona bu
qədər ömür yazmışdı. Təmiz ruhunu
Mövlasına könül rahatlığıyla
tapşırıb Cənnətə uçdu. Ardında
gözü yaşlı anası, bacısı və sevənləri
qaldı.
Yarımçıq qalan şeir
"Oyan, bacım, oyan"
Qənirə Paşayevaya
Zaman gec oldu,
Turana az qaldı,
Oyan, bacım, oyan,
Bütün dərdlərə dayan.
Hələ görüləcək işlərimiz var,
Qarabağda toy edəcəyik,
Şuşada şeir oxuyacağıq,
Kərkükdə gəzişəcəyik,
Təbrizə bayraq dikəcəyik,
Turanı qarış-qarış gəzəcəyik,
Oyan, bacım, oyan,
Bütün dərdlərə dayan.
Amma oyanmadın,
Dərdlərə dayanmadın,
Bizi yalnız qoyub getdin,
Könülləri bərbad etdin,
Ananı, bacı-qardaşını
Gözyaşına boğdun.
Yolun açıq, məkanın cənnət olsun,
Səni unutmayacağıq,
Unutdurmayacağıq,
Ömür boyu yaşadacağıq
Ey qəhrəman Azərbaycan ulduzu,
Kərkükün mənəvi qızı,
Nur içində yat...
Şəmsəddin KUZƏÇİ
525-ci qəzet .- 2024.- 10 oktyabr(№185).-S.8.