"COP29 ciddi
müzakirələrlə, yeni yanaşmalarla zəngin
olacaq"
İqlim problemlərinin və onun bəşəriyyət
üçün yaratdığı təhlükələrin
qarşısını almaq məqsədilə hər il
keçirilən qlobal əhəmiyyətli BMT İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının (COP29) növbəti müzakirə
sessiyasına bu il Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin
beynəlxalq statusunun daha da yüksəlməsi ilə
müşayiət olunur. Rəsmi Bakı həm dünya
ictimaiyyətinə iqlim dəyişikliyi ilə bağlı həll
yollarının tapılmasına yardım göstərməyə
hazır olduğunu elan edir, həm də baş verməkdə
olan enerji keçidi prosesini dəstəkləməklə
yaşıl enerji sahəsində strateji tərəf statusunu
qazanır.
Prezident İlham Əliyev bildirir ki, dünyanın iki
yüzə yaxın ölkəsinin COP29-un Bakıda
keçirilməsi haqqında yekdil qərarı bütün
dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlamətidir:
"Bir aydan sonra Bakı ən böyük beynəlxalq tədbirə
- COP29 iqlim konfransına ev sahibliyi edəcək. Biz 200-ə
yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi
haqqında yekdil qərarını bütün dünya
ictimaiyyətinin Azərbaycana hörmət əlaməti kimi
qiymətləndiririk".
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)
rektoru, professor Ədalət Muradov deyir ki, COP29-un Azərbaycanın
sədrliyi ilə noyabr ayında Bakıda keçirilməsi mühüm
hadisədir. Bu fakt ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərin
təşkilində zəngin təcrübəsinin qlobal səviyyədə
qəbul edilməsinin də göstəricisidir. Planetin gələcəyi
üçün əhəmiyyətli qlobal problemlərin
müzakirəsi və həlli baxımından COP29-uz tarixə
düşəcək.
Rektorun sözlərinə görə, ətraf
mühitə atılan tullantıların miqdarının son dərəcə
çox olması və ətraf mühitə dəyən zərərin
təhlükəli həddə çatması, demək olar
ki, hamı tərəfindən qəbul edilir: "Amma problemin
hamı tərəfindən qəbul edilməsi onun həlli üçün
kifayət deyil. Eləcə də hamı tərəfindən
qəbul edilir ki, ətraf mühitlə bağlı mövcud
problemlərin həlli böyük həcmdə investisiyalar tələb
edir. Amma həqiqət həm də odur ki, ətraf mühit
problemlərinin yalnız investisiya alətlərilə həlli
mümkünsüzdür. Bu baxımdan bir sıra məsələlərə
yeni baxış tələb olunur. Bakıda keçiriləcək
COP29 ciddi müzakirələrlə, yeni yanaşmalarla zəngin
olacaq".
UNEC-in rektoru bildirib ki, hər şeydən əvvəl,
ətraf mühit problemlərinin həlli və yaşıl
iqtisadiyyata keçid iqtisadiyyatda dövlətin rolunun
azaldılmasını deyil, artırılmasını tələb
edir: "Başqa sözlə, liberal dəyərlərə əsaslanan
mövcud iqtisadi inkişaf modeli əvvəllər
müşahidə olunmayan ciddi çağırışlarla
üz-üzədir. Doğrudur, liberal iqtisadi inkişaf
modelinin öz ömrünü başa vurduğunu da söyləmək
hələlik tezdir. Amma alternativ yanaşmalara artıq ciddi zərurət
görünür. Alternativ yanaşmada dövlətin rolunun
artacağı daha çox gözləniləndir. Ona görə
də qlobal iqtisadiyyatda rəqabətə də yeni
baxışın formalaşması tələb olunur. Çünki
qlobal iqtisadiyyatda rəqabətdə dövlət rolu daha da
güclənəcək. Ona görə də qlobal
iqtisadiyyatda güclü dövlətlərin daha da güclənməsinə
və zəif dövlətlərin daha da zəifləməsinə
yol verməmək üçün yeni şəraitdə
dövlətlərin yaşıl iqtisadiyyatda və o cümlədən,
"yaşıl rəqabət"də roluna dair çərçivəni,
yeni vahid oyun qaydalarını müəyyən etmək
üçün COP29 çərçivəsində Bakı
bu müzakirələrə təşəbbüs və ev
sahibliyi edə bilər.
İkincisi, yaşıl iqtisadiyyatı
stimullaşdırmaq və yeni yaşıl iş yerləri
yaratmaq üçün dövlətlər daha çox öz
sərhədləri çərçivəsində dəstək
verməyə çalışırlar. Problem ondadır ki,
bir sıra hallarda beynəlxalq ticarət qaydaları belə
milli dəstəyi, yumşaq desək,
"alqışlamır". Həmin beynəlxalq ticarət
qaydaları da liberal iqtisadi inkişaf modelinin məhsulu
olduğu səbəbindən başqa cür də ola bilməz.
Bu fikirləri təkcə Ümumdünya Ticarət Təşkilatına
deyil, həm də digər qlobal təşkilatlara (Beynəlxalq
Valyuta Fondu, Dünya Bankı) şamil etmək olar. Bu gün
qlobal təşkilatların yaşıl iqtisadiyyat konsepsiyasının
tələblərinə tam cavab vermədiyi görünür
və həmin təşkilatların transformasiya edilməsi və
yaxud tamamilə yenilərinin yaradılması zəruri
görünür. İstər transformasiya, istərsə də
tamamilə yeni qlobal təşkilatların yaradılması
inkişaf etməkdə olan ölkələrin maraqları nəzərə
alınmaqla həyata keçirilməlidir. Bu baxımdan
Qoşulmama Hərəkatı ölkələrinin rolu
artırıla bilər və COP29 çərçivəsində
onların adından təşəbbüslər irəli
sürülə bilər.
Üçüncüsü, yaşıl iqtisadiyyata
keçid və bununla bağlı təklif edilən ətraf
mühit siyasətinin iqtisadi artıma təsiri də
müzakirə predmetidir. Ən azından ilkin dövrdə bu
təsirin daha çox mənfi olacağını ehtimal etmək
olar. Beləliklə, yaşıl iqtisadiyyata keçidin təmin
edilməsi və nəticədə azalan iqtisadi artım
arasında da çətin seçim edilməsi ciddi
müzakirələr tələb edir. İqtisadi artım
tempinin azaldılması nəticəsində inkişaf etməkdə
olan ölkələrin üzləşdiyi ziyanın
inkişaf etmiş ölkələr tərəfindən
kompensasiya edilməsi məsələsi də müzakirə
oluna bilər.
Dördüncüsü, əsas problemlərdən
biri ətraf mühitə atıla bilən tullantıların
maksimal həcminin müəyyən edilməməsidir.
Başqa sözlə, söhbət planetin gələcəyinə
təhlükə yaradan tullantıların maksimal həcmindən
gedir. Yəni ətraf mühitə atılan
tullantıların hansı həcmindən sonra planetin gələcəyi
baxımdan "geriyə saymaq" başlayır.
İqtisadiyyatda hər zaman doğru olan yeganə düzgün
cavabın olmadığı bəllidir. Amma buna baxmayaraq, ətraf
mühitə atılan tullantıların maksimal həcmi nə
qədər olmalıdır sualına yeganə düzgün
cavabın tapılması vacibdir. Noyabr ayında keçiriləcək
COP29-da tullantıların maksimal həcminin müəyyən
edilməsi baxımından Bakı həm də qlobal mərkəzə
çevrilmək şansına malikdir. Bu məqsədlə
COP-29-da Bakıda fəaliyyət göstərəcək və
dünyanın tanınmış siyasət adamlarından ibarət
Qlobal Komissiyanın və elm adamlarından ibarət Qlobal
Ətraf Mühit Tədqiqat Mərkəzinin yaradılması
məsələsi COP29-un gündəliyinə daxil edilə
bilər.
Beşincisi, COP29 təhsilin
yaşıllaşdırılması ilə bağlı qlobal
təşəbbüs üçün də əla fürsətdir
və bu baxımdan Yaşıl Təhsil Modelinin də
müzakirəsi faydalı ola bilər".
Politoloq Zaur Məmmədov qeyd edib ki, COP29 siyasi mənada
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
bir daha çatdırılması, həmçinin ölkəmizin
iqtisadiyyatı, turizm potensialı üçün müstəsna
əhəmiyyətə və rola malikdir: "Yaşıl
iqtisadiyyat"a və alternativ enerji resurslarına keçid
hazırda əksər dövlətlərin elan etdiyi və bəşəriyyət
qarşısında duran ən əsas məqsədlərdən
biridir. Bu səbəbdən də COP28-də ənənəvi
enerji resurslarının payının dünyada tədricən
azalması ilə bağlı müzakirələr
aparıldı. Eyni zamanda, iqlim dəyişiklikləri ilə
bağlı ciddi məsələlər gündəmə gətirildi
ki, bu da tədbirin necə böyük əhəmiyyətə
malik olduğunu göstərdi. Birləşmiş Ərəb
Əmirliklərində keçirilən tədbirdə hər
hansı ortaq məxrəcə gəlinmədi və birgə
bəyanat imzalanmadı. Ona görə də Bakıda
keçiriləcək COP29-da iqlim dəyişikliyi, ənənəvi
və alternativ enerji resurslarının gələcək
istehsalı, istehlakı ilə bağlı bəyanatın
imzalanması üçün böyük şans var. Əlbəttə,
COP29-da təxminən 80-100 min insanın Azərbaycana gələcəyi
bu tədbirin önəmindən, mötəbərliyindən
xəbər verir və dünyanın diqqətini ölkəmizə
cəmləyəcək. Çox təəssüf ki,
dünyada iqlim dəyişikliyi ilə bağlı müxtəlif
mülahizələr irəli sürülsə də, COP kimi
mühüm konfranslar keçirilsə də, hegemon ölkələr,
əslində, bəşəriyyət qarşısında
dayanan bu problemlərə bir çox hallarda biganə
yanaşırlar. Mövcud problemlər güclü dövlətlərin
apardığı siyasətdən qaynaqlanır. Ümid edirik
ki, Bakıda keçiriləcək tədbirin nəticəsi
olaraq hegemon dövlətlər məsələlərin digər
ölkələrin də maraqlarına uyğun olması
üçün əməli fəaliyyət həyata
keçirəcəklər. Əgər belə olarsa, bəşəriyyət
qarşısında dayanan problemlər müəyyən qədər
həllini tapa bilər".
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri
Tahir Rzayev bildirib ki, COP 29 Birləşmiş Millətlər Təşkilatının
daim diqqət mərkəzində saxladığı çox əhəmiyyətli
beynəlxalq tədbirdir. Həmçinin COP29-un təşkil
olunması biləvasitə iqlim dəyişikliklərinə təsir
göstərən məsələlərin aradan
qaldırılmasına və bəşəriyyəti narahat
edən müəyyən hadisələrin gündəmə gətirilməsidir:
"Əlbəttə, iqlim dəyişikliklərinin
yaratdığı fəsadlar Azərbaycanda yan keçməyib.
Bütün ölkələr kimi, Azərbaycan da iqlim dəyişikliklərinin
törətdikləri fəsadların acısını hiss
edir. Su çatışmazlığı, Xəzərin səviyyəsinin
aşağı düşməsi, yoluxucu xəstəliklərin
artması bu gün Azərbaycan əhalisini də narahat edir.
COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə
göstərilən etimadın göstəricisidir. Cənab
Prezident İlham Əliyevin dediyi kimi, COP29-un Azərbaycanda
keçirilməsi ölkəmizə göstərilən
etimadla bərabər, həm də məsuliyyətdir. Azərbaycanda
bir il ərzində COP29-un keçirilməsi ilə
bağlı çox ciddi işlər görülüb.
Prezident İlham Əliyev sözügedən tədbirin
yüksək səviyyədə keçirilməsi
üçün mütəmadi olaraq özünün
tapşırıqlarını verir və görüşlər
həyata keçirilir. 200-dən çox ölkənin COP29-a
ev sahiblik etməsi üçün Azərbaycana səs verməsi
ölkəmizdə baş tutan beynəlxalq tədbirlərin
nümunəvi nəticəsindən irəli gəlir. Hesab
edirəm ki, COP29 digər beynəlxalq tədbirlər kimi
yüksək səviyyədə baş tutacaq və Azərbaycana
yeni müsbət dividentlər gətirəcək".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2024.- 12 oktyabr(№187).-S.23.