Dəhşətlər və bədbəxtliklər.
Ləyaqət və iradə xilaskar rolunda
(Əvvəli ötən şənbə
saylarımızda)
Kraliça I Elizabet o vaxtlar dünyanın ən
varlı dövləti olan İspaniyaya, oraya Vest İndiyadan
qızıl, gümüş karvanı fasilə vermədən
gəlirdi, qarşı mübarizədən nəinki
qorxmuşdu, heç hansısa bir
çaşqınlığa da yol verməmişdi. O, sahildə
dayanan ingilis döyüşçülərinin yanına gəlmiş,
at belində onlara alovlu sözlərlə müraciət
etmişdi. Kraliça çıxışında demişdi
ki, ən çətin anda da, zəfər çalanda
onların yanında olacaq, qələbəyə görə
özü onlara mükafatı təqdim edəcəkdir. Səmimiyyətinin
ifadəsi kimi bildirilmişdi ki, zəif qadın bədəninə
malik olsa da, onun sinəsində kral ürəyi
döyünür. Əsgərlər Elizabetin bu sözlərindən
ruhlanaraq, hər cür fədakarlığa hazır idilər.
Hakimiyyəti dövründə ən çox müzakirə
edilən məsələlərdən biri Elizabetin ərə
getməsi və taxt-tac üçün varis doğması
idi. Elizabetə ölkəsində evlənmək arzusunda
olanlar kimi, xarici şahzadələrdən də onunla evlənmək
barədə çox sayda təkliflər gəlirdi. O, kral
hakimiyyətinin təsirlərə məruz qalmasına yol verməmək
üçün ərə getməmək, bakirə qalmaq qərarına
gəlmişdi. Buradan da onun "Virgin" ləqəbi meydana
gəlmişdi, lakin onun bakirəliyi yalnız elan edilmək
üçün idi. Əslində isə onun bir neçə
məşuqu olmuşdu.
O düşünürdü ki, ingilisə ərə
getsə, onun qohumlarının, əslində,
tayfasının arzuolunmaz təzyiqlərinə məruz
qalacaqdı. Əcnəbiyə ərə getsə isə
doğulan varisin hesabına İngiltərə katolik dövlətinə
çevriləcəkdi. Fransanın gələcək
kralı, III Henrinin onu almaq təklifini eşitdikdə, o
vaxtlar ayaqları ağrıdığına görə,
istehza ilə demişdi ki, əlil, yaşlı qadının
gənc ərini kilsəyə aparmasına həvəsi yoxdur.
Atası VIII Henri varis oğula malik olmaq
üçün birinci arvadını boşamış,
ikincisini guya başqa səbəbə görə edam
etdirmiş, yalnız üçüncü arvadı Ceyn Seymur
ona gələcək kral olacaq oğulu doğsa da, 12 gün
sonra ölməklə, körpəni yalnız həmin
qısa müddətdə görə bilmişdi. VIII Henri
çətinliklə hakimiyyətə gəlmiş Tüdor
sülaləsini davam etdirmək naminə şahzadə
oğula böyük ehtiyac duyurdu. Elizabet ərə getməsə,
oğul doğmasa, sülalə mövcudluğunu itirəcəkdi
və kraliçanın 45 illik hakimiyyətdə olmasından
sonra bu, həqiqətən də, baş verdi və edam
etdirdiyi Şotlandiya kraliçası Mariya Styuartın
oğlu, Şotlandiya kralı VI Ceyms Styuart, I Ceyms kimi
İngiltərə taxt-tacına sahib oldu.
I Elizabet 1603-cü ildə, 70 yaşında
öldü. Onun ən böyük mükafatı hakimiyyəti
dövründəki illərinin İngiltərənin
"qızıl dövrü" adlandırılması və
gələcək Britaniya imperiyasına çevriləcək
ölkəsinin dünya dəniz dövlətinə
çevrilməsi oldu.
Corc Vaşinqton
(1735-1799-cu illər)
Corc Vaşinqton əmək fəaliyyətinə torpaq
mühəndisi (torpaqölçən) kimi başlamışdı.
Sonra ingilis ordusunun tərkibində hərbi xidmət
keçmiş və fransızlara qarşı
döyüşdə iştirak etmişdi. Lakin ona hərbi
rütbə verilməmişdi, yalnız amerikan
könüllü ordusunda polkovnik rütbəsi
almışdı.
Hərbçi zabit kimi Corc Vaşinqton ABŞ-nin İstiqlaliyyət
ordusunun baş komandanı təyin edilmişdi. O, əvvəllər
də döyüşlərdə vuruşmuşdu. Əslində,
ABŞ, nizami ordu adlanacaq hərbi qüvvəyə malik
deyildi. Könüllülərdən təşkil olunmaqla, əsgərlərin
geyimi pis vəziyyətdə idi, hətta bəziləri
ayaqyalın qaydada döyüşə girirdi, onlara silah da
çatışmırdı.
Vaşinqton bir sərkərdə kimi məğlubiyyətlə,
həmçinin silahdaşının xəyanəti ilə də
üzləşmişdi. Ordusunun məğlub olmasına
görə o, Nyu-Yorku tərk edib, düşmən ingilislərə
verməyə məcbur olmuşdu. Saraqota
döyüşünün qəhrəmanı general Benedikt
Arnold sonralar xəyanət yoluna düşərək, ingilislərə
casusluq etmiş və onlara qoşulmaqla, amerikan ordusundan
qaçmışdı.
Bütün bu ağır sınaqlar Vaşinqtonu
ruhdan salmırdı, axı müharibənin ilk
qışında iki şəhərdə kiçik də
olsa qələbə qazanmışdı. 1781-ci ildə isə
Yorkstounda ingilislər üzərində qəti qələbə
çalmaqla, İstiqlaliyyət müharibəsi başa
çatmışdı.
1787-ci ildə Konstitusiyanı qəbul edən iclasda
Vaşinqton sədr kimi iştirak etmişdi. 1789-cu ildə onu
yeni dövlətin konstitusiyasının təqdim etdiyi ali icra
orqanının başçısı kimi ilk prezident
seçdilər. Konqress ona ildə 25 min dollar həcmində
maaş müəyyən etmişdi, bunun çox olduğundan
yaranan narazılığa görə həmin maaşı
almaqdan imtina etmiş, öz fermasından gələn gəlirlə
dolanmışdı. Ferma isə əslində, onun
özününkü deyil, dul qadın kimi evləndiyi
arvadına məxsus idi. Bu vəzifədə o, 8 il qaldı və
istefasından xeyli əvvəl vətəndaşlara "Vida
məktubu" ilə müraciət etmişdi.
Onun yenidən, üçüncü dəfə
prezident seçilməsi barədə təkliflərə rədd
cavabı verərək, istirahətə yollanmışdı.
Ali vəzifəni daşıyanda ona kəskin hücumlar
edilirdi, hətta bir dəfə demişdi ki, belə prezident
olmaqdansa, qəbirdə olmağı arzu edərdi.
İstirahətə çıxdığından
sonra o, Patomak çayı yaxınlığındakı
fermasının işləri ilə məşğul olurdu.
Yeni qatır cinsi yetişdirmək istəyirdi, keçmiş
silahdaşı və dostu fransız Lafayet ona Malta adasından
aldığı qatırları göndərmişdi.
O, atına minib, öz fermasını dolaşır,
başqa fermerlərlə də görüşürdü.
Belə gəzintilərinin birində ona soyuq dəymişdi və
1799-cü ilin başa çatmasına iki həftə
qalmış həyatla vidalaşmışdı.
Onun prezident olduğu dövrdə Patomak
çayının sahilindəki bataqlıq yerdə,
özünün təklifi ilə paytaxt şəhəri
salınmağa başlandı, buna qədər paytaxt bir şəhərdən
başqasına köçürülürdü. Şəhərdə
Kapitoli yarımçıq tikildikdə və Ağ Ev istifadəyə
verildikdə paytaxt rolunu oynamağa başladı. Konqresmenlər
sessiyalara, kənarda yaşadıqları yerlərdən gəlirdilər.
Paytaxta ilk prezident və onun hərbi xidmətlərinə
hörmət əlaməti olaraq Vaşinqton adı verildi.
Üçüncü prezident Tomas Cefferson ilk dəfə
olaraq Vaşinqtonda yaşamağa və işləməyə
başladı.
C.Vaşinqtonun ferması da əvvəllər
arvadının malikanəsi olmaqla, Patomak çayının kənarındakı
Maunt Vernonda yerləşirdi.
1812-ci ildə Birləşmiş Ştatlar davam edən
münaqişəni əsas götürərək, müharibə
partiyasının təkidi ilə Britaniyaya müharibə elan
etdi və məğlubiyyətlə üzləşdi. Həmin
ili ingilislər Vaşinqton şəhərini işğal edib
Ağ Evə və Kapitolinin yarımçıq tikintisinə
od vurdular. Yaponların XIII əsrdə işğaldan
mühafizə edən İlahi Külək - Kamikadze kimi,
ABŞ paytaxtını da üç gün davam edən
güclü tufan və leysan yağış xilas etdi.
İngilislər Patomak çayındakı qayıqlara oturub
Vaşinqtonu tərk etdilər.
İngilislər şəhəri tutarkən prezident
Ceyms Medison paytaxtdan qaçmışdı. Onun arvadı Dolli
özü ilə ən qiymətli şey kimi Corc
Vaşinqtonun Ağ Evdə divardan asılmış portretini
götürmüşdü. Amerikanlar öz ilk prezidentlərinə
həm də başqa ehtiram nişanələrini də
göstərdilər. Paytaxtda ona hündürlüyü 100
metrdən uca olan sadə bir abidə tikildi. Bir konqressmen bu məsələnin
parlamentdə müzakirəsi gedərkən demişdi ki, abidə
nə qədər hündür olsa da, Vaşinqtonun mənəvi
hündürlük plankasına çatmayacaqdır.
Amerikanın şimali-qərb hissəsindəki ştata da
Vaşinqtonun adı verildi.
Horatsio Nelson
(1758-1805-ci illər)
Ser Horatsio Nelson
böyük donanma komandanı olmaqla, onun tərcümeyi-halını
təkcə qəmli faktlar bəzəmirdi, baxmayaraq ki, dəfələrlə
yaralanmış, sağ gözünü və sağ qolunu
itirmişdi. O, öz istedadı və igidliyi ilə
Britaniyanı ağır zərbədən qorumuşdu, öz
ölkəsini uzun müddət ərzində planetdəki ən
güclü dəniz dövlətinə çevirmişdi. Ona
görə də o, tarixdə ən görkəmli admiral hesab
olunur. Çünki o, bütöv yüzillikdə
Britaniyanın dənizdə ağalığına nail
olmuşdu. Bu gün də Britaniya donanmasında qorunub
saxlanılan ənənələrin də banisi məhz o idi.
O, qələbə anında həlak olmuşdu və
özünə əbədi şöhrət gətirmiş
bir qəhrəman idi. Dəfnində
dilə gətirilən bu sözlər əsl həqiqəti əks
etdirir.
12 yaşı olanda Nelson gəmidə yunqa-kiçik
matros kimi xidmətə girmişdi və burada öz
istedadına yiyələnmişdi. 1794-cü ilin iyulunda Korsika
adasına desant hücumuna komandanlıq edəndə, sağ
gözü mərmi yarası almışdı və onu
itirmişdi, lakin xidməti tərk etməmişdi, həm də
sonralar çox sayda igidliklər göstərmişdi.
Kopenhagen döyüşü vaxtı onun fədakarlığı
hesabına qəribə bir hadisə baş vermişdi. Britaniya
donanmasının baş komandanı ser Hayd Kiçik-Parker
geri çəkilmək əmrini vermişdi. Horatsio Nelson isə
binoklun trubasını yaralı sağ gözünün
üstünə qoyub, "mən heç bir siqnal
görmürəm" demiş və sonra onun komandanlıq
etdiyi qüvvələr döyüşü davam etdirmiş və
nəticədə Danimarka donanması üzərində qələbə
çalınmışdı.
Sonrakı dəniz döyüşündə isə
britaniyalılara artıq Nelson özü komandanlıq edirdi və
ingilis dilində "turning to blind eye" - "kor
gözün üstünə keçirmək" idioması
meydana gəlmişdi.
1798-ci ildə Abukirdə, bu, həm də Nil
döyüşü kimi məşhurdur, admiral Nelsonun
başçılığı altında Böyük
Britaniya hərbi-dəniz donanması və fransız
respublikasının donanması arasında həmin körfəzdə
döyüş getdi. Bu, Nilin mənsəbinin, həm də
Aleksandriyanın yaxınlığında idi.
Döyüşün nəticəsi britaniyalıların qəti
qələbəsi oldu. Bundan bir az əvvəl Napoleon
ekspedisiya korpusu ilə Tulondan Aleksandriyaya gəlmişdi. Onun
yürüşünün məqsədi Britaniya
Hindistanına qarşı aparılacaq kampaniyanın ilk
addımı olmalı idi. Ekspedisiyanın son məqsədi isə
tam məxfi saxlanırdı.
İyulun əvvəlində donanma ordunu sahilə
düşürüb, Abukir körfəzində lövbər
salmışdı. Avqustun 1-də Britaniya donanması onlara
yaxınlaşdı. Üç saatlıq qızğın
döyüşdə fransızların "Orient" flaqman gəmisi
məhv edildi və fransız vitse-admiralı Bryue həlak
oldu. Brinaiyalılar Aleksandriyanı tutdular. Nelson frontal
hücuma keçdi. 1 avqust 1798-ci ildə Abukirdə
fransızların 13 gəmisi, 4 freqatı və 4 briqi var idi.
Gəmilərin heyəti 3 min matrosdan ibarət idi.
Döyüş gün batanda, saat 19-da başladı.
Britaniyalılar risk edərək, Abukir adasını
ötüb keçdilər və düşmənə
hücum etdilər. Fransız donanması məhv edildi.
Fransızlar 1400 adam itirdilər, 600 nəfər isə
yaralanmışdı. Döyüşdə Nelson da
yaralanmışdı, onun başına güllə dəymişdi,
ölüm qorxusu var idi. Lakin qanaxmanı dayandırmaq
mümkün oldu.
İngilislər beləliklə, Levant
donanmasını məhv etdilər. Napoleonun Misir avantyurası
məğlubiyyətə düçar oldu.
Fransa özünün və müttəfiqlərinin
donanmaları ilə La Manş boğazını nəzarətə
götürmüşdü ki, Napoleonun Böyük Ordusunun
İngiltərəyə müdaxiləsinə şərait
yaratsın. Admiral Vilnyovun komandanlığı altında birləşmiş
donanma 18 oktyabr 1805-ci ildə İspaniyanın cənubundakı
Kadis limanından çıxdı. Nelsonun
komandanlığı altında olan Britaniya donanması ilə
Atlantik okeanında, İspaniyanın cənubi-qərb sahilindəki
Trafalqar körfəzində qarşılaşdı. Vilnyov bu
görüşə hazır deyildi və donanmsını
bütövlükdə döyüşə
hazırlamamışdı. Nelson isə qətiyyətli hərəkət
edib, gəmilərini iki cərgəyə düzdü və
düşmənin xəttini dağıtmaq üçün
ona hücum etdi.
27 ingilis gəmisi 33 fransız-ispan gəmiləri ilə
üz-üzə gəldi. Nelsonun "Victory" flaqman gəmisi
praktiki olaraq sıradan çıxmışdı. Lakin tarixi
təcrübə britaniyalılara qələbə
çalmağa imkan verdi. Fransız-ispan donanması 22 gəmi
itirdi, britaniyalılar isə bir gəmi də itirməmişdilər.
Döyüş 21 oktyabr 1805-ci ildə britaniyalıların
tam qələbəsi ilə başa çatdı
Döyüş vaxtı fransız matrosunun snayper atəşi
ilə Nelson ölümcül yaralandı və
döyüşün qurtarmasına az qalmış
öldü. Admiral Vilnyov isə özünün flaqman gəmisi
ilə əsir düşdü. Əsir kimi o, Nelsonun dəfnində
iştrak etdi və yarım il sonra intihar etdi.
Qələbə ingilis dəniz artilleriyasının
texniki üstünlüyünü sübut etdi. İngilas
topları
fransızlarınkından ikiqat sürətlə mərmi ilə yüklənib, atəş
açırdı. Napoleonun döyüşə yararlı
donanması məhv edildi. Britaniya isə uzun dövr ərzində
dənizlərin tam ağasına çevrildi.
Döyüşdən əvvəl Nelson öz
"Victory" flaqman gəmisində "İngiltərə hər bir
adamın öz borcunu yerinə yetirəcəyini gözləyir"
sözlərindən ibarət bayraq siqnalını
qaldırdı. Bu sözlər ingilis xalqının
şüuruna həkk olundu və Londondakı Nelsonun heykəlini
haşiyə kimi bəzəyir.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2024.- 12 oktyabr(¹187).-S.22.