"Ay-ay, ulduz-ulduz dincəldi Vətən!"
RAMİZ QUSARÇAYLININ VƏTƏN SEVDASINDAN
YARANMIŞ "VƏTƏN" POEMASI HAQQINDA
DÜŞÜNCƏLƏR
Çağdaş poeziyamızda xüsusi yeri olan Ramiz
Qusarçaylının "Vətən" kəlməsi ilə
başlanan bütün misraları oxucusuna rəngarəng fikirlər
təlqin edir. Onun şeirlərini oxuyanda anlayırsan ki, bir
insanın başının üstündə dalğalanan
bayrağı varsa, vətən elə o bayraqdan, onun müqəddəs
kölgəsindən başlanır. "Çəkəcəyəm
gözümə kölgən düşən
torpağı" deyən şairin bütün
yaradıcılığı boyu hər zaman vətən
sevgisinin qürurla dilləndirilməsi onun poetik ruhunun
saflığından xəbər verir. Bu cəhət
şairin xalq mənəviyyatının, milli həyatın
mahir bilicisi, müdrik bir qələm sahibi kimi inkişaf edib
formalaşmasına zəmin yaradıb. Belə bir sağlam zəminin
üzərində "Çörəyim daşdan
çıxır", "Ömür qapıları",
"Bir çiçək axşamı", "Nə
gözəldi yolun, Allah", "Almalı kitab", "Gedəsən
dünyanın axırınacan", "Sevgidi dünyaya qəsdim",
"Vətən" kitabları yaranıb.
İlk misrasından sonuncuya kimi vətən sevgisi ilə
cilalanmış "Vətən" poeması
R.Qusarçaylının müstəqillik dönəminin ilk
zamanlarından bugünəcən qəlbində
naxışlanan, sözə çevrilən, könül atəşi
ilə yoğrulan əsəridir. Şairin: "Davam nə can
davasıdı, Nə də yorğan davasıdı, Azərbaycan
davasıdı, Ayrı dava mənlik deyil", - deyə təqdim
etdiyi düşüncə müstəvisində cəm olunan əsərlərindən
çıxış edərək inamla söyləyə bilərik
ki, xalqının keşməkeşli tale yolunun
ağrılarını sinəsinə çəkən
müəllifin əsərlərində milli
özünüifadə pafosunun özəl formada təzahürü
sənətkarlıq axtarışlarının uğurundan
soraq verir. R.Qusarçaylı dərin erudisiyalı sənətkar
olaraq milli-tarixi kimlik mövzusunu bədii düşüncə
predmetinə çevirərkən, təbii ki, özünəxas
ədəbi-estetik biçimlərini də ortaya qoymuş
olur. Dövlət və dövlətçiliyin ön planda
verildiyi poema şairin vətən sevgisi ilə əqidə
möhkəmliyini özündə birləşdirən, onun
müqəddəs amalının ifadəçisinə
çevrilmiş bir əsərdir.
R.Qusarçaylının poeziyasının bədii
siqləti ondadır ki, milli heysiyyətin, mənəvi
paklığın təntənəsinə inam onu bir müəllif
olaraq heç zaman tərk etmir, oxucusunu da buna inandırır.
Akademik Nizami Cəfərova görə, Ramiz
Qusarçaylının "şeirlərinin kökü dərindir.
Onu
Böyük şair edən bu söz adamının vətəndaşlığıdır,
yəni
onun hər misrasında Vətən var, vətənpərvərlik
var,
vətəndaşlıq var. Ramiz Qusarçaylı təpədən-dırnağa
şairdir,
bizim milli poeziyamızın, müasir
poeziyamızın
klassiklərindəndir və bu adı halallıqla
qazanıb".
Şair qələmə aldığı tarixi öz
oxucusuna ədəbiyyatdan, bədii idrakdan ötürməyə
çalışır. O, tarixin dərinliklərinə qədər
gedib çıxır, daxildən parçalanmağın,
düşmənin məkrli siyasətinin acı nəticələrinin
sözlə rəsmini çəkir:
Bu savaş, bu qovğa bitməyib hələ,
Min illər çəkərmiş dərdi bir
anın.
Kiçik Midiyadan başlanır elə,
Böyük faciəsi Azərbaycanın...
Poemada tarixi hadisələri xronoloji
ardıcıllıqla sadalamaqla şair keçmişimizi
torpaq qalaqlarının altından, saxsı
qırıqlarının üstündən, yağış
vurmuş, dolu döymüş daş kitabələrindən,
dağların arxasındakı görünməzliklərdən,
üfüqlərin alatoran rəng alaraq uzaqlaşmaqda olan xəttindən
çəkib gətirir, şeirinin bir parçası edərək
onlara yenidən can verir. Nəticədə, Ramiz
Qusarçaylı palitrası gözümüz önündə
bütün rəng çalarları ilə maraqlı bir mənzərə
açır:
Böldü məmləkəti, böldü min yerə,
Böldü, parçaladı müqavilələr...
Bölündü İrəvan, Bakı
xanlığı,
Bölündü Qarabağ, Şəki
xanlığı,
Bir yerdə görmədik iki xanlığı,
Yarandı məhəllə, səki
xanlığı...
Xalqın tarixində ağ səhifələrlə
yanaşı, qara səhifələr də, zəfərlərlə
yanaşı, məğlubiyyətlər də vardır.
Əlbəttə, şanlı tarixi keçmişimizdən fəxrlə
danışanda gözləri dolan şairin faciələrdən
yazanda qəzəbdən əlində qələmi titrəyir.
Və "Şənini vəsf etməyə yetər, qüdrətim
yetər", - deyə vətən sevgisindən riqqətə
gələn şair bəzən də "Mən səni
qoruya bilmədim, Vətən..." - deyib göz
yaşını içinə axıdır... Zəfəri
görəndə məğlubiyyəti, məğlubiyyəti
dadanda zəfəri unutmayan şair keçmişi yaddan
çıxarmamağı tövsiyə edir. O, sövq-təbii
ilə anlayır və oxucusuna da bildirir ki, unutsaq, faciələr
təkrar başımıza gətiriləcək... Tarixi
keçmişi unutmamağın yolu isə vətən
sevgisindən keçir:
Vətənsiz misralar alaq otudur,
Çiçəkdi, tikandı, bilinən deyil.
Şairin ürəyi qara qutudur,
Yansa da, yaddaşı silinən deyil.
Tarixi yaddaşımızdan heç vaxt silinməyəcək
ən qara səhifələr sırasında 1918-ci il
qırğınları da yer tutur. Poemanın tarixin bu
qaranlıq səhifəsinə də işıq salan hissəsində
yazılıb:
Qubada erməni soyqırımları,
Bakıda erməni soyqırımları,
Soyğunlar dalınca soyğun gəlirdi,
Vətən can verirdi yad əllərində,
Yadların əzazil əməllərində...
Bu sətirləri oxuduqca qan gölünə
dönmüş viranə yurdun qanına qəltan edilən
insanları göz önündə canlanır. Ruhumuzun didilib
didərgin salındığı o müsibətləri
unutmağımız Qarabağ fəlakətinin təzələnməsinə
səbəb oldu. Şairi ta daş dövrünə,
dünyanın ilk yaranışına kimi getməyə məcbur
edən də budur. O, tarixi ilmə-ilmə toxuyur, bugünə
gətirib çıxarır. Nəhayət, Qarabağ
probleminin yaranmasından, torpaqlarımızın 30 illik
işğalı dövründən söz açır, bu
tarixi faciənin üstündə xüsusi dayanır. Lakin
poemanı bu ağrıyla, bu nisgillə bitirə bilmir,
yazmaqda davam edir.
Nəhayət, 2020-ci ilin sentyabrında həzin bir səssizlikdən
ümid şəfəqləri parladı və 44
günlük Vətən müharibəsi - tariximizdəki, həyatımızdakı
o müdhiş dönəm başladı. İnsanlar
oğullarını qan-qadaya, ölümə toy-büsatla,
qurbanlar kəsərək yola salanda bütün dünya məəttəl
qalmışdı. Bu şadyanalıq bizim xalq olaraq qana hərisliyimizdən
irəli gəlmirdi, bu, tapdanmış, illərlə
yağı əlində qalmış yurd yerlərimizin
xilasına sevinməyin əlaməti idi:
Bir vaxt qucaqlarda çıxan körpələr
İndi Qarabağa tank üstdə gəldi, -deyən
şair, sanki yaxın keçmişdə
gözümüzün qabağında baş verənləri,
30 illik bir tarixi bu iki misranın içərisinə yerləşdirməyə
çalışıb.
Tərtər Qarabağın Naqasakisi,
Ağdam Qarabağın Xirosiması, -misraları ilə,
Birinci Qarabağ müharibəsində itirdiyimiz yurd-yerlərinin
ağrı-acısını, həsrət və kədərimizi
qələmə alan şair ürək
çırpıntılarını el-obanın dərdinə
qatıb poemada misra-misra, sətir-sətir "göyərdir":
Şəhərlər xaraba, küçələr
viran,
Ev kimin evidi, tanımaq olmur.
Üzünü gizləyir utandığından,
Ot basan yolları qınamaq olmur, -deyir söz
yükü də ruhunun yükü qədər ağır
olan şair.
Poemanın Qarabağ qırğınlarının qələmə
alındığı hissə sanki qan rəngindədir. Bu,
tarixi torpaqlarımızda axan minlərlə gəncin qaraca
torpağa hopmuş al qanıdır. O qan ki, şəhidimin
bağrından fışqırdı, qazimizin yarasından
sızdı, torpağa qarışdı. Böyük Zəfərlə
bitən o günləri xatırladıqca biz o al rəngi təkrar
alıb alnımıza sürtdük - alın yazısı
oldu, qəlbimizə götürdük - şəhid yarası
oldu, bayrağımıza köçürtdük -
ömür yazımız, tale payımız oldu. Vətən
oldu, can oldu, candan irəli Azərbaycan oldu!
Şair Vətən müharibəsi günlərində
oğlu, qardaşı, nişanlısı, həyat
yoldaşı şəhid olan anaların, qızların, gəlinlərin
dözümünü, qətiyyətini, yurd sevgisini olduqca həyati,
inandırıcıboyalarla təsvir edir:
Tabutu xonçayla qarşılayırdı
Xonçaya qırmızı bağlayan ana.
Qucub tabutunu şəhid oğlunun
Oynaya-oynaya ağlayan ana.
Dinləyirdi hər gün telefonunda
Səsindən savaşı yaşayan qadın.
Həyat yoldaşının cənazəsini,
Qürurla çiynində daşıyan qadın.
Şəhidlik qəhrəmanın ölümü
deyildi, ölümün qəhrəmanlığı idi! 44
gündə xalqımız zəfərlə addımlayıb
zirvəyə yol aldı, yorğun əsgərin dizlərinə
taqət, qara xəbər alan anaların ürəyinə səbir
doldu və şairin də dediyi kimi:
Bayraq ən ucaya, Şuşaya qondu,
Dərddən yuxalandı, incəldi Vətən!
Bayrağın kölgəsi hara toxundu,
Ay-ay,ulduz-ulduz dincəldi Vətən!
Məğlubiyyətlər qələbələrə
kökləyirsə, uğursuzluqlar uğur
aşılayırsa, demək, yaşamağa dəyərmiş.
Ən əsası, bu gün Şuşada Azərbaycan
bayrağı dalğalanırsa, demək, arzuların bir
çin olma xəyalı gerçəkmiş. İkinci
Qarabağ müharibəsi başlayandan Bakıya durmadan axın
edən xarici media nümayəndələrinin çarpaz
suallarına Ali Baş Komandanın diplomatik cavablar verməsini
qürurla xatırlayıb: - "Bizə dərs keçməyə
göndərilənlər Dərs alıb evinə
qayıdırdılar" - deyən şair dünyanın bu
qələbəni qəbul etməkdən başqa çarəsinin
olmadığına da işarə edən misralarda belə
yazırdı:
Haqqın diktəsiylə hesablaşırdı,
Zamanın hökmüylə
barışırdılar.
Vətənin Qarabağ qələbəsinə
Könülsüz-könülsüz
alışırdılar...
Şair bütöv bir məmləkətin layiq
olduğu zəfərini hər bir vətən övladı
kimi özünün zəfəri adlandırır və
"Axır ki, mənim də Zəfərim gəldi, Mənim
də Qələbə əsərim gəldi", -deyərək
"Vətən" poemasını qələbə əsəri
kimi təqdim edir.
Parçalanıb yadelli zülmü altında inləyən,
müharibə və soyqırımları ilə
insanlarını itirən bir xalqın tarixini göz
yaşı ilə nəql edən müəllif, qəm-kədərli
ovqat yaradaraq insanlığı hey düşünməyə
vadar edir, amma sonda əzmlə düşmənə qan udduran,
onu geri oturdan bir xalq olmağımızı nikbin notlarla dilləndirir.
Bu da poemanın təsir gücünü maksimal dərəcədə
artırır:
Səni qazi-qazi qaytardım, Vətən,
Qəhrəman-qəhrəman qaytardım səni.
Səni şəhid-şəhid qaytardım, Vətən,
Cana can, qana qan qaytardım səni!
Bu misralar əzəmətli uvertüranın son
akkordları kimi səslənir. Lakin şairin arzuları
bitib-tükənmək bilmir, o məmləkətin yeni
erasının başlandığını poetik dillə bəyan
edir:
Hələ qarşımızda min-min uğur var,
Mehri, Dərələyəz, həm Zəngəzur
var!
"Vətən" poeması xalqımızın
milli kimliyinin manifesti kimi yazılmış, həm də
şairin yaradıcılıq tərcümeyi-halına, bədii
pasportuna çevrilmiş əsərdir. Böyük Zəfərin
təntənəsinə azad, bütünləşmiş vətəndə
"Vətən" əsərini yaratmaq şərəfi
şair Ramiz Qusarçaylının şairin qismətinə
düşən parlaq mükafatdır.
Məhrux DÖVLƏTZADƏ
Filologiya üzrə fəlsəfə doktoru